Ruben Vardanyanın Qarabağdan gəldiyi kimi getməsi birmənalı qarşılanmır və bu qaçışda Rusiyanın, yaxud Qarabağda hələ ki, qalan erməni separatçı rejimin hansı rolunun olması ətrafında mülahizələr irəli sürülür. Digər bir tərəfdən, Vardanyanın qeyri-qanuni yolla Azərbaycan ərazilərinə daxil olması və dərhal ərazilərimizdən çıxarılması tələbi dəfələrlə Azərbaycan tərəfindən bəyan edilib, tələb olunub. Azərbaycan sərhədlərini qeyri-qanuni pozaraq Qarabağda yerləşən Vardanyanın qaçışı  separatçı erməni rejiminə hansı nümunədir və eləcə də bu amil, Rusiyanın “Vardanyan kartını” birdəfəlik yığışdırması anlamını ifadə edə bilərmi?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Zaur Məmmədov qeyd edib ki, Azərbaycanın əsas tələblərindən biri Vardanyanın Qarabağı tərk etməsi ilə bağlı idi və bununla bağlı Azərbaycan -Rusiya, eyni zamanda  separatçılarla, sülhməramlılar arasında müxtəlif danışıqlar olub.  Politoloq bildirib ki, Vardanyan Moskvada bəzi dairələr tərəfindən dəstəklənsə də, son hadisələr ona gətirib çıxartdı ki, Rusiyada Vardanyanın işlək olmaması qənaəti yarandı. Məlum oldu ki, Vardanyan  nə qədər çox Qarabağda qalarsa, sülhməramllıların işini bir o qədər çətinləşdirəcək. Çünki Azərbaycan ekoaktivistlərinin Laçın dəhlizində olması, müxtəlif tələblər irəli sürməsi dolayı yolla Vardanyanın hadisələrə müdaxilə etməsi ilə bağlıdır.

 

“Ümid edək ki, Vardanyan Moskvadan qayıtmayacaq, qayıdacaqsa bu bölgədə vəziyyəti gərginləşdirən amil ola bilər.  O da məlumdur ki, nə separatrçı rejimin rəhbəri Araik Arutunyan, nə də Nikol Paşinyan Vardanyanı qəbul etmir. Çünki o sistem siyasətçisi deyil, o bölgəyə bilərəkdən gətirilmişdi. Yəni Vardanyanın bölgəni tərk etməsi hər bir tərəfin marağındadır”.

Z.Məmmədov Vardanyanın Moskvaya qaçmasının İran-Ermənistan münasibətləri fonunda baş vermə ehtimalını istisna edib.

“Rusiya başa düşür ki, onun başqa çıxış yolu yoxdur. Ermənistanın üzünü Avropaya tutması və Rusiya ilə bağlı kobud səhvlər etməsi, avtomatik olaraq Azərbaycan Rusiya arasında dialoqda Rusiya tərəfinin Azərbaycan maraqlarını nəzərə almasına gətirib çıxarda bilər. Hər halda biz Vardanyanla bağlı qəti mövqe gözləyirik”.(hafta.az)

 

Tahirə Qafarlı

Versus.az