"Azərbaycan xalqı və Ordusu növbəti yürüşünü Xocalıda edəcəkdir"

15:26 02-03-2023 | icon 431 | Siyasət
"Azərbaycan xalqı və Ordusu növbəti yürüşünü Xocalıda edəcəkdir"

Fəzail İbrahimli: “Xocalını, digər itkilərimizi başımız üzərinə qaldırıb elliklə düşmənin üstünə getməliyik”

 

Regionda vəziyyət yeni və daha gərgin mərhələyə adlayıb. Artıq bu gün Xocalı Azərbaycan nümayəndələrinin də iştirakı ilə orada qalan ermənilərlə keçirilən görüşlərə, fərqli, daha dinamik hadisələrə şahidlik edir. Belə bir fonda regionda cərəyan edən proseslərə yenidən diqqət çəkəcəyik. 

 

Versus.az xəbər verir ki, Milli Məclisin sədr  müavini Fəzail İbrahimli müsahibəsində Azərbaycan insanına tarixin verdiyi dərslər və çıxardığımız nəticələrdən, perspektivlərdən danışıb.

 

- Fəzail müəllim, hər yeni ilin yanvar ayını “20 yanvar”, fevral ayını “Xocalı sıyqırımı” günü kimi  yenidən yaşayır, yada salırıq. Artıq başımıza gətirilən o faciələrin 30-dan çox yaşı oldu. O yaşımız artdıqca daha çox dərk edirik... Bu gün təkcə Xocalı soyqırımından danışsaq ötən bu illərdə yaddaşşımıza daha nələr həkk olundu?

 

- XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olaraq dünyanın qanlı tarixinə düşdü. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər.

Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı faciəsi kimi...

31 ildir dünya ictimaiyyəti qarşsında qoyduğumuz  və dünyanın da anlamasına, qınamasına çalışdığımız “Xocalı soyqırımını törətməkdə erməni işğalçılarının məqsədi nə idi. Niyə məhz Xocalı hədəfə alınmışdı?

Bu suallara cavab axtararkən hər şeydən əvvəl Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Xocalının Dağlıq Qarabağda strateji əhəmiyyətli mövqe, həm də yağı düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük maneə olmasına diqqət yetirmək lazımdır.

Dağlıq Qarabağı işğal etməyi qarşılarına əsas məqsəd kimi qoyan Ermənistan silahlı quldur birləşmələri nəyin bahasına olursa-olsun bu maneəni aradan qaldırmağa çalışırdılar. Erməniləri narahat edən məsələlərdən biri də Xocalının strateji mövqedə - separatizm yuvası olan Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməsi, Qarabağdakı yeganə aeroportun da burada olması idi. Xocalının bu cür strateji mövqeyə malik olması erməni şovinistlərinin yuxularını ərşə çəkmişdi. Erməni silahlı dəstələrinin qarşısına qoyulmuş əsas vəzifələrdən ən mühümü Xocalıdan keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və aeroportun ələ keçirilməsi idi.

Ermənilərin digər məqsədləri isə, ümumiyyətlə, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən olan Xocalını yer üzündən birdəfəlik silmək idi. Bu da səbəbsiz deyildi. Axı, Xocalı Azərbaycan tarixinin əsrlərin dərinliyindən müasir dövrə qədər zəngin mədəniyyət ənənələrinin əks olunduğu qədim yaşayış məskəni kimi bu qədimliyə güzgü tuturdu.

Xocalı-Gədəbəy mədəniyyəti eradan əvvəl V-III minilliklərdə Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir.

Bu mədəniyyətin, tarixi faktların və yazılı mənbələrin araşdırılması göstərir ki, Azərbaycanın böyük bir qismində – Göyçə hövzəsi, Qarabağ və Naxçıvanda məskunlaşan bu tayfalar Şərqi Anadolu və Urmiya hövzəsinədək irəliləmiş, Şərq tarixində böyük rol oynamışlar. Tarixi faktlar sübut edir ki, Xocalı rayonu ərazisi Azərbaycanın ən qədim, qocaman diyarlarından biridir. Aparılan araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti, sənətkarlığı, dini baxışları, mədəniyyəti Xocalı toponomiyasında öz əksini tapmışdır. Çox təəssüf ki, Xocalı-Gədəbəy mədəniyyət abidələrinin əksəriyyəti Sankt-Peterburq Antropologiya və Etnoqrafiya Muzeyinə, Moskvanın Tarix Muzeyinə və başqa muzeylərə daşınıb aparılmışdır. Erməni işğalçılarının Xocalı hədəfində məqsədlərdən biri də Qarabağda xalqımızın minilliklər öncədən varlığını sübut edən tarixi yer üzündən silmək idi.

Ermənilər Xocalı faciəsini törətməklə xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Elə bu səbəbdən Xocalıda soyqırım dəhşətini törətdilər.

Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirildilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağıyalın, başıaçıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Ötən illər ərzində Xocalı soyqırımına düzgün siyasi- hüquqi qiymət verərək, bu cinayəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bildik.

“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”— deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı soyqırımına hüquqi siyasi qiymət verdi və “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə dövlətimiz xarici siyasət sahəsində böyük diplomatik uğurlar əldə etdi, o cümlədən Xocalı soyqırımının dünyada tanınması istiqamətində davamlı səylər göstərildi. Onu da qeyd etməliyik ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008- ci ildən keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. Milli Məclis deputatlarının da yaxından iştirak etdiyi " Xocalıya ədalət" humanitar- siyasi missiyası qısa vaxt ərzində kifayət qədər beynəlxalq dəstək qazana bilmişdir. Görülən məqsədyönlü diplomatik tədbirlər nəticəsində Xocalı soyqırımı dünyanın 17 ölkəsi, habelə, ABŞ- ın 30- a yaxın ştatı tərəfindən tanınmış və bu qətliama beynəlxalq siyasi qiymət verilmişdir.

Xocalı faciəsi hər birimizin əbədi olaraq qan yaddaşına yazıldı.  Həm də təkcə Xocalı faciəsi yox, Ermənilərin ötən əsrin 1918-1920, 1937-1940, 1948- 1953-cü illərində Bakıda, Şamaxıda, Zəngəzurda törətdikləri kütləvi qırğınlar. Biz tariximizin bu qara səhifələrindən dərs alaraq, anladıq ki, gözəl Vətənimizə göz dikən, xalqımızın qanına susayan əbədi düşmənimiz var və biz torpağımızı yağmalamağa fürsət gözləyən qarı düşmənin gələcək fitnə-fəsadlarının qarşısını almağa həmişə hazır olmalıyıq.

Biz Xocalını, digər itkilərimizi başımız üzərinə qaldırıb elliklə düşmənin üstünə getməliyik. Bu bizim zəfər yürüşümüz olmalıydı. Bu illər ərzində döşəyi Vətən torpağı, yastığı Vətən daşı olan qəhrəman əsgərlərimiz hər şeyin nə zaman, necə ediləcəyini yaxşı bilən Ali Baş Komandanın hücum əmrini gözləyirdilər. Onlar intiqam hissi ilə alışıb-yanırdılar. Çünki Xocalı faciəsi yaddan çıxmamışdı; elindən-obasından, doğma yurd-yuvasından didərgin düşmüş, doğmalarını itirmiş anaların ah-naləsi qulaqlardan çəkilməmişdi; Vətənin aldığı dərin yaralar sağalmamışdı... Və o an yetişdi! Ordumuz əsarətdə olan əraziləri ardıcıl şəkildə düşmən tapdağından xilas etdi. Vətən müharibəsi 44 günə başa çatdı. Azərbaycan Böyük Zəfərə imza atdı. Amma bu da son deyil! Ən yaxında Xocalıda da üçrəngli bayrağımızı dalğalandıracağıq, bax onda, Xocalının yarasına məlhəm qoyulacaq, şəhidlərimizin ruhu aram olacaq. Biz Xocalı cəlladlarının cəzasını elə verməliyik ki, Ermənistandakı revanşist qüvvələr birdəfəlik anlasınlar: Azərbaycan xalqı ilə zarafat etmək onların başları üçün deyil! Biz bunu edəcəyik! Mütləq edəcəyik! Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı və Ordusu növbəti yürüşünü Xocalıda edəcəkdir.

Bu qaliblərin ədalət yürüşü olacaqdır.

 

- Qeyd etdiyiniz kimi, ilin ilk aylarını faciələrimizlə başlasaq da, bu həm də Azərbaycan xalqının çətin günlərdə özünü necə ifadə etməsinin göstəricisidir. Fevral ayında “günü”nü qeyd etdiyimiz gəncliyimiz  bu tarixi sınaqdan necə keçir, öz missiyasını necə davam edir?

 

- 90-cı illərin sonlarında Topxana meşəsinin qırılmasına etiraz olaraq ayağa qalxan Azərbaycan gəncliyi bu gün də Qarabağda ekoloji cinayətə etiraz edərək meydandadır. Bu baxımdan  müstəqillik tariximizin bir çox əlamətdar anları kimi 2 fevral Azərbaycanda gənclər günü olaraq 1996-cı ildən bəri hər il ölkəmizdə təntənə ilə qeyd edilir.  Artıq üç ildir ki, gənclər gününün xüsusilə böyük mənası var. Çünki Azərbaycan gəncliyi yeni və möhtəşəm bir tarix yazdı. 44 günlük Vətən müharibəsinin ən ağır yükü cəbhədə misilsiz qəhrəmanlıqlar göstərən, ərazi bütövlüyümüz naminə şəhid olan, yaralanan, hər bir yüksəkliyin, kəndin, qəsəbənin, şəhərin azadlığı üçün silah yoldaşları ilə birgə böyük əziyyətlər çəkən gənc əsgər və zabitlərimizin üzərinə düşdü.  Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi. Hamı  döyüşə getmək üçün könüllü yazılırdı. Gənclərimiz yerli səfərbərlik idarələrindən dərhal orduya aparılmalarını israrla tələb edirdilər. Hər vəchlə cəbhədəki dostlarının, həmyaşıdlarının yanında olmağa, düşməndən qisas almağa can atırdılar. Hərb meydanına, qanlı savaşa ruh yüksəkliyi ilə yollanırdılar.

Azərbaycan gəncliyi öz missiyasını bu gün də davam etdirir. Azad edilmiş torpaqlarımızı qarlı-şaxtalı səngərlərdə göz bəbəyi kimi qoruyur. Orduda xidmət etməyənləri də əsgər və zabitlərimizə apardığı sovqatlarla, şəhid, yaralı ailələrimizə hansısa formada dəstəyi ilə Vətənin zəfərinə töhfə verməyə çalışırdı. Vətən müharibəsinin gedişində, ondan da əvvəl dünyanın müxtəlif səmtlərində yüz minlərlə azərbaycanlı gənc düşmənin informasiya təxribatlarına qarşı savaşırdı. Onların illərdir ki, dünyaya yaydıqları yalanları ifşa edirdi. Tarixi həqiqətləri, ermənilərin insanlığa sığmayan müharibə cinayətlərini, mülki əhaliyə qarşı törətdikləri qətliam faktlarını beynəlxalq ictimaiyyətə çatdırırdı. Döyüş meydanında bir-birinin ardınca qələbələr qazanan ordumuza informasiya savaşı, diplomatiya meydanında da bacardığı dəstəyi verməyə çalışırdı. Eyni missiya bu gün də davam edir. Azərbaycan gəncliyi mənfur düşməni bu savaş meydanında da üstələyir. Azərbaycanın maraqlarını qorumağı bacarır. Vətənpərvərlik ruhu da budur!

Torpaqlarımızın azadlığından sonra indi Azərbaycan gəncliyi qarşısında həm də o torpaqların bərpası, abadlaşdırılması, sosial-iqtisadi dirçəlişi, yurdlarımızın yenidən gülüstana çevrilməsi missiyası durur. Azərbaycan gəncləri bunu da bacaracaqlar. Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yetişdirdiyi gənclik buna da qadirdir. Onların həyata keçirdiyi gənclər siyasəti, müəyyən etdiyi düzgün istiqamət Azərbaycan gəncliyini vətənpərvər ruhda tərbiyələndirdiyi qədər, həm də zəhmətə, əməyə, ölkəmiz üçün də, dünya üçün də faydalı olmağa, gözəlliklər yaratmağa, inkişafa təkan verməyə alışdırıb.

Gənclik bu gün ölkəmizdə aparılan köklü islahatların əsas aparıcı qüvvəsini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti gənclərə yüksək vəzifələrdə etimad göstərir, müəyyən etdiyi strateji vəzifələrin yerinə yetirilməsində onlara böyük ümid bəsləyir. Bu ümidi doğrultmaq, vətənpərvərlik əzmini, azərbaycançılıq ruhunu qorumaq Azərbaycan gəncliyinin ümdə vəzifəsidir.

 

- Qeyd etdiyiniz kimi, həmin o gənclik, 80 gündür ki, Laçın Xankəndi yolunda dinc aksiya keçirərək nəhayət “yumşaq gücü” ilə dünyanı ədalətin bərpasına çağırır. Bu çağırışın Qərb və digər beynəlxalq təşkiatlatda hansı əks reaksiya ilə qarşılandığını da gördük. Yaranmış mövcud vəziyyət prosesləri hara aparır?

 

- “Yumşaq güc"ün sərt üzü də var. İki il öncə  dünyaya öz haqqını tanıdan Azərbaycan cəmiyyətinin qeyri-hökumət və media sektoru Xankəndi yolu üzərində yeni bir zəfər tarixi yazır. Media və QHT nümayəndələrindən ibarət bir qrup Şuşa-Xankəndi yolu istiqamətində aksiya keçirir. Tələbləri çox sadədir – öz torpaqlarına keçə bilmək. Sanki tarix başqa formada və məzmunda təkrar olunur. 34 il öncə də Azərbaycan xalqı Topxanada qanunsuz ağac kəsilməsinə etiraz olaraq Meydana toplaşdı, havanın sərtliyinə, imperiya basqılarına rəğmən 17 gün Meydan dağılmadı. Bu gün yenə də tələblər ekoloji istismarla bağlıdır. Uzun müddətdir ki, Qarabağ bölgəsində ekoloji fəlakətlər törədilir, meşələrimiz qırılır və yandırılır, çaylarımız və göllərimiz çirkləndirilir, təbii ehtiyatlarımız talan edilir. Rusiya sülhməramlıları nəzarət etdikləri ərazidə qanunsuz fəaliyyət göstərən, qaçaqmalçılıq yolu ilə əlvan metal yataqlarımızı qarət edən cinayətkarlara Azərbaycanın rəsmi dövlət qurumlarının qərarlarını başa salabilməyib. Beləliklə, rəsmi dövlət qurumlarının qanuni fəaliyyətinə maneçilik törədilib. Belə bir hal vətəndaş cəmiyyəti təmsilçilərini narahat etməyə bilməzdi. Belə aksiyaların keçirilməsi açıq cəmiyyətlərdə mütəmadi olaraq baş verən demokratik proseslərdir. QHT-lər öz funksiyalarına uyğun olaraq cəmiyyəti narahat edən müxtəlif məsələlərlə bağlı aksiya keçirməklə diqqəti bu və ya digər problemin həllinə yönəltməyə çalışırlar. Bu həm də dövlət və xalq olaraq suverenliyimizin qorunması üçün həyata keçirilən “yumşaq güc” siyasətidir. Ən geniş anlamda “yumşaq güc” - hər hansı ölkənin mədəni, iqtisadi, siyasi potensialını reallaşdırma səviyyəsi ilə bağlıdır. Burada daxili siyasətlə yanaşı, böyük ölçüdə xarici siyasət də ciddi şəkildə nəzərə alınır.  Yəni əslində söhbət dövlətin öz gücünü təkcə “hərbi əzələləri” ilə deyil, paralel surətdə və ya eyni zamanda digər sahələr (iqtisadiyyat, mədəniyyət, hüquq və s.) üzrə, çoxşaxəli şəkildə təsbit eləmək və bunun nəticəsində öz siyasi, geosiyasi, başqa maraqlarını daha əlverişli şəkildə reallaşdırmaq bacarığından gedir.

 Azərbaycanda müvəqqəti yerləşdirilmiş rus "sülhməramlı"ları onların məsuliyyət zonasında azərbaycanlıların keçirdiyi aksiyanı öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır - Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlandığını elan edən rus "sülhməramlı"ları yerli ermənilərlə azərbaycanlılar arasında konflikti dərinləşdirməklə regionda mövcudluğunu uzatmaq istəyir. Ancaq proseslərin rusların xeyrinə nəticə verəcəyi ehtimalı sıfıra bərabərdir. Azərbaycan dövlətinin istifadə etdiyi "yumşaq güc" siyasəti həm erməniləri, onların havadarlarını, həm də rusları çaşqınlıq vəziyyətinə salıb və qarşı tərəfi vəziyyətdən çıxmaqda aciz edib. Azərbaycanlıların keçirdiyi aksiyanı bütün dünya erməniləri və rusların istədiyi kimi təqdim etməsinə baxmayaraq dünya ictimaiyyəti onu biganə qarşılayır və sözsüz ki, bu fakt da onu təsdiq edir ki, dünya erməni yalanlarına inanmır və erməni yükünü atmağa çalışır. Fakt budur ki, Xankəndi 1988-ci ildən erməni separatizminin əsas mərkəzi olub, bu, indi də belədir. Ukraynada separatizmə qarşı yaxa cıran Qərb Güney Qafqazın qara yarasına çevrilən erməni separatizminin kökünün kəsilməsini niyə istəməsin?

Aksiya həm də onu sübut etdi ki, ərazi kimə məxsusdur, burada söz sahibi kimdir və rus "sülhməralı"ların məsuliyyət zonasında yaşayanların taleyi Azərbaycandan asılıdır. Bu aksiya həm də onu göstərdi ki, Azərbaycan dövləti, xalqı öz məqsədlərinə çatmaq üçün hər cür əziyyətə, ölümə və öldürməyə əliyalın belə qadirdir hərçənd ki, Azərbaycan ruhunun əli yalın silaha qalib gəlmək bacarığını 1990-cı ilin yanvarında sübut edib. Ancaq indi Azərbaycanı qüdrətli edən müzəffər ordusu, qalib xalqı, sarsılmaz siyasi iradəsi var. Yeri gəlmişkən, aksiyaçıların təhlükəsizliyi Azərbaycan Daxili Qoşunlarının və polislərin mühafizəsi ilə təmin edilir.

Əgər bu aksiyalar ermənilər tərəfindən aparılan qeyri-qanuni iqtisadi fəaliyyətin dayandırılmasına gətirib çıxarmasa və müvafiq dövlət qurumlarına monitorinq aparılması üçün lazımi şərait yaradılmasa, Azərbaycan hüquq-mühafizə orqanları ərazidə baş verən cinayət əməllərinin qarşısını almaq üçün adekvat güc tətbiq edə bilər. Xankəndidə özbaşınalıqla məşğul olan cinayətkar dəstə anlamalıdır ki, onlar Azərbaycan ərazisində yaşayır və ölkə qanunlarını bilərəkdən pozmaq cinayət məsuliyyəti yaradır. Bu aksiyalardan sonra da onlar öz cinayət əməllərini davam etdirsələr, o zaman qanun öz sözünü deyəcək. Azərbaycan “Dəmir Yumruq” qüdrətini təsdiq edib. Bu gün xalqın “Yumşaq güc”ündən dərs götürməyənlər dövlətin sərt üzünü də görə bilərlər.

 

 

- Bu gün Qərbin, Avropanın, Rusiyanın Azərbaycanda -Qarabağda toqquşan maraqları regiondakı gərginliyi daha da artırmaqdadır. Tarixi faktlar və acı təcrübələr bugünkü müstəqil Azərbaycanın qarşısında hansı öhtəlikləri qoyur. Regionda yenə hansı oyunların içərisindəyik?

 

- Tarix boyu bütün fatehlərin işğalçılıq yolu Azərbaycandan keçib. Qərbin İsgəndər, Pyotr kimi hökmdarlarının, Şərqin Çingiz xan, Əmir Teymur kimi sərkərdələrinin dünya fəthi üçün vuruşan orduları vətənimizi işğal etməkdən vaz keçməyib. XX əsr tarixinin cahan hökmdarı olmaq iddiasında olan son işğalçısı Hitler üçün də Azərbaycan xüsusi bir önəm kəsb edib. Bir sözlə, Şərqlə Qərbin qovuşma nöqtəsində yerləşən, bütün savaşların əsas halqası olan, Böyük İpək Yolunun əvəzsiz körpüsü olan ölkəmiz hər zaman qəsbkar maraqların hədəfində olub və bu gün də olmaqdadır. Yüz illər boyu davam edən bu proses yalnız qanlı iz buraxmayıb, həm də dövlət və millət olaraq Azərbaycanı daha da bərkidib. Bu gün artıq tarix və dünya yeni bir Azərbaycana şahidlik edir. Bu gün Azərbaycan Şərq ilə Qərbin həm sivilizasiyalararası, həm iqtisadi əməkdaşlıq, həm də siyasi tərəfdaşlıq platforması kimi çıxış edir. Çağdaş dünyanın siyasi arenasında qlobal layihələrin yalnız iştirakçısı yox, həm də təşkilatçısı olan Azərbaycan var. O Azərbaycan ki, ən yüksək beynəlxalq kürsülərdə, ən güclü dövlətlərlə ikitərəfli danışıqlarda öz milli maraqlarını qoruyur və həyata keçirir.

Dövlətin yürütdüyü xarici siyasət kursunun əsasını təşkil edən tərəfdaşlıq və əməkdaşlıq prinsipi Azərbaycanı qarşıdurma, rəqabət məkanı deyil, qlobal layihələrin icra ünvanına çevirib. Məhz bunun nəticəsidir ki, beynəlxalq münasibətlərin kataklizmlərlə dolu mürəkkəb mərhələsindəndə Azərbaycan strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirilib. Bu ilin ilk ayında Əbu-Dabi Dayanıqlılıq həftəsi, ardından isə Davosda keçirilən Dünya İqtisadi Forumunda önə çıxan arqumentlər bu faktı növbəti dəfə təsdiqlədi. Keçirilən bütün tədbir və görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev dünya biznes elitasının diqqətini Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək və müştərək layihələr həyata keçirmək mövzusuna çəkməyə müvəffəq olub. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, eyni zamanda, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınmasına hədəflənib. Azərbaycan mühüm bir coğrafiyanın - Yaxın Şərq ilə Avropanın, eləcə də Çinin eyni maraqlar ətrafında birləşməsini təmin edə bilən bir siyasət yürüdür. İqtisadi əməkdaşlıq siyasi tərəfdaşlığın əsas təməli sayılır - Azərbaycan bu addımı ilə dünyanın təhlükəsizlik arxitekturasına böyük töhfələr verir. Bir sözlə, Azərbaycan Qərblə Şərq arasında balanslaşdırılmış xarici siyasət yeridən nadir dövlətlərdəndir. Bu, özünü həm də xarici təmaslarda, həm də iqtisadi əməkdaşlıqda göstərir.

Amma bütün bu nəticələr asanlıqla əldə edilməyib. Nəzərə alınmalıdır ki, qlobal geosiyasi və geoiqtisadi proseslərdə Azərbaycana diqqəti artıran amillərdən biri onun dünyanın aparıcı dövlətlərinin siyasi və iqtisadi mənafeləri üçün strateji ərazidə yerləşməsi, NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), əslində, Qərb və Rusiya arasında qarşıdurmanın mərkəzlərindən biri olmasıdır. Rəsmi Bakı fövqəlgüclərin hərbi-siyasi, iqtisadi ziddiyyətlərində Azərbaycanın tərəfsiz olduğunu və ərazisindən qonşu dövlətlərə qarşı istifadəyə yol verilməyəcəyini qətiyyətlə bildirsə də, bu mübarizənin müxtəlif təzahürləri, təzyiq və təhdid cəhdləri ilə hələ də üzləşməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, ölkəmiz xarici siyasət meydanında müstəqil siyasət yürüdür və heç bir dövlət öz iradəsini ona diktə edə bilməz. Azərbaycan daim öz milli maraqlarını, müstəqil və balanslaşdırılmış xarici siyasət prinsiplərini əsas tutaraq ölkəmizi region dövlətlərinin inkişafı, ortaq mənafelərin ödənilməsi üçün sülh və əməkdaşlıq məkanına çevirməyə nail olmuş, beynəlxalq münasibətlərdə hüquq bərabərliyinə söykənən əməkdaşlıq modellərinə üstünlük vermişdir. Azərbaycan öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir.

Vətən müharibəsində qazanılan Zəfərdən sonra bütövlükdə regionun geopolitik durumunda dəyişilən proses Türk Dünyasının birliyi istiqamətində atılan addımlardır. Türk dünyasının iki böyük lideri - Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün xüsusi səylər göstərir. Atılan addımlar öz nəticəsini verir. Bu gün dünya siyasi düzənində Türk Dövlətləri Birliyi yeni güc mərkəzinə çevrilməkdədir. Azərbaycanın Qərblə Şərq arasında körpü statusu daha da möhkəmlənir və müasir dövrün reallıqları çərçivəsində yeni məzmun qazanır. Zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı şanlı keçmişi ilə qürur duyur, ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirir. Zəfər Savaşı ilə başlayan yolun uğurla davam etdirilməsi üçün isə yetərincə gücümüz və potensialımız var. Təbii resurslarımız – yetərincədir. İnsan resurslarımız da həmçinin Dünyanın “qan damarları”nın keçdiyi nəhəng bir coğrafiyada yerləşirik. Daha dəqiq desək, bu gün dünya bizdən keçir! Şərəfli tariximiz, yüksək mədəniyyətimiz, imperiyaların sarsıda bilmədiyi mənəvi dəyərlərimiz bu gün Azərbaycanı dünyada haqq etdiyi söz sahibinə çevirib.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR