MİQ-də YENİLİK

15:09 02-03-2023 | icon 387 | Təhsil
MİQ-də YENİLİK

Əlavə 30 dəqiqə nəyi dəyişəcək?

 

Bu il müəllimlərin işə qəbulu imtahanlarında (MİQ) bəzi dəyişikliklər ediləcək. Yeniliklərdən biri imtahan müddətinin artırılmasıdır.

 

Elm və təhsil naziri Emin Əmrullayev bu yaxınlarda keçirdiyi mətbuat konfransında bildirib ki, MİQ imtahanlarında iştirak edən namizədlərə 30 dəqiqə əlavə vaxt veriləcək:

 

"MİQ imtahanlarını təhlil etdik. Əlavə 30 dəqiqə vaxt verəcəyik. İmtahan vaxtı 2 saat 30 dəqiqə olacaq".

 

Qeyd edək ki, bundan əvvəl imtahan vaxtı 120 dəqiqə idi, dəyişiklikdən sonra 150 dəqiqə olacaq.

 

Bəs imtahan müddətinin artırılmasının nəticələrə təsiri olacaqmı? 

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov MİQ-lə bağlı dəyişikliyi dəstəklədiyini bildirib. 

 

“MİQ imtahanlarında vaxt məsələsi namizədləri ən çox narahat edən məqamlardan biri idi. Bununla bağlı imtahana hazırlaşan namizədlər bizə, yəni Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya çox sayda müraciətlər olurdu. Biz həmin müraciətləri nəzərə alaraq “Facebook”da canlı yayım təşkil edib, dinləmə keçirdik. İctimai Şuranın, Elm və Təhsil Nazirliyindən bu sahəyə aidiyyəti olan müvafiq məsul şəxslərin iştirakıyla geniş toplantımız oldu. Bütün maraqlı tərəfləri dinlədikdən sonra təkliflər hazırladıq. Həmin təkliflər nazirliyin rəhbərliyinə çatdırıldı. Nəhayət, nazirlik təklifləri qəbul edərək qərar verdi. Yeni qərar MİQ imtahanında iştirak etmək istəyən namizədlərin narazılığına və bütövlükdə onların fikirlərinə nazirliyin açıq olduğunu bir daha göstərdi. Biz bunun nəticələrini gördük”.

 

Təhsil eksperti İlqar Orucov MİQ üzrə təkmilləşmələrdən də bəhs edib:

 

“Müəllimlərin işə qəbulu imtahanında yenilik bununla məhdudlaşmır. İxtisas suallarına daha çox yer verilməsi, səhv cavabların düz cavablara təsir etməsi ilə bağlı yeniliklər edilib. Atılan addımlar çox müsbətdir. Bir sözlə, hazırkı təkmilləşdirmələr məqsədəuyğundur. Gələcəkdə başqa təkliflər, alternativlər olacaqsa, biz bunları da müzakirə etməliyik. Bu gün Elm və Təhsil Nazirliyinin, İctimai Şuranın, bütövlükdə cəmiyyətin marağında olmalıdır ki, müəllim seçilərkən ən yaxşısı seçilsin. Çünki müəllim faktoru təhsilin keyfiyyətinə birbaşa təsir edir. Müəllimlərin işə qəbul imtahanında bu və ya digər təkmilləşdirmələrin aparılması məktəblərə daha savadlı müəllimlərin cəlb olunması işinə öz töhfəsini verəcək. Nazirlik məsələyə doğru yanaşma sərgilədiyini bir daha sübut etdi”.

 

Təhsil eksperti Namiq Hacıheydərli də MİQ-lə bağlı dəyişikliyi müsbət dəyərləndirib:


“Müəllimlərin MİQ imtahanı ilə bağlı narazılıqları hər kəsə məlumdur. Bunlardan biri də imtahanın müddəti ilə bağlı idi. İmtahan üçün 2 saatlıq humanitar fənlər üçün yetərlidir. Lakin bu müddət imtahanda texniki fənlərin suallarını cavablandırmaq üçün kifayət etmir. Riyaziyyat, fizika kimi fənlərdə hər bir sual üzərində bir qədər düşünmək lazım gəlir. Bu baxımdan hesab edirəm ki, imtahan müddətinin uzadılması müəllimlərin xeyrinə verilmiş qərardır. Vaxtın uzadılması müəllimlərin daha rahat düşünməsinə və öz fikirlərini daha dəqiq ifadə etməsinə, bilgilərini daha yüksək səviyyədə ortaya çıxarmasına imkan verəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq