2016-cı ilin Aprel döyüşləri torpaqların tam olaraq azad edilməsi prosesində son hədəflərə çata bilməsə də, 4 günlük müharibənin - Aprel döyüşlərinin hansı hərbi-siyasi əhəmiyyətə malik olduğu bu gün də araşdırılır.  Dördgünlük savaş Azərbaycan Ordusu üçün hansı sınaq idi? Bu, düşmənə vurduğu zərbə ilə gələcək proseslərə hansı təsirini göstərmiş oldu?

Hərbi ekspert Şair Ramaldanovla aprel döyüşlərinin əhəmiyyətindən danışdıq:

 

 

-2016-cı il aprel ayının ilk həftəsində mühüm yüksəklikləri işğaldan azad edən, Azərbaycan Ordusunun hərb tarixinə “Aprel döyüşləri” kimi yazılan savaşı necə təhlil edərdiniz?

- Aprel döyüşlərinin növbəti – 7-ci ildönümünü yaşayırıq. Vaxt, zaman bizi o döyüşlərdən nə qədər çox ayırırsa, bir o qədər də Aprel döyüşlərinin əhəmiyyəti haqqında yeni təhlillər, yanaşmalar ortaya çıxır. Zaman keçdikcə Aprel döyüşlərinin əhəmiyyətinin nə qədər böyük olduğu daha aydın şəkildə görürük. Əslində, bu savaş həm də bir dərs olaraq öyrənilir. Hesab edirəm, Aprel döyüşləri I Qarabağ savaşından sonra erməni təxribatına qarşı ən böyük cavab idi. Aprel döyüşlərində məhdud tapşırıqlar yerinə yetirilirdi. Bu döyüşlər erməni işğalçılarının mütəmadi atəşkəsi pozması, əsasən də təmas xəttindəki yaşayış məntəqələrində mülki insanların təhlükəsizliyinin qarşısını almaq üçün verilən cavab olmaqla, cənub ərazilərimizdə düşməni geriyə addım atmağa məcbur etdi. Aprel hadisələrində bir çox məsələ üzə çıxdı. Bilirik ki, ermənilər belə bir mif yaratmışdı ki, onların “Ohanyan” müdafiə xətti keçilməzdir. Aprel döyüşlərində Azərbaycan əsgəri göstərdi ki, onun üçün keçilməz müdafiə xətti yoxdur. Azərbaycan əsgəri həmin xətti ilk saatlarda keçdi, tapşırığı yerinə yetirdi, düşməni strateji yüksəkliklərdən salaraq geriyə addım atmağa məcbur etdi, həmin ərazilərdə yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etdi. Bununla da Azərbayacan Ordusu böyük bir ərazini müşahidə və nəzarət altına ala  bildi. Hətta bundan sonra Cocuqmərcanlı kəndinə yaşayışın qayıtması üçün münbit şərait yaradıldı. Digər tərəfdən, bu, Azərbaycan üçün  sınaq idi. Bu döyüş düşmənin müdafiə imkanlarının səviyyəsini nəzərdən keçirməyə imkan yaratdı. Azərbaycan əsgərinin özünəgüvəni artdı. Uzun müddət işğal etdiyi ərazilərimizdə müdafiədə duran düşmən  hər addımda bizə göstərmək istəyirdi ki, Azərbaycan əsgəri bir addım da irəliləyə bilməyəcək.

Ona görə də “4 gündən 44 günə” ifadəsi təsadüfi yaranmayıb. Yəni 44 günün təməlini o 4 günlə başlamışıq. O da Aprel savaşıdır. Azərbaycan Ordusunun 4 günlük savaşda göstərdiyi qəhrəmanlıq gələcək hərb yolumuzun xəritəsini cızdı. Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev söyləmişdi ki, Azərbaycan Ordusu qısa zamanda işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Bu, Ali Baş Komandanın özünün formalaşdırdığı, inkişaf etdirdiyi müasir Azərbaycan Ordusuna verdiyi yüksək qiymətdir, inamdır. Azərbaycan Ordusu Ali Baş Komandanın hər hansı əmrini yerinə yetirməyə qadir olduğunu göstərdi. Əlbəttə ki, sonradan Azərbaycan Ordusunda gedən prosesləri  Aprel hadisələrinin nəticələrindən irəli gələn müəyyən bir təkmilləşdirmə, yeni silahların tətbiqini nəzərdən keçirsək, dördgünlük döyüşlər gələcək

Azərbaycan əsgərinin öz torpaqlarını düşmən tapdağından azad etməsi üçün keçdiyi bir sınaq kimi də qəbul edilə bilər.   

 

-Dördgünlük Aprel savaşı Ermənistana hansı dərs və mesajları verdi?  Münaqişənin tənzimlənməsində siyasi-diplomatik gedişata hansı təkan və təsirlərini göstərmiş oldu?

- Biz bu savaşda mən deyərdim ki, döyüş meydanında yox, diplomatiya meydanında ortaya çıxan riskləri gördük. Dördgünlük savaşdan Azərbaycan yenidən atəşkəsə qayıtmalı oldu və bu məsələdə artıq Rusiyanın müdaxiləsi ilə rastlaşdıq. Bundan başqa, beynəlxalq arenada da risklər göründü və  hədəfə alınan Azərbaycan Dövləti beynəlxalq geosiyasi meydanda riskləri minimuma endirmək üçün çox böyük işlər gördü. Azərbaycan bütün dünyaya başqa yolu olmadığını və gec-tez öz gücü vasitəsilə torpaqları azad edəcəyi fikrini çatdırmışdı. Bu istiqamətdə atılan addımların Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, Pakistanın Azərbaycana dost baxışı, dəstəyi və digər dövlətlərin də Azərbaycana maneə olmaması artıq diplomatik müstəvidə irəliləyən böyük işlərdən xəbər verirdi.

İyul hadisələrindən sonra cənab Prezident “diplomatiyada hücum” ifadəsini səsləndirmişdi. Bu “hücum diplomatiyası”, həm Aprel hadisələri, həm də  Naxçıvanda Cünnüt əməliyyatından güc alaraq keçir. Bu hadisələr Ermənistanda qorxu yaratmağa başlamışdı. Bəzi erməni hərbi hissələrində olan əsgərlər xidmət etməkdən boyun qaçırır, fərarilik edərək hərbu hissələri tərk edirdi. Aprel döyüşlərində üzləşdikləri məğlubiyyətdən sonra Ermənistanın yüksəkvəzifəli şəxsləri öz postlarından azad edilmişdi. Bir sözlə, Aprel savaşı təkcə hərbi meydanda deyil, siyasi meydanda da Ermənistanı sarsıtmışdı.

Aprel hadisələri, eləcə də Naxçıvanın Cünnüt əməliyyatında Ermənistanla sərhəddə böyük bir ərazinin nəzarətə alınması Qarabağa  gedən yolu müşahidə edə bilmək imkanlarını yaratmışdı və artıq Ordumuz gələcəkdə veriləcək əmri gözləyirdi.

– Məlumdur ki, 2018-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirilib. Bu faktın özü hərbi uğura gedən yolda aparılan siyasətin hansı göstəriciləri ilə birgə dəyərləndirilməlidir?

- Azərbaycan Ordusunun qazandığı qələbələr və hər bir azad olunan əraziyə sancılan üçrəngli bayraq Azərbaycan xalqı, əsgəri üçün böyük bir ruh yüksəkliyinə səbəb olur, xalqda, orduda inamı artırır və vətənpərvərlik ruhunu daha da yüksəldirdi. Azad olunan torpaqlara sancılan o bayraqların məhz iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanına gətirilməsi hesab edirəm, sonrakı qələbə bayraqlarının dalğalanmasına böyük bir yol açdı. Ona görə də biz Aprel və  Naxçıvan hadisələrini qələbəyə doğru böyük başlanğıcın ilk addımları kimi qiymətləndirə bilərik. Prezidentin orada söylədiyi  “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayraqları  Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək” sözləri deyildiyi kimi öz yerini aldı.

Cənab Prezident həmişə olduğu kimi, özünün uzaqgörənliyi ilə Azərbaycanın gələcəkdə qazanılacaq qələbəsini və ordunun şücayətini qabaqcadan görərək həm aprel hadisələrindən sonra dediyi “Qısa zamanda Azərbaycan Ordusu işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyünü bərpa etməyə qadirdir” sözlərini, həm də “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək” sözlərinin də bir strateji proqrama söykəndiyini də nümayiş etdirdi.  Bu, əlbəttə ki, Azərbaycanın nə qədər güclü, iradəli və nə qədər qətiyyətli liderinin olduğu haqqında xəbər verir. Doğrudan da biz 44 günlük savaşa məhz Aprel, Naxçıvan hadisələrindən sonra cənab Prezidentin cızdığı yol xəritəsi üzrə hərəkət etdik. Bu gün Azərbaycanın işğaldan azad edilmiş torpaqları tam şəkildə bərpa edilib. Qürurlu, böyük bir xalqın Prezdienti sənab İlham Əiyev, ulu öndərin siyasətini davam etdirərək həm onun vəsiyyətini yerinə yetirdi, həm də böyük bir sərkərdə, tarixi şəxsiyyət, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə rəhbərlik edən bir komandan, lider kimi adını tarixə qızıl hərflərlə yazdı.

- “Heydər Əliyev ili”ndə yaşayırıq. Bu gün Qarabağda, Ermənistanın Azərbayacanla sərhəddə törətdiyi hərbi təxribatları və Fransanın, Avropanın ermənipərəst mövqeyini, Azərbaycanın bütün bunlara baxmayaraq, öz ərazilərində suverenliyinin təminatı üçün apardığı əməliyyatları təhlil etsək,  necə hesab edirsi,z  4 günlük savaşın 44 günə ötürdüyü güc və nəticənin əhəmiyyəti  növbəti mərhələdə hansı hərbi-siyasi tarixi hadisəyə yol açacaq?

- Hər bir cəmiyyətin inkişafı tarixi hadisələrə bağlıdır. Əlbəttə, uğurlu tarixi hadisələr gələcəkdə cəmiyyətin inkişafına zəmanət yaradan mühüm bir şəraitin yetişməsidir. Əgər bizim yeni tariximizə baxsaq, Azərbaycan müstəqillik qazandıqdan sonra ilk aylar  şəxsi maraqların Azərbaycan maraqlarından üstün tutulması torpaqlarımızın işğal olunmasına səbəb oldu, cəmiyyət birləşərək düşmənə müqavimət göstərə bilmədi.  Sonradan Azərbaycan Respublikasının ziyalılarının müraciəti əsasında Ulu Öndərin qayıdışı baş tutdu. Artıq ulu öndər cəmiyyəti öz ətrafında  birləşdirməklə Azərbaycanda düşmən işğalının qarşısını aldı və hətta 1994-cü ildə əks hücumla “Horadiz” kimi uğurlu bir əməliyyat Azərbaycanın hərb tarixinə yazıldı. Sonradan ulu öndərin başçılığı ilə  ordumuz formalaşdırıldı, inkişaf etdirildi və öz varisini yeni bir lider yaratdı. O liderlik qabiliyyəti Ulu Öndərdən irsi olaraq cənab İlham Əliyevə ötürülmüşdü. Cənab Prezident Ulu Öndərin prinsiplərini həyata keçirməklə davam etdirərək, Azərbaycanın ərazi bütövlüyün bərpa etməyə nail oldu. Ulu Öndərin vəsiyyətini yerinə yetirərək Azərbaycan xalqına qürurunu qaytardı.

Bu gün Azərbaycan torpaqları bərpa edilmiş bir dövlət kimi inkişaf edir. Əlbəttə, tarixin mərhələlərində atılan uğurlu addımları məhz uğurlu liderlər təmin edir və bu gün Azərbaycan uğurlu gələcəyə doğru inkişaf edir.  Təbii ki, 4 günlük aprel hadisələri, 44 günlük savaş və bu gün Azərbaycanın bu qələbəsini həzm edə bilməyib reallıqla barışmaq istəməyən qüvvələr hələ də Azərbaycana təsir etmək iddiasındadır. Buna baxmayaraq bugünkü Azərbaycan artıq həmin Azərbaycan deyil, yeni Azərbaycandır. Müasir, güclü ordusu, xalqı dəmir yumruğa çevrən məharətli, qətiyyətli liderə sahib olan  bir Azərbaycandır. Bu gün ölkəmizin nüfuzu dünyada gün-gündən artır. Həm iqtisadi inkişaf, həm daxildə olan sabitlik, aparılan xarici, məntiqli, dürüst siyasət Azərbaycanın bundan sonra da  maraqlarını qorumağa imkan verir. Düşünürəm, Azərbaycan bundan sonra da uğurlu əməliyyatları ilə güclü inkişaf yolunu davam edəcəkdir. Bunu bu gün işğaldan azad edilmiş torpaqlarda aparılan işlər, qısa bir zamanda infrastrukturun bərpa nəticələri, əraziərin minalardan və digər qeyri-qanuni sursatlardan təmizlənməsi surəti deməyə əsas verir. Düşünürəm,  başda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla Azərbaycan cəmiyyəti bu inkişafa layiqdir və xalqımız ona yönələn təsirlərə, təzyiqlərə baxmayaraq, bu inkişafı davam etdirməyə qadirdir.(hafta.az)

 

Tahirə Qafarlı

Versus.az