Ehtiram Mehtiyev: "Öz çirkin niyyətlərini bir daha göstərmiş oldular"
"Dünya təcrübəsi və aparıcı ölkələrin sosial-siyasi həyatındakı inkişaf göstərir ki, məhz müxalifətin fəaliyyəti dövlət maraqlarına xidmət etməlidir və səsləndirilən tənqidlər dövlətçilik naminə olmalıdır. Amma Əli Kərimli və onun kimi cılız siyasətçilər həmişəki kimi düşmən dəyirmanına su tökməklə məşğuldurlar".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehtiyev bildirib.
Partiya yetkilisi qeyd edib ki, tarixi qələbəmizin davamı sayılan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasına "mız" qoymaqla həmin bu qüvvələr öz çirkin niyyətlərini bir daha göstərmiş oldular:
"Ölkənin taleyüklü məsələlərində düşmən mövqeyindən çıxış etmək bu adamların əvvəlki xislətidir. Ancaq onlar dəqiq bilməlidirlər ki, belə qərəzli fikirlər xalqımız tərəfindən yaxşı qarşılanmır. Bu gün Prezident İlham Əliyev Qarabağla bağlı nəyi necə, nə zaman edəcəyini çox yaxşı planlayır və nə dedisə, ona da əməl etdi. Qarabağı işğaldan azad edəcəyini demişdi, artıq qələbəmizin üçüncü ilindəyik. Şuşada dalğalanan üçrəngli bayrağı Azadlıq meydanına gətirəcəyini demişdi, bayrağımız bütün dünyanın gözü önündə Qələbə paradında dalğalandı. Laçın yoluna post qurulacağını deyirdi, bu gün Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub və Müzəffər Ordumuz nəzarət edir. Yaxın tarixdə Xankəndidə, Zəngəzurda Azərbaycan bayrağının dalğalanacağına da şübhə etmirik.
E.Mehtiyevin sözlərinə görə, bütün siyasi gedişlər onu göstərir ki, İlham Əliyev faktiki olaraq Azərbaycanın xeyrinə olan bütün planların reallaşmasına nail olub:
"Deməli, radikallığı prinsipə çevirən müxalifət İlham Əliyevin bu addımına "mız" qoymaq yox, əksinə təqdir etməlidir".
SEVDA
Versus.Az