- Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması hansı əhəmiyyətə malikdir?
- Azərbaycan-Ermənistan şərti sərhəd bölgəsində – Laçın-Xankəndi yolunun başlanğıcında, suveren ərazilərimizdə sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi hadisədir. Əgər 44 günlük müharibədə hərbi yolla qələbə qazandıqsa, bu sərhəd məntəqəsinin qurulması diplomatiya sahəsində əldə olunmuş zəfərin uğurlu davamıdır. Əsasən, postmüharibə dövründə baş verən danışıqlar, diplomatik müzakirələr müharibənin davamı kimi götürülür. Hesab edirəm, ölkəmizin ali rəhbərliyi, cənab Prezident çox ağıllı addımlarla, diplomatik gedişlərlə bir güllə atılmadan ordumuzun minlərlə şəxsi heyətinin həyatını xilas etməklə qarşıya qoyulan bütün məqsədlərə nail oldu. Əvvəl Qarabağ ətrafında olan rayonlarımız işğaldan azad edildi, bir neçə gün öncə isə Laçın rayonunda sərhəd-buraxılış məntəqəsi qoyuldu. Bu, Azərbaycan Konstitusiyasına və qanunlarına tam uyğundur. Sadəcə, bəzi erməni havadarlarının, Ermənistan rəsmilərinin bəyanatları bizdə bir daha təəssüf hissi yaratdı. Bu ölkələr 30 illik işğal ərzində beynəlxalq hüquq normaları və prinsiplərindən danışır, “ölkələrin ərazi bütövlüyü bərpa olunmalıdır”, – deyirdilər. Digər tərəfdən, Azərbaycan sərhədlərinin təhlükəsizliyinin bərpa olunması, hətta Qarabağda olan ermənilərin də təhlükəsizliklərinin bərpa olunmasına yönəlmiş addımlardır. Biz o yoldan qeyri-qanuni canlı qüvvələrin, silahların, minaların keçirildiyini bilirdik. Hər gün Qarabağda partlayış səsləri eşidir və nəticədə, günahsız qurbanların olduğunu görürdük. Bu, Qarabağda yaşayan ermənilər üçün də təhlükə yaradırdı. Ona görə də, sərhəd-buraxılış məntəqəsinin qurulması təhlükəsizlik, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət baxımından tarixi hadisədir.
- Sərhəd-buraxılış məntəqəsinin qurulması məcburi köçkünlərin geriqayıdışı üçün hansı imkanlar yaradacaq?
- Sərhəd-buraxılış məntəqəsinin qurulması reinteqrasiya prosesinə müsbət təsir göstərəcək. Müharibədən sonra bizim əsas amalımız Qarabağ sakinlərini Azərbaycanın sosial-siyasi həyatına reinteqrasiya etmək idi. Qarabağda yaşayan bir qrup erməni sakinə təkliflər edilmişdi ki, Azərbaycan vətəndaşlığını, qanunlarını qəbul etsinlər və bu yöndə dialoqa başlanılsın. Erməni icması ilə birinci belə görüş Xocalıda baş tutmuşdu. Azərbaycanın suveren əraziləri hər yerdə – istər Xankəndi, Bakı, Xocalı, Şəki, Şuşa və sair rayonlar olsun, eyni statusa malikdir, hamısı Azərbaycan şəhərləridir. Ona görə də, erməni sakinlərini girovluqda saxlayan aqressiv, separatçı ünsürlərdən azad edilməsi üçün çox gözəl şans yaranıb. Hətta erməni sakinləri arasında müəyyən adamlar mənim özümlə də əlaqə saxlayırdı. Onları dialoq qurmağa dəvət edəndə bundan boyun qaçırırdılar. Səbəbini belə izah edirdilər ki, orada qalan aqressiv separatçılardan qorxur, onları öz həyatları üçün təhlükə görürlər. İndiki halda Azərbaycanın əraziləri tamamilə nəzarətimiz altındadır, Laçında sərhəd-buraxılış məntəqəsi quruldu. Bu, qeyd etdiyim kimi, həm reinteqrasiya prosesinə kömək göstərəcək, həm də Azərbaycan ərazisində mövcud olan qanunsuz hərbi birləşmələrin oradan təmizlənməsi, yeni qanunsuz maddələrin, insanların, qruplaşmaların da qarşısını alacaq. Beləliklə, artıq orada yaşayan erməni sakinlərin dialoqa gəlmələri üçün heç bir qorxu olmayacaq. Bir şərt var ki, Azərbaycan qanunları, Konstitusiyası hər bir vətəndaşa Azərbaycan pasportuna malik olmağı tələb edir. Əgər siz Azərbaycan ərazisində müdafiə olunub təhlükəsizliyinizin qorunmasını istəyirsinizsə, həmin dövlətin pasportuna malik olmalısız. Yoxdursa, heç kəs sizi buna məcbur etmir, yol açıqdır, başqa ölkəyə köçüb gedə bilərsiniz. Azərbaycan pasportu alan şəxs, Azərbaycan qanunları çərçivəsində müdafiə mexanizmindən yararlanmaq hüququ qazanır.
- Azərbaycanın sərhəd ərazilərdə həyata keçirdiyi ardıcıl mühüm əməliyyatlar, sərhəd-buraxılış məntəqəsi separatizmin qarşısını nə dərəcədə kəsəcək?
- Erməni separatizminə, Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmasına, qanunsuz əməllərlə məşğul olmasına, artıq son qoyulur. Ermənilər qanunsuz olaraq ərazilərimizə keçmək üçün alternativ yollar, çıxışlar axtarırdılar. Nəhayət, bizim hərbi, diplomatik təkidlərimizlə buna son qoyuldu. Burada məni narahat edən məsələ isə Ermənistan, erməni daşnakları deyil, Azərbaycana təzyiq göstərmək istəyən ABŞ, Fransa kimi dövlətlərin mövqeyidir. ABŞ Dövlət Departamenti özünün bəyanatında bildirir ki, Qarabağda yaşayan erməni sakinlərin taleyindən çox narahatdırlar. Sual olunur: Amerika Birləşmiş Ştatları öz sərhədlərini hansı dövlət üçün açıq saxlayıb? ABŞ Kanada ilə sərhəddə yerlərşir. İki dost, yaxın dövlətdirlər. ABŞ-dən Kanadaya keçərkən Niaqara şəlaləsi deyilən yerdə körpü var. ABŞ tərəfi orada sərhəd-buraxılış məntəqəsindən keçən hər bir şəxsi ciddi yoxlanışdan keçirir. Bu, normal təcrübədir. O zaman nəyə görə Azərbaycanın başqa bir ölkə ilə öz arasında sərhəd-buraxılış məntəqəsi yaratmasından narahat olur? Yaxud əksinə, buna etiraz edirsə, o zaman öz sərhədlərini açıq saxlasın və istənilən şəxsin istənilən yüklərlə getməsinə göz yumsun. ABŞ-ın Meksika ilə sərhədinə baxaq: Tramp vaxtında o sərhəddə böyük divarlar tikmişdilər. Oradan bir qarışqa belə keçə bilməz. Biz isə onlardan fərqi olaraq normal, sivil qaydada sərhəd-buraxılış məntəqələrimizi qurmuşuq. Buna da nəzarət etməliyik ki, ərazilərimiz hansısa terrorçu qrupların, qeyri-qanuni tranzitlərin məkanına çevrilməsin. Azərbaycan əraziləri “boz zonalar” deyil ki, kim istəyir gəlib keçsin. Fransanı götürək: Birinci dünya müharibəsindən sonra Osmanlı torpaqlarını istədiyi kimi bölüb, süni sərhədlər yaradaraq Türkiyəyə qarşı müharibə açmışdılar. İndi Fransa hansı hüquqla, hansı mənəvi haqla Azərbaycana öz ərazisində sərhəd-buraxılış məntəqəsi qurmasına irad bildirir?! Həmin Fransaya Şengen vizası olmadan keçə bilərsinizmi? Xeyr, mümkün deyildir. Ona görə də beynəlxalq ictimaiyyətdən tələb edirik: özlərinin hörmət etdikləri qanunları, şərtləri Azərbaycan üçün də tanısınlar.
- Fransa, İran kimi dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirlər. Amma onlar tərəfindən ölkəmizə qarşı ardıcıl əks-bəyanatların da şahidi oluruq. Hansı məqsədlərə nail olmağa çalışırlar?
- Ermənistan, İran, Fransa üçlüyünün əsas məqsədi Azərbaycanın, Türkiyənin yaratdığı yeni reallığı – türk birliyini əngəlləməyə yönəlib. Yanılırlar. Azərbaycan, Türk dünyası öz milli maraqlarını, strateji siyasətlərini həyata keçirirlər. Təəssüflər olsun, bunlar güclü Azərbaycanın olmasını istəmirlər. Torpaqlarını işğaldan azad etmiş, haqqı-ədaləti bərpa etmiş Azərbaycan bunlara sərf etmir. Bu, ikiüzlülük, riyakarlıqdır. Onların beynəlxalq hüquqa sözdə, bəyanatda hörmət etdiklərini, real əmələ gəldikdə isə əksini etdiklərini görürük. Burada geosiyasi məsələlər gündəmdədir. Azərbaycan, Türkiyə, Mərkəzi Asiya – “Turan layihəsi” – böyük Türk dünyasının yeni güc mərkəzi kimi formalaşması qaçılmazdır. Bundan narahat olanlar isə İran, Ermənistan, Fransadır. Bu, Azərbaycana qarşı hansısa əks-nəticəyə gətirməyəcək. Son vaxtlar Türk Dövlətləri Təşkilatının hərəkət istiqamətinə baxsaq, türk birliyinin qurulması sürətlə gedir.
- Bu proses Türk Dövlətləri Konfederasiyasının yaranmasını şərtləndirirmi?
- Bu, böyük ehtimalla, baş verəcək. Avropa İttifaqı İkinci Dünya müharibəsindən sonra daş kömür, filiz ilə birliyə başlamışdı. Avropa İttifaqı vahid bir regionu, Avropa ölkələrinin birliyini əhatə edir. Halbuki onlar müxtəlif xalqlardan, fərqli etnik qruplardan ibarətdir. Yəni bizim Türk dünyası altında birləşməyimiz daha asan olacaq, proses sürətlə gedəcək. Biz eyni xalq, eyni dil, eyni milli-mənəvi dəyərlərə malikik. Vaxtilə Çindən başlamış, Balkanlara, Macarıstanadək olan böyük ərazidə yaşayan türklər, demək olar ki, eyni xalq, eyni millətdir.
- Azərbaycan-Ermənistan məsələsində vasitəçi olan Avropa İttifaqının mülki missiyası, Fransadan olan jandarm qruplarının Ermənistan sərhədinə gətirilməsi, bu missiyaların Qarabağa sızdırılması, Qərblə mübarizədə Rusiyanın Ermənistanı əldən verməmək cəhdlərinə baxaq... Türk Birliyinin yaranması hansı maneələri adlamağa məcburdur?
- Təbii ki, bu proses asan olmayacaq. Prezidentin atdığı son addım, Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasının diplomatik, ağıllı gedişlərlə nəticələnməsi, hissə qapılmadan atılan addımların nəticəsidir. 2020-ci il 10 Noyabr üçtərəfli Bəyanatından sonra sosial şəbəkələrdə, eləcə də bəzi siyasi qrupların obyektiv olmayan yanaşmalarını müşahidə edirdik. Hazırkı nəticələr onu deməyə əsas verir ki, siyasət soyuqbaşla, geostrateji məsələləri nəzərə almaqla, qlobal güc mərkəzlərinin təzyiqlərini düzgün hesablamaqla əldə edilir. Laçın yolunda başlayan bu proses mərhələli şəkildə davam etdi. Birinci Azərbaycan vətəndaş cəmiyyətləri, ekofəalları aksiyada öz tələbləri ilə çıxış etdilər. Azərbaycan öz maraqlarını təkidlə müdafiə edirdi, ekoaksiya iştirakçıları bu tələblərindən bir addım da geri çəkilmədilər. Bütün dünya üstümüzə gəlsə də, aksiya davam edir. Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə bildirdi ki, sərhəd-buraxılış məntəqəsi qurulmalıdır və bu, baş verdi. Yəni Azərbaycana qarşı belə təzyiqlər olacaq, ancaq biz bunun qarşısında əyilməyəcəyik.
Burada Rusiya amilinə gəlincə, bu ölkə hazırda öz səylərini Ukrayna müharibəsinə yönəldib, Cənubi Qafqaz onun üçün çox önəmlidir. Buna baxmayaraq, Rusiya Azərbaycana qarşı hansısa şəkildə etiraz etmir. Kremldə oturanlar anlayırlar ki, Türk dünyası qaçılmaz layihədir, Türk Dövlətləri Təşkilatı yaranmaqdadır və bu inteqrasiya sürətlənəcək. Rusiya burada vaxtilə ona başağrısı gətirən, hamilik etdiyi “erməni kartı”ndan imtina etməlidir. Kremldə oturan insanlar daha ağıllı düşünərlərsə, Türk dünyası ilə əməkdaşlıq edərlərsə, öz milli maraqlarını qorumaq, müəyyən güc mərkəzlərindən sığortalanmaq üçün Türk dünyası ilə əməkdaşlıq etməkdə maraqlı olmalıdırlar. Rusiya istəsə də, istəməsə də Türk dünyasının bir elementi olmalıdır. Rusiyanın özündə milyonlarla türk yaşayır. Belə deyim də var: “Rusun üstünü qaşısan, türk çıxacaq”. Yəni Rusiyanın özünün bazasında, nüvəsində, hətta rus alimlərinin Avrasiya layihəsində türkçülük, turançılıq var. Rusiya bunu anladıqca öz maraqlarını qoruyacaq, dövlət kimi normal, funksional olaraq qalacaq. Ona görə də Rusiyanın yeganə yolu Türk dünyası ilə əməkdaşlıq, Turanla strateji əməkdaşlıqdır. Təsadüfi deyil ki, Zəngəzur dəhlizinin açılmasında Rusiya da maraqlıdır. Avropa, Qərb, NATO Rusiyaya qarşı sanksiyalar tətbiq edib və Rusiya bilir ki, yeganə oksigeni Türk dünyası və Zəngəzur dəhlizidir.
- Qarabağda əməliyyat zamanı ilk olaraq Rusiya amili qarşıya çıxır. Rusiya tərəfindən üçtərəfli sazişin müddəaları yerinə yetirilməmiş qalır. Rusiya sərhəd-buraxılış məntəqəsinin qurulması ilə bağlı hansı təxribata əl ata bilər?
- Ali rəhbərimiz postmüharibə dövründəki gedişləri çox ağıllı, müdrik şəkildə hesablayır. Rusiya sülhməramlıları 2020-ci il bəyanatına görə, müvəqqəti olaraq Qarabağ ərazisində yerləşiblər. Onların xüsusi bir mandatı yoxdur, sadəcə, sülh prosesinə töhfə vermək üçün Qarabağdadırlar. Ona görə də Azərbaycan özünün suveren hüquqları çərçivəsində addımlar atır. Bizim nə Rusiyaya, nə İrana, nə də digər ölkələrə qarşı siyasətimiz yoxdur, öz dövlət maraqlarımızı qoruyuruq. Hesab edirəm, məhz üçtərəfli bəyanatda Azərbaycan imza atdığı öhdəlikləri axıra qədər icra etsə də, Rusiya və Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Rusiya sülhməramlılarının borcudur ki, Qarabağda olan 10 min erməni silahlısını ərazilərimizdən çıxarsın. Biz buna da konstruktiv yanaşdıq və əminəm ki, sərhəd-buraxılış məntəqəsi qoyulandan sonra bu problem həll olunacaq. Bütün hallarda Rusiya anlayır ki, Azərbaycan etibarlı ölkədir. Hesab edirəm, biz normal qonşuluq siyasətimizi davam etdirəcəyik, heç bir problem olmayacaq. Əsas məsələmiz torpaqların işğaldan azad olunması idi.
– Laçında sərhəd nəzarət-buraxılış məntəqəmizin qurulması Laçın yolunda ekofəallarımızın “monitorinq” tələbi ilə keçirdiyi aksiyaya hansı gücü qatacaq? Aksiya davam edəcəkmi?
- Aksiya iştirakçıları müstəqil insanlardır. Azərbaycan vətəndaşı, Azərbaycan ərazisində harada istəsə aksiya keçirə bilər. Yəqin ki, tələblərinin tam icra olunduğuna əmin olandan sonra aksiyanı dayandıra biləcəklər. Bütün hallarda aksiya keçirmək onların hüquqlarıdır və buna özləri qərar verəcəklər.
- Seçiciləriniz nə zaman öz evlərinə, Xankəndiyə qayıdacaqlar?
- Buradan qeyd edim ki, vaxtilə “Mən Xankəndiyə gedəcəyəm, orada yaşayacağam”, – deyəndə, çox təəssüflər olsun, buna istehza ilə yanaşanlar da var idi. Deyirəm ki, “Allah onlara hidayət versin”. Mən o zaman da buna əmin idim, indi də əminəm ki, tezliklə Xankəndiyə gedəcəyik. (Həftə içi)
Tahirə Qafarlı