Bu və ya digər məsələlərlə bağlı suallarımızı Yeni Azərbaycan Partiyasının , Milli Məclisin deputatı Sədaqət Vəliyeva cavablandırıb:
– Ötən tariximizdə Ümummilli Liderin həyat və fəaliyyətini, bu günümüzə hesablanan proseslərin “yol xəritəsi”ni necə dəyərləndirmək olar?
– Hər bir xalqın tarixində, onun taleyüklü məsələlərində xilaskarlıq missiyasını öz üzərinə götürərək xalqı bəlalardan xilas edən tarixi şəxsiyyətlər olub. Bu mənada Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun tarixində Heydər Əliyev kimi qorxmaz, qətiyyətli, uzaqgörən, dahi, xilaskar, lider şəxsiyyəti olub. Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyev ömrünü xalqına və dövlətinə həsr edərək, ali intellekti, yüksək rəhbərlik bacarığı, cəsarəti, Vətənə bağlılığı və digər yüksək keyfiyyətləri ilə bütün çətinliklərin öhdəsindən layiqincə gəlmiş, Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edərək inkişaf yoluna çıxarmışdır. Müasir, qüdrətli Azərbaycan dövlətinin memarı olan böyük öndər Heydər Əliyevin fəaliyyəti o qədər zəngin və çoxşaxəlidir ki, dahi Heydər Əliyevin həyat və fəaliyyətini sözlə ifadə etmək mümkün deyildir.
Ulu Öndərin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də İlham Əliyev kimi uzaqgörən, müdrik siyasətçi yetişdirməsi oldu. Heydər Əliyev məktəbinin layiqli davamçısı olan İlham Əliyev Ümumilli Liderin həyata keçirdiyi siyasəti layiqincə, uğurlu şəkildə davam etdirdi. İlham Əliyev dahi Heydər Əliyevin ona olan inamını tam və ən yüksək səviyyədə doğruldaraq, Azərbaycanımızı zirvələrə qaldırdı və ən əsası, beynəlxalq ədaləti bərpa edərək bizləri işğaldan azad olunmuş torpaqlarımıza qaytardı, Qalib Xalqa çevirdi.
– Heydər Əliyevin Azərbaycan qadınına verdiyi dəyərdən danışardıq…
– Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev hər zaman qadın şəxsiyyətinə böyük hörmət bəsləmiş, onlara yüksək diqqət və qayğı ilə yanaşmış, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoymuşdur. Hələ 1969-cu ildə Heydər Əliyev Respublikamıza ilk dəfə rəhbərlik etməyə başladığı vaxtdan etibarən Ulu Öndər tərəfindən qadınların yüksək rəhbər vəzifələrə təyin olunmasına başlanılmışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan tarixində ilk dəfə olaraq Ümummilli Lider tərəfindən ali məktəblərə qadın rektorlar təyin edilmişdir. Eyni zamanda, dahi Heydər Əliyev qadınların zəhmətini və fəaliyyətini yüksək dəyərləndirmiş, mütəmadi olaraq fəaliyyətində fərqlənən qadınları fəxri adlarla təltif etmişdir.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər qadınların cəmiyyətdə rolunun artırılması, dövlət idarəçiliyində iştirakı, kişilərlə bərabər hüquqlara malik olması kimi məsələləri və ümumilikdə, qadın siyasətinin gücləndirilməsini prioritet hədəf olaraq qarşıya qoymuşdur. Bu istiqamətdə Ümummilli Lider tərəfindən bütün lazımi şərait yaradılmış, bir çox sistemli və kompleks tədbir həyata keçirilmiş, Fərman və sərəncamlar imzalanmış, ölkəmiz bir sıra beynəlxalq konvensiyaya üzv olmuşdur.
Azərbaycan 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyaya, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulmuşdur. Ulu Öndər tərəfindən dövlət-qadın siyasətinin hüquqi bazasının genişləndirilməsi istiqamətində də çoxsaylı tədbir həyata keçirilmişdir. Belə ki,1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda qadınların hüquq bərabərliyi ən yüksək səviyyədə öz əksini tapmışdır. Eyni zamanda, 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncam, 2000-ci ildə “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” 289 saylı Fərman imzalanmışdır. Ölkəmizdə qadınların fəallığının artırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri Heydər Əliyevin dəstəyi əsasında qadın qurultaylarının keçirilməsi olmuşdur. Beş ildən bir keçirilən qadın qurultayları Azərbaycanda qadın hərəkatı tarixində yeni inkşaf səhifəsinin başlanğıcı oldu. Azərbaycan Respublikası Qadınlarının I Qurultayında iştirak edən Ulu Öndər Heydər Əliyev qadınlar haqqında bu fikirləri səsləndirmişdir:
“Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir”.
Bu fikirlər bir daha Heydər Əliyev dühasının Azərbaycan qadınına və onun zəhmətinə necə yüksək dəyər verməsinin göstəricisidir.
Bu gün Azərbaycan qadını istər dövlət idarəçiliyində, istərsə də cəmiyyətin bütün sahələrində yüksək vəzifələrdə layiqincə təmsil olunur. Eyni zamanda, Azərbaycan qadınları dünya miqyasında böyük uğurlar və nailiyyətlər əldə edir, şanlı bayrağımızı ən yüksək arenalarda dalğalandırır. Bütün bu deyilənlərə Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti bariz sübutdur. Mehriban xanım Əliyeva Azərbaycan qadınının ən yüksək xüsusiyyətlərini özündə cəmləyərək fəaliyyəti ilə nümunəvi qadın obrazını yaratmışdır.
– Azərbaycan xalqı bu gün də erməni faşizmi ilə mübarizə aparır. Ermənistanın sülhə gətirilməsi istiqamətində beynəlxalq ictimaiyyətin rolu və mövqeyi necə dəyişib?
– Ermənistan Azərbaycanla sərhəddə təxribat törətməklə iç üzünü, terror xislətini və regionda sülhə və sabitliyə təhdid dövlət olduğunu dəfələrlə ortaya qoyub. Rəsmi İrəvan imzaladığı 10 Noyabr üçtərəfli Bəyanatında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır, yersiz bəhanələrlə, zaman uzatmaqla sülh prosesinə mane olmağa çalışır və öz imzasına hörmət etmir. Ermənistan hakimiyyəti, revanşist erməni qüvvələri – ümumilikdə hər kəs öz məsuliyyətini dərk etməli və birmənalı şəkildə bilməlidir ki, törədilən istənilən təxribatın qarşısı qalib Azərbaycan Ordusu tərəfindən layiqincə alınacaqdır. Azərbaycan Ordusu bunu dəfələrlə sübut edib.
Təəssüf doğuran məqamlardan biri də Ermənistanın törətdiyi təxribatlara dünya birliyinin səssiz qalması və bu təxribatların Avropa İttifaqının missiyasının gözləri qarşısında baş verməsidir.
Bütün bunlar növbəti dəfə ölkəmizə qarşı ikili standartların və ədalətsizliyin göstəricisidir. Heç kəs unutmasın ki, Azərbaycanın dəmir yumruqlu İlham Əliyev kimi uzaqgörən lideri, qüdrətli Ordusu və sarsılmaz Xalq – İqtidar birliyi var. Azərbaycan ədaləti, BMT qətnamələrini təkbaşına icra edən dövlətdir. Bizim istəyimiz sülhdür və mövqeyimiz haqlıdır. Haqq-ədalətə, sülhə qarşı çıxanların və təxribat törədənlərin isə sonu yoxdur.
– Regionda Azərbaycana qarşı yönələn ikilistandartlı yanaşmada Türkiyə ilə münasibətlərimiz hansı müstəvidə inkişaf edir? Bu, iki qardaş ölkənin münasibətindən narahat olan qüvvələrə hansı mesajdır?
– Bu gün dünya ölkələri arasında inamsızlığa, ikiüzlü siyasətə, hətta bir zaman dost və tərəfdaş olan ölkələrin müharibəsinə də şahidlik edirik. Mütərəqqi və qürurlu haldır ki, bütün bu neqativ hallar fonunda Azərbaycan–Türkiyə qardaşlığı gün-gündən daha da inkşaf edir, dərinləşir və möhkəmlənir. Tarix boyu Azərbaycan-Türkiyə qardaşlığı kimi möhkəm, səmimi və dərin köklərə malik ikinci bir nümunəyə rast gəlinməmişdir. Qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri əsasında qurulmuş və daim möhkəmlənən Azərbaycan-Türkiyə münasibətləri bu gün tarixinin ən yüksək zirvəsini yaşamaqdadır.
Aprelin 29-da Prezident İlham Əliyev bu il sayca 3-cü dəfə qardaş Türkiyə Respublikasına səfər etdi. Səfər çərçivəsində ölkə başçımız cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla birlikdə “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak etdi. Eyni zamanda, ölkə liderləri zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində Azərbaycan Dövlətinin inşa edəcəyi 1 000 ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlini qoydu. Bu, qardaşlığımızın dünyaya növbəti sübutu olmaqla yanaşı, həm də anti-Azərbaycan və anti-Türkiyə qüvvələrinə verilmiş bir mesaj idi. Sarsılmaz köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və iki qardaş ölkə hər zaman bir-birinin yanındadırlar.
“TEKNOFEST” festivalında çıxış edən Prezident İlham Əliyev ölkələrimiz arasındakı yüksək əlaqələrdən, dostluq və qardaşlıq münasibətlərindən bəhs etdi. Daha sonra Ali Baş Komandanımız Türkiyənin İkinci Qarabağ müharibəsinin ilk dəqiqələrindən etibarən son dəqiqələrinə kimi Azərbaycanın yanında olduğunu və bu dəstəyin Azərbaycana əlavə güc və ruh verdiyini diqqətə çatdırıb. Ölkəmizin başçısı Türkiyənin son 20 il ərzində böyük və şərəfli yol keçdiyini, dünya miqyasında söz sahibinə çevrildiyini, eyni zamanda, qardaş ölkənin bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin qarantı olduğunu vurğuladı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev xalqımızın Ulu Öndəri, Türk Dünyasının böyük oğlu Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırlayaraq əlavə də etdi: “Bir millət, iki dövlət, bir yumruq!”. Bəli,
Azərbaycan-Türkiyə birliyinin simvoluna çevrilən bu yumruq, həm də birliyimizi gözü götürməyənlərin başına enəcək.
– Ölkənin mövcud daxili-iqtisadi-siyasi kursunu, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini necə dəyərləndirmək olar?
– Ölkə başçısının unikal siyasəti nəticəsində Azərbaycanın beynəlxalq miqyasdakı nüfuzu və qüdrəti artmaqla yanaşı, daxili sabitliyimiz qorunur və ölkəmiz öz sürətli inkşaf yoluna uğurla davam edir. Bütün bunlarla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Eyni zamanda regionlarımızda da böyük sosial infrastruktur layihələri həyata keçirilir, yeni-yeni iş yerləri açılır. Ölkəmizdə gedən bütün bu proseslərə cənab Prezident İlham Əliyev şəxsən özü nəzarət edir, mütəmadi olaraq istər işğaldan azad olunmuş ərazilərə, istərsə də regionlara səfərlər edərək icra olunan işlərlə yaxından tanış olur.
Prezident İlham Əliyev Salyanda Azərbaycan Televiziyasına müsahibəsində Qarabağda və Şərqi Zəngəzurda gedən sürətli bərpa-qurucluq işlərinə toxunaraq bildirdi ki, keçmiş köçkünlər qısa müddət ərzində Laçına şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaq, ümumilikdə bütün bərpa-quruculuq işləri plan üzrə gedir və bəyan etdiyimiz bütün məqsədlər həyatda öz əksini tapır və bundan sonra da tapacaq. Əlbətdə Azərbaycan cənab Prezident İlham Əliyevin həyata keçirdiyi unikal və uğurlu siyastlə qarşıya qoyduğu bütün hədəflərə nail olmaq əzmindədir.
– Yeni reallıqda ölkənin siyasi-ictimai dialoq mühiti necə formalaşır?
– Son illər ərzində ölkəmizdə dayanıqlı və sağlam siyasi dialoq mühitinin formalaşdırılması istiqamətində əsaslı islahatlar həyata keçirilib, qanunlar qəbul edilib. Ümumilikdə, bu sahə Prezident İlham Əliyevin təşəbbüsləri əsasında daha da təkmilləşdirilmişdir. Bunun da nəticəsi olaraq ötən iki il ərzində ölkəmizdə “siyasi dialoq” məfhumu aktuallaşmış, siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələr inkişaf etdirilmiş, siyasi münasibətlərdə köhnə stereotiplər dəyişdirilmiş, qərəzli mövqelərdən çıxış edən tərəflər öz səhvlərini etiraf etmək və siyasi fəaliyyətlərini yeni təmiz səhifədən başlamaq şansını əldə etmişdir. Eyni zamanda ölkəmizdə son iki il ərzində həyata keçirilən dayanıqlı dialoq ənənələrinin formalaşdırılması siyasəti, siyasətdə sağlam münasibətlərin tərəfdarlarını müəyyən etmək və müxtəlif təxribatlarla ölkədə həmrəylik mühitinə zərbə vurmaq arzusunda olan “qüvvələrin” ifşa olunması baxımından da böyük əhəmiyyət kəsb etmişdir. Prezident İlham Əliyev ölkəmizdə sağlam siyasi mühitin formalaşdırılması məsələsini xüsusi diqqətdə saxlayıb. Prezident İlham Əliyev siyasi sistemdə sağlam müxalifətçiliyin əhəmiyyətini qeyd edərək, siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir etmişdir.
Bütün bu tədbir və təşəbbüslərlə yanaşı ölkəmizdə, siyasi sistemdə partiyaların güclənməsinə və siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərin balansına hesablanmış “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsi hazırlanmış və qüvvəyə minmişdir. Qəbul edilmiş yeni qanun layihəsi müasir dövrün tələbləri ilə yanaşı, bütünlükdə dünya standartlarına da tam cavab verir. Sözügedən yeni qanun layihəsi ölkəmizdə siyasi mühitin inkşafına və siyasi sistemin dayanıqlığına böyük təkan verməklə yanaşı siyasi partiyalar üçün yeni imkanlar da açmış oldu.
Ümumilikdə, bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında unikal siyasi model sistemi formalaşıb. /hafta.az/
Tahirə Qafarlı
Versus.az