"Ermənistan və onun havadarları bu reallıqla heç cür barışmaq istəmir"

13:03 18-05-2023 | icon 374 | Siyasət
"Ermənistan və onun havadarları bu reallıqla heç cür barışmaq istəmir"

Elşad Mirbəşir: “Müxtəlif informasiya platformaları üzərindən Azərbaycana da təsirlər edilir”

 

Azərbaycanın Qarabağ iqtisadi zonası, Şərqi Zəngəzurun qərb yolu üzərindən Ermənistana, eləcə də dünyaya təqdim və təklif etdiyi sülh, infrastruktur-loqistika layihələri, eləcə də regionla bağlı sosial dövlətin tələblərinə uyğun aparılan işlər beynəlxalq müstəvidə geosiyasi, geoiqtisadi  hücumların təsirlərini azaltsa da, imperialist niyyətlərin daşıyıcıları bütün istiqamətlər üzrə daxili sabitliyi pozmaq üçün zəif bəndlər axtarır, boşluqları tapıb gərginliyi saxlamaqda davam edir. Mövcud reallıq xüsusən də cəmiyyətin müdafiə qabiliyyətini gücləndirmək üçün həm də sosial-mədəni müdafiə ehkamlarının qurulmasını tələb edir. Sərhəddi hərblə keçə bilməyən güclərin, hiylə ilə daxilə nüfuz etmək cəhdləri istisna deyil.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Elşad Mirbəşir regionu əhatə edən mühüm məqamlara diqqət çəkib.

 

Elşad müəlllim, bu gün də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları və məsələyə ikili yanaşmaları ilə diqqət çəkən bəzi dövlətlərin regionu çirkin oyunlarının poliqonuna çevrimək cəhdləri açıq görünür. Avropanın Fransa kimi erməni havadarı 44 günlük savaşdan sonra yaranan reallıqları öz xeyirlərinə dəyişmək üçün dəridən-qabıqdan çıxır. Belə bir gərgin fonda Ermənistan-Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ideyası ilə Avropa İttifaqının təşəbbüsü ilə mayın 14-dən start götürən danışıqların nəticəsi nəyə bağlıdır?

 

- Əvvəla qeyd etməliyəm ki, may ayının 10-11-də Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar 2020-ci ildən bu yana həyata keçirdikləri hərbi-siyasi prosesin davamıdır. Biz hər zaman Ermənistanın yekun sülh sazişini imzalamaqdan yayındığını görmüşük və bu baxımdan bu cür erməni təxribatları bizdə təəccüb doğurmur. 30 il müddətində Azərbaycan torpaqlarını işğal altında saxlayan, heç bir halda məsələni dinc vasitələrlə həll etməyə hazır olmayan Ermənistan, təbii ki, öz mövqeyində israrlıdır, Azərbaycana qarşı əsassız ərazi iddialarından  geri çəkilmək fikrində deyil. Yenə də kənardan hansısa dəstəklər sayəsində Azərbaycanın iradəsi, gücü ilə formalaşmış reallıqları dəyişdirməyə çalşır. 

Azərbaycan prezidenti cənab İlham Əliyev hər zaman vurğulayıb ki, biz regionda yeni reallıq yaratmışıq, torpaqlarımızı işğaldan azad etmişik və bu reallıq həm Ermənistan, həm də dünya dövlətləri tərəfindən qəbul edilməlidir. Mahiyyət etibarilə dünyanın əksər ölkələri regiondakı yeni konfiqurasiyanı qəbul edir, amma Ermənistan və onun havadarları bu reallıqla heç cür barışmaq istəmir.   Bu baxımdan Ermənistanın təxribatları əsasən iki məqsədə xidmət edir: birinci məqsədi Azərbaycanın “aqressor obrazını” yaradıb dünyaya təqdim etməklə bəlli dairələr tərəfindən ölkəmizə qarşı qərəzli siyasi mövqenin formalaşmasına nail olmaqdır. Biz həmişə görmüşük ki,  Ermənistan bu təxribatları törədən zaman Azərbaycan tərəfindən  qarşısı qətiyyətlə alınıb. Bundan sonra isə Avropanın bəzi dairələri Azərbaycanı əsassız olaraq aqressiyada günahlandırıblar. İstər Fransa parlamentində, istər Avropa İttifaqı Parlamentində  Azərbaycana qarşı qərəzli müzakirələrin keçirilməsinə səbəb olan amillərdən biri də məhz Ermənistanın davamlı təxribatlarıdır. Təbii ki, belə bir gərginliyin yaradılması Ermənistan üçün ona görə vacibdir ki, qərəzli mövqe yekun sülh sazişinin imzalanmasının müddətini qeyri-müəyyən zamana  uzadır. Bildiyimiz kimi Avropa İttifaqının mülki missiyası Ermənistana göndərildi və ikinci uzunmüddətli missiyanın müddəti 2 il olacaq. Ermənistan ümid edir ki, bu iki il müddətində Azərbaycanla sülh müqaviləsi imzalanmayacaq.

Paşinyan və onun komandası Ermənistanın hazırki məğlub vəziyyətində Azərbaycanla sülh müqaviləsini imzalamaqdan həm də ona görə yayınır ki, bu Paşinyan hökumətinin sonu olacaqdır. Çünki Ermənistanda mövcud qüvvələr fürsət gözləyirlər ki, elə bir məğlub durumda sülh müqaviləsi imzalansın ki, Paşinyana qarşı əks çıxışlar başladılsın.

İkinci məqsəd ondan ibarətdir ki, Ermənistan bu cür davranışları ilə münaqişənin  “hələ də davam edir” təəssüratını yaratmağa çalışır və havadarlarının da istəklərinə uyğun olaraq məsələlərin müzakirəsini yenə də ATƏT-in Minsk Qrupu formatına keçirmək istəyir. Çünki məsələ ATƏT-in Minsk Qrupu platformasına keçəcəksə danışıqlar dalana dirənəcək. 30 ilə yaxın müddətdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti əsasən ona istiqamətlənmişdi ki, münaqişə həll olunmasın, tənzimlənməsin, idarə olunsun. Bu da zaman keçdikcə işğalın nəticələrini leqallaşdırmaq imkanı qazanması üçün Ermənistanın xeyrinə idi.

Lakin Azərbaycanın bu istiqamətdə qətiyyətli mövqeyi var və bu, 14 may Brüssel görüşündə və daha sonraya planlaşdırılan üçtərəfli görüşlərdə də əsas hədəfə çatmağa hesablanıb. 

 

 -Mayın 14-də Azərbaycan Prezidenti Brüsseldə Ermənistanın baş naziri ilə danışıqlar masasında oturan zaman, Türkiyə xalqı da yenidən prezident və parlament üzvlərini seçdi. Necə hesab edirsiz, Qərbin, Avropanın Türkiyə seçkiləri ilə bağlı maraqları özünü nədə ifadə etdi. Məlumdur ki, seçkinin nəticələri ikinci turda bəlli olacaq. Bununla belə Türkiyə seçkiləri regiona nələri vəd edir?

 

- Əvvəla, qardaş Türkiyədə keçirilən seçkilər hazırki dünyanın geosiyasi mənzərəsi fonunda təkcə Türkiyənin daxili işi deyil, artıq geosiyasi mahiyyət kəsb edən seçkidir.  Seçkilərin nəticələri bu və ya digər formada dünyanın siyasi gündəminə təsir göstərəcək.

Türkiyə müxalifətinin seçki prosesində ziddiyyətli çıxışları isə bir çox məqamları ortaya çıxartdı. Heç bir şübhə  yoxdur ki, bu müxalifət kənardan idarə olunan müxalifətdir.  Elə Kılıçdarolğlunun səsləndirdiyi fikirlər  aydın göstərir ki, Qərb onu Ərdoğana qarşı hər bir vasitələrlə dəstəkləməkdədir. Baxın, Kılıçdaroğlu deyir ki, Prezident seçiləcəyi təqdirdə Rusiyaya Türkiyənin NATO dövləti olduğunu xatırladacaq. Və yaxud Yeni Orta Dəhliz layihəsini nümayiş etdirir və orada Azərbaycanın adını çəkmir, Azərbaycana qarşı bir çox hallarda zidiyyətli mövqelər sərgiləyir. Bütün bunlar onu göstərir ki, müxalifət Ərdoğanın kursuna zidd olan mövqe sərgiləyir. Bu da Qərbin diqtəsi ilə baş verməkdədir. Məqsəd ondan ibarətdir ki, Türkiyə əvvəlki illərdə olduğu kimi idarə olunan, sözə baxan, üzüyola bir dövlət olsun. Çünki Ərdoğan hakimiyyətinə qədər həqiqətən də Türkiyə öz maraqları üçün deyil, Qərbin maraqlarına uyğun siyasət yeridirdi. Baxın, 2017-ci ildə referendum yolu ilə qardaş ölkə parlamentli respublikadan, Prezidentli respublikaya keçid etdi. Ondan sonra Qərb başqa şəkildə Türkiyəyə qarşı çıxışlar etdi və hətta Türkiyyə qarşı bir sıra sanksiyalar tətbiq olundu. Sual oluna bilər: əgər xalqın iradəsi ilə ölkə prezidentli respublikaya keçid edirsə, bu Qərbi narahat edən nədir. Deməli, Qərb parlamentli respublika vaxtında hazırda dəstəklədiyi qüvvələr vasitəsi ilə Türkiyənin xarici, daxili siyasətinə təsir edə bilirdi. Amma narahatdır ki, prezidentli respublikada hakimiyyətin monolitliyi təmin olundu və prezidentdə hansısa istiqamətdən təsir etmək imkanları demək olar ki, aradan qalxdı. Bu da təbii ki, Qərbi çox qıcıqlandırır. Türkiyə bu gün özünün maraqlarına uyğun müstəqil siyasət yeritməkdədir, bu da Ərdoğanın hakimiyyəti dövründə baş verdi. Birincisi, Ərdoğanın hakimiyyəti dövründə Türkiyə özünün hərbi sənayesini inkişaf etdirdi, əhəmiyyətli dərəcədə xaricdən idxal olunan məhsullardan azad oldu. İstehlak məhsulların xarici idxalın hesabına baş verməsinin özü siyasi təsir elementləri formalaşdırırdı. Amma bu gün demək olar ki, dünyanın bütün bazarlarına Türkiyədə istehsal olunan məhsullar ixrac olunmaqdadır. Bunun özü də Qərbi narahat edir.

Uzun illərdir ki, Türkiyə  Avropa İttifaqına üzv qəbul edilmir. Çünki Avropa İttifaqına üzv qəbul olunacağı halda Türkiyənin Avropa məkanında siyasi və iqtisadi təsir imkanları əhəmiyətli dərəcədə genişlənəcəkdir və Türkiyə Avropanın tam hüququlu liderinə çevriləcəkdir. Bütün bunların qarşısını almaq üçün müxalifəti Ərdoğana qarşı dəstəkləmək lazım idi ki, Ərdoğan növbəti dəfə seçilməsin. Ona görə də seçkilər kifayət qədər gərgin keçdi, amma buna baxmayaraq Türkiyə elektoratı reallığı düzgün qiymətləndirməyi bacarır. Eyni zamanda dünyadakı proqressiv qüvvələr də Ərdoğanın hakimiyyətdə qalmasını istəyir. Çünki Türkiyənin müstəqil siyasəti ona öz neytrallığını, təsirini, potensialını qorumağa imkan ki, Avropanın, ABŞ-ın əlində geosiyasi alətə çevrilməsin.

 

- Erməni işğalı ilə regionda gərginliyin qalmasında maraqlı olan güclərin daxilimizə sızaraq ictimai mühitin məhz gənclərin ideoloji şüurunun korlanması yolu ilə idarə olunmasına yönəlik hansı təsirləri müşahidə olunur və bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

 

Təəssüflə qeyd etmək lazımdır ki, hazırda müxtəlif informasiya platformaları üzərindən bütün ölkələrə olduğu kimi Azərbaycana da təsirlər edilir.Xüsusilə də gənc nəslin sosio-psixoloji durumuna təsirlərə cəhdlər edilir. Kənar dəyərlərin gənc nəslə aşılanması istiqamətində işlər aparılır. Çox təəssüf ki, bir çox hallarda bunların nəticəsi də olur. Təbii ki, internet dövründə belə halların qarşısını tam şəkildə almaq qeyri-mümkündür. Amma bütün hallarda bu təsirlərin sərhədlərinin məhdudlaşdırılması üçün imkanlar mövcuddur. Düşünürəm ki, biz hər şeydən öncə informasiya platformalarında kontenti özümüz formalaşdırmalıyıq. Yəni, öz milli maraqlarımıza, mental dəyərlərimizə uyğun informasiya bolluğunu təqdim etməliyik ki, orada artıq kənar təsir gücündə olan informasiyalara yer qalamasın. Hesab edirəm ki, ilkin addımlar orta məktəblərdə və ailədə  atılmalıdır. Orta məktəblə, ailənin bu istiqamətdə əməkdaşlığı təmin olunmalıdır ki, bizim yeniyetmələrimiz milli vətənpərvərlik ruhunda tərbiyə alsınlar. Belə olan halda təbii ki, onlar bizim milli mental dəyərlərimizə uyğun elementləri mənimsəyəcək, kənar təsirlərdən azad olacaqlar.

Digər bir tərəfdən, milli maraqlarımızın nədən ibarət olduğunu davamlı şəkildə gənclərimizə aşılamaq lazımdır. Təbii ki, kənar təsirlər, prioritetlər bizim milli maraqlarımızla uyğunlaşmır. Çünki hər bir təsir edən dairənin özünün marginal maraqları var və bu, bizim üçün zərərlidir. Bəli, baxın, Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı olanlar, bir çox hallarda ölkəmizə qarşı qərəzli mövqelər sərgiləyir. Məsələn, hazırda Fransanın TOTOL şirkəti enerji sahəsində Azərbaycana marağını nümayiş etdirir, amma bu ölkənin ölkəmizə qarşı qərəzli mövqeyi artıq sərhəd tanımır. Hətta Fransanın xarici işlər naziri Azərbaycanın ermənilər yaşayan ərazisini anklav adlandıraraq ölkəmizin ərazi bütövlüyünü açıq şəkildə şübhə altına almış oldu. Biz təbii ki, belə qeyri-oyektiv yanaşmalarla rastlaşmalı oluruq. Amma reallıq ondan ibarətdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji baxışları, onun ölçülüb-biçilmiş  addımları ölkəmizi bu cür təsirlərdən, təzyiqlərdən, qərəzli mövqelərdən qoruyaraq milli maraqlarımızın təmin olunması istiqamətində addımlarımızı keçərli edir.

 

- İranın siyasi təxribatları fonunda Şimal-Cənub dəhlizinin gələcək aqibətini necə görürsüz?

 

- Hesab edirəm ki, Azərbaycan bütün hallarda nəqliyyat- loqistika əməkdaşlığının inkişaf etdirilməsində maraqlıdır. Çünki bizim həm coğrafi mövqeyimiz, həm də malik olduğumuz unikal nəqliyyat loqistika infrastrukturu tranzit ölkə kimi əhəmiyyətimizi davamlı olaraq artırmaqdadır. Ona görə də biz istər Şimal-Cənub istiqamətində, istər Qərb-Şərq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində maraqlıyıq. Çünki bütün hallarda burada udan tərəf biz olacağıq. Çünki bu, Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genşləndirəcəkdir. Baxın, Orta Dəhlizin gerçəkləşdirilməsində Azərbaycan mərkəzi rollardan birinə malikdir. Bu gələcəkdə Avropa bazarının təhciz olunmasında Azərbaycanın alternativsiz yerini şərtləndirəcək. Çin, Çindən Xəzər dənizinə, Xəzər dənizi üzərindən Azərbaycana, oradan Gürcüstan üzərindən Türkiyəyə keçməklə malların Avropa bazarına çatırılması ölkəmizin Avropa bazarlarındakı yerini təyin edəcək. Bu təkcə iqtisadi xarakterli olmayacaq, həm də Azərbaycanın siyasi imkanlarını genişləndirəcək. Çünki hər hansı bir ölkənin hər hansı bir coğrafiyada bazarlara təsir imkanları varsa, o ölkə özünün milli maraqlarını da daha uğurla, daha inamla müdfiə etmək imkanı qazanacaq. Ayrıca olaraq cənab Prezidentin təşəbbüsü ilə 2020 -ci il 10 noyabr üçtərəfli bəyanatın 9-cu bəndində Azərbaycanın qərb rayonlar ilə Naxçıvan arasında Zəngəzur dəhlizinin açılması məsələsi ifadəsini tapıb. Zəngilan dəhlizi gələcəkdə çox mühüm nəqliyyat - loqistika infrastrukturnun ən təsirli kompanentlərindən birini təşkil edəcək. Buraya həm Şimal-Cənub nəqliyyat dəhlizi, həm Orta Dəhliz, həm də tarixi İpək yolu aiddir. Bu baxından Azərbaycan nəqliyyat-loqistika imkanları ilə ölkəmizin iqtisadi imkanlarına təkan vermək imkanlarına malikdir.

 

- Artıq bəzi qüvvələr sosail problemlərin üzərindən, eləcə də qiymət artımı, maaşların aşağı olması, işsizliklə bağlı cəmiyyətin narazı kəsimi arasında gərginlik yaratmağa çalışırlar. Məlumdur ki, Milli Məclis büdcə layihələrini müzakirə edəcək. Məsələyə bu kontekstdən baxsaq, maaş və pensiyaların artımı mümkündürmü?

 

- Hər şeydən öncə bir həqiqəti xatırlatmaq istərdim ki, sosial dövlət ideyası Avropa ictimai-siyasi fikrin məhsulu olsa da, hazırda Avropanın bu ideyadan sürətlə uzaqlaşması tendensiyası müşahidə edilməkdədir. Amma Azərbaycan özünün sosial dövlət xarakterini davamlı olaraq gücləndirməkdədir. Müxtəlif sosial layihələrin, proqramların dövlətimiz tərəfindən dəstəklənməsi, davamlı olaraq həyata keçirilməsi, maaş və pensiyaların artırılması istiqamətində davamlı addımların atılması aydın şəkildə onu göstərir ki, bizim ölkə sözün əsl mənasında sosial dövlətdir. Bu bir reallıqdır. Əgər müşahidə etsək, Azərbaycanda olduğu qədər sosial xarakterli dövlət proqramları və layihələri heç bir ölkədə həyata keçirilmir. O baxımdan, birinci nəzərə almalıyıq ki, Azərbaycan 30 il müharibə şəraitində idi, torpaqlarımızın kifayət qədər böyük iqtisadi resurslara malik olan hissəsi düşmənin işğalı və talanı altında qalmışdı. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti hər zaman sosial siyasətinə xüsusi diqqət yetirir. Hesab edirəm ki, bunlar yetərli faktlardır ki, biz bir daha vurğalayaq ki, müasir dünya dövlətləri içərisində ən qabarıq sosial xarakterə malik olan dövlət elə Azərbaycandır.

Nəzərə almaq lazımdır ki, müdafiə və təhlükəsizlik məsələsi Azərbaycan dövləti üçün ən vacib məsələlərdən biridir. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, Ermənistan dövləti daxil olmaqla, dünyadakı müxtəlif dairələr Azərbaycanı parçalamağa, ona zərər yetirməyə, hər cür təzyiqlər göstərməyə hazırdırlar.  Bütün bunların qarşısında durmaq üçün təbii ki, bizim müdafiə və təhlükəsizlik sistemimiz olduqca dayanıqlı olmalıdır. Bu da çox böyük resurslar tələb edir.

Bəli, cənab Prezident aprel ayının 18-də Azərbaycan Televiziyasına müsahibəsində anons verdi ki, büdcəyə əlavələr ediləcəkdir. Təxminən ilin sonuna qədər proqnozlaşdırılan vergi və gömrük rüsumlarından gələn vəsaitlərin miqdarı təxminən 3 milyard manat və yaxud ola bilər ki, artıq olsun.  Hazırda son 3 ayın nəticələrinə əsasən verilən proqnozdan əlavə 1,5 milyard manat vəsaitlər büdcəyə daxil olub. Bu da Büdcəyə dəyişiklik etmək üçün əsas yaradır.

Lakin birinci prioritet istuqamət işğaldan azad olunmuş ərazilərimizdə tikinti quruculuq işlərini həyata keçirməkdən ibarətdir, ikinci vacib istiqamət isə ordumuzun müdafiə qabiliyyətini və döyüş imkanlarını daha da genişləndirmək, gücləndirməkdən ibarətdir. Fransa açıq-aşkar Ermənistanı silahlandırmaqdadır. İşğalçı, təcavüzkar Ermənistana bu cür intensiv şəkildə silah-sursatın ötürülməsi təbii ki, Ermənistanın yenidən Azərbaycana qarşı təcavüzlərinin artırılmasına xidmət edir.  Belə olan halda biz bu gün Ordumuzu maksimum gücləndirməliyik ki, düşmənin aqressiyasının qarşısını alaq. Ordumuz o qədər güclü olmalıdır ki, düşmən Azərbaycana qarşı çıxmaq fikrinə düşməsin. Təbii ki, bunlar böyük resurslar tələb edir. Bununla paralel düşünürəm ki, dövlətimizin həyata keçirdiyi sosial siyasət də kifayət qədər intensiv və səmərəlidir.

 

- Sahibkarlıq subyektlərinin yoxlanılması ilə bağlı tətbiq olunan 7 illik müddətin artırılması realdırmı?

 

- Ölkəmizdə, xüsusilə də kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ümumi iqtisadi inkişafımızın əsas drayverlərindən biri hesab olunur. Və qanunvericilik bazasının hazırlanması zamanı bu prinsipə çox istinad edilir. Bu baxımdan hesab edirəm ki, qanun layihəsinə edilən dəyişikliyə uyğun addımların atılacağı tam realdır. Çünki bu bizim milli iqtisadiyyatımızın əsas  hərəkətverici elementlərindən birini təşkil edir.

 

- Necə hesab edirsiz, bu gün infilyasiya bizi nə dərəcədə haqlayıb. Eləcə də iqtisadiyyatımız, Ukrayna-Rusiya müharibəsindən nə dərəcədə asılı vəziyyətə düşüb?

 

- Məsələyə təkcə Ukrayna-Rusiya arasında baş verənlər kontekstində deyil, ümumiyyətlə, Rusiya-Qərb arasında baş verən hadisələr fonunda yaanaşmaq lazımdır ki, problemin miqyasının nə dərəcədə geniş olduğunu görə bilək. Bu gün Rusiya-Qərb arasında yaranan dərin konfrantasiya dünya ölkələlərinin iqtisadiyyatına təsir göstərməkdədir. Bu baxımdan infilyasiya dünya miqyasında müşahidə olunmaqdadır. Amma Azərbaycanda yenə də praqmatik addımlara söykənilərək atılan addımlar bu təsirlərin minimum dərəcədə olmasını şərtləndirməkdədir. Bir məsələni də qeyd etmək lazımdır ki, bir çox hallarda süni qiymət artımları da müşahidə olunur. Dövlətimiz belə halların qarşısını almaq üçün hər zaman qətiyyət nümayiş etdirir. Məsələ burasındadr ki, bu prosesdə dövlətlə cəmiyyət eyni mövqedən çıxış etməlidir. Bu ictimai bir iş, kollektiv bir mübarizə olmalıdır ki, həm iqtisadiyyatımızın inkişafında dayanıqlılıq qalsın, həm də süni qiymət artımı hallarına yol verilməsin. Amma bütün hallarda hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı ümumi iqtisadi unkişaf dövriyəsinə inteqrasiya edildikcə  Azərbaycanda əhalinin sosia rifahında müsbət dəyişikliklər baş verəcək. Çünki həqiqətən də həmin ərazilərin iqtisadi resursları kifayət qədər böyükdür. /"həftə içi"/

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...