“Araz Naxçıvan”ın baş məşqçisi Premyer Liqa hədəflərini açıqladı
“Transferlərə başlamalı, bir az da tələsməliyik”.
Bunu açıqlamasında növbəti mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək “Araz Naxçıvan” futbol komandasının baş məşqçisi Azər Bağırov deyib.
Muxtar Respublika təmsilçisi ötən mövsüm I Divizionda çempion olsa da, elitaya yüksəlməsi yalnız iyunun 16-da - AFFA İcraiyyə Komitəsinin iclasından sonra dəqiqləşib. Çalışdırıcı Premyer Liqada çıxış edəcəkləri üçün sevincini gizlətməyib:
“Bir illik əziyyətimiz yerdə qalmadı. “Araz Naxçıvan”, bütün naxçıvanlılar adına çox sevincliyəm. Uzun illərdir burada futbol, demək olar ki, yox idi. Naxçıvana böyük futbol yaraşır. İnanıram ki, Muxtar Respublika rəhbərliyinin də dəstəyi ilə burada futbol daha da dirçələcək”.
A.Bağırov Premyer Liqa üçün planlar cızdıqlarını bildirib:
“Artıq işlərə başlamışıq. Hələ edəcəklərimiz çoxdur. Transferlərə başlamalıyıq. Bir az da tələsməliyik. Yerli və legionerlərdən ibarət yaxşı komanda formalaşdırmaq istəyirik. Yaxın günlərdə həm maliyyə, həm də digər məsələlər tam qətiləşdikdən sonra heyətlə bağlı daha konkret addımlar atacağıq”.
Azər Bağırov elitada əsas hədəflərini açıqlayıb:
“Premyer Liqada möhkəmlənmək, ölkə futboluna keyfiyyətli gənclər bəxş etmək ilkin hədəflərimizdir. Eyni zamanda, bir neçə il sonra avrokuboklarda mübarizə aparacaq komandanın onurğa sütununu indidən qurmaq istəyirik”.
I Divizionla Premyer Liqa arasında səviyyə fərqi böyük olduğundan yeni kollektivin ilk vaxtlarda elita təmsilçilərinə qarşı çətinlik çəkəcəyi gözlənilir. Hətta azarkeş və mütəxəssislər “Araz Naxçıvan”ın aşağı pillələrdə qərarlaşacağını düşünürlər. Baş məşqçi “Komandanızın autsayder olmayacağına söz verə bilərsinizmi?” sualını belə cavablandırıb:
“Birdən-birə çox söz vermək istəmirəm. Çalışacağıq ki, komandamız yaxşı futbolla yadda qalsın, öz dəst-xəttimiz olsun. Mübariz komanda formalaşdırmaq istəyirik”.
Azər Bağırov növbəti mövsümə Türkiyədə hazırlaşacaqlarını əlavə edib. Konkret hansı bölgə olacağı isə hələ dəqiqləşməyib. /oxu.az/