Təzminatın alınması, ermənilərə məhkəmələrin qurulması prosesində niyə gecikirik?

19:41 23-06-2023 | icon 332 | Siyasət
Təzminatın alınması, ermənilərə məhkəmələrin qurulması prosesində niyə gecikirik?

Tahir Kərimli: Təzminatla bağlı diplomatik, hüquqi prosedurları sürətləndirməliyik”

 

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları, eləcə də beynəlxlaq arenadakı havadarlarının əli ilə təsir etmə cəhdləri davam edir. Bir çox siyasi ekspertlər, vətəndaş cəmiyyətləri Ermənistana qarşı daha sərt addımların atılmasını zəruri hesab edərək, işğalçının Azərbaycanda törətdiyi cinayətlərə görə beynəlxalq tribunala verilməsi prosesinin sürətləndirilməsini mövcud reallığın mühüm addımı kimi önə çəkirlər. Belə hesab edilir ki, Ermənistan beynəlxalq tribunala çəkilməli, Azərbaycana vurduğu zərərin təzminatını ödəmədikcə, cinayətkar ölkə yenə də öz sərsəm iddialarını, hərbi təxribatlarını davam etdirib, beynəlxalq ictimaiyyəti aldadacaq, sülh prosesinin vaxtını uzadacaq.

 

İstənilən nəticəyə çatmaq üçün hansı maneələr var və necə keçilməlidir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsaibə verən Milli Məclisin deputatı Tahir Kərimli bir çox nüanslara diqqət çəkib.

 

- Ermənistanla Azərbaycan sərhəddi bağlanandan sonra regionda maraqlı olan güclər və dövlətlər hər vasitə ilə bölgəyə daxil olmaq üçün həm müxtəlif “missiyalarla”, həm də son vaxtlar ABŞ şirkətlərinin Arazdəyəndə Azərbaycanla sərhəd ərazidə metallurgiya zavodunu tikmək istəyi ilə meydana gəldi. Bu elementərin regiona, eləcə də Ermənistanın danışıqlardan yayınmasına hansı təsirləri var?

 

 

- Heç şübhəsiz ki, iqtisadi, investisiya maraqlarının arxasında mütləq siyasət dayanır. Əgər bu gün ABŞ şirkətləri Ermənistana investisiya yatırıb şərikli zavod tikirsə, bu o deməkdir ki, bu ölkə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atılır. Təbii ki, bizə düşmən münasbətində olan Ermənistana Qərbdən belə bir layihə təklifi və bu zavodun da məhz Zəngəzur yolu üzərində qurulması bizi narahat etməlidir.

Digər bir tərəfdən, Ermənistanın Araz çayı nəhrinin və digər su hövzələrini, torpaqlarımızı zəhərləməsi ekoloji cəhətdən çox ciddi fəlakətlər doğurur. Ən pisi odur ki, biz hələ də Ermənistanla delimitasiya, demorkasiya, sərhəd məsələlərinin tam təmin edilməsini həll etməmişik. Belə bir vəziyyətdə hansısa xarici şirkətlərin gəlib Azərbaycanla sərhəd yaxınlığında belə bir müəssisəni inşa etməsi, düşməni qüvvətləndirməsi bizim xeyirmizə ola bilməz. O cümlədən hesab edirəm ki, bu məsələdə ABŞ -ın Azərbaycana qarşı saymazlığı, hörmətsizliyi var. Təbii ki, ABŞ bu layihədən çəkinməli idi və ona görə də Azərbaycanın diplomatik korpusları, eləcə də xarici işlər nazirliyi, deputatlar bu barədə öz fikirlərini bildirib. Görünən odur ki, fransa öz mülki və jandarm “missiyası”, Rusiya sülhməramlıları ilə regiondadırsa, ABŞ-da zavodu ilə bölgəyə lövbər salmağı düşünür. Amma ümid edirəm ki, Amerika şirkətləri bu istəklərindən geri çəkiləcək.

 

- Beynəlxalq təşkilatların Azərbaycana qarşı müşahidə olunan ikilistandartlı yanaşması fonunda ermənilərin sərhəd təxribatları da artır. Azərbaycan Qarabağda düşmənə layiqli cavabını verəndən sonra Avropa, Qərb təşkilatlarının ölkəmizə qarşı yönəltdiyi sənədlərlə paralel, Qarabağın “ermənilərin baqajında” beynəlxalq müstəviyə daşınması istəkləri də davam edir. Belə bir şəraitdə Avropa İttifaqı, Brüssel, Praqa, Moskva danışıqlarından hansı effekti gözləmək olar?

 

- “Demokratiya” şüarı çoxlarının, xüsusilə Qərbin, Avropanın böyük dövlətlərinin əlində  dəyənəyə  çevrilib. Amma onların “demokratiya” anlayışı başqa dövlətlərə münasibtdə açıq görünür. Məsələn, Avropa İttifaqının Türkiyəyə münasibətinə baxaq: “biz Türkiyəni Avropa İttifaqına qəbul etmərik” deyirlər. Çünki Türkiyə türk dövləti, müsəlmandır. Bu cür yanaşma Avropanın, Qərbin ana xəttidir, qalan məsələlər isə təfərrüatdır. Müxtəlif beynəlxalq təşkilatların bizə qarşı hansısa əks sənədlər qəbul etməyi və hər vəchlə Qarabağı özlərinin regiona təsir elementi kimi əllərində rıçaq saxlamaq cəhdləri bununla bağlıdır. Və bu, erməni təəsübkeşliyi, islamı qəbul etməmək, türklərin inkişafını həzm edə bilməmək və buna maneə olmaq istəklərindən irəli gəlir. Bu Amerikada da var, Rusiyada da var, Avropada da var. Burada təkcə insanların hüquqlarının pozulması ilə bağlı irəli sürülən iddialar bəhanədir. İnsanların hüquqları bütün dünyada pozulur. Elə bir dövlət yoxdur ki, orada az, yaxud çox dərəcədə hüquqlar pozulmasın. O zaman sual yaranır; nə əcəb həmin dövlətlərlə bağlı belə qətnamələr qəbul eləmirlər. Az qala Avropa İttifaqının qəbul etdiyi qərarların yarısı Türkiyə ilə Azərbaycana şamil edilib. Təbii ki, regiondakı maraqlarını bu təsirlər vasitəsi ilə həyata keçirməyə çalışırlar. Eyni zamanda qorxurlar. Azərbaycan özünün siyasətində sübut elədi ki, doğrudan da hamı ilə balansı qorumaqla müstəqil siyasət yeridir. Bu, dünya dövlətlərini özünün vassalına çevirmək istəyən güclərin xoşuna gəlmir. Digər bir tərəfdən, ABŞ və başqaları vaxtilə Türkiyənin özünə bir müstəmləkə kimi baxıb. İndi Türkiyənin özünün önəminin artması, son seçkilərdə xalqın müstəqilliyin qarantı olan Ərdoğana səs verməsi, eləcə də Azərbaycan-Türkiyə-Pakistan yaxınlığı və sair hallar bu qüvvələrdə narahatlıq doğurur. Onlar öyrəniblər ki, Rusiya və digər dövlətlər 10-la türk xalqlarını əsarətdə, müstəmləkədə saxlayıb sərvətlərini somursunlar. Siyasi, iqtisadi, elmi cəhətdən inkişafına maneə olsunlar. İndi bu dövlətlərin ayaqda dayanması, inkişaf yolunu tutmaları bu maraqlı gücləri narahat edir. Ona görə də Azərbaycan diplomatik danışıqlarda iştirakdan imtina etmədən, özünün maraqlarını, hədəflərini gerçəkləşdirmək üçün əlində olan bütün vasitələrdən istifadə edərək daha operativ, daha dinamik işlərlə öz həqiqətlərini dünyaya çatdırmalı və həm də erməni vəhşiliyi, cinayətləri ilə bağlı faktları, sübutları beynəlxalq məhkəmələrə çıxarmalıdır.

 

- Azərbaycanın Ermənistanı məhkəmələrə cəlb edib, maddi, milli-mənəvi, ruhi dəyərlərimizə vurduğu zərərə görə təzminat tələb etməsi prosesi niyə gecikir? Bu yöndə beynəlxalq məhkəmələrə etdiyimiz müraciətlərimizlə bağlı hansı cavabı alırıq?

 

- Biz 44 günlük müharibədən sonra bu günə qədər Ermənistann Azərbaycana vurduğu zərərlərin ödənilməsi ilə bağlı məsələləri qaldırırıq. Artıq komissiyalar dəymiş zərəri çoxdan hesabayıb. Əhalinin özünə dəyən maddi, mənəvi zərər, kənd, şəhərlərimizə vurulan ziyan hamısı hesablanıb. Maraqlıdır, bizim sovet qanununda gözlənilən gəlir tələb olunmurdu. Amma beynəlxalq hüquqda hətta gözlənilən gəlir də nəzərə alınır. Yəni, hətta işğal dövründə nə qədər gəlirdən məhrum olduğumz da hesablanıb. Amma mən Azərbaycanın müvafiq xarici siyasətlə məşğul olan hüquq-mühafizə orqanlarını bir qədər fəallaşmağa, bu istiqamətdə fəaliyyətlərini sürətləndirməyə çağırıram. Bu ləngərlik camaatımızda da bir qədər narazılıq doğurur. Niyə biz təzminatın alınması, ermənilərə məhkəmələrin qurulması prosesində gecikirik, niyə beynəlxalq instansiyalar prosesi gecikdirir?! Doğrudur, beynəlxalq instansiyalar həmişə məhkəmə baxışlarını gecikdirir. Amma prosesin sürətləndirilməsi ilə bağlı tələblər qoyulmalıdır. Açığı Avropadan, Amerikadan bu məsələlərlə bağlı hər hansı bir nəticənin ortaya qoyulacağına da inanmıram. Ona görə də bu məsələlərlə bağlı xaricdən çox güclü vəkillər tutmaq lazımdır. Çünki müsəlman olduğumuza görə bizə elə də əhəmiyyət vermirlər. Amma dünyada beynəlxalq təcrübəsi olan çoxlu hüquqşünaslar var. O hüquqşünaslar muzdla tutulmalı və bu işin araşdırılması, istintaqı başladılmalıdır.

 

- Azərbaycan torpaqlarının, kənd-şəhərlərinin, abidələrinin, insanlarının Ermənistan, ermənilər tərəfindən cinayıtkarcasına pozulmuş haqlarının müdafiəsi, bərpası istiqamətlərindən biri də Qərbi Azərbaycana qayıdışımızla bağlıdır. Paralel olaraq bu yöndə görülən işləri, ictimai-siyasi fəallığı necə dəyərləndirmək olar?

 

- Elmi-tarixi nöqteyi nəzərdən, Qərbi Azərbaycanın toponimləri, hidronimlərinin üzə çıxaran, o yerlərin qədim türk torpağı olmasını sübut edən samballı tarixi, elmi kitablar, monoqrafiyalar var. Qərbi Azərbaycan icması da bu istiqamətdə yaxşı konsepsiyalar irəli sürür. Eyni zamanda BMT-yə bu barədə müraciətlər edərək, dialoq müstəvisi yarada biliblər. Amma bu istiqamətdə görülən işlərin sürəti çox aşağıdır. Bu gün Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, abidələrimizi, tariximizi məhv etməsi ilə bağlı əlimizdə böyük faktlar, sübutlar var. Ermənilər 3 milyondan aşağıdır. Amma yenə də böyük torpaqlara iddia edirlər. Deyək ki, Zəngəzurun bir çox yerlərində məskunlaşmaq çətin ola bilər. Amma Meğri bizim dünənimizdir və əhalinin ora köçməsi üçün hazırıdr. O zaman biz nəyə görə öz tarixi torpağımız olan Meğriyə köçməyək? 10 mindən artıq meğrili məcburən oradan köçüb. Bu gün bizim o yerlərə qayıtmağımıza maneə olan nədir? Ona görə də diplomatik, hüquqi prosedurları sürətləndirməliyik. Bunun üçün əlimizdə maddi, hüququi baza var. Xalımızın, dövlətimizin, prezidentimizin də iradəsi var. Vaxt var idi, cürət edib, “İrəvan”, “Zəngəzur” deyə bilmirdik. Biz indi ortaya qoyulan bu iradəni həyata keçirməliyik. Qarşıda dayanan müəyyən amillər var ki, onu gözləmək lazımdır, amma digər tərəfdən ən azı hüquqi prosedurların həyata keçirilməsini, beynəlxalq müstəvidə qaldırılmasında qarşımızı heç kəs kəsmir.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq