"Şəhid ailələri bu ölkənin mənəvi dəyər daşıyıcılarıdır"

12:17 19-07-2023 | icon 1137 | Şəhidlər və şahidlər
"Şəhid ailələri bu ölkənin mənəvi dəyər daşıyıcılarıdır"

Sevinc Alızadə: "Şəhid övladlarının təhsilinə xüsusi diqqət yetirilir"

 

2020-ci il 27 sentyabr – 44 günlük müharibədən 3 ilə yaxın vaxt keçir. İçimizdə verdiyimiz şəhid itkisinin yeri, qazilərimizin yarasının ağrısı hələ də sızlayır. Tək təsəllimiz uğrunda qurbanlar verdiyimiz torpaqlarımızın bu gün işğaldan azad olması və yenidən dirçəldilməsi, canlandırılması yönündə aparılan bərpa quruculuq işləri, zəfər əzmi ilə yenidən toparlanıb, ayaqda dayana bilmək üçün apardığımız mübarizədir. Dövlət, millət, xalq, bütövlükdə Azərbaycan uğrunda canını qurban verən Şəhidləri, onların ailələrini, eləcə də sağlamlığını itirən döyüşçülərimizin - qazilərin müharibədən sonrakı yaşamının öz adına, əməlinə uyğun layiqli, şərəflə qurulması ilə bağlı işlər davam edir.

 

Müsahibimiz “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid xanımı Sevinc Alızadədir.

 

– İlk növbədə, şəhid ailələri ilə bağlı son vəziyyətə diqqət çəkərdiniz. Şəhid ailələrinin sosial-ictimai sferadakı yeri, sosial-iqtisadi təminatı ilə bağlı dəstək bu gün hansı səviyyədədir?

 

– Vətən Müharibəsindən 3 ilə yaxın vaxt keçir.  Vətəndə sülhün bərqərar olması ilə bağlı mübarizəmiz davam edir və müharibədən sonra da Zəngəzurda Şəhidlərimiz oldu. Şalışırıq ki, Şəhidlərin ailələri ilə də əlaqələr quraq. Bu, dövlətin sosial yükünün artırılmasıdır, eyni zamanda, şəhid adının və bu ada verilən dəyər, şəhid adının qorunması ilə bağlı məsələlər dövlətin yürütdüyü siyasətin məğzidir.

Vətən müharibəsindən sonra şəhid ailələri ilə bağlı məsələləri diqqətlə izlədikcə görürük ki, Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada şəhidimiz olmasın, şəhid adına kiçik bir abidə qoyulmasın. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın adı hər bir regionda, hər bir kənddə əbədiləşdirilir. Burada xırda bir amiıə diqqət edək: Şəhidlərin adlarının əbədiləşdirilməsi prosesində işlər fərdi qaydada aparılmamalıdır. Hansısa bir şəhidə abidənin qoyulması, adının əbədiləşdirilməsi ailələrdən çox, dövlət orqanları tərəfindən həyata keçirilməlidir. Şəhid ailələri bu adın unudulmaması, əbədiləşdirilməsi üçün hansısa qapını döyməyə məcbur qalmamalıdır.

Bu gün işğaldan azad olunmuş ərazilərdə təməli cənab Prezident tərəfindən qoyulmuş Zəfər muzeyləri bu sahədə görülən ən önəmli addımdır. Həmin Zəfər muzeylərində  qəhrəmanlıq tariximiz mərkəzləşdirilmiş şəkildə əks olunacaq. Orada hər bir detal nəzərə alınmaqla, muzeylər ən yüksək səviyyədə qurulacaq və şəhid valideynlərinin acılarını az da olsa xəfiflədəcək. Onların xatirəsinə inşa olunan abidələr ən yüksək zirvələrdə və ən yüksək səviyyədə hazırlanmalıdır.

 

– Özünüz də bir şəhidin, bir qəhrəmanın ailəsisiniz. Oğul, ər, qardaş itirən şəhid ailələri keçən bu 3 ilə  yaxın müddətdə dərdlərinə məlhəm ola biləcək hansı qayğı ilə əhatə olundu və ya nədən narazıdır?

 

– “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi adından bildirmək istəyirəm ki, vətəndaş cəmiyyəti olaraq, bu illər ərzində şəhid ailələri ilə dövlət orqanları arasında əlaqələr yaratmağa çalışıdıq. Daha çox şəhid övladlarının sağlam, düzgün yetişməsi, təlimlərə, sosial  proqramlara cəlb olunması istiqamətində bir çox layihələr həyata keçirdik. Ən böyük niyyətimiz odur ki, onlar yaxşı, innovativ təhsil alısınlar, öz bacarıqlarına uyğun gələn peşələrə yiyələnsinlər, gələcək həyatları uğurlu olsun. İstər təhsildə, istər peşələrə yiyələnmələrində onlara yardımçı olaq.

Düşünürəm, bu işdə tək dövlət orqanları deyil, vətəndaş cəmiyyətinin də xüsusi rolu olmalıdır. Şəhid ailələrinin, övladlarının qayğı ilə əhatə olunması hər birimizin vətəndaş borcu olmalıdır. Hər birimiz o ailələrin unudulmaması üçün səylərimizi əsirgəməməliyik. Həm müqəddəs bayramlarda, həm əlamətdar günlərdə şəhid ailələri xatırlanmalı, şəhid məzarları ziyarət olunmalıdır. Bu, həmin ailələrə ən böyük mənəvi dəstəkdir. Hər bir ananın arzusu budur ki, övladı yad olunsun, şəhidinin adı əbədiləşdirilsin. Bundan böyük dəstək ola bilməz. Əminəm ki, bu proses daha yüksək keyfiyyətdə, ali səviyyədə təbliğ olunacaqdır.

 

– Şəhid ailələrinin özləri milli-mənəvi dəyərlərin təbliğatçıları kimi necə çıxış edirlər? Əgər, bu statusdan sui-istifadə edənlər varsa, onlara münasibətdə hansı mövqeni sərgiləyirsiniz?

 

– Hər bir cəmiyyətdə neqativ hallar mövcuddur. Bizim cəmiyyətimiz də bu kimi hallardan xilas ola bilməyib. Şəhid ailəsi bu adın müqəddəs daşıyıcısı olmaqla yanaşı, eyni qaydada məsuliyyət daşıyır. Həmin insanlar heç nəyi düşünmədən canlarını Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda qurban veriblər və bizlər onlara layiq olmalıyıq.  İlk növbədə, onların ailə üzvləri, əmanətləri hər bir əməllərində, gördükləri hər bir işlərdə onların xatirəsini daim uca tutmalıdırlar. Əminəm ki, Azərbaycanda şəhid ailələri bunu bacarırılar. Əgər haradasa problem varsa, onu öz aramızda həll etməyə çalışmalıyıq. Düzgün yol göstərməliyik ki, həmin səhv bir də təkrarlanmasın. Şəhid ailələri bu ölkənin mənəvi dəyər daşıyıcılarıdır və elə etməliyik ki, gələcək nəsil onlardan örnək götürsün.

 

– Şəhid uşaqlarının ali təhsil almaları ilə bağlı ailələrə hansı yardımlar göstərilir?

 

– Şəhid ailələrinin övladlarının ali təhsilə yiyələnmələri bizim üçün əsas prioritetlərdən biridir. Şəhid övladları imtahanlar verərək, Azərbaycanın Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseylərdə, özəl təhsil müəssisələrində təhsil ala bilirlər. Bu şans onlara dövlətimiz tərəfindən yaradılıb. Sadəcə, ali təhsil alan tələbələr üçün bizim öz təşkilatımız tərəfindən bir sıra layihələr həyata keçirilib. “Azərlotoreya” Açıq Səhmdar Cəmiyyəti, Elm və Təhsir Nazirliyi ilə “Zəfər” təşkilatının birgə həyata keçirdiyi “Təqaüd” proqramı var.  Həmin proqram Azərbaycanda və Türkiyədə təhsil alan şəhid övladlarını əhatə edir.  Bu layihə şəhid övladlarının yaxşı oxuması, onların təhsilinə dəstək məqsədi daşıyır. Bir ilə yaxın müddətdir, 60-a yaxın şəhid övladı bu təqaüd proqramından yararlanır. Biz bunu “Əmanətə sədaqət” layihəsi çərçivəsində növbəti illərdə də davam etdirməyi düşünürük. Bu, həm gənclərin ali təhsil almasına bir təşviqdir, həm də onların yalnız və tək olmadığının göstəricisidir. İnanıram, ali təhsil, təqaüd proqramına cəlb etdiyimiz tələbələr Azərbaycan, dövlətimizin gələcəyi üçün layiqli mütəxəssis kimi yetişəcəklər.

 

– Bu gün şəhid ailələri və qazilərin işlə təminatı, məşğulluğu hansı səviyyədədir?

 

– İctimai təşkilat olaraq, bu istiqamətdə bacardığımız qədər işlər görməyə çalışır, şəhid xanımlarının təhsil səviyyəsinə uyğun olaraq onların işlə təmin edilməsinə dəstək göstəririk. Çalışırıq, şəhid xanımları həyatda öz ayaqarı üzərində durmağı bacarsınlar, çətinlikləri özləri dəf edib, öz peşələrinə, təhsillərinə uyğun olaraq, bu prosesdə aktiv iştirak etsinlər.

Çox yaxşı haldır ki, bir çox şəhid xanımları artıq işlə təmin olunub. Burada həm şirkətlərin, həm məşğulluq prosesinə cəlb olunan dövlət orqanlarının böyük rolu var. Əgər bizim təklif etdiyimiz namizəd, həqiqətən, kadr təyinatına uyğundursa, seçim zamanı həmin şəhid ailə üzvünə üstünlük verilir və işlə təmin edilir. Bu, çox yaxşı bir haldır. Hər bir insan öz gücünə güvənərək, özü həyatda nailiyyətlər ədə etməyi bacarmalıdır. Bu, həm o ailələri motivasiya edir, həm gələcəyə inamını artırır, həm də milli-mənəvi dəyərlərin təbliğatçısı, örnəyi olaraq daşıdıqları adın missiyasını layiqincə davam etdirirlər. Əminəm ki, iş prosesində qazandığı uğurlar onları daha böyük nailiyyətlərə sövq edəcək.

 

– Qazilərin, şəhid ailələrinin mənzillə təmin olunmaları prosesi həllini tapır?

 

– Qeyd etməliyəm ki, qazilərin, şəhid ailələrinin mənzillə təmin olunması ilə bağlı problemlər hələ də var. Şəhid ailələrimiz Bakı və ətraf rayonlarda yaşayan məcburi köçkünlər üçün inşa edilən evlərdə məskunlaşdırıldı. Rayonlarda yaşayan ailələrlə bağlı bunu demək olmaz. Məsələn, hələ də bəzi yerlərdə şəhid ailələri üçün mənzil tikintisinə başlanılmayıb. O bölgədə, hətta Aprel döyüşlərinin şəhidi olan ailələr var ki, mənzillə təmin olunmayıblar. Bütün bunlara baxmayaraq, müəyyən dövlət proqramı çərçivəsində bu problemlərin də regionlarda həllini tapacağını gözləyirik. Eləcə də kəndlərdə uçuq, təmirsiz evlərdə yaşayan ailələrimiz var. Düzdür, YAŞAT fondu tərəfindən belə evlərin təmiri ilə bağlı vəsait ayrıldı, amma evlər var ki, tək təmirlə yaşayış üçün yararlılıq səviyyəsinə gətirilə bilməz. O ailələrin evlərinin təmir olunmasından çox, yeni evlər tikilməlidir. Bu barədə hələ də bölgələrdə problemlər qalmaqdadır.

 

– Müharibədə sağlamlığını itirən qazilər var ki, bu gün də müalicə almalıdırlar, onlara dəstək verilməlidir. Bu sahədə hansı işlər görülür?

 

– Sağlamlığı bərpa olunmayan qazilərimiz var. Elə şəhid valideynləri var ki, övladını itirdikdən sonra səhhəti əvvəlki vəziyyətdə deyil, mütəmadi dərman vasitələrinə, müalicəyə ehtiyac duyur.

Bu ölkədə dərmanların da baha olması başqa bir problemdir.  İnanaraq demək istəyirəm ki, bir gün tibbi sığortamız bu problemləri qarşılaya biləcək. Arzu edək ki, gələcəkdə insanlarımız ölkədə tibbi sığortadan istifadə edə bilsinlər.

İcbari Tibbi Sığorta Agentliyi bu sahədə yaranan problemləri həll etməyə çalışır. Bir çox əməliyyatlar icbari tibbi sığortanın dəstəyi ilə həyata keçirilir. Bu proqram nə qədər təkmilləşərsə, genişlənərsə, o qədər insanımız ondan çox yararlanacaq.

Bütövlükdə, bölgələrdə yaşayan şəhid ailələrinin bir çox problemləri hələ də qalır. Həmin insanların problemlərini məmurlara, instansyalara çatdırmalıyıq ki, məsələ vaxtında həll olunsun. İnsanlar Vətəndən, Dövlətdən küsməməlidirlər. Buna görə də hər bir problem vaxtında çözülməlidir.

 

P:S. 12 iyul – Aprel döyüşlərində şəhid olan “Murov Qartalı”, şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür. Yaşasaydı, bu gün Şəhidimiz 51 yaşını qeyd edəcəkdi.  Onun xatirəsini ehtiramla anırıq.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq