Tələbələrin dərmansız “dərdi”

16:30 09-08-2023 | icon 286 | Təhsil
Tələbələrin dərmansız “dərdi”

“Kirayə mənzil tapa bilmirik, qiymətlər baha, təchizat yox”

 

Mövsümündən asılı olmayaraq, mənzil problemi gündəmdən düşməyən məsələlərdən biridir. Mənzil tapanda qiymət münasib olmur, qiymət uyğun olanda da mənzilin yerləşdiyi ünvan. Əmlak bazarında qiymətlərin stabilliyi bəzilərini qane etsə də, bəzi vətəndaşlar qiymətlərin daha da aşağı düşməsini gözləyirlər.

 

Xüsusilə də tədris ilinin başlamasına yaxın yeni tələbə adını qazananlar büdcələrinə uyğun kirayə mənzil axtarışındadırlar. Lakin kirayə mənzil bazarında qiymətlər heç də hamı üçün əlçatan deyil. Buna görə də Bakıda təhsil alan tələbələrin əksəriyyətləri kirayə mənzil qiymətlərindən narazıdır.

 

Onlardan biri ilə həmsöhbət olduq. Adının açıqlanmasını istəməyən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi deyir ki, artıq 10 ildir Bakıda kirayədə yaşayır:

 

“Bu on ilin son üç ili tələbəlik illərimə təsadüf edir. Hər il ev dəyişmək məcburiyyətində qalmışam. Bunun da müxtəlif səbəbləri olub: mənzil sahibinin aşırı tələbləri, evin şəraitsizliyi və buna rəğmən qiymətin baha olması. Təəssüf ki, mənzil sahibləri evi kirayə verdikləri şəxslərlə danışıqlara getməyə, ortaq məxrəcə gəlməyə meylli deyillər. Tələb çox, təklif isə azdır. Məsələn, üç il bundan qabaq Nərimanovda birotaqlı mənzil aylıq 400 manata təklif edilirdi. Tələbələr də universitetin açılmasına yaxın ev axtardıqları üçün çarəsiz qalıb, bu evləri kirayələyirdilər. Lakin evin şəraiti heç də 400 manata uyğun deyildi. Əvvəla mənzil təmirsiz idi. Üstəlik, evdə zəruri məişət avadanlıqları, istilik sistemi və kondisioner yox idi. Keçən il paytaxtın Tbilisi prospektində üçotaqlı mənzili aylıq 900 manata təklif edilmişdi. Həmin evin sahibi hər otağı bir tələbə qıza aylıq 300 manata kirayəyə vermişdi. Lakin bu da tam təchizat olmayan ev üçün çox bahadır. Belə olan halda tələbələr məcbur qalıb evə bir-iki nəfər də artıq kirayənişin cəlb edirlər ki, maddi cəhətdən onlara çox yük düşməsin. Təəssüf ki bu problem hər il dəyişməz olaraq qalır. Dəyişən yeganə məqam kirayə qiymətlərinin hər il artmasıdır. Bu kimi çoxsaylı səbəblərdən münasib qiymətə, normal şəraiti olan kirayə mənzil tapa bilmirik”.

 

Yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır deyib, kirayə mənzillərin qiymətləri ilə bir də özümüz maraqlandıq. Kirayə mənzil elanlarında adları qeyd olunan ev sahibləri, həmçinin ev alqı-satqısı və kirayəsi ilə məşğul olan şəxslərlə əlaqə saxladıq.

 

Nərimanov rayonunda cəmi 40 kvadratmetrlik təchizatsız, yəni şkaf, masa, yataq olmayan, əşyasız deyə biləcəyimiz mənzilin aylıq kirayə qiyməti 450 manat idi. Bəzi ev sahibləri “tələbəyə nə lazımdır, şkaf, stol, stul, yataq”, - düşüncəsi ilə “təchizatlı” hesab etdiyi 60 kvadratmetrlik mənzili aylıq 800 manata təklif etdilər. İçərisində yatağı, mətbəx mebeli, paltaryuyan maşını, kondisioneri, istilik sistemi olan, rahatlıq vəd edən 80-105 kvadratmetrlik mənzillərin isə aylıq kirayə qiyməti min manatdan başlayır. Paytaxtın Yasamal rayonunda 60 kvadratmetrlik təchizatsız mənzillərin aylıq kirayə qiyməti 550 manatdan başlayır. “Təchizatlı” hesab edilən 70-85 kvadratmetrlik kirayə mənzillər aylıq 700-900 manata təklif edilir. Tam təchizatlı kirayə mənzillərin aylıq qiyməti isə 1100 manatdan başlayır, sahəsinə, otaqlarının sayına, genişliyinə görə iki min manata qədər bahalaşır. 

 

Belə reallıqla üzləşən tələbə bilmir mənzil problemini həll etsin, yoxsa təhsil qayğısını çəksin. Bəs bu məsələyə ekspertlər necə yanaşır? Əmlak bazarında bu gün vəziyyət necədir? Kirayə mənzillərin qiymətləri hansı meyarlarla və nə vaxt dəyişir? Tələbələr kirayə mənzil axtarışına nə zaman başlamalı və hansı məsələlərə xüsusi önəm verməlidirlər?

 

Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, hər ilin avqust ayının təqribən 15-dən başlayaraq sentyabrın sonuna qədər paytaxt Bakı və digər böyük şəhərlərdə kirayə mənzillərə ciddi tələbat yaranır:

 

“Bu, daha çox tələbələrin bölgələrdən ali təhsil müəssisələri üçün paytaxt və digər böyük şəhərlərə gəlməsi ilə əlaqədardır. Hazırda paytaxt Bakıda bölgələrdən gələn minlərlə tələbələr var. Bu da onu deməyə əsas verir ki, hər il minlərlə mənzil sırf tələbələr tərəfindən kirayələnir. Əmlak bazarında baş verən qiymət artımı kirayə mənzil bazarına da öz təsirini göstərir. Mənzillərin satış qiymətləri artdıqca onların kirayə qiymətlərində də artımlar müşahidə olunur. Artıq 2016-cı ildən başlayaraq, Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə paytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların söküntüsünə start verilib. Bu səbəbdən paytaxt ərazisində çox sayda köhnə, çoxmənzilli yaşayış binaları və fərdi evlərdən ibarət olan yaşayış massivləri sökülərək yeni tikili binalarla əvəzlənib. Binalar sökülərkən, həmin binalardakı kirayəlik mənzillər artıq kirayə bazarından çıxmış olur. Həmin mənzil sahibləri sökülən binalardakı daşınmaz əmlakının yerində yeni bina tikilib onlara ev verilən günə qədər, yəni təqribən iki-üç il ərzində özləri məcburən kirayədə qalırlar. Bu da artıq onların kirayələdikləri mənzillərin ən azından iki-üç il müddətinə həmin şəxslər tərəfindən istifadə olunmasına gətirib çıxarır”.

 

Ekspert deyir ki, sökülən binaların sakinlərinin uzunmüddətli kirayə qalmaları tələbələrin mənzil tapmasını daha da çətinləşdirir:

 

“Tələbələr bölgələrdən paytaxta gələrkən kirayə mənzil tapmaqda çətinlik çəkirlər. Çünki səbəblərdən biri köhnə binaların artıq sökülməsidir. Digər səbəb isə köhnə binalarda yaşayan sakinlərin özlərinin uzunmüddətli kirayə mənzillərdə qalmasıdır.  Bu kimi səbəblərə görə kirayə mənzil bazarında qiymət artımları baş verir. Yaxın gələcəkdə qiymətlər daha ciddi şəkildə bahalaşacaq. Çünki paytaxt ərazisində sökülməli olan yüzlərlə, minlərlə köhnə, çoxmənzilli yaşayış binaları var. Ən ucuz kirayə mənzilləri məhz bu binalarda tapmaq olurdu. Lakin bu binalar söküldükcə onların yerinə yeni yaşayış binaları tikilir. Təəssüf ki, yeni yaşayış binalarında kirayə mənzillərin qiymətləri köhnə binalardakından iki dəfəyə qədər bahadır. Bu səbəbdən də tələbələr paytaxt ərazisində mənzil tapa bilmir, məcburən paytaxtdan kənar ərazilərə, misal üçün, Abşeron rayonu və digər ərazilərə üz tuturlar. Uzaq məsafə səbəbindən də demək olar ki, hər bir tələbə gün ərzində iki-üç saatını yollarda itirməli olur”.

 

Bəs bu problemin çıxış yolu nədir? Ali təhsil müəssisələrinin hər birində tələbə yataqxanası yoxdurmu? Tələbələr o yataqxanalarda nə üçün yerləşdirilmir?

 

Ekspert bu məsələnin də çıxış yolunun olduğunu bildirib:

 

“Böyük ali təhsil müəssisələrinin hər birinin yataqxanası var. Bu yataqxanalarda Birinci Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə məcburi köçkünlər yerləşdiriliblər. Artıq torpaqlarımız işğaldan azad olunub. Dövlət tərəfindən həmin məcburi köçkünlərin, demək olar ki, böyük əksəriyyəti öz rayonlarında evlə təmin olunublar. İşğaldan azad olunmuş ərazilərdə hazırda da tikinti-quruculuq işləri davam etdirilir. Bu proses çərçivəsində çoxsaylı yaşayış binaları inşa edilir. Çoxlu sayda məcburi köçkünlər mərhələli şəkildə öz yurdlarına köçürülür, yeni mənzillərlə təmin olunurlar. Bu şəkildə artıq yaxın gələcəkdə on minlərlə məcburi köçkünlərimiz öz evlərinə, yurd yuvalarına dönəcəklər. Düşünürəm ki, bir zamanlar tələbələr üçün tikilmiş həmin tələbə yataqxanalarının yerində yeni yataqxana binaları tikib istifadəyə vermək olar. Çünki həmin binaların hər biri demək olar ki, qəzalı vəziyyətdədir. Onları sökərək yerində daha müasir, çoxmərtəbəli, geniş tələbə yataqxanaları tikmək olar. Bununla da tələbələrin kirayə mənzil problemini həll etmək olar. Digər tərəfdən bu, kirayə mənzil bazarında da qiymətlərin nisbətən enməsinə gətirib çıxarda bilər”.

 

Ekspertin sözlərinə görə, tələbələr mənzil kirayələmək üçün daha çox paytaxtın Yasamal və Nərimanov rayonlarına üz tuturlar:

 

“Buna səbəb ali təhsil müəssisələrinin böyük əksəriyyətinin Yasamal rayonu ərazisində yerləşməsidir. Xarici ölkələrdən Azərbaycanda təhsil almaq üçün gələn əcnəbi tələbələr, xüsusən də Türkiyədən ölkəmizə gələn tələbələr Bakının Nərimanov rayonunda məskunlaşırlar. Ona görə də bu iki rayonda mənzillərin aylıq kirayə qiymətləri digər ərazilərə nisbətən daha bahadır, tələbat da daha çoxdur. Düşünürəm ki, yaxın gələcəkdə bu tələbələrin ev problemi həll olunarsa, yəni tələbələr üçün yataqxanalar tikilərsə, kirayə mənzil bazarında qiymət enmələri müşahidə oluna bilər. Digər tərəfdən, paytaxt sakinləri arasında kirayə mənzil axtaranlar da əziyyət çəkməzlər”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq