Əsası Heydər Əliyev tərəfindən qoyulan dövlətlərarası münasibətlər
Adil Əliyev: “Azərbaycan-Özbəkistan münasibətləri tarixinin ən yüksək mərhələsindədir”
“Dünən Füzuli rayonunda Özbəkistan tərəfinin dəstəyi ilə tikilmiş dahi mütəfəkkir Mirzə Uluqbəyin adını daşıyan 960 nəfərlik 1 nömrəli məktəbin açılış mərasimi baş tutdu. Azərbaycan və Özbəkistan Prezidentlərinin və Birinci xanımlarının iştirakı ilə açılış mərasimi keçirilən bu məktəb həm də Azərbaycan və Özbəkistan arasında olan dostluğun, qardaşlığın simvoludur”.
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev Özbəkistan-Azərbaycan arasında dostluq münasibətlərinin yeni mərhələsinə diqqət çəkərkən bildirib.
Onun sözlərinə görə, Prezidentinin təşəbbüsü ilə tikilmiş bu təhsil ocağı tarixi anları yaşayan ölkəmiz üçün jestdir:
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı genişmiqyaslı abadlıq-quruculuq işləri dünya mediasının gündəmindədir və bu işə Özbəkistanın verdiyi töhfə olduqca əlamətdar hadisədir. Məktəbin açılışı ilə bərabər, Füzuli sakinləri ilə tanışlıq, keçirilən görüşlər dostluğumuzun daha da güclənməsi baxımından olduqca mühümdür. Azərbaycanın və Özbəkistanın tarixi qədim köklərə malikdir. Hər iki ölkənin mütəfəkkirlərinin yaradıcılıqlarındakı iqtibaslar, mədəni-tarixi əlaqələr, xalqlarımız arasındakı dostluqlar əsrlərə dayanır”.
A.Əliyev eyni zamanda qeyd edib ki, Özbəkistanla dövlətlərarası münasibətlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub:
“Ümummilli Liderin siyasi xəttində Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafı özünəməxsus yer tuturdu. 1996-cı ildə Özbəkistan Prezidentinin Azərbaycana dəvət olunması və Ulu Öndərin 1997-ci ildə həmin ölkəyə səfəri, imzalanmış sənədlər dövlətlərarası dostluğumuza zəmin yaratdı. Bu gün hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti, vahid dini dəyərlər münasibətlərə müsbət təsir edir.
Prezident İlham Əliyevin və Şavkat Mirziyoyevin timsalında hər iki ölkə başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər dövlətlərarası münasibətlərin inkişafına şərait yaradır. Prezident İlham Əliyevin 2022-ci ildə Özbəkistana üç dəfə səfər etməsi, bu dost ölkənin Prezidenti seçilmiş Şavkat Mirziyoyevin ilk xarici səfərini ölkəmizə etməsi, eləcə də bu səfərlər zamanı vacib sənədlərin, sazişlərin imzalanması olduqca mühümdür”.
A.Əliyev bildirib ki, 23 avqust tarixində dövlət başçılarının işğaldan azad olunmuş ərazilərə birgə səfəri, Füzuli şəhərindən sonra Şuşa şəhərində məscidləri, tarixi abidələri ziyarət etmələri onu deməyə əsas verir ki, dövlət başçılarının dostluğu ölkələrimiz arasındakı münasibətləri daha da dərinləşdirir. Onun sözlərinə görə, məhz sonuncu səfər zamanı imzalanan sənədlərdən biri də ölkələrimiz arasında Ali Dövlətlərarası Şuranın yaradılması ilə bağlıdır və Şura dövlətlərarası əlaqələrin inkişafına xidmət edəcəkdir.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"