"200 illik bir düyünün əsas hissəsini çözə bildik"
Fazil Mustafa: “Azərbaycan, ordumuz özünün yarımçıq qalmış işini tamamlayacaq”
"2020-ci il 27 sentyabr tarixində işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı Azərbaycan ordusunun başladığı əks-hücum vaxtından asılı olmayaraq tarixi bir zərurət idi. Azərbaycan 30 il işğal altında qalan və erməni işğalçılarının qeyd-şərtsiz ərazilərimizdən çıxarılmasını tələb edən BMT-nin 4 mühüm qətnaməsini özü icra etməklə, əslində beynəlxalq hüquqa hörmətlə yanaşmanın nümunəsini göstərdi, aliliyini təmin etdi".
Bunu Versus.az-a Milli Məclisin deputatı Fazil Mustafa 27 sentyabr zəfər tarixinə gedən yola nəzər salarkən bildirib.
Deputat bu gün Azərbaycanın özünün əsas hədəfləri üzərində düşündüyünü xüsusi vurğu ilə qeyd edib:
"Biz Qarabağda yaşayan əhalinin normal həyata qayıtmasını təmin edən yol xəritəsi ilə hərəkət edirik. Məlumdur ki, bu gün Qarabağın erməni əsilli sakinləri hərbi terrorçular tərəfindən girov götürülüb. Biz o girovları azad edib, erməni terrorçularını tərksilah edib zərərsizləşdirə bilsək, digər hədəflərə yaxınlaşacağıq. Ona görə də fikirlərimizi əsas hədəfimiz olan terrorun ləğvi üzərində cəmləməliyik. Sonrakı mərhələdə proseslər özü düyünləri açacaq”.
F.Mustafa bildirib ki, 2020-ci il əks-hücum əməliyyatı üçün 27 sentyabr tarixinin seçilməsi Azərbaycanın illərdir hazırlaşdığı və torpaqların azad olunması yolunda səfərbər olan bir cəmiyyətin diqtəsi ilə baş verdi. Onun fikrincə, hər hansı planlaşdırılmış hadisə ilə bağlı bir tarix seçimi təsadüfi, yaxud da şərtlərin uyğun gəldiyi vaxtda da ola bilər, əsas odur ki, 27 sentyabrda baş verən vətən savaşı özünün nəticəsini verdi və biz torpaqları azad elədik:
“27 sentyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir səhifə oldu və biz 200 illik bir düyünün əsas hissəsini çözə bildik. Azərbaycanın əks-hücum qərarı haqq, ədalət üzərində qurulmuşdu. Bu da ondan ibarət idi ki, bizim ərazilərin azad olunması üçün BMT-nin icra edilməmiş qətnamələri var idi. Bu qətnamələr yerinə yetirilmədiyinə görə problemlər yaşayırdıq. Amma indi artıq biz bu qətnamələri icra elədik. Buna görə də beynəlxalq təşkilatların bu məsələdə bizə hər hansı iradı olmadı. Çünki söhbət Azərbaycanın ərazi bütövlüyündən gedir. Ərazi bütövlüyü məsələsi bizim üçün qırmızı xəttdir və bu xətti də kimsə bizə irad kimi gösətər bilməz. Biz nəticədə bu problemləri həll edərək, son nöqtəni qoymalıyıq. Bu gün artıq o prosesin yekunlarını tamamlamaqdayıq. Çalışmalıyıq ki, bunu da uğurla başa çatdıraq”.
F.Mustafa 27 sentyabrın Azərbaycan insanına həm də bir həyat təcrübəsi, döyüş təcrübəsi verdiyini qeyd edib:
“İndi o təcrübədən yararlanaraq daha böyük addımları atmağı düşünürük. Əminəm ki, qısa müddətdə bu addımları atıb uğurla yekunlaşdıracağıq. Azərbaycan dövləti Azərbaycan ordusu özünün yarımçıq qalmış işini tamamlayacaq”.
Deputat qeyd edib ki, 44 günük savaşdan sonra Azərbaycan, Ermənistan və Rusiyanın birgə imzaladığı üçtərəfli sazişin müddüəlarını yerinə yetirməklə qarşı tərəfi götürdüyü öhtəliklərini icra etməyə dəvət edib. Ermənistan öz revanşist, terror siyasətindən, təxribatlarından əl çəkmədikcə, Azərbaycan bu dəfə də üçtərəfli sazişin də müddüəlarını yerinə yetirir və bunun üçün addımlar atılır.
F.Mustafa bu istiqamətdə başlanan işlərin uğurla nəticələnəcəyinə əminlik ifadə edib:
“27 sentyabrda əsasən qələbəni təmin elədik, indi isə son qələbəyə qədər mübarizəmiz davam eləməlidr ki, bölgəni abadlaşdırmaqla yanaşı həm də terrordan azad edə bilək. Biz bu prosesləri tarixin sonrakı dövrlərinə saxlaya bilmərik”.
T.Qafarlı
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"