Qarabağda erməni separatcılarının “humanitar böhran”, “seçki”, “etnik təmizləmə” oyunlarına “züy tutan” xarici təşkilatlar, xüsusilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşəbbüsü ilə Xankəndinə ərzaq və digər təsnifatlı yüklərin daşınmasına imkan yaradan Azərbaycan bölgədə sülhün bərqərar olunması, təhlükəsizliyin təminatı üçün ermənilərə bir daha növbəti son şansı tanıdı. 44 günlük müharibədə məğlub olan işğalçı dövlətin Azərbaycan ərazisində qalan tör-töküntüləri aparılan ərzaq yüklərini qəbul edəndən sonra yenə hərbi təxribatları, terror aktlarını davam etdirərək, beynəlxalq aləmə, Azərbaycana meydan oxudu, sülhü istəmədiklərini bir daha bəyan etmiş oldu. Ermənilər Xocavənd ərazisində mina terrorunu gerçəkləşdirdi və 9 nəfər – 2 mülki, 7 hərbçi  şəhid oldu. Beləliklə, Azərbaycan hansı zəruri addımları atmağa məcbur oldu və beynəlxalq ictimaiyyətin buna sözü nədir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Elman Məmmədov mühüm məqamlara toxunub.

 

– Ermənistan, Qarabağdakı separatçı rejim Azərbaycanın onlara yaratdığı böyük şansdan niyə düzgün istifadə edə bilmədi və başqasının ərazilərində cinayətləri törədərkən kimlərin himayəsinə ümid bəslədilər?

– Azərbaycan uzun müddət erməniləri başa salmağa çalışdı ki, Qarabağ Azərbaycandır və nida işarəsi... Bunlar başa düşmədilər və təkidlə müxtəlif vasitələrlə Azərbaycanın daxili işlərinə müdaxiləni davam etdirmək niyyətində oldular.  Ermənilər və onların xarici havadarları son 3 il ərzində də Laçın yolundan və başqa istiqamətlərdən Azərbaycan ərazilərinə –Qarabağa sərbəst yüklər daşımaq, gediş-gəlişi təşkil etmək niyyətində oldular. Elə bildilər ki, Azərbaycan ərazisi bunlar üçün karvansaraydır və bunlar istədikləri vaxt gəlib-gedə bilərlər, nə istəsələr aparıb gətirə bilərlər. Laçında sərhəd-keçid buraxılış məntəqəsi yaradılmaqla 23 aprel 2023-cü ildə bu məsələlərə son qoyuldu. Elə həmin andan da ermənilərə başa salındı ki, bu yoldan ancaq Beynəlxalq Qırmızı Xaç Komitəsi humanitar məqsədlər üçün istifadə edə bilər. Mən bu təşkilata “Beynəlxlaq erməni Qırmızı Xaç Komitəsi” adını qoymuşam. Sonradan həmin qurumun yükləri yoxlananda məlum oldu ki, bu təşkilat da elə həmin cinayətkar rejimlə əlbirdir və cinayətkarları daşımaqla, qaçaqmalçılıqla məşğuldurlar. Onların fəaliyyəti məhdudlaşdırıldı. Sonradan deyildi ki, sizin bir alternativ yolunuz var, o da Ağdamdan Xankəndi istiqamətinə gedir, buradan ərzaq yardımları keçə bilər. Bundan imtina etsələr də, sonda qəbul etdilər. Həmin o komitənin bir neçə minik, yük maşını Xankəndinə yollandı, Rusiyadan gələn yardımlar keçdi. Bu, bir tərəfdən ermənilərin nazı ilə oynamaq idisə, ikinci tərəfdən, Azərbaycan ermənilərə, havadarlarına və bütün dünyaya bununla bəyan edirdi ki, heç kim üçün blokada yaratmamışıq və heç kimin orada acından ölməsini istəmirik. Təbii ki, Xankəndidə nə aclıq, nə də blokada var idi. Yəni biz onlara deyirik: “Sən bizim ərazimzdə yaşayırsan, bura bizim Vətənimizdir, vətəndaşlığımızı qəbul edib, qanunlarımızla yaşamalısan. Bizi bəyənmirsənsə, yol açıqdır. Laçın-Xankəndi yolu bir tərəfə – Ermənistan istiqamətinə işləyə bilər. Əgər mənimlə birgə yaşamaq istəmirsənsə, gedə bilərsən. Bunlar daha da azğınlaşmağa başladı. Təxribatların, terror hadisələrinin sayı artdı. Son günlər törətdikləri terror hadisələrində 9 nəfər şəhid oldu, neçə nəfər yaralandı. Bu, artıq son hədd idi. Nəticəsi qaçılmaz idi. Bir daha məlum oldu ki, erməni sözlə, danışıqla başa düşmür, onu güclə başa salmaq lazımdır. Azərbaycan öz qanunlarımıza, beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinin müvafiq bəndlərinə istinad edərək ərazilərimizdən separatçıları, işğalçıları, terrorçuları təmizləməlidir. Bütün bunlara istinad edərək, 19 sentyabr 2023-cü il tarixində lokal antiterror əməliyyatlarına başladı. Bu əməliyyatlar sırf ərazimizdə mövcud olan, fəaliyyət göstərən separatçılara, Ermənistan dövlətinə məxsus qeyri-qanuni hərbi birləşmələrə, terrorçulara, quldurlara qarşıdır. Mülki əhaliyə, obyektlərə toxunulmur, dinc mülki yaşayış yerləri Azərbaycan Ordusu tərəfindən qorunur. O cümlədən mülki əhaliyə şərait yaradılır, xəbərdarlıq edilir ki, hərbi əməliyyatlar gedən yerlərdən, qanunsuz hərbi cinayətkarlardan, hərbi obyektlərdən uzaq dursunlar…

 

– Azərbaycana qarşı diversiya, terror hərəkətləri törədən erməni separatçılar kimə güvənirdi?

– Birinci Dünya müharibəsi dövründə həmin bu dövlətlər erməniləri silahlandırdılar. Hələ tək Fransa, Rusiya tərəfindən 250 min osmanlı ermənisi silahlandırılmışdı. Məqsəd Osmanlını daxildən çökdürüb darmadağın etmək idi. Ermənilərə vəd edilmişdi ki, onlara böyük Ermənistan dövləti yaradacaqlar. Sonu tarixdən məlumdur. Bu gün də Böyük Britaniyanı çıxmaq şərtilə yenə həmin oyunçular ermənilərə şirin vədlər verir. Makron və onun kimilər, ABŞ Dövlət Departamentinin Senatı, Avropa Parlamenti, Avropa İttifaqı, BQXK kimi təşkilatlar erməniləri şirnikləndirirlər. Məsələn, görün, ABŞ Senatı, Fransa və digər birliklər bizdən nə tələb edir: deyirlər ki, siz niyə işğalçılara qarşı bu qədər dözümsüzsünüz? Separatçılara qarşı dözümlü olun. Siz niyə razı olursunuz ki, separatçılar orada ərzaqdan, tibbi xidmətdən, silah-sursatdan korluq çəksinlər? Belə etməyin, imkan verin, onların ərzağı da bol olsun, silah-sursatı da və sizə qarşı təxribatlar törətsinlər, sizə qarşı yaxşı döyüşsünlər. Bundan da iyrənc tələb və yaxud irad olarmı?! İndi həmin dövlətlərin özlərinə həmin sualı ünvanlamaq lazımdır: sizin ərazinizdə belə bir separatçı qurum olsa və yaxud sizin ərazinizdə qeyri-dövlətin işğalçı silahlı birləşmələri olsa, siz buna dözərsinizmi? Təbii ki, yox! O zaman siz niyə bunu bizə rəva görürsünüz?!

Biz də müstəqil dövlət kimi qanuna, hüquqa əsaslandıq və dedik ki, artıq kifayətdir! Separatçılar da, qeyri-qanuni silahlı birləşmələr də ərazimizdən təmizlənəcək.

 

– Rusiyanın açıqlamalarına baxanda hansı mövqe sərgiləndiyini söyləmək olar?

– Rusiyanın tarixi mövqeyi bəlli idi. Neçə yüz ildir erməniləri müxtəlif ərazilərdən yığıb ərazilərimizdə yerləşdirib, Ermənistan dövləti yaradan Çar Rusiyası olub, sonra Sovetlər İttifaqı olub, bu gün də onların davamçısı Rusiya Federasiyasıdır. Bunlar tarix boyu erməniləri müdafiə edib qoruyublar, özlərinin ərköyün övladı kimi saxlayıblar. Son nəticədə ruslar onun şahidi oldular ki, necə ki, rusların xatirinə 100 il əvvəl ermənilər Osmanlıya, digər dövlətlərə xəyanət etdi, bu gün də Rusiyaya xəyanət etdi.  Avropa missiyasını dəvət etdilər, Fransanı gətirdilər, ABŞ-ı dəvət elədilər.

KTMT-dan çıxmaqla bağlı oradakı nümayəndələrini geri çağırdılar. Rusiya baxdı ki, bu xəyanətkarlıq bunların genindədir. Bunlar islaholunmaz bir toplumdur. Belə olan halda Rusiya bəyan etdi ki, biz ədalətli mövqe tutacağıq. Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirir, bu, Azərbaycan ərazisidir, Rusiyanın buna qarışmağa haqqı yoxdur, qarışmır. Rusiyanın yalnız Qarabağda olan sülhməramlı əsgərlərinə xətər toxunmasın.  Azərbaycan Ordusu da öz işini bilir. Bu məqamda Rusiya Azərbaycan tərəfdən çıxış etmir, nəhayət ki, məsələdə ədalətli mövqe tutur. Rusiya fikirlərşir ki, Şimali Qafqazda da həmin separatizm, həmin itaətsizlik yaranmışdı. Rusiya Şimali Qafqazda uzun illər antiterror əməliyyatları keçirdi. Kimsə onun işinə qarışmadı. İndi Rusiyaya deyirik: sizin işinizə qarışmadığımız kimi, siz də bizim işimizə qarışmayın. Rusiya bu ana qədər hələlik ədalətli mövqeyini saxlayır. Arzuolunandır ki, belə ədalətli dayana bilsin.

 

– Azərbaycanın keçirdiyi antiterror əməliyyatı beynəlxalq müstəvidə necə qarşılandı?

– Beynəlxalq təşkilatların, bir sıra dövlətlərin erməni məsələsində Azərbaycana təsirlərinin intensivləşdiyi bir vaxtda antiterror əməliyyatlarının başlanması cəsarətli bir addımdır. Ona görə ki, biz haqlıyıq.

İndi Fransanın israrlı təklifi ilə sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Təbii ki, Fransa burada böyük canfəşanlıqla Azərbaycana qarşı hansısa sanksiyanın, qərarın qəbul edilməsinə nail olmaq istəyəcək.  Azərbaycanın özünü müdafiə etmək üçün sözü var: biz heç kimin ərazisinə müdaxilə etmirik, heç bir dövlətə qarşı müharibə aparmırıq, öz ərazimizdə lokal antiterror əməliyyatları keçiririk. Mülki əhaliyə toxunmuruq, ərazimizdə kök salmış Ermənistan dövlətinə məxsus hərbi birləşmələri təmizləmək, separatçıların kökünü kəsmək üçün antiterror əməliyyatı aparırıq. Bu, beynəlxalq hüququn bütün normalarına uyğundur. Bu, həmin BMT Nizamnaməsinə, Azərbaycan qanunlarına, eləcə də Fransanın da qanunlarına uyğundur. Yəni əgər Almaniyanın, İspaniyanın qoşunları Fransanın ərazisinə girsə, bu dövlət onlara qarşı mütləq antiterror əməliyyatı aparacaq. Biz də bunu edirik, burada qeyri-adi heç bir şey yoxdur.

BMT və Avropada qeyri-müəyyən qurumlar var ki, onlardan ədalətli mövqe gözləyirik. Ədalətli mövqe sərgilənməyəcəyini də bilirik.(Həftə içi)

 

Tahirə Qafarlı