“Proseslər mürəkkəbdir, amma işin xeyli hissəsi görülüb”
Qulu Məhərrəmli: “Gedənlər üçün qapı açıqdır, qalanlar Azərbaycan qanunlarını qəbul edib yaşamalıdır”
“Antiterror əməliyyatından sonra Xankəndidə mənəvi, psixoloji şərait tamamilə dəyişib. Getmək istəyənlər də var, qalmaq istəyənlər də. Getmək istəyənlər, qalmaq istəyənlərə - “Azərbaycanın tabeliyində yaşamaqdansa köçmək yaxşıdır” -deyə təsir edirlər. Bu da təbiidir. Bu günə qədər ermənilər hamısı eyni ideyanı bölüşüb, eyni amalla yaşayıblar. İndi də atdıqları addımın cəzasını çəkirlər”.
Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Qulu Məhərrəmli antiterror əməliyyatından sonra Qarabağda cərəyan edən proseslərin Azərbaycanın şərtləri kontekstində hansı formada inkişafı, erməni sakinlərin Qarabağda qalması, yaxud köçməsi ilə bağlı müşahidə olunanlarla bağlı şərhində bildirib.
Q.Məhərrəmli qeyd edib ki, bu gün faktiki olaraq açıq separatizm xətti darmadağın edilib. Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərin xunta rejiminin əsarətində olmasının sonu çatıb. Azərbaycan indiki şəraitdə tarixin onun üçün açdığı imkanlardan çox yaxşı istifadə edir.
Ekspert Azərbaycanın Qarabağda yaşayan azsaylı ermənilərlə bağlı mövqeyinin Prezidentin xalqa müraciətində çox açıq şəkildə ifadə olunduğunu önə çəkib. O, dövlət başçısının çıxışına istinadən bildirib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, onların özlərinin ifadəsi üçün təhsil, dini, vicdan azadlıqlarından bəhrələnmək imkanları var. Amma xüsusi olaraq qeyri-adi bir situasiyanın yaradılması olmayacaq:
“Vəziyyətin necəliyindən asılı olmaraq Azərbaycan Qarabağda -Xankəndidə öz suverenliyini bərpa etmək üçün addımlar atır. Bunlar heç də asan olmayacaq. Çünki orda bir tərəfdən silah-sursat cəbhəsindən bəhrələnənlər, ikinci bir tərəfdən rus sülhməramlıları adı altında öz iradələrini ifadə edən üçüncü qüvvələr var. Bütün bunlara baxmayaraq Azərbaycan öz addımlarını məqsədyönlü şəkildə atır, tədricən öz məqsədinə doğru yaxınlaşır. Bütün hallarda, gedənlər üçün qapı açıqdır, qalanlar da Azərbaycan qanunlarını qəbul edib yaşamalıdırlar. Çünki tarix onlar üçün bu imkanı yaradır. Azərbaycan inkişaf etmiş ölkədir, Azərbaycanın iqtisadi resursaları ilə Ermənistandan iqtisadi resursları eyni deyil. Azərbaycan Xankəndini işıqla təmin edir və getdikcə bütün infrastruktur qaydaya düşəcək. Proseslər mürəkkəbdir, amma işin xeyli hissəsi görülüb. Azərbaycan özünün suverenliyini təmin etmək üçün əsaslı addımlar atır”.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"