“Şəhidlərimizə borcumuz əbədidir”
Könül İsmayılova: “Düşmən unutmasın ki, DƏMİR YUMRUĞumuz daim onların başları üzərində olacaq”
30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur edildi, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə ağır zərbə vuruldu, bu müddət ərzində Azərbaycan əraziləri acınacaqlı vəziyyətə salındı, şəhər və kəndlərdə infrastruktur tamamilə məhv edildi. Bu erməni vandalizmi 2020-ci il, 27 sentyabradək davam etdi”...
Versus.Az xəbər verir ki, bu fikirləri 27 Sentyabr – Anım Günü ilə bağlı şərhində Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.
K.İsmayılova qeyd etdi ki, Azərbaycan 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı artıq bəyan etmiş oldu ki, bu işğalla barışmayıb və tarixi torpaqlarını azad etmək iqtidarındadır:
“Təbii ki, Ermənistan bu xəbərdarlığa əhəmiyyət vermədi. Bu da Ermənistanın Rusiyaya ifrat dərəcədə ümidli olmasının nəticəsi idi. Amma Azərbaycan artıq Rusiyaya da bu münaqişənin yalnız iki ölkə arasında çözülməli olduğunu deyirdi. Qeyd etdiyim döyüşlərdən də nəticə çıxarmayan Ermənistana Azərbaycan ordusunun gücünü göstərmək artıq şərt oldu. Ermənistan silahlı qüvvələrinin azğınlığı 2020-ci il sentyabrın 27-də Azərbaycanın səbr kasasını daşırdı. Cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutdular. Bu Azərbaycana qarşı növbəti təcavüz idi və cavabsız qalmadı. Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Düz 44 gündən sonra Artıq Ermənistan öz məğlubiyyəti ilə qarşı-qarşıya qaldı”.
K.İsmayılova bildirdi ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir və mühüm əhəmiyyət kəsb edir:
“Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbəmiz bir ox olaraq düşmənlərimizin gözünü dəldi. Ermənistanın artıq bir fiqur kimi işlərinə yaramayacağını görən dövlətlər yavaş-yavaş ondan əlini çəkdi. Bu gün Rusiya ilə Qərbin ortasında “yağını itirmiş əppəy”ə dönən Ermənistanın çox keçməz ki, Azərbaycanın bütün şərtləri ilə barışmalı olacağı görünməkdədir və görünür də...
Ölkəmizin başçısı dəfələrlə deyib: “Nəyin bahasına olursa-olsun, biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”. Bu gün zavallı Ermənistan artıq bu söylənilənlərin əbəs yerə deyilmədiyini dərk edir. Elə Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız da başqasının torpağında yaşadıqlarını anlayıblar. İndi qalır onların Azərbaycan şərtlərini qəbul etmələri. Qəbul edəcəklərsə, burada yaşamağa davam edəcəklər, qəbul etmədikləri halda isə yolları açıqdır”.
Könül xanım qeyd etdi ki, bu gün Ermənistanın son silah olaraq yararlandığı və Azərbaycana qarşı törətdiyi “mina terroru” da birdəfəlik çözülmək ərəfəsindədir:
“Qarabağdakı erməni separatçıların törətdikləri mina təxribatı da cavabsız qalmadı. Sentyabrın 19-da törətdikləri terrora cavab olaraq Azərbaycan lokal xarakterli antiterror əməliyyatına başladı. Ali Baş Komandamız dəfələrlə xəbərdarlıq etmişdi ki, bizi antiterror əməliyyatlarına vadar etməyin. Budur, artıq Qarabağdakı erməni silahlıları tərksilah edildi, ermənilərin Qarabağda qalıb qalmamasında könüllülük təmin edildi və artıq karvan da başlayıb. Gedən gedəcək, vətəndaşlığımızı qəbul edənlər qalacaq.
Bütün bunların fonunda əminliklə deyə bilərəm ki, Ermənistanın işğalından azad edilən torpaqlarımızda canından keçən şəhidlərimizin qanı yerdə qalmadı. Biz öz tarixi torpaqlarımıza yenidən sahib çıxdığımız kimi, onu qorumağı da bir boc bilirik. Şəhidlərimizə əbədi borcluyuq və gələcək nəsil də bunu unutmayacaq.
Dövlətimiz var olsyn!”
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"