“Gücümü toplayıb, anamla danışdım - “mənəm, oğlun Eldar, sağam”

14:00 28-09-2023 | icon 1278 | Şəhidlər və şahidlər
“Gücümü toplayıb, anamla danışdım - “mənəm, oğlun Eldar, sağam”

Eldar Quliyev: “Anam inanmadı, elə bilirdi ki, kimsə ona ürək-dirək verir...”

 

Azərbaycan Ordusunun əsgəri ən böyük əsgərdir!.. Torpaqlarının işğaldan azad olunması uğrunda ölümün üzünə dik baxan əsgər hər an döyüşə hazır olduğunu bir daha sübut etdi. O, 3 ilini tamamladığımız 27 sentyabr anım gününə, sentyabrın 19-da keçirilən antiterror əməliyyatı ilə yeni bir qəhrəmanlıq səlnaməsi ilə qatıldı. Bəyan etdi ki, Azərbaycan əsgəri üçün hər şeydən öncə Vətən, Vətənin azadlığı dayanır.

 

Sizi belə qəhrəman igidlərimizdən biri ilə tanış edəcəyik: O, Aprel Döyüşlərində, II Qarabağ müharibəsində və 1 günlük antiterror əməliyyatında iştirak edən, yaralanan, ölümün pəncəsindən çıxıb yenə düşmənin üzərinə gedən 5 medal sahibi, döyüşçü qazi Eldar Quliyevdir.

 

- 27 sentyabr əks-hücum əməliyyatını necə xatırlayırsız; bir Azərbaycan hərbçisi, döyüşçü üçün bu tarixin əhəmiyyəti, mənəvi haqqı nədir?

 

- Mən 1987 -ci ildə Astara rayonunda anadan olmuşam, 2005-ci ildə Astara rayon hərbi komisarlığından hərbi xidmətə cağırılmışam. 2007 ci il ehtiyata buraxılmişam və özəl mühafizə şirkətlərinin birində xidmət rəyisi vəzifəsində işləmişəm. 2014-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqcusu kimi işə qəbul olunmuşam. 2016- ci ildə Aprel döyüşlərində iştirak etmişəm və hər zaman düşmənə zərbə vurmaq əzmi yaşamışam.

Nəhayət 2020-ci ildə cənab Prezident fərman verdi və mən də sevinclə, gülə-gülə döyüşə qatıldım. Çünki illərlə gözlədiyimiz torpaqlarımızın işğal acısının qisasını almaq şansı yaranmışdı...

Tuşlayıcı operator, maşın komandiri vəzifəsində idim. Füzuli istiqamətindən döyüşə girdik. Orada iki dəfə BTR-lə minaya düşdüm, amma yenə irəli hərəkət elədik. Komandir ərazini müşahidə edib qabaqda erməninin postu olduğunu dedi. Kamandir mənə tapşırıq və əmr elədi ki, erməni postunu aşkar edib məhv edim. Mən də aşkar elədim və 5-6 erməni hərbçisi  olan posta 8 ədəd top atdım, oranı dağıtdım. Komandir “Eldar əhsen sənə, gözəl vurdun, inşallah qayıdanda bunun mükafatını alacaqsan”-dedi. Mən də sevinirdim, qürurlandım. Sən demə artıq biz də erməni hədəfinə tuş gəlmişik. Bir neçə saniyədən sonra bizim tankı vurdular.

Bir maşında 9 heyət idik, onlardan 8-i yaralandı, biri şəhid oldu. Hamısı ağır xəsarətlərlə salamat qaldılar.  Onu heç vaxt unutmaram: komandirim Babayev Əli deyirdi ki, Şəhid olacaq, mən də ona, “bizim hələ qabaqda cox xitmətimiz olacaq kamandir” -deyirdim, zarafatlaşırdıq... Ən böyük acımız leytinant Babayev Əli oldu. Biz bir-bizimizə söz vermişdik ki, döyüşə bir yerdə girib, ordan bir yerdə çıxacağıq...

Texnikamız vurulanda hamımız dərhal texnikadan uzaqlaşdıq, mən də səngərə girdim. Tankdan çıxan heyət hamısı səngərdə idi. Gördüm ki, 3 nəfər yoxdur. Tez yanan tanka tərəf qaçdım. İki nəfəri maşında tüstü boğmuşdu, onları kənara çıxartdım. Maşın yanırdı. Sonra yanan texnikanin üstünə çıxıb komandiri xilas eləmək istədim. Amma, gordüm ki, komandir artıq yoxdur... Komandir Şəhid olmuşdu. BTR girib onu çıxartmaq istəyəndə ağır xəsarətlər almışdım. Ayaqlarımın altı, üz nayihəm hamısı yanmışdı. Babayev Əlini elə görəndə özümün yaralarını unutdum. Həmin vaxt özümü tankdan yerə atıb, səngərə qayıtdım. Bir neçə dəqiqədən sonra ağrılar başladı. Mən hərəkət edə bilmirdim. Hər tərəfim yanıq, qan içində idi. Qaldim ermeni bonbadejinde. Bir neçə saat sonra məni çıxarmaq üçün təxliyə gəldi.

Mənim bir əsgərim var idi- Quliyev Elmir. O  dediyinə görə elə ağır vəziyyətdə mən leytinant Babayev Əlinin qisasını almaq üçün silah axtarırmışam ki, düşmənin üstünə gedim, qəzəbimdən, ağrıdan nə etdiyimi bilməmişəm.

Təxliyə olunan zaman ermənilərin atdığı artilleriya mərmisi yaxınlığımıza düşdü və məni qaldırıb atdı minalanmiş əraziyə. Bu, 3-cü dəfə ki, minaya düşürdüm. Amma sürünərək ordan çıxdım. Hamı əlini məndən üzmüşdü. Düşünürdülər ki, məni oradan çıxara bilməyəcəklər, Şəhid olacam. Amma Allah imkan yaratdı, çıxdım...

...Yaralıları ordan Füzuli rayon Zovcuq qəsəbəsinə gətirdilər. Artiq axşam idi. Polis eəməkdaşlarından telefon istədim, yanan paltarımın içindən nömrə çıxardıb qardaşıma zəng elədilər, amma telefonu götürmədi. Anamın telefonunu yıgdılar qonşu acdı. Cavab verdilər ki, Ruqiyyə xalanin oğlu şəhid olub, ona gorə vəziyyəti pisləşib. Sən demə, kənddə mənim Şehidlik xəbərim yayılıb. Tək anam yox, rayon elə bilirdi ki, Şehid olmuşam. Gücümü toplayıb, anamla danışdım: -“mənəm, oğlun Eldar, mən sağam”. Anam inanmadı, elə bilirdi ki, kimsə ona ürək-dirək verir. Anam məndən atamın adını və  nə vaxt və neçə yaşında rəhmətə getdiyini soruşdu. Mən dedim;  kədər, göz yaşı, sevinc gözyaşları ilə evəz olundu...

Gecəyarı bizi o xəstəxanadan çıxarıb gətirdilər Saatlı rayon Mərkəzi xəstəxanaya. Çünki Zovcuq qəsəbəsini ermeni artilleriyası  vururdu ki, xəstələri salamat saxlamasınlar. Saatlı xəstəxanasında bir neçə gün müalicə aldım, daha sonra 5 nömrəli yanıq xəstəxanasında və bir neçə gündə Şeher 2 nömrəli M.Ə Əfəndiyev adına xəstəxanada müalicə olundum.

Texnikamızı vuranda mən qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi,  sağ ayağımda barmaqlarımdan baldır istiqamətinə qədər yanıq xəsarətləri, qulaq pərdəsi dağılması, gözün içinin yanması, qəlpə yaraları xəsarətləri... beləcə, neçə ay ayrı-ayrı xəstəxanlarda müalicə aldım.

Bəlkə də bunu deməməliyəm, amma hələ də pensiyaya cıxa bilməmişəm. Ev mənim üstümdə 11 ailə üzvünə çörək qazanıram. Anam 1-ci qrup əlil, yataq xəstəsidir, özüm də onlarla birlikdə bu günə kimi kirayədə qalıram... Mən hərbçiyəm, vətən dardadırsa ölüm də olsa onu qorumağa, müdafiə etməyə hazıram. Amma, mənim bu problemlərimin həll olunmaması məni düşündürür... “Niyə torpağı uğrunda canını verməyə hazır olan əsgərə qarşı bu qədər laqeydlik olmalıdır...” deyə...

 

- 1 günlük antiterror əməliyyatını 27 sentyabr müharibəsinin davamı kimi müqayisə etsək, erməni silahlı birləşmələri bu dəfə nə dərəcədə dirəniş göstərdi və bu gün Azərbaycan əsgərinin düşmənə sözü nədir?

 

- Zatən erməni dığalarının heç vaxt güçü olmayıb. Onlar hər zaman kiminsə arxasında gizlənib, kiminsə köməyi ilə başqasının haqlarını pozmağa öyrəşiblər. 27 sentyabr mühaibəsi zamanında olduğu kimi, dığaların  bu dəfə də muzdlu köməkçiləri var idi. Amma üzərimizə kim gəlirsə gəlsin, Azərbaycanın hər bir əsgəri bir qəhramandır. Azərbaycan əsgəri öz torpağını terrorçulardan qorumaq üçün canını belə verməyə hazırdır və bunu etdi. Ona görə də 1 günlük döyüş öz böyük nəticəsini verdi. Düşmən ağ bayrağı qaldırdı. Lakin Azərbaycan əsgəri daim ayıq-sayıqdır. Çünki qarşısındakı düşmən şərəfsiz, ləyaqətsiz işğalçıdır.

Biz düşmən üzərindəki qələbəmizi, 1 günlük uğurumuzu elə oğulların qanı bahasına qazandıq ki, onların hər bir haqqında bir qəhrəmanlıq dastanı yazıla bilərik və yazılmalıdır. Mən bu gün onlardan yalnız 27 sentyabr döyüşlərində Şəhid olan komandirim Əli Babayevin adını çəkdim. Biz o igidlərin, əsgər yoldaşlarımızın vətəni azad, terrorsuz görmək arzularını axıra qədər yerinə yetirməyə söz vermişik. Hər an, hər dəqiqə Ali Baş Komandanın əmrindəyik. Torpaqlarımızda tam sülh, əminəmanlıq bərqərar oluna qədər döyüşməyə hazırıq. Düşmən yenə bizim torpaqlarda xəyanətə əl atarsa öz cəzasını almalıdır. 27 sentyabrda, 19 sentyabrda ermənilərin Xocalıda törətdiyi soyqırımın, qətliamın qisasını düşmənin hər həmləsində təkrar – təkrar aldıq. Erməni terrorçuları başlarının Azərbaycan torpaqlarında, Azərbaycan əsgəri tərəfindən kəsilməsini istəmirlərsə, öz bəd niyyətlərindən əl çəkməlidir, əks halda Azərbaycan əsgəri düşmənə qarşı amansız olacaq. Bu, Azərbaycan döyüşçüsünün, əsgərinin döyüşə gedərkən hiss etdiklərinin bir cümləsidir. Azərbaycan əsgəri, döyüşdən, döyüşə atıldıqca daha da bərkiyir, daha da güclənir.

 

- Bir əsgər, bir oğul kimi vətən qarşısında öz borcunu, verdiyin sözü yerinə yetirdin...

 

- Mən 2023-cü il 19 sentyabr döyüşünə qatılanda Allahın izni ilə bu dəfə ailəmə verdiyim sözü tutdum. Ailənin tək ümid yeri mənəm, hamıya söz verdim ki, sağ-salamat qayıdacam, qayıtdım...

27 sentyabr tarixi hər kəsin yaddaşındadır. Hər zaman təəssüf edirdim ki, heyif ki, tez yaralandım, Xocalının, torpaqlarımızın heyfini az aldım. Amma 1 günlük əməliyyatda heyfimi çıxsdım.  Amma yenə də özümdən narazıyam. Erməni terrorçuları bir nəfərə qədər torpqlarımızdan təmizlənməlidir. Mən bu dəfə  yaralanmadım. O səs-küy məni bir az da silkələdi. Keçən dəfə onlara verə blmədiyim cavabı, bu dəfə verdim. 44 günlük müharibədə ürəyimdə yarım qalan qisasımı 1 günlük antiterror əməliyyatında layiqincə aldım...

Amma yanımda yaralanan və Şəhid olanlar cox oldu. Yenə də ayaqlarımızın üstündə durmağı bacardıq. Üzüldük, əzildik, qırılmadıq...

1 günlük antiterror əməliyyatına da texniki heyətlə qoşulmuşdum. Bu dəfə düşmənə daha ağır zərbə ilə acı yaşatmağa çalışdım. Məncə uğurlu alındı.  Verilən tapşırıqları 24 saat ərzində layiqincə yerinə yetirdik. Bu dəfə texnikadan top mərmisi ataraq erməni postunu qara dumana çevirdim. Daha sonra texnikadan ayrıldım. Çünki artıq əsgərlərimiz hücuma keçməli idi və  keçdilər. Güclü ordumuz, torpaqlarımızı qorumağa, hər qarışını düşməndən təmizləməyə hünərimiz var. Hazırda Xocavənd istiqamətində fəaliyyətimiz davam edir.

II Qarabağ qazisi kimi 5 medala layiq görüldüm. Füzulinin azad olması medalı, Cəbrayılıln azad olunması medalı, Xocavəndin azad olunması medalı, Xidmətdə fərqləndiyinə görə 3 cü dərəcəli medalı və veteranlıq medalı ilə təltif olunmuşam.

 

- 27 sentyabr və 1 günlük döyüşlər zamanı şəhidlər verdik, döyüş yoldaşlarınızı itirdiniz.. Təsəlliniz nə oldu?

 

- Biz onunla təsəlli tapırıq ki, döyüş dostlarımızın qanını yerdə qoymadıq. Şəhid ailələri ilə görüşürük. Ayrı-ayrı rayonlarda dəfn olunan şəhidlərimizi ziyarət edirik. Biz onları ziyarət edərkən kədər hissi ilə yanaşı bir qürur hissi də keçiririk. Çünki şəhidlər ölməzdir, müqəddəsdir. Biz döyüşə Vətən uğrunda şəhid olmağa getmişdik. Biz də o yüksəkliyə çatmağı istəmişdik. İndi bizim şəhid dostlarımız o zirvədədir. Bizim üçün kədərli olan odur ki, dostlarımız aramızda deyil. Lakin hər kəs də o zirvəyə ucala bilmir. Heç nəyi unutmaq olmaz. Orada gördüyümüz bir anı belə danşmaq üçün bir ömür yetməz. Ürəyimizdə nə qədər dost itkisinin üzüntüsünü yaşasaq da, bu gün qürur hissi keçiririk. Düşməni təslim etdik. /hafta.az/

 

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq