QADINLIĞIN VƏ ANALIĞIN ƏN ALİ TİMSALI

10:54 04-10-2023 | icon 521 | Cəmiyyət
QADINLIĞIN VƏ ANALIĞIN ƏN ALİ TİMSALI

"O, Ulu Öndərimizə duyduğu sevgi qədər əbədidir"


10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü SEVİNDİK NƏSİBOĞLU Versus.az-a Ulu Öndərimizin hər zaman dayağı, dəstəyi olmuş, həyatda onun üçün ən sadiq insan olmuş ömür-gün yoldaşı, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyeva haqqında yazdı:

 

Azərbaycan-türk qadını, türk anası hər zaman hər sahədə müsbət mənada bütün dünya qadınları arasında öz fərqliliyini, ağırlığını, sanballılığını, ucalığını nümayiş etdirmiş və seçilənlərdən olmağı bacarmışdır. “Qadınlıq” sözü, “analıq” sözü hər zaman Azərbaycan qızlarının, gəlinlərinin. qadınlarının timsalında daha da dəyərə, qiymətə minmiş, daha gözəl və daha qürurlu bir şəkildə səslənmişdir. Azərbaycan qadınları öz xalqını, öz ölkəsini bineyi-qədimdən çox gözəl və layiqli şəkildə təmsil edərək bu qadınlıq, analıq adını zirvələrə qaldırmışlar. Bunun nümunələrini keçmişimizdən görmüşük, indi görürük və gələcəkdə də görəcəyimizə şübhə etmirik. Ataların misalında deyildiyi kimi “ot kökü üstə bitər”. Bizim xanım-xatın qadınlarımız öz ömür-gün yoldaşlarına ömür boyu sadiq qalmış, dəstək olmuş, ən yaxşı anında onunla sevinmiş, ən pis anında onları tərk etməmiş, onların ömür boyu yanında olmuş, səsinə səs vermişdir. Azərbaycan qadını, Azərbaycan anası özünün zinəti olan əxlaqından və imanından heç bir zaman ayrılmamış, bütün ömürünü düzlük içində, haqq-ədalət, ana, qadın isməti, abırı, həyası içərisində yaşamışdır. Dünyanın bir çox yerindən Azərbaycanın tarixini öyrənən tədqiqatçılar haqlı olaraq heyrətlənir və belə bir sual soruşurlar: “Azərbaycan qadınları dünya qadınlığı içərisində necə bu qədər böyük nüfuza, sevgiyə, hörmətə və diqqətə sahib ola biliblər?”. Bu, əslində cavabı elə də çətin olmayan bir sualdır. Bunun cavabını dünya xəlq olandan bu günə qədər öz fəaliyyətlərini davam etdirən xanımlarımızın misalında, ər igidlərinə hər zaman dayaq olan Tomris xatunun, Sara xatunun, Koroğlunun ömür-gün yoldaşı Nigarın, Qaçaq Nəbinin həyat yoldaşı Həcərin və adlarını bildiyimiz və ya bilmədiyimiz neçə-neçə Azərbaycan xanımlarının timsalında, onların həyatı ilə tanış olaraq, öyrənərək tapa bilərlər. Bir də ən əsası bir şəxsiyyətin, fenomenin və böyük insanın xanımı timsalında... Xalqımızın Ulu Öndəri olan Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloqumuz, akademik Zərifə xanım Əliyevanın timsalında.

 

 

İnsanlar sevgi, məhəbbət haqqında fikirləşəndə bu qənaətə gəlirlər ki, əsl sevgi gərək odlardan, alovlardan keçsin, bir çox qət olunması mümkünsüz olan zirvələri fəth etsin, maneələri, sədləri aşsın və sonda sonsuz, əvəzsiz, şirin vüsala yetişsin. Onda həmin sevgi əsl sevgidir və o sevgi nəinki bir ömür boyu, hətta bir dünya boyu yaşayacaq, yaşadılacaqdır. O sevgi dünyanın ən saf, təmiz məfhumudur və heç bir zaman təmizliyini, saflığını itirməyəcəkdir. Belə sevgilər dünyada az-az, demək olar ki, çox nadir hallarda olur, meydana gəlir. Bir fidan kimi qəlblərdə yetişən o sevgi gün gələndə böyük, uca, ən güclü qasırğalara və fırtınalara davamlı olan çinar ağacına çevrilir. O çinarın neçə-neçə budaqları, qolları olur. O budaqlar, o qollar əsl sevgidən yaranmış sədaqət, nəciblik, böyüklük timsallı sevgilərdir. Mən Ulu Öndərimiz Heydər Əliyevlə onun ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın sevgisini şəksiz və şübhəsiz olaraq əsl sevgi adlandırıram. Tam mənasında inanıram ki, bu sözümü təsdiq edən çoxlu təkzibedilməz sübutlar var. Ulu Öndərimizin Zərifə xanımla ömrünü birləşdirmək yolunda keçdiyi çoxlu maneələr, getdiyi yollarda olan burulğanlar, tufanlar, fırtınalar bunun ən böyük misalıdır. XX əsrin 50-ci illərində Azərbaycanın siyasi həyatında baş verən o qanlı-qadalı hadisələrlə dolu günlər buna misaldır. Elə o əsl sevgi fidanını böyüdüb, bəsləyib uca və ulu bir çinar edən də budur. Əsl sevgi ağacı sudan, havadan yox, maneələrdən, tufanlardan, fırtınalardan qidalanır və bu səviyyəyə çataraq aliləşir, müqəddəsləşir. O ulu çinar ağacı sevgidən güc aldığı üçün ən böyük fəlakətlərdə yerindən bir azca da olsa tərpənmir belə. Hətta fırtınaları, tufanları titrədir, yurdları, yerləri viran qoyan sellərin özünün önünə sipər olur, onu dayandırır, səmtini dəyişir, dağıdıcı havasını alır. Bu ali sevgini, məhəbbəti belə vəziyyətə gətirən nədir? Qorxmazlıq, sadiqlik, səbirlilik, dözümlülük, təmkinlilik... Ulu Öndərimizin gələcək sevgilərə bir ilham xarakteri daşıyan sevgisi belə başladı, davam etdi və özünün ən böyük zirvəsinə, kuliminasiya nöqtəsinə belə çatdı.

 

Zərifə xanım xalqımızın böyük alimi, elm və səhiyyə sahəsində tanınmış xadim, Azərbaycanı bütün Sovet məkanında, o vaxtkı sosialist ölkələrində tanıdan, sevdirən böyük bir şəxsiyyət idi. Ulu Öndərimiz siyasi uzaqgörənlik, idarəçilik qabiliyyəti baxımından, Zərifə xanım isə tibb və elm sahəsində fəaliyyəti baxımından Azərbaycanın nə qədər qüdrətli, əzəmətli və zəngin bir ölkə olduğunu, demək olar ki, bütün dünyaya çatdırmışdı. Görkəmli oftalmoloqumuz Zərifə xanım Tomrisin, Sara xatunun, Nigarın, Həcərin SSRİ dönəmində - o qanlı-qadalı illərdə ən böyük və layiqli davamçısı olaraq fəaliyyət göstərirdi. Azərbaycanın əməkdar elm xadimi kimi ali və şərəfli ada layiq görülmüş Zərifə xanım həm də oftalmologiya sahəsində müəllifi olduğu kitablarla necə təhsilli, təcrübəli və bacarıqlı oftalmoloq olduğunu göstərirdi. SSRİ səviyyəsində qazandığı ali məqam, şöhrət və yüksək dərəcədə olan hörmətin nəticəsi olaraq Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü seçilmişdi. 1981-ci ildə Sovet məkanında SSRİ Tibb Elmlər Akademiyasının M.İ. Averbax adına Mükafatına layiq görülmüş ilk qadın olması onun nəinki Azərbaycan qadınını, həm də Şərq qadınını layiqincə təmsil etməsindən xəbər verirdi.

 

Zərifə xanım Ulu Öndərimizə layiq bir xanım və ömür-gün yoldaşı idi. Onunla tanış olduğu ilk gündən vəfat etdiyi günə qədər ona olan sadiqliyi, əbədi və dönməz sevgisi, hörməti, diqqəti ilə bütün xanımlara örnək idi. Zərifə xanım sadiq həyat yoldaşı olduğu kimi mehriban, qayğıkeş, fədakar bir ana idi. O, Ulu Öndərimizə iki layiqli övlad – Sevil xanımı və hörmətli cənab Prezidentimiz İlham Əliyevi böyütmüş, vəfat etdiyi günə qədər onları gözü kimi qorumuş, canından da artıq sevib dəyər vermişdi. Zərifə xanımın Azərbaycan xalqına İlham Əliyev fenomeni kimi əsrin qəhrəmanı sayılacaq dərəcədə ali, müzəffər və böyük bir şəxsiyyət yetişdirməsi, bu xalqa, bu millətə nə dərəcədə böyük fədakarlıqlar etməsi və xeyir işlər görməsi faktı danılmazdır.

 

Qeyd edilənlərlə bərabər Zərifə xanım Əliyeva həm də hikmətli, şəfqətli və yüksək dünyagörüşlü bir həkim idi. Bunun sübutunu onun müəlliflik etdiyi “Yüksək əqidə” kitabında tapmaq olar, orada deyilir:
“Ölkə, cəmiyyət nə qədər inkişaf etmiş olursa, onun insanları da, mənəvi cəhəti də, humanistliyi də yüksək olur, eyni zamanda həkimin mənəviyyatı da, insanpərvərliyi də diqqəti cəlb edir.


Həkim çox səbirli olmalıdır. O, xəstənin daxili aləminə girib onu başa düşməsi üçün “Şəhrizadın uzun-uzadı nağılı”nı dinləməyi bacarmalıdır. İnsanın və xüsusilə xəstənin daxili aləmi də onun orqanizmi kimi mürəkkəbdir.

Vicdan – bizim əsas hakimimizdir.” 

 

Yuxarıdakı sitatlardan da göründüyü kimi Zərifə xanım vicdanlı, humanist bir həkim, bir insan olaraq təkcə xəstələrinin yox, öz ölkəsinin, cəmiyyətinin, digər ölkə və cəmiyyətlərin, bir sözlə, bütün dünyanın xeyrini istəyir, bunun üçün çalışır və bütün ömrünü, həyatını bunun üçün sərf edirdi. Onun sədaqəti, sevgisi təkcə Ulu Öndərimizə, övladlarına, gözəl ailəsinə deyil, eyni zamanda doğma xalqına, ölkəsinə və elə bütün dünyaya idi.

 

Zərifə xanımın sevgisində o, vəfat edəndən sonra da ayrılıq baş vermədi. Oxucu haqlı olaraq soruşa bilər ki, axı Zərifə xanım 1985-ci ildə amansız xəstəlikdən dünyasını dəyişdi, bəs onlar ayrılmış olmadılar?! Xeyr, onlar ayrılmış olmadılar. Onlar heç bir zaman ayrılmadılar. Ulu Öndərimiz heç bir zaman onu unutmadı. Məzarını ziyarət edərkən əlini Zərifə xanımın qəbirüstü abidəsinə qoyaraq fikrə getməsi, dəqiqələrcə onun abidəsinə tamaşa etməsi, tədbirdə “Tut ağacı” mahnısını dinləyərkən kövrəlməsi onun Zərifə xanımı nə qədər böyük və sarsılmaz məhəbbətlə sevdiyini göstərirdi. Rejissor Vaqif Mustafayevin çəkdiyi “Əsl məhəbbət haqqında” adlı filmə baxarkən biz Ulu Öndərimizlə Zərifə xanımın böyük sevgisinin bir daha şahidi oluruq. Zərifə xanım vəfat etsə də, bütün varlığı ilə Ulu Öndərimizin və onu sevənlərin qəlbinə köçdü, orada həyatını davam etdirdi və indi də həyatına davam edir. Zərifə xanım ölməyib, o, Ulu Öndərimizə duyduğu sevgi qədər əbədidir, onu sevənlərin qəlbində ölməzliyini qoruyub saxlayır və saxlayacaqdır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR