Qlobal təhlükəsziliyin unikal işlək təcrübəsi
Elşad Mirbəşir: “Lokal antiterror əməliyyatı nəticəsində təhdidlər aradan qaldırıldı"
“Azərbaycan regionda separatizm təhdidini aradan qaldırdı. Bu, elə bir tarixi dərs oldu ki, heç vaxt dünya erməniliyi tərəfindən unudulmayacaq. Hesab edirəm ki, ermənilər bundan sonra Azərbaycan ərazisində separatizm niyyətlərinə düşməyəcəklər. Və yaxud Ermənistan təxribatlar törətməzdən əvvəl yaxşı düşünəcək”.
Versus.Az xəbər verir ki, bunu deputat Elşad Mirbəşir Azərbaycanın ərazisində erməni separatçılarını darmadağın etməsinin region və dünya üçün verdiyi vədlərlə bağlı açıqlamasında bildirib.
E.Mirbəşir bildirib ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra digər ərazilərimiz boyunca da suverenliyimizin təmin olunması istiqamətində intensiv addımlar atdı. Onun sözlərinə görə, Azərbaycan ərazisində separatizm milli, dövlət təhlükəsziliyimizə çox ciddi təhdid idi. Bu təhdidin aradan qaldırılması qarşıda duran mühüm vəzifə idi və lokal antiterror əməliyyatı nəticəsində bu təhdid aradan qaldırıldı:
“Ölkə prezidenti hər zaman vurğulayırdı ki, Azərbaycana qarşı təxribatlarda iştirak edən, qanlı cinayətlərdə əli olan hər kəs cavab verəcək. Azərbaycanda separatçıların rəhbərlərinin və separatizm fəaliyyəti ilə məşğul olan hər kəsin qanun qarşısında layiqli cavabını alacağı ilə bağlı Azərbaycan tərəfinin səsləndirdiyi fikirlər bu gün öz öksini tapmaqdadır".
Deputat aparılan tədbirlərin dünya üçün xüsusilə önəm daşıdığını deyib. Onun fikrincə, bu, həm də ona görə önəmlidir ki, təkcə Azərbaycanın yerləşdiyi coğrafiyada deyil, dünyada separatizmlə məşğul olan hər bir kəs aqibətinin necə olacağını görməkdədirlər:
“Ermənistanın hərbi, siyasi təxribatlarının qarşısı alındı. Ermənistanın hər təxribatından sonra Azərbaycanın mövqeləri daha da gücləndi. Separatçı cinayətkar rejim kapitulyasiyaya uğradı və sentyabrın 28-də özünü buraxacağını elan etdi. Biz bu gün görürük ki, separatizm fəaliyyəti ilə məşğul olunanlar həbs olunur, istintaqa cəlb olunur və haqlarında istintaq araşdırılmaları aparılır. Bu Azərbaycanın gücünün, Azərbaycan prezidentinin qətiyyətinin növbəti dəfə göstəricisidir. Azərbaycan bu addımları atmaqla separatizm üzərində qələbə çalmaqla qlobal təhlükəsziliyin təmin olunmasının unikal işlək təcrübəsini dünyaya təqdim etdi”.
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"