“Muğan Bank”ın bağlanmasına reaksiya

18:12 19-10-2023 | icon 487 | İqtisadiyyat
“Muğan Bank”ın bağlanmasına reaksiya

“Bəzi rəhbərlər daşıdığı vəzifənin səlahiyyətlərini başa düşmürlər”

 

Bu gün “Muğan Bank” ASC ləğv edilib. Səbəb olaraq məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğu bildirilir. Yəni məcmu kapitalının adekvatlıq əmsalının üç faizdən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi, daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmadığı bankın bağlanmasına səbəb olaraq göstərilib.

 

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, “Muğan Bank”ın 2022-ci il audit hesabatı tam şərtli verilmişdi, hesabatda problem var idi:

 

 

“Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında “Muğan Bank”ın lisenziyasının ləğv edilməsinin şərtləri izah olunub. Nəzarətçi orqan olduğu üçün mütəmadi yoxlamalar keçirdiyinə görə səbəblərini Mərkəzi Bankdan yaxşı bilən yoxdur. Mərkəzi Bank cəmiyyətə təqdim etməli olduğu hissəni elan edib. “Muğan Bank”ın 2022-ci il maliyyə hesabatına diqqət etsək, görərik ki, audit hesabatı tam şərtli verilmişdi. Maliyyə hesabatına tam təminat vermirdilər”.

 

Ekspert qeyd edib ki, AMB vəziyyəti sağlamlaşdırmaqdansa, bankı ləğv etməyə üstünlük verdi:

 

“AMB ləğv olunmanı müəyyən qədər izah edib. Daxili nəzarətə, hesabat qaydalarına riayət olunmamasını, kapital yetərsizliyini bu qərar üçün əsas hesab edib. Bu da müəyyən fikir formalaşdırır. Mərkəzi Bank əvvəl daha çox bankları sağlamlaşdırmağa cəhdlər edir, səhmdarların işlərini tənzimləyir və əlavə vəsaitlər tələb edirdi”.

 

X.Kərimli “Muğan Bank” ASC-nin ləğvinin bank sektoru üçün ciddi təhlükə yaratmadığını söyləyib:

 

“Nəzərə alaq ki, bankda yalnız sığortalanmış öhdəlik yox idi. Orada müştərilərin öz cari hesablarında olan, sığortalanmamış vəsaitlər də var idi. Onlar üçün pullarını geri götürmək çətin olacaq. “Banklar haqqında” Qanunda müflisləşmə qaydaları təsbit olunub. İlk olaraq inzibatçı, Əmanətlərin Sığortalanması Fondu vətəndaşlara ödəyəcəyi vəsaitləri geri qaytarmalıdır. “Günay Bank”dan sonra “Muğan Bank”ın bağlanması insanlarda sahəyə inamı itirəcək. Çünki hər an problem yaranacağından ehtiyat edəcəklər. Şirkətlər kiçik və etibarsız hesab edəcəkləri banklarla əməkdaşlıq etməyəcəklər. Bu isə bank sektorunda təmərküzləşməyə gətirib çıxaracaq”.

 

İqtisadçı-ekspert Fuad İbrahimov isə qeyd edib ki, rüblük hesabatların açıqlandığı zaman problem var idisə, onları dərhal işıqlandırmaq lazım idi:

 

“Xatırladaq ki, eyni hal “Günay Bank”da da yaşanmışdı. Bu gün verilən açıqlama heç kəsi qane etmir. Nəzərə almaq lazımdır ki, istənilən ölkədə bankın bağlanması yaxşı hal deyil. “Muğan Bank” bir ilin bankı deyil, uzun müddətdir fəaliyyət göstərir. Orada insanların kifayət qədər depozitləri var. Hətta elə depozitlər var ki, sığortaya düşməyib. Belə hallar bank sahəsinə olan etibarı itirir. Hər kəs kapitalına görə narahatdır. Kapitalların geri verilməsi xeyli zaman alacaq. 

 

 

Ekspert həmçinin Mərkəzi Bankın sədrinin açıqlamalarına da diqqət çəkib:

 

“Üç ay öncə AMB rəhbəri demişdi ki, heç bir problem yoxdur. Bu gün bank bağlandı. Bəzi rəhbərlər bu gün daşıdığı vəzifənin səlahiyyətlərini başa düşmürlər. Bununla yanaşı açıqlama verəndə hər kəlməyə diqqət edilməlidir ki, sonradan belə problemlər yaşanmasın”.

 

F.İbrahimov hesabatlarda da şəffaflıq problemi olduğunu dilə gətirib:

 

“Bunu görməməzlikdən gəlib, sonra belə qərarın verilməsi düzgün deyil. Nə qədər şirkətlərin hesabatları var. Bu gün “Muğan Bank”dan daha betər vəziyyətdə olan banklar var. Lakin problem bunlarda (“Muğan Bank” və “Günay Bank” - red.) işıqlandırıldı. Bu hal kiçik banklara olan inamı itirir”.

 

Xatırladaq ki, bir neçə ay öncə “Günay Bank” da eyni səbəbdən bağlanmışdı. /oxu.az./

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR