"Qalib ölkənin qalib prezidentini seçmək hər kəsdə başqa bir duyğu yaradacaq"
Ramil Hüseynov: “İlham Əliyev qarşısına qoyduğu Ali məqsədləri öz siyasi strategiyası ilə fəth etdi”
2024-cü fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Artıq nəzərlər Azərbaycana, ölkənin daxili ictimai-siyasi nəbzinin hərarətlə atışına dikilib. Növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən amillər, dünya, regionun mövcud geosiyasi reallığı ilə nə dərəcədə uzlaşması, gözləntilər müzakirə obyektindədir. Sual olunur: Prezident seçkilərinin növbədənkənar keçirilməsini zəruri edən məqamlar nədir.
Bu istiqamətdə Versus.az-a müsahibə verən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov mühüm nüanslara diqqət çəkib.
- Ramil bəy, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini şərtləndirən amillər nə ilə bağlıdır?
- Növbədənkənar keçirilən prezident seçkilərini şərtləndirən əsas şərt bütün ərazilərimizin işğaldan azad olunması ilə bağlıdır. Müstəqil, suveren, sərhədləri bütöv bir dövlətin vətəndaşı olaraq, həm də qalib ölkənin qalib prezidentini seçmək, düşünürəm ki, hər kəsdə başqa bir duyğu yaradacaq. Regionda, ölkəmizdə reallıqlar başqadır. Ölkəmizin gələcəyi, taleyi ilə bağlı tamamilə başqa bir situasiya yaranıb. Çünki bu seçki Azərbaycanın bütün ərazisində keçiriləcək. Ona görə də növbədənkənar seçkinin keçirilməsi zərurətindən danışarkən ilk növbədə bu məqamın üzərində dayanırıq.
Təbii ki, digər məqamlar da var - qlobal dünyada kataklizmlər getdikcə artır, müharibələr səngimir. Azərbaycanda stabillikdir və bu gün irəlidə baş verə biləcək hər hansı əks təsirlərə hazır olmaq lazımdır. Bunun üçün də güclü liderə, rəhbərə, proseslərin içində olan və hər kəslə öz dili ilə danışmağı bacaran sərkərdəyə ehtiyac var və həmin sərkərdə öz postunu zamanında tutmalıdır.
- Bu seçki indiki ictimai-siyasi, geosiyasi müstəvidə hansı mühüm əhəmiyyəti ilə diqqət çəkir?
- Tarixdə hər bir başlanğıc nöqtə, həm də yeni bir yolayrıcıdır. Keçmişdən bu günə yalnız bir yol gəlir, lakin bu gündən gələcəyə saysız-hesabsız yollarla getmək mümkündür və o yolu özün seçirsən. Həm də seçim ehtimalın daha yüksək olur. Bəzən tarix, ya da tarixə istiqamət verənlər gözlənilməz yollara ayaq basa bilirlər. Bu cür insanlar çox azdır. Çünki bu çox yüksək intelekt tələb edir. Yüksək intelekt prinsipiallıq və ardıcıl qətiyyət və ən əsası bu intelektdən səmərəli istifadə edərək tarixə təsir edib, öz dövlətinin milli maraqlarının xeyrinə prosesi yönəltməkdir. Bu günün reallığı ondan ibarətdir ki, prezidentimiz İlham Əliyev qarşısına qoyduğu Ali məqsədləri öz siyasi strategiyası ilə fəth etdi. Bu məqsədə nail olmaqla biz millət olaraq özümüzü, kimliyimizi, vətənimizi və dövlətimizi qorumaq prinsiplərinin bütün elementlərini özümüzdə cəmləşdirdik. Həyata keçirilən planları vaxtında və zamanında qiymətləndirə bilməyənlər bu gün onun bədələni bütün mənalarda ödəyirlər. Hər hansı bir siyasi uğura, hadisəyə düzgün qiymət verə bilməyənlər siyasətdə olmamalıdır.
- Siyasi partiyalar müstəvisində “seçkiləri boykot” edən siyasi qurumlar da var. Dediyiniz belə bir gərgin ərəfədə bu “boykot” taktikası nə dərəcədə bizə uyğundur?
- Siyasətçi birbaşa ölkənin və dövlətin siyasi dayaqlarını möhkəmləndirmək öhdəliyini həyata keçirməyə borcludur. Bu öhdəliyi yerinə yetirə bilməyənlər ya qərəzlidir, ya da kiminsə hansısa siyasi maraqlarının sifarişlərini həyata keçirmək öhdəliyini daşıyırlar. Bu, indiki dünya reallıqlarında dövlətin təməl prinsiplərinə xələl gətirəcək təhlükəli bir siyasi davranışdır və tarixi istiqamətlərə təsiretmə bacarığının olmamasıdır. Bu halda bacarığı olanlara mütləq dəstək verilməlidir. Bacarığı olmayanlar isə müxtəlif bəhanələrlə gündəm yaratmaq niyyətindədir. Lakin şübhəsiz ki, hər fürsətdən Azərbaycana qarşı müxtəlif yersiz ittihamlarla, iradlarla çıxış etmək istəyən, bunun üçün xain pusku quran qüvvələr var ki, radikal müxalifət deyilən həmin qrupların seçkini boykot etməsi o qüvvələrin əleyhinə işləyəcək. Seçkini boykot edənlər ola bilər ki, onlara verilən sifarişi yerinə yetirdiklərinə görə xaricdən hansısa “paketləri” alacaqlar. Amma yenə də xalqın güvənini, inamını itirəcəklər. Çünki torqaqlarını işğaldan azad edən xalqın Ali Baş Kamandanı, Prezident İlham Əliyev tərəfindən verilən növbədənkənar seçki sərəncamı, heç şübhəsiz ki, təsadüfi ola bilməz və bunun da bir zərurətdən yarandığına şübhə etmirəm. Çünki Azərbaycanın tarixinə ilk dəfə qızıl hərflərlə Zəfər yazdıran bir sərkərdə özünün qətiyyətli çıxışında dediyi kimi, nəyi nə zaman etdiyini yaxşı bilir. Ona görə də bu prosesə kölgə salmağa çalışsalar da heç nəyə nail olan deyillər.
- Azərbaycanda növbədənkənar seçki hansı reallığı özündə ehtiva edir və ona doğru yanaşma necə olmalıdır?
- Diplomatiyanın özündə vacib nüansları, incə məqamları, yaranmış siyasi şəraiti, mürəkkəb situasiyaları düzgün dəyərləndirib, dövlətin, millətin xeyrinə dəyişməkdir. Bu gün dünyanın sivil kəsimini, siyasi bilik və bacarıqlarını özündə cəmləşdirə bilənlər buna çox önəm verir. Artıq biz millət olaraq bunun şahidi olduq. Böyük qələbəni ərsəyə gətirən, ölkəmizin təmsilçiliyini yüksək peşəkarlıqla idarə edən, milli maraqlarımızı məharətlə qoruyan bir siyasi kursun arxasında durmalıyıq ki, daim qələbələrlə yaşayaq. Azərbaycan bayrağını bu gün sərhədlərimizdə dalğalandıran, ərazi bütövlüyümüzü bərpa edən, suverenliyimizi möhkəmləndirən, bütün qəlblərdə istiqlal çırağlarını alovlandıran, beynəlxalq münasibətlərdə ölkənin imicini yüksəldən, şanlı tarix yazan, strateji hədəflərimizə nail olan, həmrəyliyimizi gücləndirən bir siyasi xəttimiz var və onun müdafiəsi bizim Müdafiə priotetimiz olmalıdır. Çox təəssüflər olsun ki, bütün bu nailiyyətlərə kölgə salan siyasi məğlubiyyət qəhrəmanları səmərəsiz fəaliyyətlərini davam etdirirlər. İddialı şəxslər seçki başlamadan məğlubiyyətlərini baykotla etiraf etməməlidir. Seçkidə sağlam rəqabət aparmaq siyasət elminin əsas anlayışlarından biridir. Baykotun özü bir etiraf nümunəsidir. İndiki dünya düzəninə nəzər yetirəndə və dərindən düşünəndə tam aydın olur ki, bu etirafın arxasında qərəzli, məkirli, sifarişli siyasi maraqlar dayanır. Əhəmiyyəti olmayan katalizator missiyasını və kefiyyətini itirmiş bir siyasi obrazdır. 1956-cı ildə ABŞ-da bu avtobus baykotu metodundan istifadə olunub. Azərbaycan avtobus deyil. İndi bizim ölkəmiz müstəqil bütövləşmiş, möhkəmlənmiş güclü orduya malik, müdrik milləti olan, qələbə qazanmış, qalib bir Dövlətdir. Hələ də keçmişin indiki dövr üçün əhəmiyyətsiz olan siyasi texnologiyasından istifadə etmək hesablanmış dərk edilmiş məğlubiyyət etirafından başqa bir şey deyil.
Arzu Zeynallı
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"