"Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi bu ölkənin sonu ola bilər"
Kamilə Əliyeva: “Makron hakimiyyəti Cənubi Qafqazda yeni müharibə yaratmağa çalışır”
II Qarabağ zəfərinin 3-cü ilinin astanasında dayanan Azərbaycan ictimaiyyəti indi də beynəlxalq təşkilatlardan sızan “müharibə ritorikası” ilə üz-üzə dayanıb. Artıq sülh danışıqları və Zəngəzur dəhlizi ilə bağlı təxribatların regionda mövcud reallığın dəyişdirilməsi üçün aktivləşdiyi müşahidə olunur. Bir çox xarici dairələr Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması xətti üzərində aparılan danışıqlara maneə yaratmaq üçün, hətta Azərbaycanın yeni müharibəyə hazırlaşdığını sərsəmləyir. Nə baş verir?
Bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Kamilə Əliyeva mövcud situasiya ilə bağlı bəzi nüanslara diqqət çəkib.
- Avropa parlamenti və ayrı-ayrı dövlətlərin Azərbaycana qarşı qərəzli çıxışları - “ermənilərə qarşı etnik təmizləmə”, “ermənilərin qeyd-şərtsiz Qarabağa qaytarılması” tələbləri hansı məkirli siyasi oyunların tərkibi olaraq ortaya atılır və bu cür təxribatların sülh danışıqları ərəfəsində meydana gətirilməsi nəyə yönəlikdir?
- Bir neçə gün əvvəl Fransa müdafiə naziri ilə Ermənistan müdafiə naziri arasında hərbi saziş imzalandı. Fransa Ermənistana hava hücumundan müdafiə silahları verəcək. Dünyanın bir sıra ərazilərində müstəmləkəçilik siyasəti yüridən Fransa, yeni ərazilərdə, o cümlədən Cənubi Qafqazda nüfuz sahibi olmaq niyyətindədir. Makron hakimiyyəti Cənubi Qafqazda yeni müharibə yaratmağa çalışır. Fransa bu il BMT TŞ-da Azərbaycana qarşı qətnamə çıxarılması üçün bir neçə dəfə təşəbbüslə çıxış edib və hər dəfə də Azərbaycan dövləti qarşısında acı məğlubiyyətə uğrayıb. Fransanın Cənubi Qafqazda həyata keçirmk istədiyi planları yenə də fiaskoya uğrayacaq, Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi bu ölkənin sonu ola bilər.
- Ermənistanın silahlandırılması Fransaya nə qazandıracaq və bu, 3-cü Qarabağ müharibəsini körükləyə bilərmi?
- Ermənistanın baş naziri Paşinyanın son dövrlərdə atdığı addımlar Ermənistan dövlətinin gələcəyi üçün yaxşı heç nə vəd eləmir. KTMT-nın üzvü olan Ermənistanın Qərbə üz tutması, Fransadan silah alması, ABŞ-la birgə hərbi təlim keçirmələri Paşinyan hakimiyyətinə böyük başağrısı olacaq. Paşinyan Avropa Parlamentində çıxışının ayaqüstə alqışlanmasını özünün qələbəsi kimi qəbul edir. Əslində isə avropalı deputatlar Ermənistan üzərindəki qələbələrini alqışlayırdılar. Fransa və ona müttəfiq dövlətlər orada Ermənistanı öz oyuncağına çevirmələrinə əl çalırdılar.
Məlumdur ki, Paşinyan Qərb dövlətlərinin hakimiyyətə gətirdiyi adamdır. Söylədiyi fikirləri bir gün sonra əks fikirlərlə təkzib edən Paşinyan İrəvandakı çıxışı zamanı Qarabağdan Ermənistana köçən ermənilərin Azərbaycan tərəfindən heç bir zorakılığa məruz qalmadığını söyləsə də, Avropa Parlamentindəki çıxışında guya ermənilərə qarşı etnik təmizləmə aparılması barədə dediyi sözlər ikiüzlülüyün nümunəsidir. BMT-nin müşahidə missisyası Qarabağa 2 dəfə səfər etmiş və öz hesabatlarında Azərbaycan dövləti tərəfindən ermənilərə qarşı hər hansı zorakılığın tətbiq edilməməsini qeyd etmişdilər. Ermənistanın baş naziri Qarabağdan Ermənistana köçən sakinlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün Avropada 100 milyon avro dilənməyə gəlmişdi və əslində bu pullar köçən ermənilərə deyil, başqa məqsədlər üçün xərclənəcəkdi. Paşinyan düşünür ki, bu cür çıxışları ilə Brüssel və digər platformalarda keçirdiləcək görüşlərdə Qərb dövlətləri, xüsusən də Fransa Azərbaycana təzyiq göstərə bilər. Prezident cənab İlham Əliyev Azərbaycanın milli maraqlarına və beynəlxalq maraqlara əsaslanan mövqedən çıxış edir və heç bir qüvvə, heç bir dövlət Azərbaycanla təhdid, zor dilində danışa bilməz. Prezident İlham Əliyev Vətən Müharibəsi və müharibədən sonra dəfələrlə vurğulamışdı ki, Qarabağda yaşayan erməni əsilli sakinlər Azərbaycan vətəndaşlarıdır və onların öz dilini, dinini, mədəniyyətini qoruyub saxlamaları, eləcə də digər hüquqları, həm də təhlükəszilikləri Azərbaycan qanunlarına uyğun qorunacaq. Əgər Qarabağdakı ermənilər Azərbaycan qanunlarına tabe olaraq burada yaşamaq istəsələr onların sosial vəiyyətləri əvvəlkindən daha firəvan olcaq. Və dünya ictimaiyyəti, o cümlədən Ermənistan rəhbərliyi də yaxşı bilirlər ki, İlham Əliyevin sözü, imzası qədər dəyərlidir.
- Bu gün Azərbaycana qarşı yönələn bu cür qərəzli çıxışların qarşısına çıxmaq,h aqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılması üçün diaspora və lobbiçilik fəaliyyəti öz işini necə qura bilir?
-Azərbaycan bütün təhdid və təxribatlara cavab verə biləcək bir dövlətdir. Ölkəmiz siyasi, iqtisadi cəhətdən böyük nüfuza malikdir. Prezident İlham Əliyevin düşünülmüş, qətiyyətli siyasəti, mükəmməl diplomatik bacarığı Azərbaycana qarşı yönəlmiş dövlətlərin çirkin siyasətinin qarşısını alır. Bu gün Fransa müstəmləkəçiliyinə qarşı təşəbbüs qrupu bu ölkənin başqa dövlətlərdə törətdiyi cinayətləri dünya ictimaiyyətinə çatdırır. Bir nüçə gün bundan əvvəl Bakı Təşəbbüs Qrupunun Formunda Fransa müstəmləkəçiliyindən əziyyət çəkən dövlətlərin nümayəndələri öz ölkələrində Fransanın həyata keçirdiyi müstəmləkə və talançılıq siyasətinə son qoyması üçün dünyaya çağırış etdilər. Fransanın xalqlara qarşı soyqırım cinayətləri barədə dünyaya bir mesaj verdilər. Prezident cənab İlham Əliyevin tyəşəbbüsü ilə 3+3 platformasının yaradılmasında məqsəd də regionda yaranmış problemlərin region dövlətlərinin həll etməsi məqsədini daşıyır. Regiondan kənar dövlətlərin müdaxiləsi arzuolunmaz nəticələrə gətirib çıxarda bilər. Bütün bu təşəbbüslər Fransa və onun müttəfiqlərinin Cənubi Qafqaz siyasətinin iflasa uğramasına səbəb olacaq.
İkinci faktor Azərbaycanın xaricdəki diaspor fəaliyyətinin gücləndirilməsidir. Xaricdəki diaspor təşkilatlarımız mütəmadi olaraq Avropanın bir çox dövlətlərində aksiyalar keçirir və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox fəallıq iştirak edirlər. Artıq diaspor fəaliyyətinin lobbiçiliyə keçirilməsi istiqamətində böyük işlər görülür, xaricdə yaşayan azərbaycanlılar və Azərbaycandan köçüb getmiş digər millətlərdən olan nüfuzlu şəxslər yaşadıqları ölkənin siyasi dairələrində Azərbaycan naminə böyük işlər həyata keçirdirlər.
- Dünyada iqtisadi maraqlar müstəvisində yeni reallıqlar formalaşır və bu “yol xəritəsi”ndə Azərbaycanın yeri, əhəmiyyəti nədən ibarətdir və bu, işğal, terror siyasəti aparanlara qalib gəlmək üçün hansı şansı yaradır?
- Azərbaycan nəhəng beynəlxalq layihələrin həyata keçirilməsində iştirak edən ən qabaqcıl dövlətlərdəndir. Cənub Qaz dəhlizi vasitəsi ilə Azərbaycanın təbii qazı 2022-ci ilin əvvəllərinədn Avropa dövlətlərinə ixarac edilir və yaxın gələcəkdə ölkəmizdə istehsal olunacaq Yaşıl enerji Avropaya nəql edilməsi bu dövlətlərin enerji təhlükəsziliyinə böyük töhfə verəcək. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşaqlarının üzərində yerləşir. Azərbaycanda yaradılmış nəqliyyat-loqistika layihəsi yüklərin mənzil başına tez çatması və iqtisadi səmərəliliyin yüksək olmasına imkan verir. Bir çox dövlətlər bu nəqliyyat dəhlizlərinin fəaliyyət göstərməsinə böyük maraq göstərir. Bir nüçə gün əvvəl Azərbaycanla İran İslam Respublikası arasında dəmir və avtomobil yolunun tikintisi barədə razılığa gəlinib. Orta dəhlizin bir hissəsi olan Zəngəzur Dəhlizi və Azərbaycanla İran arasında çəkiləcək yol, Azərbaycanla Naxçıvanı birləşdirəcək. Eləcə də Şimal-Cənub, Şərq-Qərb dövlətlərini birləşdirən ən səmərəli nəqliyyat olacaq. Bu, Azərbaycanın iqtisadi gücü ilə yanaşı, siyasi mövqeyini də gücləndirəcək.
- Tarixi Azərbaycan torpaqları üzərində dövlət quran Ermənistanın cinayətlərinin dünyaya çatdırılması, eləcə də beynəlxalq məhkəmələr çıxarılaraq təzminatın alınması istiqamətində aparılan işləri necə dəyərləndirirsiz?
- Ermənilər saxta iddialarından bu gün də əl çəkmir. İddia edirlər ki, Qarabağ erməni torpaqları olub və bu barədə saxta tarix də yaradıblar. Lakin tarixi arxiv sənədləri, bu ərazilərdəki qəbirüstü abidələr sübut edir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın minilliklərdən də əvvəl yaşadığı məskənlər olub.
Rusiya imperiyası 19-cu əsrin əvvəllərindən başlayaraq İrandan başqa ölkələrdən çıxarılan erməniləri -Azərbaycan ərazilərində- Zəngəzurda, Qarabağda yerləşdirib. O vaxtdan ermənilər daim azərbaycanlılara qarşı düşmənçilik siyasəti həyata keçirdiblər. 1920-ci ildə sovet rəhbərliyi Azərbaycan torpaqları olan Zəngəzuru iki yerə bölüb, Qərbi Zəngəzur indiki Ermənistan əraziləri daxilində qalıb. 80-ci illərin sonlarından başlayaraq ermənilər Azərbaycanda soyqırım qətliamlar törədib, azərbaycanlıları Zəngəzur və Qarabağ ərazisindən zorla çıxarıblar. Tarixə nəzər salsaq ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu cinayətlər müxtəlif mərhələlərdə bir neçə dəfə təkrarlanıb. Təkcə 1948-53-cü illərdə azərbaycanlılar kütləvi şəkildə yük vaqonları ilə deportasiya olunan zaman yüzlərlə azərbaycanlı yollarda dünyasını dəyişib. Təbii ki, Ermənistan ərazisindən qovulan azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququ var. Bu istiqamətdə beynəlxalq təşkilatlara müxtəlif müraciətlər ünvanlanıb. Qərbi Azərbaycan icması bu sahədə mühüm işlər həyata keçirdir. Beynəlxalq təşkilatlar azərbaycanlıların bu hüquqlarını müdafiə etməlidirlər. Bu yurdun sakinləri öz doğma ocaqlarına dönməlidirlər.
Ermənilər son 30 ilin işğal dövründə, Qarabağda və Şəqi Zəngəzurda misli görünməmiş vəhşiliklər törədib, kənd və şəhərlərimizi viran qoyublar. Tarixi, dini abidlərimiz tamamilə dağıdılıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi və nəhayət 2023-cü il sentyabr ayının 19-da Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatı uğurla başa çatandan sonra ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Prezident işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı vurğulayıb ki, Ermənistan törətdiyi dağıntılara görə kompensasiya ödəməli, haqq -ədalət öz yerini tapmalıdır. Və bu gün 3-cü ilini qeyd etdiyimiz 8 noyabr zəfər günü, zəfər tarixi Azərbaycanın gələcək inkişafına, eləcə də tarixin müəyyən dövrlərində imperialist qüvvələrin müstəmləkəçilik siyasəti nəticəsində itirilmiş haqqını qorumaq, bərpa etmək üçün yeni reallıqlar yaratdı, yeni yol xəritəsini çızdı. Azərbaycan bu gün 8 noyabrın möhrü ilə açılan həmin Zəfər Yolu İlə irəliləyir.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"