Onlar VI çağırışda təmsil OLUNMURLAR
Azərbaycan Milli Məclisinin tarixinə baxanda görürük ki, bütün çağırışların deputatları arasında tanınmış sənət adamları da olub. 1995-ci ildə formalaşan I çağırış Milli Məslisdən ta 2015-ci ildə seçilən V çağırış Milli Məclisə qədər.
Yalnız 2020-ci ildə seçilən və hazırda da fəaliyyət göstərən VI çağırış Milli Məclisin deputatları arasında tanınmış mədəniyyət və incəsənət xadimlərinə rast gəlmirik.
Bu praktikaya dünyanın bütün parlamentlərində rast gəlinir: deputatlar arasında siyasətdən, məmurluqdan, ictimai işlərdən gələnlərlə yanaşı, məşhur sənət adamları, ədəbiyyat xadimləri, idmançılar da olur. Həmin deputatlar adətən parlamentlərin Mədəniyyət komitələrində fəaliyyət göstərirlər.
Qeyd etdiyimiz kimi, hazırda fəaliyyət göstərən VI çağırış Milli Məclis bu baxımdan əvvəlki parlamentlrədən bir qədər fərqlənir.
Versus.Az Modern.az-a istinadən 1995-ci ildən 2020-ci ilədək fəaliyyət göstərmiş parlamentin bütün beş çağırışı üzrə deputatların siyahısını təqdim edir. Bu araşdırma nəticəsində əvəllər parlamentdə deputat mandatı daşımış sənət adamlarının adlarını dəqiqləşdirməyə çalışmışıq. Onları sizin də diqqətinizə təqdim edirik:
I çağırış Milli Məclis (1995-2000-ci illər):
Azərbaycanın Xalq artisti, məşhur estrada müğənnisi Polad Bülbüloğlu 45 saylı Şuşa–Cəbrayıl–Xocavənd seçki dairəsindən bitərəf deputat seçilmişdi.
Azərbaycanın Xalq rəssamı Ömər Eldarov 28 saylı Səbail seçki dairəsindən deputat mandatı qazanmışdı.
O da bitərəf idi.
Xalq artisti Zeynəb Xanlarova I çağırış Milli Məclisin geniş təqdimata ehtiyacı olmayan deputatı olub. O, bitərəf namizəd kimi 86 saylı Tərtər seçki dairəsindən deputat mandatına sahiblənmişdi.
20 saylı İkinci Suraxanı seçki dairəsini I çağırış Milli Məclisdə Əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli yazıçı, rejissor, bitərəf deputat Maqsud İbrahimbəyov təmsil edirdi.
Azərbaycanın Xalq artisti, məşhur qiraət ustası, aktyor Mikayıl Mirzəni də I çağırış Milli Məclisdə təmsil olunan sənət adamları siyahısına daxil edə bilərik. O, parlamentə 51 saylı Ağsu-Kürdəmir seçki dairəsindən Azərbaycan Demokrat Sahibkarlar Partiyasının namizədi olaraq seçilmişdi.
Azərbaycanın Xalq artisti, məşhur aktrisa Şəfiqə Məmmədova parlamentə 30 saylı Yevlax seçki dairəsindən bitərəf deputat seçilmişdi.
Şən və Hazırcavablar Klubunun rəhbəri və "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanov bitərəf deputat olaraq 19 saylı Birinci Suraxanı seçki dairəsindən mandat qazanmışdı.
Şair, Əməkdar incəsənət xadimi Cabir Novruz parlamentdə 46 saylı Abşeron seçki dairəsini təmsil edirdi. O da bitərəf idi.
Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Anar Rzayev 75 saylı Göyçay seçki dairəsindən bitərəf deputat seçilmişdi. O, Milli Məclisin Mədəniyyət məsələləri komissiyasının sədri idi.
80 saylı Oğuz-Şəki-Yevlax-Mingəçevir seçki dairəsindən bitərəf deputat seçilən Bəxtiyar Vahabzadə də əlavə təqdimata ehtiyacı olmayan məşhur ədəbiyyat xadimi idi. Azərbaycanın Xalq şairi, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi tituluna malik olan B.Vahabzadə həm də "İstiqlal" ordeni ilə təltif edilmişdi. O, Milli Məclisin Mədəniyyət məsələləri komissiyasının üzvüydü.
"Şöhrət" ordenli Xalq yazıçısı Yusif Səmədoğlu (Vəkilov) 26 saylı Birinci Nəsimi seçki dairəsindən deputat seçilmişdi. O, bitərəf millət vəkili olaraq Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri vəzifəsini tuturdu.
69 saylı İsmayıllı seçki dairəsinin deputatı, şair Musa Yaqub da parlamentdəki məşhur ədəbiyyat xadimlərindən idi. O, parlamentə bitərəf namizəd kimi seçilmişdi.
Xalq şairi Zəlimxan Yaqub 15 saylı Birinci Sabunçu seçki dairəsindən deputat seçilmişdi. O, Milli Məclisin bitərəf üzvü idi.
II çağırış Milli Məclis (2000-2005-ci illər):
Zeynəb Xanlarova bu çağırışda da deputat mandatına sahiblənmişdi, amma fərqli dairədən seçilmişdi. Xalq artisti parlamentdə bitərəf deputat kimi 62 saylı Qobustan-Siyəzən-Xızı dairəsini təmsil edirdi.
İkinci dəfə deputat seçilən Xalq yazıçısı Maqsud İbrahimbəyov isə dairəsini dəyişməmişdi. O, Milli Məclisə deputat vəsiqəsini yenə 20 saylı Suraxanı ikinci seçki dairəsindən almışdı.
Xalq artisti Mikayıl Mirzə II çağırış Milli Məclisdə yeni ərazini - 29 saylı Səbail seçkii dairəsini təmsil edirdi.
19 saylı Suraxanı birinci seçki dairəsinin deputatı bu dəfə də bitərəf Anar Məmmədxanov idi.
2000-ci ildə seçilən Milli Məclisin deputatları arasında yeni bir sənətkar vardı - Xalq artisti, məşhur aktrisa Amaliya Pənahova. "Şöhrət" ordenli aktrisa Yeni Azərbaycan Partiyasının namizədi kimi 32 saylı Nizami (Gəncə) seçki dairəsindən deputat seçilmişdi.
Xalq yazıçısı Anar Rzayev də II çağırış Milli Məclisdə dairəsini dəyişməmişdi. O, yenə 75 saylı Göyçay seçki dairəsini təmsil edirdi.
Parlamentin üzvləri arasında idman xadimi də vardı - şahmat üzrə beynəlxalq qrossmeyster Aynur Sofiyeva. Xanım deputat parlamentə proporsional qaydada Yeni Azərbaycan Partiyasının siyahısı üzrə seçilmişdi.
II çağırış Milli Məclisdə qardaşını əvəzləyən Xalq şairi Vaqif Səmədoğlu (Vəkilov) 59 saylı Qazax seçki dairəsindən müxalifətdə olan Müsavat Partiyasının üzvü kimi deputat seçilmişdi.
Xalq şairi Zəlimxan Yaqub da budəfəki parlamentə seçilərkən dairəsini dəyişməmişdi. O, bitərəf namizəd olaraq 15 saylı Birinci Sabunçu seçki dairəsindən deputat seçilmişdi.
III çağırış Milli Məclis (2005-2010-cu illər):
Bitərəf deputat, tanınmış bəstəkar Hüseyn Abdullayev parlamentdə 25 saylı Nizami ikinci seçki dairəsini təmsil edirdi.
“İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunmuş Əməkdar incəsənət xadimi Əkrəm Əylisli o vaxt 7 saylı Ordubad - Culfa seçki dairəsindən deputat seçiləndə hələ Xalq yazıçısı adından məhrum olunmamışdı. O, Milli Məclisin bitərəf deputatlarından idi.
Xalq artisti Zeynəb Xanlarova III çağırış Milli Məclisdə bu dəfə 50 saylı Qobustan-Xızı–Quba seçki dairəsini təmsil edirdi.
Xalq yazıçısı Maqsud İbrahimbəyov 85 saylı Şamaxı seçki dairəsindən, "Bakılı oğlanlar" ŞHK-nin kapitanı Anar Məmmədxanov isə 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilmişdi.
IV çağırış Milli Məclis (2010-2015-ci illər):
Bu çağırışda parlamentdə mədəniyyət və incəsənət xadimlərini yalnız Xalq artisti Zeynəb Xanlarova təmsil edib. O, yenə 50 saylı Qobustan-Xızı–Sumqayıt seçki dairəsindən deputat seçilmişdi.
V çağırış Milli Məclis (2015-2020-ci illər):
Zeynəb Xanlarova - 50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı.
2020-ci il fevralın 9-da seçilən VI çağırış Milli Məclisin üzvləri sırasında məşhur sənət adamı yoxdur.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"