Sülh, quruculuq, türk birliyi İLİ

09:00 22-12-2023 | icon 651 | Siyasət
Sülh, quruculuq, türk birliyi İLİ

2023-cü il “Heydər Əliyev ili” xalqımızın, dövlətimizin həyatında mühüm hadisələrlə yadda qaldı. Xarici təhdidlərə, təzyiqlərə qarşı əzmlə dayanan Azərbaycan dövləti müstəqilliyini, suverenliyini tam bərpa etdi. Bu gün işğaldan azad olunan hər bir şəhər və kəndimizin öz günləri var.

 

Bəs, 2024-cü il nə ili elan edilsin? Bu suala cavablar da maraqlıdır: 

 

"2024-cü il “Böyük Qayıdış İli” olacaq"

 

Milli Məclisin deputatı MAHİR ABBASZADƏ:

 

– 2023-cü ilin “Heydər Əliyev ili” olması Azərbaycan tarixinin ən gözəl səhifələrindən biridir. Biz tərəddüd etmədən deyirik: bugünkü Azərbaycanın memarı, qurucusu ulu öndər Heydər Əliyevdir. Ulu Öndərin fəaliyyəti nəticəsində bugünkü müasir Azərbaycanın təməli qoyulub, inkişaf etdirilib. Cənab İlham Əliyevin Sərəncamı ilə Ulu Öndərin 100 illiyi ilə əlaqədar 2023-cü ilin “Heydər Əliyev ili” adlandırılması, Heydər Əliyevin adına layiq tədbirlərdə onun fəaliyyətini əks etdirən müxtəlif məqamların əks olunması, Azərbaycan tarixinin ən yaddaqalan günləridir.

2023-cü il “Heydər Əliyev İli”ndə cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 ili tamam oldu. Həmin il ilk dəfə Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa edildi. Bu tarixi hadisə ölkəmizin gələcəyi üçün çox vacib hadisələrdən biridir. İl başa çatır. Biz bu ilin uğurlarını nəzərə alaraq, 2024-cü ilə nikbin ruhda baxmaqdayıq. 2024-cü il fevral ayının 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Yenə Azərbaycan xalqı özünün ən layiqli namizədinə, tarixinə zəfər yazmış, ərazilərini, sərhədlərini bütövləşdirmiş, separatizmə son qoymuş şəxsə – cənab İlham Əliyevə səs verəcək.

2024-cü ildə yendən cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə həyata keçirilən islahatların və çox böyük uğurlarla nəticələnə biləcək hadisələrə şahidlik edəcəyik. 2024-cü ildə özünün əsas fəaliyyət istiqaməti olan Böyük Qayıdış prosesi sürətlə həyata keçəcək. Azərbaycanın işğaldan azad olunan ərazilərində şəhərlərin, kəndlərin bərpa edilməsi, qurulması, ərazilərdə dağılmış iqtisadiyyatın bərpa edilməsi, buradan uzun müddət məcburi köçkün düşmüş insanların geri qaytarılması, daimi yaşayışlarının təmin edilməsi ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işlərin həyata keçirilməsi sürətlə davam edəcəkdir. Düşünürəm ki, 2024-cü ildə hər bir Azərbaycan vətəndaşı bu uğurların şahdi olacaq. 2024-cü il “Böyük Qayıdış İli” olacaq.

 

"Torpaqlarımızda güllə səsi yox, musiqi səsi gəlsin"

 

Xalq artisti, professor MƏNSUM İBRAHİMLİ:

 

– 2023-cü ilin "Heydər Əliyev ili" olması bizim üçün çox önəmli il oldu. Xəritəmiz tamamlandı, Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə bayrağımız dalğalandı. Xankəndidə Zəfər Paradı keçirildi. Bu, dövlət, millət olaraq görülən böyük işlərin nəticəsidir və çox qüruruvericidir.

2023-cü il – “Heydər Əliyev İli” bu hadisələrlə tarixə qızıl hərflərlə yazıldı. Ulu Öndərimizlə bağlı bir çox ölkələrdə tədbirlər keçirilir və bu kontekstdə Azərbaycanın bütün ərazilərində suverenliyimiz və müstəqilliyimizin təmin olunması istiqamətində cızılan yol xəritəsinə nəzər salınır.  Biz mədəniyyət işçiləri də ulu öndərin 100 illiyi ilə bağlı böyük tədbirlərə qatıldıq. Bu tədbirlər Azərbaycanın hüdudlarından kənarda da böyük coşqu ilə keçirildi. Ulu Öndərin xatirəsi Kuba, Mekska, Türkiyə, Rusiya, Sidney və dünyanın digər böyük şəhərlərində yüksək sevgi ilə anıldı.

2024-cü ildən də gözləntilərimiz böyükdür. Qarabağımız azaddır və yeni il o torpaqlarda quruculuq işlərinin daha dinamik inkişafı diqqət çəkəcək. Qarabağın tezliklə minalardan tamamilə təmizlənməsi, abadlaşdırılması, Qarabağ, Şərqi Zəngəzur camaatının öz yurdlarına yenidən böyük qayıdışının baş verməsi və məskunlaşma prosesi davam edəcək. Birinci növbədə şəhər-kəndlərimiz bərpa olunmalı, əhalimiz öz evlərinə qayıtmaqla yurdlarımızın azadlıq, həyat eşqi ilə apardığı bərpa işləri tamamlanmalıdır. Qarabağın əvvəlki şöhrəti özünə qayıtmalıdır. Biz necə bir yumruq kimi birləşib torpaqlarımızı azad etdik, bu gün də o birliyimizi daha da möhkəmləndirib torpaqlarımızı abadlaşdırmalı, qurub-tikməliyik. İnanıram ki, 2024-cü il dövlətimiz, millətimiz üçün “uğurlu il” olacaq. Xalqımıza, millətimizə cansağlığı, əmin-amanlıq arzulayıram. Arzu edirəm, torpaqlarımızda güllə səsi yox, musiqi səsi gəlsin”.

 

"Hamının gözlədiyi sülh müqaviləsi imzalanacaq"

 

İlahiyyatçı ELVÜSAL MƏMMƏDOV:

 

– İnanıram ki, 2024-cü ildə Azərbaycanla Ermənistan arasında hamının gözlədiyi sülh müqaviləsi imzalanacaq.

Bu sülh müqaviləsinin ölkəmiz, onun yaxın uzaq gələcəyi üçün çox faydası olacaq. 2024 –“Stabillik, əmin-amanlıq, təhlükəsizlik ili” olacaq. Bütün bunlar Azərbaycan üçün əhəmiyyətlidir və sülh müqaviləsinin də bunu bizim üçün təmin edəcəyinə inanıram.

 

"“Azərbaycanın tarixi ərazilərinin bütövləşməsi ili” olsun"

 

Milli Məclisin deputatı NİZAMİ CƏFƏROV:

 

– 2023-cü il “Heydər Əliyev ili”, zəfər ili oldu. Növbəti ildən də gözləntilərimiz böyükdür.

2024-cü il “Qarabağ ili, Qarabağın dirçəlişi ili” ola bilər. Hər halda böyük iqtisadi, siyasi, mənəvi, mədəni inkişaf illərini yaşayırıq. Gələn il bunların hər birini ad olaraq səciyyələndirmək etibarilə seçə bilərik. Gələn il “Ümumtürk Həmrəyliyi İli” də ola bilər. Bu qələbələrin qazanılmasında ümumtürk həmrəyliyi çox mühüm rol oynadı. Çox yaxşı hadır ki, biz yeni ilə nə ad seçmək istəyiriksə, onlar zəfər və nikbinlik hissləri ilə bağlıdır. Yaxşı haldır ki, biz gələcəyin uğurlarının təminatçısı ola biləcək çoxlu sayda adların üzərində dayana bilirik. Elə bunun özü də bizim gələn il üçün böyük nailiyyətimizin əsaslarıdır.

Bütün uğurlarımızı ümumiləşdirib söyləyə bilərəm ki, 2024-cü il “Azərbaycanın tarixi ərazilərinin bütövləşməsi ili” olsun. Burada söhbət yalnız indiyəqədərki ərazilərimizin bərpa olunmasından yox, Azərbaycanın Şah İsmayıl Xətai – Səfəvilər dövründə olan tarixi ərazilərinin bütövləşməsindən gedir. Bütövlükdə Azərbaycan xalqı tarixən hansı coğrafiyada məskunlaşıbsa, həmin coğrafiya vahid bir dövlət tərkibində birləşə bilər.

 

"“Qarabağ Fatehi İlham Əliyev İli” kimi..."

 

Rəsulullah Məscidinin imamı ATİF İSMAYILOV:

 

– 2023-cü il, həqiqətən, Azərbaycan xalqı üçün mühüm tarixi əhəmiyyətə malik olan il kimi yadda qaldı. Ulu Öndərin siyasətini və quruculuq işlərini davam etdirən Ali Baş Komandan İlham Əliyev qarşına qoyduğu bütün vəzifələri çox yüksək səviyyədə həyata keçirdi və bizi qalıb xalq kimi tarixə həkk etdi.

2024-cü ildə də davam edəcək uğurlu siyasət nəticəsində daxili iqtisadi, siyasi, həmçinin xalqımızın rifahi üçün bir çox işlərin həyata keçirilməsində mühüm rol oynayacaq. Növbədənkənar seçkilərin keçirilməsi ölkədə ciddi islahatların baş tutmasından xəbər verir. Xüsusən də yeni kadrların hazırlanması dövlət quruculuğunda mühüm işlərin həyata keçirilməsi, azad olunmuş torpaqlarda aparılan yenidənbərpa işləri gələcəyimizin inkişafına təkan verən amillərdən biri sayılır.

2024-cü il “Qarabağ Fatehi İlham Əliyev İli” kimi yaddaşlarda qalacaq, seçkilərdə qalib gələn ilin sərkərdəsi kimi tarixdə Azərbaycana yeni töhfələr bəxş edəcək.

 

"“Bərpa və Quruculuq İli” olsun"

 

İqtisadçı alim AĞASƏF İMRAN:

 

– 2023-cü ilin ən böyük əhəmiyyəti o oldu ki, Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi.

Qarabağ problemi tarixin arxivinə getdi.

2023-cü ilə “Sağ ol” deyək, 2024-cü ildə bərpa-quruculuq işlərinə imza ataq. 2024-cü il “Bərpa və Quruculuq İli” olsun.

 

"“Sülh Müqaviləsi İli” ola bilər"

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq MƏTİN MƏMMƏDLİ:

 

– 2023-cü ildə həqiqətən də ölkəmizin daxili və xarici siyasətində böyük hadisələr baş verdi. Xüsusilə  uğurlu antiterror əməliyyatı nəticəsində Qarabağdakı problemlərə son qoya bildik. Eyni zamanda, bütün ərazilərimizdə suverenliyimizi bərpa etdik.

Hesab edirəm, 2024-cü ilə üstün mövqelərlə daxil oluruq. Düşünürəm, 2024-cü ildə əldə etdiyimiz, xüsusilə Ermənistan-Azərbaycan arasında davam edən sülh danışıqlarını 2024-cü ildə uğurla tamamlaya bilərik. Mənim 2024-cü ildən gözləntilərim budur: Ermənistanla yekun “Sülh Müqaviləsi İli” ola bilər. Yəni bunun üçün artıq ciddi bir zəmin formalaşıb.

Hesab edirəm, eyni zamanda, Azərbaycan xarici siyasətinin digər istiqamətləri üzrə də uğurlarımızı davam etdirə bilərik. Yəni Azərbaycan bu gün qalib gəlib, regionun aparıcı dövlətidir. Bu uğurları əldə etmək üçün demək olar ki, bütün qaydalar – düzgün, rasional siyasət, dövlətin malik olduğu resurslar, əldə etdiyi uğurlar və qələbələr var.

 

"2024-cü il “Turan İli, Türk Dünyası İli” olacaq"

 

Milli Məclisin deputatı NAQİF HƏMZƏYEV:

 

– Zəfərdən sonra xoş xəbərlərə alışmışıq. Düşünürəm, 2024-cü ildə keçirilən növbədənkənar seçkilər uğurla başa çatandan sonra sistemli islahatların həyata keçirilməsini müşahidə edəcəyik.

2018-ci il Prezident seçkilərindən sonra da mühüm islahatlar olmuşdu. Bütün bunlarla yanaşı, Ermənistanla sülh müqaviləsinin imzalanması, normallaşma prosesi, keçmiş məcburi köçkünlərin dədə-baba yurdlarına qayıtması, Zəngəzur dəhlizinin, kommunikasiyaların açılması və ən əsası, qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması xəbərinin müjdəsinin veriləcəyinə ümid edirəm. Azərbaycan birgəyaşayışı təşviq edir, bununla bağlı proqramı var. Ermənistan isə hələ də birgəyaşayışla bağlı  fikir, proqram irəli sürməyib.

Ümid edirəm, bu uğurlarla yanaşı, qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdıb-yaşaması ilə bağlı xoş xəbər eşidəcəyik. 2024-cü ilin Azərbaycan, region üçün uğurlu il olacağına inanıram. Ümumilikdə, 2024-cü il “Turan İli, Türk Dünyası İli” olacaq.

 

"“Müdafiə və Təhlükəsizlik İli” olacaq"

 

Milli Məclisin deputatı ELŞAD MİRBƏŞİR:

 

– 2024-cü il Azərbaycan üçün bir çox mənarda əhəmiyyətli il olacaq. Cənab Prezident də vurğulayıb ki, hərbi meydanda birinci qələbəmizi qazandıq, amma informasiya müstəvisində mübarizəmizi daim davam etdirəcəyik.

Bu gün Azərbaycanın regionda yaratmış olduğu reallıqları dəyişdirməyə cəhd edən dairələr var. Ermənistana hərtərəfli dəstək olaraq onun hansısa mövqelərini bərpa etmək istəklərini görməkdəyik. Hesab edirəm, 2024-cü ildə suverenliyimizin daha da möhkəmləndirilməsi istiqamətində təsirli addımlar atmalı olacağıq.

Azərbaycan ərazi bütövlüyünün təmin olunduğu bir şəraitdə həm beynəlxalq münasibətlərdə, həm iqtisadi əməkdaşlıqda iştirak etməkdədir. Müvafiq olaraq bu da ölkəmizin qarşısına yeni vəzifələr qoyur. Düşünürəm, 2024-cü il Azərbaycanın beynəlxalq əməkdaşlığının  daha da genişləndiyi il olacaq. Xüsusilə də son 2 ildə enerji əməkdaşlığı sahəsində atılan addımlar 2024-cü ildə sözügedən istiqamətdə əməkdaşlığımızı daha da genişləndirəcək. Şərqi Avropa ölkələri ilə Azərbaycanın enerji əməkdaşlığında yeni layihələr mövcuddur. 2024-cü ildə bu layihələrin əhəmiyyətli hissəsinin gerçəkləşdirilməsinin şahidi olacağıq.

2024-cü ildə dünyanın münaqişə potensialı yüksək olaraq qalacaqdır. Bu da bütün coğrafiyalarda olduğu kimi, Cənubi Qafqaz üçün də təhdidlər yaratmaqdadır. Cənab Prezidentin çağırışları hər zaman ondan ibarətdir ki, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı genişləndirmək lazımdır. Sonuncu platforma olaraq Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatı çərçivəsində məhz müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini təşəbbüs olaraq irəli sürdü.

Regionda Azərbaycan tərəfindən başladılan prosesin səciyyəvi tərəfi ondan ibarətdir ki, bu, Cənubi Qafqaz regionunda regional təhlükəszilik sisteminin əsasının qoyulmasına hesablanıb. İki yüz il ərzində Cənubi Qafqazda regional təhlükəsizlik sisteminin qurulmasına çalışılıb, amma heç bir nəticə əldə olunmayıb. Prezident İlham Əliyev isə bu təhlükəsizlik sisteminin elementlərini artıq formalaşdırdı. Ona görə də hesab edirəm, 2024-cü il həm də “Müdafiə və Təhlükəsizlik İli” olacaq.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...