Qənirsiz QƏNİRƏ

11:42 07-11-2023 | icon 295 | Cəmiyyət
Qənirsiz QƏNİRƏ

Qənirə xanım Paşayevanın vəfatının 40-cı günündəyik...

 

İnanırsızmı, mən də, Qənirə xanımla ortaq dostlarımızın bir çoxu da hələ inanırıq ki, nə isə çox ciddi bir yuxu içindəyik, qəflətdəyik və deyilənlər, yazılanlar, eşitdiklərimiz, gördüklərimiz gerçəkliyi tam yansıtmır və bir qədər keçmiş Qənirə xanımdan zəng, yaxud ismarıc gələcək... Zəng və ismarıc gələcək ki, “ay qardaş, sizdəmi mənim ölümümə inandınız? İş-güc tökülüb qalıb, tez olun yığışın, mən də gəlirəm”...

 

QENİS YENİ.jpeg (62 KB)

 

Qənirə xanım kimi həyat dolu, millətə, vətənə, mədəniyyətə, Xeyirə, tərəqqiyə… xidmətdən yorul­mayan bir vəfadarın belə vaxtsız-vədəsiz gedişini qəbullanmaq doğrudan da çətindən çətindir. Ancaq gözlədiyimiz möcüzə baş vermədi – nə o, komaya düşdükdən sonra, nə də… Həkimlərini dinləyərkən məhz dua və möcüzə sözlərinin ifadə olunması da durumun kritikliyini göstərirdi, əslində. Əslində, ağlımızla qavrayırdıq – başa düşürdük ki, hər şey ola bilər, hazır olmalıyıq; amma gəl gör, könül, vicdan “hər şeyə hazır olmağı” qəbul edirdimi? Könül, vicdan ağılla “düşünmür” axı…

 

KEDER.jpeg (86 KB)

 

Və olanlar oldu…

 

Qənirə xanım bir kitabının adını “Məndən sonra…” qoymuşdu. Rəhmətlik elə bil bilirdi, elə bil ürəyinə dammışdı ki, həyatdan vaxtsız köçəcək – daha çox iş görmək, daha çox çalışmaq, daha çox… daha… daha… xeyirxahlıq eləmək istəyirdi, istəyirdi…

 

Biz əslində Qənirə xanım haqqında krçmiş zamanda danışmaq, onun adı yanında “Rəhmətlik” deməyə də öyrəncəli deyilik (hərçənd diriyə də rəhmət düşür) – özümüz öz sözümüzə diksinirik, elə bil günah işləyirik… Biz sövq-təbii ona hələ də “Günü ağ olmuş” demək istəyirik…

 

KEDER 1.jpeg (66 KB)

 

Mən gözümü açıb, ağlım kəsəndən atamdan, mamalarımdan (atamın bacılarından) “Fətalının itkin canı”nı eşidirdim. – Fətalı əmim II Dünya Müharibəsindən sonra məktub yazıbmış – yazıbmış ki, “növbəti məktubum çox gec gələ bilər, narahat olmayın”… Nə növbəti məktub, nə özü gəlməyincə, atam əmisi – elağsaqqalı Molla İsmayıldan istixarə xahiş edib; rəhmətlik, İsmayıl babamın istixarə edərək, dediyi sözləri dərin intizarla bölüşürdü... “Bahoo… nə yaman uzaq görünür… Gələcək, a bala, ancaq çox uzun zamandan sonra”… Bax, o sözdən tutaraq və qardaşlarının əbədi ayrılığını qətiyyən qəbullanmayaraq, heç vaxt Fətalı əmimin ölmüş ola biləcəyini qəbullanmadılar. “Fətalının goru haqqı”, “Fətalının qəbrinə and olsun”… kimi cümlələr qurmadılar, eləcə “Fətalının itkin canı” deyib durdular. – Bu, atamın və bacılarının ən kəskin andı idi… Təsəvvür edin, illər ötür, nəslin, el-obanın ən yaşlı insanları bu dünyaya gözlərini əbədi yumurdu, amma 1910-cu il doğumlu Fətalı əmimin ölmüş ola biləcəyi qəbul görmürdü… Onun canı itkiniydi…

 

KEDER 4.jpeg (116 KB)

 

Bunu niyə xatırladım? Mənə və ortaq dostlarımıza elə gəlir, sanki Qənirə xanım haqqında əbədi ayrılığı qəbullanaraq danışmaq, yazmaq vəfasızlıq olar… Bəli, sanki, günah işləmiş kimi olarıq… Ancaq ağılla könlün qarşıdurmasında ağıl deyən olur enində-sonunda… El necə deyir? – “Torpağın üzü soyuqdur”… Təki ürəyimiz soyumasın… Qənirə xanımın ürəyimizdəki yeri dəyişməyib – öz yerində-göyündədir…

 

Ruhuna alqış!

 

 
 
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122