Partiyaların Xankəndi şəhər təşkilatları təsis ediləcək

18:12 15-11-2023 | icon 462 | Siyasət
Partiyaların Xankəndi şəhər təşkilatları təsis ediləcək

Azərbaycanın siyasi partiyaları Xankəndi şəhər təşkilatlarını təsis etməyə hazırlaşırlar.

 

Versus.az sözügedən məsələ ilə əlaqədar partiya sədrləri və funksionerləri arasında keçirilən sorğunu təqdim edir.

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, deputat Azər Badamov funksioneri olduğu partiyanın 700 mindən çox üzvünün olduğunu bildirib:

 

“Məhz YAP-ın iqtidarda olduğu dövrdə Azərbaycan inkişaf edib, iqtisadi və siyasi müstəqilliyə nail olunub və 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımız azad edilərək suverenliyimiz tam bərpa edilib. Artıq həmin ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar da işğaldan azad olunmuş ərazilərdə yerli təşkilatlarını yaradırlar”.

 

Onun sözlərinə görə, YAP üzvləri arasında çoxsaylı keçmiş məcburi köçkün var:

 

“O cümlədən Xankəndidən olan keçmiş məcburi köçkün üzvlərimiz də var. Təbii ki, keçmiş məcburi köçkünlərimizin Xankəndiyə qayıtmasına paralel olaraq, orada YAP-ın yerli strukturları da formalaşdılacaq. İnanıram ki, Xankəndidə yaşamağa davam edən ermənilər də YAP-a üzv olmaq üçün müraciət edəcəklər. Çünki YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”.

 

 

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, partiyanın 10 il öncə Xankəndi şəhər təşkilatı fəaliyyətə başlayıb, lakin bir müddət sonra təşkilat öz fəaliyyətini dayandırıb. Partiya sədri, həmçinin qeyd edib ki, hazırda Xankəndi şəhər təşkilatının fəaliyyətinin bərpası və genişləndirilməsi nəzərdə tutulur.

 

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qeyd edib ki, Azərbaycanın digər şəhərlərində olduğu kimi, Xankəndi şəhərində də partiya təşkilatı yaradılacaq:

 

“Lakin bunun üçün Böyük Qayıdış Proqramı çərçivəsində ciddi işlər görülməli, işğaldan azad edilmiş ərazilərdə mina problemi aradan qaldırılmalı və bu ərazilərə normal həyat qayıtmalıdır. Ondan sonra nəinki Qarabağ İqtisadi Rayonunda, işğaldan azad edilmiş bütün ərazilərdə partiya təşkilatları yaradılacaq”.

 

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib ki, indiyədək partiyanın Xankəndi şəhər təşkilatı olmayıb:

 

“Lakin yaxın zamanda Xankəndi partiya təşkilatının yaradılması üçün işlər aparılır”.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da deyib ki, indiyədək partiyanın Xankəndi şəhər təşkilatı olmayıb. Lakin işğaldan azad edilmiş ərazilərə normal həyat qayıtdıqdan sonra Xankəndi şəhər təşkilatının da yaradılması planlaşdırılır.

 

Müsavat Partiyası başqanı Arif Hacılının sözlərinə görə, partiyanın Xankəndi şəhər təşkilatı fəaliyyət şəraitinin məhdudluğu ucbatından hazırda geniş işlər görülmür:

 

“Lakin əvvəlki illərdə Xankəndi seçki dairəsindən deputatlığa namizəd də irəli sürülüb. Hazırda yaranmış yeni reallıqlar fonunda hesab edirəm ki, Müsavat Partiyası Xankəndi şəhər təşkilatının fəaliyyətini gələcəkdə daha da genişləndirəcək”.

 

 

Ağ Partiyanın sədri Tural Abbaslı isə deyib ki, işğaldan azad edilmiş bəzi rayonlar üzrə partiya təşkilatı olsa da, məhz Xankəndi şəhər təşkilatı olmayıb:

 

“Lakin yeni reallıqlar fonunda siyasi bir mesaj kimi partiyamızın Xankəndi şəhər təşkilatının yaradılması üçün addımlar atacağıq".

 

Ümid Partiyasının sədri İqbal Ağazadə də bu günə qədər partiyanın Xankəndi şəhər təşkilatının olmadığını deyib:

 

“İşğaldan azad edilmiş ərazilərə həyat qayıtdıqdan sonra mütləq Ümid Partiyasının da Xankəndi şəhər təşkilatı yaradılacaq”.

 

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa partiyanın bundan öncə Xankəndi şəhər təşkilatının yaradılmadığını bildirib:

 

“Təbii ki, işğaldan azad olunmuş ərazilərə həyat qayıtdıqdan və Xankəndi şəhərindən partiyamıza üzvlər olduqdan sonra Xankəndi şəhər təşkilatı da yaradılacaq”.

 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə qeyd edib ki, partiyanın Xankəndi şəhər təşkilatı hər zaman olub:

 

“Lakin işğalla əlaqədar partiya fəaliyyətini genişləndirmək mümkün olmayıb. Xankəndiyə böyük qayıdış başladıqdan sonra burada konfrans keçirəcək və Xankəndi şəhər təşkilatını yenidən təsis edəcəyik”.

 

 

Qeyd edək ki, Xankəndi 1991-ci il dekabrın 26-da Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni separatçılar tərəfindən işğal ediləndən sonra yaradılan qondarma Dağlıq Qarabağ Respublikasının “paytaxtı” idi. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir.

 

Xatırladaq ki, ikinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhərinə giriş-çıxış Rusiya sülhməramlılarının müvəqqəti nəzarətinə keçib, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilib. Bu ilin sentyabr ayının 19-20-də lokal xarakterli antiterror əməliyyatlarından sonra Azərbaycan polisləri şəhərə nəzarəti tam bərpa edib. 15 oktyabr 2023-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

 

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər. /report/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...