Laçınla bağlı prezidentə yazılmış məktub 31 il sonra üzə çıxdı

10:38 12-12-2023 | icon 643 | Cəmiyyət
Laçınla bağlı prezidentə yazılmış məktub 31 il sonra üzə çıxdı

Qəzənfər Hüseynov: “Laçına qarşı xoşagəlməz münasibətlərin şahidi oldum və...”

 

“Laçının işğalından az sonra mən rayon icra hakimiyyəti başçısının birinci müavini təyin edildim, bir az çalışandan sonra ərizəmlə işdən azad oldum. Laçına qarşı xoşagəlməz münasibətlərin şahidi oldum, hətta o vaxt Qubadlı rayonunun Elxan adlı icra başçısı Laçından Qubadlıya tərəf qaçan əhalini çox pis sözlərlə təhqir etmişdi, Güləbird məktəbinin müəllimini şillə ilə vurmuşdu”.

 

Bunu Versus.Az-a zamanında Laçın rayon icra başçısının birinci müavini olan Qəzənfər Hüseynov Laçına qarşı vaxtilə qarşılaşdığı xoşagəlməz münasibətlərdən dolayı həmin vaxt ölkə prezidenti olan Əbülfəs Elçibəyə ünvanladığı məktubdan danışarkən deyib.

 

 

Qəzənfər müəllimin 31 ildir surətini saxladığı həmin ərizəni təqdim edirik:

 

“Mən qısa bir müddətdə Laçın rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmışam. Bu vəzifəyə təyin edilməyə yaxın dostum, Laçın rayon icra hakimiyyətinə yenicə başçı vəzifəsinə təyinat alımış Azər Məmmədovun və başqa yaxın dostlarımın ciddi təhriklərindən sonra razılaşdım...

Mən məcburi köçkün düşəndə Laçında yağ-pendir zavodunun direktoru idim və respublika ət-süd sənayesi sistemində daha məsul vəzifəyə təyin olunmağı gözləyirdim. Rayon icra hakimiyyətinin başçısı Azər müəllim və mən Laçının yaxın günlərdə işğaldan azad ediləcəyinə, doğma yurda dönəcəyimizə və rayonda bərpa işləri ilə məşğul olacağımıza inanırdıq.

Sonrakı hadisələr göstərdi ki, hakimiyyətdaxili iqtidarsızlıq bizim arzularımızı gözümüzdə qoyacaqdır. Və mən president Əbülfəz Elçibəyə ərizə yazdım (ərizədə onu əsl soyadı ilə, yoldaş Əliyev deyə müraciət etmişəm.)

Ərizə kiril qrafikası ilə yazılmışdı, surəti məndə vardır. Yalan demiş olaram ki, bu ərizədən sonra mənə təzyiqlər oldu, düzü heç o zaman ərizə oxuyan da yox idi. Bir balaca emosianal yazdığım üçün məncə ərizə kobud alınmışdı. Bu ərizə ölkə prezidentinə qarşı hörmətsizlik kimi də başa düşülməsin, çünkü dünyada mənə hər kəsdən və hər şeydən əziz olan Laçınla bağlı hisslərim məni məcbur etdi ki, bu məktubu ona yazım. Bu haqda xatirəmi paylaşmaq istəyirəm ki, keçmişimizi unutmayaq, həm də keçmişimizi öyrənək”.

 

Qəzənfər Hüseynov sözügedən ərizəni də redaksiyamıza təqdim edib. Ərizəni olduğu kimi təqdim edirik:

 

“Azərbaycan Respublikası Prezidenti

Əbülfəz Əliyev yoldaşa

 

İmperiya buxovundan azad olmuş xalqımız müstəqillik yolundadır. Bu müstəqilliyi təmin edən dövlət quruculuğu bir prezident kimi Sizin qismətinizə düşmüşdür.

Bu ilin may ayından taleyinə didərginlik düşmüş laçınlılar respublikamızın 44 rayonuna səpələnmişlər. Qubadlı, Zəngilan bölgələrindəki son uğursuzluqlar Laçının tezliklə azad ediləcəyinə şübhə yaradır. Müharibənin öz qanunları var. Döyüşlərdə qələbə də olur, məğlubiyyət də. Bu birinci növbədə Azərbaycanda dövlətçiliyin yaranmasında meydana çıxan çətinliklərin aradan qaldırılması ilə bağlıdır. Xalqımızın bütün təbəqələri bu prosesdə yaxından iştirak etməlidirlər. Xalqı cəbhəçilərə və qeyri cəbhəçilərə bölmək, onsuz da orta əsr xanlıqlar dövrünün psixologiyasından yaxa qurtarmamış Azərbaycan üçün yeni faciələr törədə bilər.

Bizi hər şeydən çox respublika rəhbərliyində laçınlılara qarşı biganəlik, yad münasibət narahat edir. Bir çox hallarda respublika rəhbərliyi tərəfindən müxtəlif kürsülərdə təhqir belə olunuruq.

May hadisələri zamanı hakimiyyət uğrunda gedən çarpışmanın qurbanı olan, yurd-yuvasından didərgin düşən laçınlıları bir arzu yaşadır - doğma torpağa qayıtmaq. Lakin hər hansı bir məskənə insanları yol aparır. O yol ki, qoca tarixin nə vaxtsa cəzasını verəcək xəyanət nəticəsində yağı tapdağına məruz qalmışdır. Bu gün Laçın rayonunun ərazi, relyef və əməliyyat şəraitini bilməyənlər bütün laçınlıları elliklə doğma ocağa geri dönməyə çağırırlar.

Hörmətli Prezident! Bizi ağrıdan odur ki, Siz də laçınlıları geri dönməyə çağırırsınız. Fikirləşmək lazımdır, Laçına hansı yolla, haradan getmək olar? Laçının əsasən iki yolu var idi. Birincisi Ağdam-Şuşa-Laçın yolu, ikincisi isə Akara-Qubadlı-Laçın yolu. Bu yolların bağlı olması yəqin Sizə məlumdur. Laçına əvvəllər istifadə edilməyən üçüncü bir yol da vardır. Kəlbəcərin Zülfüqarlı dərəsindən keçən yol. Bu yol düz döyüş zonasına gedir. Həmin zonada Laçının Şamkənd, Nağdalı, Qorçu, Oğuldərə, Lolabağırlı və Dambulaq kəndlərində yaşayış qismən bərpa olunmuş, həmin kəndlərə 1500 nəfərədək əhali köçüb gəlmişdir. Yerdə qalan kəndlər erməni işğalı zamanı yandırılıb, qarət edilmişdir. Həmçinin həmin kəndlərin 80%-i arteleriyanın atəşi altındadır. Məhz ona görə də laçınlıları elliklə Laçına qaytarmaq bu gün mən deyərdim ki, tamamilə səhv fikirdir, nəticəsi çox faciəli ola bilər.

Laçını təkcə bir rayon kimi qiymətləndirmək düzgün olmaz. Laçın respublikamızın sərhədidir. Lakin o sərhəd kimi qorunmadı, ali kürsü uğrunda çarpışma laçınlıların faciəsinə, bütünlüklə Azərbaycana qarşı xəyanətə çevrildi.

Yuxarıda göstərilən kimi laçınlılara soyuq münasibətin nəticəsidir ki, camaatımıza bir sıra qonşu rayonların üzdəniraq rəhbərləri pis münasibət bəsləyir, alçaldıcı sözlərlə təhqir etməkdən də çəkinmirlər.

Kəlbəcərin çətin Murovdağ keçidində bir çörəyi bir qoyuna dəyişdirənlər, “torpağı qoyub, hara qaçırsınız?” deyib bulaqdan su belə içməyə qoymadılar. Qubadlı rayonunun ərazisində isə rayon rəhbərləri tərəfindən Güləbird kəndinin qocaları, qadınları, uşaqları döyülüb qanına qəltan edildilər. Bu yaxınlarda televiziya verilişi zamanı İsgəndər Həmidov Qubadlı camaatı ilə görüşündə laçınlılar haqqında söylədiyi xoş sözlər üçün ona minnətdar olduq. Qubadlı, Kəlbəcər rayonları ziyalılarının, Laçın rayonu isə igidlərinin çoxluğu ilə fəxr etməlidir - deyəndə həm sevindim, həm də imkanım olmadı ona deyəm ki, Azərbaycan Demokratik Respublikasının ilk maarif naziri Nurəddin bəy Şahsuvarov, Qarabağın General Qubernatoru Xosrov bəy Sulatanov əslən laçınlıdırlar. Biz hələ 1970-80-ci illərdə Minkənd məktəbinin 100 illiyini qeyd etmişdik. Laçın isə şəhər kimi, özü də ilk sosialist (Azərbaycanda) şəhəri kimi 50 illik yubileyini hələ 1974 cü ildə qeyd etmişdir.

Bunları yazmaq mənim kiçik hisslərlə yaşadığımı göstərmir. Laçın haqqında olan həqiqəti, özü də bilə-bilə üstü örtülən həqiqətləri çatdırmaq istəyirəm.

Yuxarıda yazdıqlarıma onu da əlavə etmək istərdim ki, yenə qeyd etdiyim televiziya verilişində əli ilə Daxili İşlər naziri İ.Həmidovun “Mersedes” avtomaşınının tozunu silən Qubadlının icra başçısı iki ay əvvəl həmin əli ilə bizim rayonun Güləbird kəndindən atası yaşda bir müəllimi döyərək, necə boks vurmağı ilə fəxr etmişdi.

Hörmətli prezident! Bəlkə də mənim bu əsəbiliklə yazdığımdan səhvlərlə dolu məktubumu Sizə verməzlər. Yəqin ki, verməzlər. Lakin mən çox istərdim ki, bu məktub uca dağlarla əhatə olunduğundan düzənliklərin sırtıq küləklərindən xilas olmuş, başqa bir dünyası olan laçınlılar haqqında pis fikir yaranmasının qarşısını alsın.

 

Hörmətlə,

Laçın rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Qəzənfər Rüstəm oğlu Hüseynov

 

8-9 oktyabr 1992 ci il.

Laçın – Lolabağırlı kəndi,

Ağcabədi – “Taxta körpü””

 

 

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA