Ermənistan-Azərbaycan birgə bəyanatının ƏHƏMİYYƏTİ

14:00 22-12-2023 | icon 439 | Siyasət
Ermənistan-Azərbaycan birgə bəyanatının ƏHƏMİYYƏTİ

Nigar Arpadarai: “Ermənistan regionda olan yeni reallığı qəbul etməyə məhkumdur”

 

Regionun geosiyasi mənzərəsi dəyişir. 44 günlük Vətən Müharibəsindən sonra Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması yönündən addımlar ləngərliyi ilə müşahidə olunur. Sülh müqaviləsinin bağlanması ilə bağlı aparılan danışıqlar və Ermənistanın Azərbaycanın təklif etdiyi baza prinsiplərinə uyğun torpaq iddialarından imtina edib sülhə gətirilməsi hələ ki gecikir. Məğlub separatçı dövlətin ikibaşlı oyunlarını və beynəlxalq platformalarda Azərbaycana qarşı sərgilənən ziddiyətli manevrlərin fonunda mövcud vəziyyət birmənalı dəyərləndirilmir.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı Nigar Arpadarai müsahibəsində mühüm nüanslara diqqət çəkib.

 

- 44 günlük Vətən Müharibəsindən sonra regionda yaranan yeni reallıqlar, müxtəlif platformalarda aparılan sülh danışıqları, Ermənistan hakimiyyətinin Qarabağ siyasətini “etnik təmizləmə, “ermənilərin qayıdışı və təhlükəsziliyinin təminatı” iddiası əsasında beynəlxalq müstəviyə çıxarılaraq Azərbaycana qarşı Qərb, ABŞ, Fransadan gələn hücumlar kontekstində bugünkü vəziyyəti necə dəyərləndirmək olar?

 

- Bəli, regionda vəziyyət tam fərqlidir. İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin bu il Xankəndidə Azərbaycan bayrağını ucaltması ilə isə Azərbaycan tarixinin yeni mərhələsinin əsasını qoyuldu. Azərbaycan işğal, məğlubiyyət tarixinin səhifəsini çevirdi.

Bu məqamda, beynəlxalq münasibətlər sisteminə nəzər salmağı önəmli hesab edirəm. Etiraf etməliyik ki, İkinci Dünya müharibəsindən sonra əsası qoyulan və SSRİ-nin süqutundan sonra yeni forma alan beynəlxalq münasibətlər sistemi faktiki olaraq dağılır. Son illərin tendensiyasına nəzər salsaq, dünyanın təhlükəsizlik sisteminin üzləşdiyi çağırışlara baxsaq, aydın görünür ki, beynəlxalq hüquq sistemi mövcud çağırışları, böhranları həll etmək iqtidarında deyil. Məhz buna görə də beynəlxalq hüququn faktiki olaraq ‘işləmədiyini’, beynəlxalq təşkilatların öz missiyalarını həyata keçirmədiyini görən Azərbaycan, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi və ərazi bütövlüyünü özü bərpa etdi. Torpaqlarını işğaldan azad edərkən, Azərbaycanın beynəlxalq hüququ, BMT Nizamnaməsini əsas tutduğunu, beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərdiyini qeyd etmək lazımdır.

Beynəlxalq münasibətlər sisteminin hazırki durumu elə bir vəziyyətə gətirir ki, böyük dövlətlər öz maraqlarına uyğun fəaliyyət göstərirlər, kiçik dövlətlərə öz hüquqlarını müdafiə etmək imkanını vermirlər. Azərbaycanın müstəqil siyasət aparması heç də bütün ölkələr tərəfindən bəyənilmir, böyük ölkələr kiçik ölkələri hər zaman asılı vəziyyətdə saxlamaq istəyirlər. Məhz buna görə çox vaxt müəyyən qurumlardan anti-Azərbaycan bəyanatlarının şahidi oluruq. Amma təbii ki, bu ölkəmizin apardığı siyasəti dəyişə bilməz.

Hazırda bəzi Qərb ölkələrinin məqsədi bizim regiona “müdaxilə etmək”, öz maraqlarını bizim regionda möhkəmləndirməkdir və bu məsələdə Ermənistanla Azərbaycan arasında olan sülh danışıqları prosesindən istifadə edərək, Ermənistana “yaxşılıq” etmək adı altında, öz maraqlarını Azərbaycan hesabına reallaşdırmağa çalışırlar. Məqsədlərindən biri isə Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdır. Qərb ölkələri ilə Ermənistan arasında olan münasibətlər onların daxili işidir, amma bir şey aydındır ki, və Qərb tərəfdaşları da artıq dərk edir ki, Azərbaycan hesabına bunu etmək mümkün olmayacaq.

Bu mənada, Ermənistanla Azərbaycan arasında sülh danışıqları məsələsində ən doğru yolu məhz ikitərəfli danışıqlardır. İkitərəfli danışıqların nəticələri regional formatlarda öz əksini tapırsa və BMT, ATƏT və s qlobal formatlarda təsdiq olunarsa bu doğru bir yol olar.

Digər platformalarda aparılan danışıqlara da biz hər zaman hazır olmuşuq, amma unutmayaq ki, vasitəçilərin öz maraqları var. Ermənistanla Azərbaycan arasında son razılaşma ikitərəfli danışıqların üstünlüyünü göstərdi.

 

- Erməni baş nazir Nikol Paşinyanın bir neçə gün əvvəl Qarabağla bağlı etdiyi etiraflarını region, gələcək sülh müqaviləsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlik hansı gediş hesab etmək olar?

 

- Son günlər ərzində gedən proseslərə nəzər salsaq, Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar nəticəsində Azərbaycan Respublikasının Prezident Administrasiyası və Ermənistanın baş nazirinin ofisi tərəfindən verilmiş birgə bəyanatı və Paşinyanın etiraflarını xüsusilə qeyd etmək lazımdır.

Paşinyanın Qarabağ məsələsi ilə bağlı etiraflarında digər məsələlərlə yanaşı o da bildirdi ki, faktiki olaraq 30 il ərzində Ermənistanın resursları mənasız şəkildə ilkin olaraq həll olunmayan problemə sərf edilib. Və bununla da Paşinyan, dolayı da olsa, Ermənistan siyasətinin yanlış olduğunu etiraf etdi. Hər iki məsələni Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlik addım hesab etmək olar, amma uzunmüddətli sülhə gedən yolda hələ də çoxlu maneələr var.

 

- Bu gün Ermənistan-Azərbaycan münasibətlərində hansı yenilənmələr var: bu iki dövlət arasında bağlanan birgə bəyanatın əhəmiyyəti nədir və bunu sülh müqaviləsinin bağlanmasına gedən yolda hansı gediş hesab etmək olar?

 

- Birgə bəyanat konstruktiv bir addımdır. Birincisi, üçüncü tərəf, vasitəçilər olmadan, ikitərəfli formatda razılığa gəlinib. Qeyd etmək lazımdır ki, Azərbaycan hər zaman bu formatı təklif edirdi, amma Ermənistan bundan yayınırdı. Etiraf etməliyik ki, indiki dünyada həqiqətən “vicdanlı” vasitəçilər yoxdur. Onların hər birinin öz maraqları, milli gündəliyi var və bu, danışıqlar prosesində maneələr törədir. Ona görə də birbaşa danışıqlardan yaxşı heç nə yoxdur. Ermənistan hakimiyyəti bu gün öz cəmiyyətinə nümayiş etdirə bilər ki, Azərbaycanla danışıqlar aparmaq lazımdır. Aydındır ki, Azərbaycan tərəfdən 32 erməni hərbçisinin geri qaytarılması kimi geniş jest məqsədli şəkildə bu faktı nümayiş etdirmək məqsədi daşıyır. Xatırladım ki, bu erməni hərbçilərinin hamısı Azərbaycan torpaqlarında yaxalanıb və Ermənistanın işğal ordusunun tərkib hissəsi olublar.

 

Üçüncüsü, müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Azərbaycan və Ermənistan beynəlxalq müstəvidə, İqlim Sammiti çərçivəsində fəaliyyətlərinin koordinasiyası ilə bağlı razılığa gəliblər.

 

Qeyd etmək istərdim ki, birgə bəyanat, müharibədən sonrakı 3 il ərzində Azərbaycan və Ermənistan arasında vəziyyətin nizamlanması istiqamətində, bacarıqsızlıqdan və ya məqsədli şəkildə, iş görməkdə beynəlxalq təşkilatların tam aciz olduqlarını bir daha nümayiş etdirdi. Bir-birinin ardınca müharibələrin baş verdiyi müasir dünyada ölkələrimiz nəhayət ki, dağıdıcı münaqişə irsinin öhdəsindən gələ bilsələr, çox gözəl olardı. Eyni zamanda, cənab Prezidentin dediyi kimi, Azərbaycanın zərər çəkən tərəf olmasına baxmayaraq, torpaqlarının işğal olunub, dağıdılmasına baxmayaraq, məhz Azərbaycan, sülh müqaviləsinin imzalanması məsələsini gündəmə gətirib, sülh üçün Ermənistandan qat-qat böyük iradə nümayiş etdirir.

 

- Azərbaycanın tərtib etdiyi baza prinsipi əsasında sülh müqaviləsinin imzalanması perspektivini necə görürsüz. Sülh müqaviləsinin Azərbaycanda keçiriləcək Prezident seçkilərinə qədər baş tutası ehtimalı nə qədərdir?

 

- Yuxarıda qeyd olunan pozitiv hadisələrə rəğmən, Ermənistanın real olaraq uzunmüddətli sülhə hazır olmadığını düşünürəm. Bəli, Ermənistan tərəfindən son siqnallar pozitivdir, amma Ermənistanın siyasi sisteminin dərin köklü “ənənələri” var ki, onlar hələ ləğv olunmayıb. Belə ki, Ermənistanla Azərbaycan arasında münaqişənin mərkəzində bu ölkənin Azərbaycana qarşı ərazi iddiaları dayanır, bu Ermənistanın əsas qanunu olan Konstitusiyasında və Müstəqillik Bəyannaməsində açıq şəkildə ifadə olunub. Müasir Ermənistanın siyasi sistemi etnik üstünlük və ekspansionizm mifinin tələsindədir. Eyni zamanda, dənizdən-dənizə hansısa “qədim erməni imperiyası”nı yenidən yaratmaq iddiası və hər cür köhnə hadisələrin qisasını almaq niyyətinə əsaslanır. Erməni siyasi sistemində ciddi siyasi islahatlar həyata keçirilməyənə qədər, uzunmüddətli sülhün mümkün olacağına inanmıram.

Ermənistanın yürütdüyü siyasət onu öz suverenliyindən hissə-hissə məhrum olmağa yönəldir. Əvvəllər məqsəd Azərbaycan torpaqlarına göz dikmək, xarici resurslardan dəstək almaqla ərazilərimizi işğal altında saxlamaq idi. Zamanla da bu siyasətin nə dərəcədə uğursuz olduğu bütün dünyaya sübut edildi. Azərbaycan erməni ordusunu darmadağın etməklə 30 illik işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. İndiki vəziyyətdə işğalçı siyasətə son qoymaq, əsas qonşuları Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq, sülh sazişini imzalamaq Ermənistan üçün ən məntiqli qərar və çıxış yolu olardı. Lakin bu dövlət hələ də , öz “suverenliyinin alverini” davam etdirməyi üstün tutur. Amma bu növbəti yanlış siyasətdir. Ermənistan regionda olan yeni reallıqları qəbul etməyə məhkumdur.

Ona görə də bu pozitiv siqnalların real olaraq siyasi islahatlara keçib keçməyəcəyini zaman göstərəcək.

 

- Ermənistan üçtərəfli sazişə əsasən Zəngəzur dəhlizinin açılması ilə bağlı öhtəliyin icrasına necə yanaşır. Qarşıda hansı maneələr var?

 

- Zəngəzur dəhlizi ilə bağlı məsələdə 2 faktor var: birincisi, Ermənistan Üçtərəfli Bəyanat çərçivəsində kommunikasiyaların açılması baxımından öz üzərinə öhdəlik götürüb. İkincisi Naxçıvan dünyada olan ən böyük eksklavlardan biridir. Eksklav mövzusunda beynəlxalq hüquqda belə bir praktika var ki, insanların keçidini təmin edən xüsusi rejim tətbiq olunur. Bu bir çox yerdə tətbiq olunan beynəlxalq praktikadır. Və bu mənada heç Üçtərəfli Bəyanat olmasaydı da, Azərbaycan vətəndaşlarının belə bir hüququ var, Üçtərəfli bəyanat isə bu hüququ bir daha təsdiq etdi. Ona görə bu məsələ gündəlikdən çıxarılmayacaq, amma düşünürəm ki, Ermənistanla məsələlərin addım-addım həllinə hazır olduğunu nümayiş etdirmək üçün, Azərbaycan hazırda bu məsələdə tələsmir.

 

- Artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. 2024-cü il fevralın 7-də keçirilən Prezident seçkilərinin bu fonda sosial-ictimai-siyasi əhəmiyyətini necə dəyərləndirmək olar?

 

- Prezident seçkilərinin Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə birbaşa əlaqəsi var. Faktiki olaraq, Azərbaycan Prezidenti, İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində Azərbaycanda dövlət sisteminin konsolidasiyası və möhkəmləndirilməsi istiqamətində ciddi iş aparılıb. Biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi və beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi. Ordumuzun döyüş qabiliyyətinin qaldırılırdı, maddi-texniki təchizat, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi qələbəyə aparan əsas amillərdir. İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, Azərbaycanın müstəqil iqtisadiyyatı olsun. Azərbaycan Prezidenti tərəfindən aparılan siyasət bizi tarixi Qələbəyə gətirdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edildi, üçrəngli bayrağımız Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Hazırda dövlətçiliyin inkişafının növbəti mərhələsinə keçirik.

Növbəti il baş tutacaq Prezident seçkilərini simvolik bir addım kimi qiymətləndirirəm. Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

 

T.Qafarlı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...