"Gec-tez münaqişəli vəziyyətə son qoyulmalıdır"
Azər Badamov: "Ölkələr həmişə münaqişə vəziyyətində yaşaya bilməz"
Son zamanlar Qərb dairələrində Azərbaycana qarşı ikili standartların şahidi oluruq. Bu yanaşma rəsmi bəyanatlardan tutmuş müxtəlif mətbuat orqanlarında qərəzli materiallara qədər özünü göstərir. Təbii ki, məlum anti-Azərbaycan kampaniyasının arxasında erməni lobbisi dayanır. Məqsəd əldə edilən tarixi zəfərdən sonra Ermənistanın üzləşdiyi ağır fəsadların nəticələrini qismən də olsa neytrallaşdırmaqdır.
Versus.Az xəbər verir ki, deputat Azər Badamov müsahibəsində mühüm məqamlara diqqət çəkib.
– Azərbaycanın sülhə təşəbbüslərini davam etdirdiyi bir vaxtda, Qarabağı ölkəmizin ərazisi kimi tanıdığını deyən Ermənistanda qondarma “Qarabag parlamenti” adı altında toplantılar kecirilir. Bunun məqsədi, siyasi nəticələri nə ola bilər?
– Azərbaycan 19 sentyabr lokal antiterror tədbirləri ilə separatizmin kökünü kəsdi. O cümlədən, Xankəndidə formalaşmış qeyri-qanuni, separatçı qondarma qurum özünü buraxdığını elan edərək, buraxılma müddətini yanvarın 1-dək uzatdı. Təbii ki, separatçı qurum qeyri-qanuni olduğu üçün heç bir hüquqi anlamı, real əhəmiyyəti yoxdur. Bununla belə, erməni revanşist qruplar özünün çirkin niyyətlərini davam etdirmək üçün xaricdə, İrəvanda qondarma qurumlarını yaradıb, hüquqi olmayan fəaliyyətlərini davam etdirə bilərlər. Bunun dövlətimizə heç bir aidiyyəti yoxdur. Azərbaycan dövləti artıq ərazi bütövlüyünü təmin edib, bütün ərazilərində suverenliyini təmin edib və bundan sonra da öz ərazilərində separatçı qurumun, separatçılığın inkişafına imkan verməyəcəkdir.
Təbii ki, ermənilərin bundan sonra Qarabağ adından çıxış etməsinin heç bir nəticəsi olmayacaq. Qarabağ Azərbaycanın suveren ərazisidir və artıq özünün legitim orqanlarını yaradır. O cümlədən, dövlətimiz Qarabağda yaşamaq istəyən, vətəndaşlığımızı qəbul etmək istəyən ermənilərə də çağırış edib. Kim qayıdıb yaşamaq istəyərsə, yenə də qapımız açıqdır. Dövlət onlara Azərbaycan qanunları, Konstitusiyası ilə bütün imkanları yaradacaqdır. O cümlədən, ermənilərin Azərbaycana qayıdışı məsələsi birtərəfli şəkildə həll oluna bilməz. Əgər ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq istədiklərini qəbul edərlərsə, azərbaycanlıların da Ermənistan vətəndaşlığını qəbul edərək öz ata yurdlarında yaşayışını davam etdirməsi hüquqla öz həlini tapmalıdır.
– Elə bu günlər ABŞ-nin “Vaşinqton post” qəzetində Azərbaycana qarşı dərc edilən məqalədə ölkəmizə qarşı yersiz iddialar yer alıb. Bu gün istər ABŞ, istərsə də Fransa 44 günlük savaşın regionda yaratdığı reallıqlarla barışmaq istəmirsə, məqsəd nədir?
– Azərbaycan torpaqları işğal olunduğu ilk gündən ABŞ, Ermənistan və havadarları ölkəmizə qarşı məkrli siyasət yürütmüşlər. Bu siyasət qapalı formada həyata keçirilmişdi. 1992-ci ildə ABŞ-da Konqres tərəfindən Azərbaycana qarşı “907-ci düzəliş” tətbiq olunmuşdu. Bu düzəlişdə Azərbaycan torpaqları işğal olunduğu halda, sanki işğalçı kimi təqdim olunaraq müəyyən yardımlardan məhrum edilmişdi. Yəni, o vaxtdan Azərbaycana qarşı ədalətsizlik baş vermişdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında 4 qətnamə qəbul olunmuşdu. Bu qətnamələrin icrası ATƏT-in Minsk Qrupu yaradılaraq 3 həmsədr dövlətin qarşısına vəzifə kimi qoyulmuşdu. Təəssüflər olsun ki, biz bu 27-30 il ərzində qətnamələrin yerinə yetirilməsini görmədik. Əksinə, Fransa başda olmaqla, ABŞ Azərbaycan torpaqlarında erməni işğalını əbədiləşdirməyə, Azərbaycan xalqını mövcud status-kvo ilə razılaşdırmağa çalışdılar. Dövlət başçımız bütün beynəlxalq tədbirlərdə deyirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, əgər məsələ danışıqlar, sülh yolu ulə həllini tapmazsa, güc yolu ilə ərazilərini işğaldan azad edəcəkdir. Əgər ABŞ, Fransa, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ədalətli mövqedən çıxış etsəydilər, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı və biz bu qədər insan itkisi ilə qarşılaşmazdıq. Azərbaycan bu müharibədə şəhidər verdi, Ermənistanın da kifayət qədər itkiləri oldu.
Biz müharibənin başa çatdığı ilk günündən keçən 3 il ərzində sülhdən danışırıq. Ölkə başçısı bəyan etdi ki, müharibəni başa çatdırmışıq və sülh əlimizi uzadırıq. Azərbaycan beş baza prinsipi əsasında təkliflərini Ermənistana təqdim etdi. Biz gördük ki, 10 Noyabr bəyannaməsinə görə, Ermənistan götürdüyü öhdəliyi icra etmədi. Azərbaycan məcbur olaraq 19 sentyabrda lokal antiterror tədbiləri həya keçirərək, özü həm bəyannamənin icraasını reallaşdırdı, həm də sülhə xidmət edəcək maneələri aradan götürdü. Ermənistan Qarabağda yaşayan ermənilərin “hüquq və təhlükəsziliyi” məsələsini bir bəhanə kimi sülh prosesinin qarşısında bir maneə kimi qoyur. Qarabağda yaşayan ermənilərin hüquq və azadlıqlarının təmin olunması məsələsinin Azərbaycan qanunları çərçivəsində qorunacağı həm Azərbaycan, həm də Ermənistan tərəfindən qəbul olundu. Bu gün Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi hesab edir, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan halda ona dəstək verən Fransa Ermənistanı silahlandıraraq sülh prosesinə böyük maneə yaratmağa çalışırlar. Bu, müxtəlif formalarda reallaşır. Məsələn, Fransa saxta “etnik təmizləmə” adı atında Ermənistana yardımlar göstərməklə, onu silahlandırmaqla yenidən revanşizmi alovlandırıb sülh prosesinə əngəl yaradır.
– Necə hesab edirsiniz, Fransanın, eləcə də Qərbin Azərbaycana qarşı yönələn müxtəlif təsir və təhdid elementlərinin altında həm də Zəngəzur dəhlizinin açılmasına qarşı yönələn amilər varmı?
– Zəngəzur dəhlizindən danışarkən yenə də 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın üzərinə qayıdırıq. Bu bəyanatın 9-cu bəndində qeyd olunur ki, Azərbaycanın qərb-şərq rayonları ilə Naxçıvanı brləşdirən, maneəsiz keçidi təmin edən bir dəhliz olmalıdır. Ermənistan kapitulyasiyaya imza atdığı ilk gündən buna razılığını bildirsə də, sonradan Amerika və digər havadarlarının dəstəyini hiss edərək, üçtərəfli bəyanatın digər maddələrini icra etmədiyi kimi, Zəngəzur dəhlizinin açılmasından imtina etdi. Azərbaycan dövlət başçısının uzaqgörən siyasəti həmişə alternativ yolların qabaqcadan hazırlanmasına və planlarımızın reallaşdırılmasına imkan verir. Ona görə də Zəngəzur dəhlizinə alternativ olaraq İran üzərindən, Araz çayının sol sahili ilə Naxçıvanı birləşdirəcək yolun tikintisi ilə bağlı razılaşma əldə edildi. Biz gördük ki, artıq Zəngəzur dəhlizi ilə bağlı müəyən çətinliklər yaranır, Ermənistan Zəngəzur dəhlizinin açılması məsələsini uzatmaq istəyir, ona görə də normal olaraq İrandan keçən yolun tikintisini aktuallaşdırdıq. Dövlət büdcəsindən yolun tikintisinə ilkin vəsaitlər də ayrılıb. İran və Azərbaycan tərəfinin iştirakı ilə Azər çayı üzərindən körpünün təməlləri də qoyuldu. Bunu görən Amerika Birləşmiş Ştatları öz narahatlığını bildirdi. ABŞ-la İran arasında böyük ziddiyyətlərin olduğunu bilirik. Azərbaycanın ərsəyə gətirib İran ərazisindən keçəcək yeni yolu təbii ki, təkcə Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək bir yol olmayacaq. Bu yol Qərblə-Şərqi birləşdirəcək Orta Dəhlisin tərkib hissəsi kimi fəaliyyət göstərəcəkdir. Bu da Amerikanın maraqlarına ziddir. Ona görə də Azərbaycana qarşı əks-siyasət yürütməyə başlayıblar. Azərbaycan müstəqil dövlətdir, öz beynəlxalq siyasətini özü müəyyənləşdirir. O cümlədən İranın xarici işlər naziri də bəyan etdi ki, İran müstəqil dövlətdir və öz ərazisindən istədiyi istiqamətdə yol çəkdirə bilər. Yəni müstəqil dövlətlər bu siyasəti öz ərazisində müəyyənləşdirib kommunikasiyaları yaradırsa, kənardan hər hansı müdaxilənin olmasından danışmaq mümkün deyil. Ermənistan isə bizim İran ərazisindən yolun çəkilməsinin reallaşdığını görəndə yenidən fəallaşdı və ərazisindən keçən, Naxçıvanı Azərbaycanın əsas hissəsi birəşdirən “yol”un tikintisinə imkan yaradacağına, kommunikasiyaların açılmasına hazır olduğunu bəyan etdi. Eyni zamanda bu yolun Ermənistanın müvafiq mühafizə qüvvələri tərəfindən qoruyacağını bildirdi. Təbii ki, bütün yollar açılmalıdır, regiona sülh gəlməlidir. Azərbayacanın məqsədi bütün qonşu dövlətlərlə sülh və əməkdaşlıq şəraitində yaşamaqdır. Hesab edirəm ki, bu gün Ermənistanın silahlandırılması, sülh prosesinə maneə olmaq istəyən dairələrin bütün cəhdləri hamısı boşa çıxacaq. Son nəticədə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi də bağlanacaq, yenidən kommunikasiyalar açılacaq. Ölkələr həmişə münaqişə vəziyyətində yaşaya bilməz və gec-tez münaqişəli vəziyyətə son qoyulmalıdır.
– Sülh müqaviləsinin bağlanmasının qarşında yaradılan məlum maneələri nəzərə alsaq, Ermənistanın sülh müqaviləsini imzalaması hansı zamana qədər mümkün ola biləcək?
– Sülh müqaviləsinin imzalanması Azərbaycanın təşəbbüsüdür. Mövqeyimiz dəyişilməzdir. Ermənistan mütəmadi olaraq xarici havadarlaranın dəstəyinə arxalanaraq sülh müqaviləsini imzalamaqdan yayınır. Biz Ermənistan-Azərbaycan arasında yüksək səviyyəli görüşlərin son anda təxirə salındığını müşahidə etdik. Azərbaycan Qranada, Vaşinqton, Brüssel platformalardan birtərəfli şəkildə imtina etdi. Təbii ki, bunun səbəbləri var idi. O platformalarda Ermənistan Fransanın dəstəyinə arxalanaraq Azərbaycan üzərində üstünlük əldə etmək istəyirdi. Həmin danışıqlar platforması Azərbaycanın milli maraqlarına uyğun gəlmirdi. Amma son günlər biz Ermənisandan da sülh çağırışlarını eşidirik.
Bir neçə gün əvvəl Ermənistan parlamentinin spikeri Simonyan çıxış edərək qeyd etdi ki, Azərbaycanla sülh müqaviləsi 15 gün ərzində imzalana bilər. Bununla yanaşı Azərbaycanın anklavlarına qarşı 31 kəndin Azərbaycan ərazisində olduğunu qeyd etdi. Bunlar bir-birinə zidd fikirlərdir. Əgər sülh müqaviləsini bağlamaq istəyirsənsə niyə sülhə qarşı zərər gətirəcək bir fikir ortaya qoyursan. İkincisi, əgər 15 gün ərzində sülh müqaviləsini bağlamağa hazır olan bir ölkəsənsə, Azərbaycanın sentyabrda təqdim etdiyi sülh təkliflərinin cavabını niyə 71 gün uzatdın. Burada müəyyən bir düsturların həll edilməsinə ehtiyac yoxdur və qısa zaman ərzində müzakirə olunub Azərbaycana bildirilməli idi. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Ermənistanın hələ ki, sülh müqaviləsini imzalamaq niyyəti yoxdur. Biz bilirik ki, Ermənistan mövcud olmayan etnik təmizləmə adı ilə dünyadan 10-100 milyonlarla dollar yardımlar alır. Əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayarsa bu yardımlardan məhrum olacaq. Ona görə də Ermənistan mümkün qədər bu yardımları almaq üçün sülh müqaviləsinin imzalanmasını uzadır. Digər tərəfdən Fransanın məqsədi Ermənistanı Rusiyadan uzaqaşdırmaq, rus hərbi bazalarını bölgədən çıxartmaq və özlərinin regiona gəlişini təmin etməkdir. Bu niyyətləri realaşdırmaq istəkləri də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına böyük maneə olaraq qalır.
– Bu prosesdə Rusiya hansı mövqedə dayanıb və özünün Qarabağda olan sülhməramlıları ilə bu gün ərazilərimizdə hansı missiyanı icra edəcəyini gözləyir?
– Azərbaycan müstəqil ölkədir və heç vaxt öz ərazisində başqa bir ölkənin hərbi bazasının yaranmasına imkan verməyəcək. Sülhməramlıların Azərbayacandakı mövcudluğu 10 noyabr üçtərəfli bəyannaməyə əsaslanır və 2025-ci ilə qədər qalacaqlar. Bundan o tərəfini isə Azərbaycan özü müəyyənləşdirəcək. Bunun Ermənistana heç bir aidiyyatı yoxdur, sülhməramlılar Azərbaycan ərazisindədir və ona ehtiyac görülmədiyi halda ərazimizdə qalmaları aradan qaldıracaq. Rusiyanın Ermənistandan çıxarılması da hələ ki, Ermənistanın gücündə deyil. Rusiyanın Ermənistanda hərbi bazaları var. Ermənistan birtərəfli qaydada bu sazişləri poza bilməz. Rusiyanı Ermənistan çıxarmaq qeyri-mümkündür. Ermənistan iqtisadiyyatı Rusiyanın əlindədir. Son vaxtlar biz görürük ki, Lars keçid məntəqəsində böyük tıxaclar yaranır. Rusiya Ermənistandan gələn kənd təsərrüfatı məhsullarına qadağalar qoyur, eləcə də Ermənistana göndərilən mallara məhdudiyyətlər yaradır. Bütün bunlar hamısı Ermənistana ilk siqnallarıdır. Hesab edirəm ki, Ermənistanda Rusiyasız iqtisadiyyat böyük böhrana sürüklənəcək. Ona görə də Ermənistan Rusiyanı ölkədən çıxara bilməyəcək.
Yəni bütün hallarda Rusiyanın region, Azərbaycanla bağlı öz maraqlarına yönəlik istəkləri, planları ola bilər. Biz Qarabağın işğaldan azad olunması prosesində bütün xarici manevrlərə baxmayaraq Azərbaycanın hansı qətiyyətli addımlarla özünün mövqeyini müdafiə etdiyini gördük və bu proses bu gün də davam edir. Hər kəs bilsin ki, Azərbaycanın suverenliyini pozmağa çalışan qüvvələr absurd iddialar və haqsız çıxışlarla heç nəyə nail ola bilməzlər.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"