Prezidentliyə namizədlər imza toplaya biləcəklərmi?
Rəsul Quliyev, Akif Nağı və Fəzail Ağamalının partiyaları da növbədənkənar prezident seçkisində İlham Əliyevi dəstəkləyəcək.
2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində iştirak üçün namizədliyini irəli sürənlərin sayı getdikcə artır.
“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz prezidentliyə namizədliyini irəli sürüb. Y.Oğuz öz təşəbbüsü ilə namizəd olduğunu bildirib. Y.Oğuz 2023-cü ildə fəaliyyətini dayandıran Milli Vəhdət Partiyasının sədri olub.
“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov da 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkisində iştirak etmək qərarına gəlib. Bununla bağlı Abutalıb Səmədov bəyanat yayıb. Bəyanatda deyilir:
“Mən ”Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov kimi 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək qərarına gəlmişəm. Bu seçkilər Azərbaycan tarixinin ən şərəfli günlərinə təsadüf edir. 100 illərlə davam edən, xalqımıza böyük faciələr gətirən separatizm bəlasından dövlətimizin xilas olduğu günləri yaşayırıq. Prezident seçkiləri bu seperatizim bəlasının birdəfəlik gündəlikdən və sıradan çıxardılmasının həlledici nöqtəsini qoyacaq. Yeni dövr başlayır Azərbaycan yeni perspektivlər qarşısındadır və bu dövrdə keçirilən prezident seçkilərində iştirak etmək təkliflərlə, proqramlarla çıxış etmək və Azərbaycanın inkişafına az da olsa öz töhfəsini verməyə cəhd göstərmək hər bir vətəndaş üçün böyük şərəf sayılmalıdır. Bu səbəbdən mən də prezident seçkilərinə qatılmaq və gücüm çatan qədər bu mühüm kampaniyaya öz töhfəmi vermək istəyirəm".
Fəaliyyətini dayandırmış Aydınlar Partiyasının sədri olmuş Qulamhüseyn Əlibəyli də fərdi qaydada öz namizədliyini irəli sürəcək. O, Modern.az-a açıqlamasında bildirib ki, növbədənkənar seçkinin keçirilməsinin bir çox səbəbi ola bilər: “Bu, Azərbaycana qarşı təhlükələrlə, prezidentin yüksək reytinqə sahib olması ilə bağlı ola bilər. Seçkilərin erkən keçirilməsinə qərar vermək dövlət başçısının konstitusyon hüququdur. Onu mübahisələndirmək üçün heç bir səbəb yoxdur. Yəni prezidentə seçkiləri erkən keçirmək üçün qərar vermə səlahiyyətini konstitusiya verir. Seçkilərin niyə növbədənkənar olduğunu ən yaxşı prezident bilər. Hər halda bu seçkilər olacaq. Mən də fərdi qaydada öz namizədliyimi təqdim etmək istəyirəm. Artıq mənim sənədlərim Mərkəzi Seçki Komissiyasındadır. Sonrakı məsələləri də müəyyənləşdirərəm”,-o, deyib.
Qeyd edək ki, Qulamhüseyn Əlibəyli Milli Məclisin deputatı olub.
Politoloq Ərəstun Oruclu da 7 fevral növbədənkənar Prezident seçkilərində iştirak edəcək. Bu barədə Ərəstun Oruclu facebook hesabında yazıb.
Fərdi qaydada müraciət edənlərin siyahısında eyni zamanda Mətləb Mütəllimli və Sərvan Kərimovun adı var.
Hələ ki, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində iştirak üçün namizədliyini irəli sürənlərin sayı 16-dır.
Artıq imzatoplama kampaniyalarına start verilib. Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün kampaniyadan öncə imza toplayan fəallara təlimlər keçirilib, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq imza toplamanın qaydaları bir daha izah edilib, müvafiq təlimat və tapşırıqlar verilib. Dekabrın 21-da isə Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının fəalları 24 saylı Nizami birinci, 25 saylı Nizami ikinci və 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairələri üzrə tələb olunan sayda imza toplayıblar.
7 fevral 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Orucun Mərkəzi Seçki Qərargahı tərəfindən seçici imzalarının toplanması məqsədilə qanunvericilikdə nəzərdə tutulan qaydalara uyğun olaraq, tədbirlər həyata keçirilir. Mərkəzi Seçki Qərargahından verilən məlumata görə, Seçki Məcəlləsinə 2 və 2 “A” saylı əlavələrində göstərilən formada tərtib olunan, namizədin rəsmən qeydiyyatı üçün səsvermə hüquqlu şəxslərin minimum 60 dairəni və ən azı 50 nəfəri əhatə etməklə 40 min etibarlı imzanın toplanması istiqamətində intensiv təşkilati tədbirlər görülür. Seçki Qərargahı namizədin fəaliyyətinə dair məlumatları mütəmadi olaraq, ictimaiyyətə verəcəkdir.
O ki qaldı seçki ilə bağlı digər partiyaların iştirakına, Azad Vətən Partiyası Prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Bu barədə qərar partiyanın Siyasi Şurasının sonuncu iclasında qəbul edilib. Akif Nağının sədrlik etdiyi partiya qərarı barədə Mərkəzi Seçki Komissiyasına məlumat təqdim edəcək.
Ana Vətən Partiyası da Prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Bu barədə qərar partiyanın 23 dekabr tarixində keçirilən qurultayında qəbul edilib. Deputat Fəzail Ağamalının rəhbərlik etdiyi partiyanın qurultayı zamanı təşkilatın nizamnaməsində dəyişikliklər edilib.
Azərbaycan parlamentinin sabiq sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev və ona aid olan Gələcək Azərbaycan Partiyası 7 fevral 2024-ci ildə keçiriləcək növbədənkənar prezident seçkisində İlham Əliyevi dəstəkləyəcəklərini qeyd ediblər. Bu barədə qərar R.Quliyevin fəxri üzvü olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) qurultayında açıqlanıb. Eks-spiker partiya üzvlərini İlham Əliyevi dəstəkləməyə çağırıb.Qurultayda onun müraciəti müsbət qiymətləndirilib və GAP-ın seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləməsi barədə qərar qəbul olunub.
Ağsaqqallar Şurasının dekabrın 25-də keçirilən Ümumi yığıncağında İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib.Bu barədə Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın ümumi yığıncağında çıxışı zamanı 35 min üzvü olan qurumun Prezident İlham Əliyevin siyasətinin davamını tarixi zərurət hesab etdiyini bildirib.
E.Quliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli, beynəlxalq səviyyədə söz sahibi olan dövlətə çevirdiyini qeyd edib.
Şura İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul edib.
MSK sədri Məzahir Pənahov şəxsiyyət vəsiqələri ilə bağlı suala aydınlıq gətirib. O bildirib ki, şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti artıq göstərilir. O deyib ki, qanuna əsasən ancaq şəxsiyyət vəsiqəsinin etibarlılığı lazımdır. MSK sədri qeyd edib ki, şəxsiyyət vəsiqələrinin yeni forması təsdiq edilib və orada artıq sadəcə, etibarlılıq müddəti göstərilir: “Bizim formada isə köhnə nəsil şəxsiyyət vəsiqələrinə uyğun olaraq vəsiqənin verilmə tarixi də tələb edilir. Amma vətəndaş, bütün tərəflər bilməlidir ki, bizə əvvəl şəxsiyyət vəsiqəsinin verilmə tarixi sənədin etibarlı olub-olmaması üçün lazım idi. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə artıq etibarlılıq müddəti göstərilir. Yəni bunu düzgün izah etmək lazımdır. Yoxsa, buna görə məhkəməyə verə bilərlər”.
MSK həmçinin, bildirib ki, işğaldan azad edilmiş ərazilərdə səs verəcək seçicilərin bildirişlərində əlavə qeyd olacaq. Onun sözlərinə görə, bu qeyd əhalini təbrik mətnidir: “İşğaldan azad edilmiş ərazilərdə yaşayan, orada səs verəcək şəxslərə növbədənkənar prezident seçkisi ilə əlaqədar bildirişlər dərc edilərkən orada təbrik cümlələri də yer alacaq. Çünki o insanlar 30 il sonra ilk dəfə öz torpaqlarında səs verirlər. Bu, Allahın lütfüdür”.
Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusları azərbaycanlı vətəndaşlara müraciət etməyə davam edirlər.
Azərbaycanın Almaniya, Türkmənistandakı səfirliyi, İspaniya Krallığı və Andorra Knyazlığı, Qazaxıstan ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşını tamamlamış Azərbaycan vətəndaşlarına müraciət edilib. Onlardan 29 dekabr 2023-cü il tarixinədək səfirliyə müraciət etmələri xahiş olunur. “Yeni Müsavat”
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"