Milli Məclisdən Qərbi Azərbaycanlılarla bağlı BƏYANAT
Milli Məclisdə təmsil olunan Qərbi Azərbaycan icması nümayəndələri qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıtması hüququnun tanınması ilə bağlı bəyanat qəbul edib.
Versus.Az xəbər verir ki, bəyanatı Milli Məclisin bugünkü iclasında Qərbi Azərbaycan icmasının sədri, deputat Əziz Ələkbərli təqdim edib.
Bəyanatda deyilir:
Azərbaycanlılar indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamışlar. Tarixi sənədlər və xəritələr orada yaşayan əhalinin əksəriyyətinin azərbaycanlılardan ibarət olduğunu, həmin coğrafiyada formalaşmış toponimlərin mütləq çoxluğunun xalqımıza mənsub olduğunu sübut edir.
Təəssüf ki, 200 ilə yaxın dövrdə, xüsusən 1905–1906, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə mərhələ-mərhələ həyata keçirilən etnik təmizləmə nəticəsində Ermənistanda bir nəfər də azərbaycanlı qalmamışdır.
Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsi başa çatdırıldıqdan sonra 1988–1993-cü illərdə Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınan ərazisinin 20 faizi işğal edilmişdir.
30 ilə yaxın dövrdə beynəlxalq birliyin vasitəçiliyi ilə aparılan sülh danışıqları beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməmişdir.
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi Zəfər nəticəsində dövlətimizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunmuşdur.
İşğalın ağır nəticələrinə baxmayaraq, məhz Azərbaycan Respublikası Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin bərqərar olması, beynəlxalq hüququn beş prinsipi, o cümlədən dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış etmişdir. Təəssüf ki, Ermənistanın son 3 il ərzində törətdiyi hərbi-siyasi təxribatlar sülh danışıqlarına mane olmuş və bu ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirlərini qaçılmaz etmişdir.
Azərbaycan Respublikasının suverenliyi onun bütün ərazisində bərqərar edildikdən sonra Ermənistanla sülh sazişinin bağlanması üçün artıq heç bir maneə qalmamışdır. Bu il dekabrın 7-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası Baş naziri Aparatının qəbul etdikləri Birgə Bəyanat iki dövlət arasında etimad yaradılması yolunda mühüm irəliləyiş olmuşdur.
Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələri Azərbaycan Respublikası Prezidentinin regionda möhkəm sülh və sabitlik yaradılması və əməkdaşlıq əlaqələri qurulması istiqamətində təşəbbüs və səylərini qətiyyətlə dəstəkləyirlər. İcma nümayəndələri hesab edirlər ki, Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıtması hüququnun tanınması Azərbaycanla Ermənistan arasında etimad quruculuğunun mühüm vasitələrindən biridır. Bu, iki dövlət arasında real barışığın əldə edilməsinə və regionda birgəyaşayış mühitinin yaradılmasına yönələn önəmli addım olacaqdır.
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"