Vətənimin fədəkar qəhrəmanı
Ramil baş verəcək bu qanlı döyüşlərə sona qədər dözərdi...
Qarabağda keçirilən antiterror əməliyyatları zamanı şəhid olan gizirimiz Ramil Sücəddin oğlu Rəhimovun əziz xatirəsinə həsr edilmişdir (1 yanvar 1992-ci il Abşeron rayonu, Ceyranbatan qəsəbəsi – 20 sentyabr 2023-cü il Ağdərə şəhəri).
Abşeron rayonunun Ceyranbatan qəsəbəsi vətənimizin ucsuz-bucaqsız bölgələri arasında gözəlliyi, sakitliyi, mənzərəsi ilə göz oxşayan, mehriban, səmimi, vətənpərvər insanları ilə seçilən yerlərdən biridir. Bu ərazilərin həm təbiəti, həm də insanları strateji obyekt kimi illərlə dövlətimiz tərəfindən göz bəbəyi kimi mühafizə olunan gözəl Ceyranbatan gölü qədər təmiz, saf və dəyərlidir. Görkəmli rəssamımız Səttar Bəhlulzadə “Torpağın arzusu” rəsmini Ceyranbatan gölünə həsr etmiş və bu misilsiz gözəlliyi ustalıqla canlandırmışdır. Rəsmi çəkərkən o, Ceyranbatan torpağının arzusunu ifadə etmiş, bu torpağı güllü-çiçəkli, daha gözəl, daha firavan görmək istəmişdir. Lakin təəssüflər olsun ki, həyat hər zaman insanların istədiyi kimi olmur. Fələk isə heç bir zaman insanların arzusu ilə hərəkət etmir və öz qərarını verir. Bu sakit, qəlblərin rahatlıq tapdığı kiçik qəsəbədə insanların tək arzusu dərddən-qəmdən uzaq, firavan bir şəkildə yaşamaq olsa da Azərbaycanımızın hər yerində olduğu kimi burada da mənfur düşmənlərimiz xalqımızın bu arzusunun həyata keçməsinə imkan verməmişdir. Birinci Qarabağ müharibəsindən başlayaraq ən yeni tariximizdə baş vermiş 1 günlük antiterror əməliyyatları da daxil olmaqla Azərbaycanımızın canından nə qədər can qopdu. Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimiz arasında Ceyranbatan torpağında böyüyən vətən oğulları da az olmamışdır. Bu şanlı torpağın şanlı oğulları doğma Qarabağ üçün sinələrini sipər etdilər, işğalda olan torpaqlarımızın düşmən tapdağından azad olunması üçün əllərindən gələni əsirgəməyərək ölümü gözə aldılar və sonunda qəhrəmancasına Şəhidlik Zirvəsinə ucaldılar. Ceyranbatan torpağı canını vətənə fəda etmiş qəhrəman oğulları ilə müqəddəsləşmişdir. Çünki torpaq ancaq uğrunda ölən varsa, Vətən olur.
Bu dəfə həmin qəhrəman oğullarımızdan biri haqqında danışacağam. Hansı ki Vətən torpağı bu qəhrəmanımızı elə bu günlərdə köksünə alıb, onun şəhadətindən heç altı gün belə keçməyib. Yoxluğunun ağrısı o qədər təzədir ki, onu sevənlər bu itki ilə heç cür barışa bilmirlər və barışmayacaqlar da!
Qəhrəmanlıq dastanını qanı ilə yazmış bu ərənimiz, igidimiz, fədaimiz, şəhidimiz — Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən Ağdərəyə qədər getdiyi yolu şərəflə addımlayıb qəhrəmancasına sonlandıran, ömrünün sonuna qədər hər gününü, hər saatını, hər dəqiqəsini Vətən üçün yaşayan və sonda Vətən yolunda Şəhid olan gizirimiz Ramil Rəhimovdur.
Şəhid hərbi qulluqçumuz Ramil Sücəddin oğlu Rəhimov bu sakit, gözəl və şirin qəsəbədə 1992-ci ilin 1 yanvar tarixində anadan olub. Həmin gün yeni ilin ilk günü idi. Yeni il, yeni ay, yeni gün özü ilə Rəhimovlar ailəsinə bu gözəl körpəni də bir yenilik kimi gətirmişdi. Adətən, bu gözəl yeni il axşamı əvvəlki illərdə olduğu kimi hamı sevinməli, gülməli, şənlənməli və bu yeni ili əsl bayram kimi qeyd etməli idi. Lakin Azərbaycan xalqına 1992-ci ili bayram etmək nəsib olmadı. Əksinə, Azərbaycan xalqının bəxtinə qara rəngli rəqəmlərlə yazılan bir ilin ilk günündə anadan olmuşdu Ramil. Ancaq Yaradan Ramili xəlq edib öz ailəsinə göndərdiyi zaman onlara Ramillə birgə böyük bir ümid işığı vermişdi. Bu heç vaxt sönməyən, bitməyən, tükənməyən, öz şəfəqlərini, nurlu şüalarını əskiltməyən, həmişə daha da güclənən bir işıq olacaqdı. Bəlkə də 1992-ci ilin soyuq keçən yeni il axşamı Rəhimovlar öz ailələrinə necə qəhrəman bir oğulun, bir vətən fədaisinin, bir Azərbaycan cəngavərinin gəldiyinin fərqinə deyildilər. Onlar bəlkə də bilmirdilər, fərqində deyildilər ki, Qarabağ münaqişəsinin ən qanlı ili olacaq bu ilin ilk günündə dünyaya göz açan bu körpə böyüyəndə 35 illik münaqişəyə 1 gündə canı və qanı bahasına son qoyacaq.
Ramil orta təhsilini də doğulduğu bu kiçik, lakin füsunkar qəsəbədə yerləşən 1 saylı tam orta məktəbdə aldı. Orta məktəbdə müəllimlərinin gözü, nuri-didəsi olan Ramili sinif yoldaşları da bir dost, yoldaş, sirdaş kimi sevirdi. Ramil çalışqanlığı, vətənpərvərliyi, nizam-intizamı, özünü bütün müsbət xüsusiyyətlərə malik əsl insan kimi aparması ilə diqqətləri həmişə öz üzərinə çəkirdi. Bunların hamısı böyüyəndə onun necə bir şəxsiyyət olacağına uca Allahın işarəsi idi. Ona görə də Ramil lap uşaqlıqdan həm ailə üzvlərinin, həm qohum-əqrəbanın, həm də məktəbdə müəllim-şagird kollektivinin sevimlisinə çevrilmişdi.
Orta məktəbin yuxarı pillələrində Azərbaycanın tarixini daha dərindən öyrənən Ramildə vətənpərvərlik hissləri daha sürətlə inkişaf etməyə başladı. Uşaq yaşlarından vətəninə, torpağına, vətəninin hər qarışına sevgi bəsləyən və bunu əməllərində nümayiş etdirən Ramilin yaşının üstünə yaş gəldikcə bu vətən sevgisi özünü daha da qabarıq şəkildə göstərirdi. Ramilin qəlbində həmişə vətənə sevgi, düşmənə kəskin nifrət hissi olmuşdur. Uşaq vaxtından Qarabağın və ətraf rayonların erməni mənfurları tərəfindən necə amansızlıqla işğal edilməsini, Xocalı faciəsini və digər faciələrimizi, qətliamları eşidən-bilən Ramilin düşmənlərə olan nifrəti onun yetkinlik yaşlarında özünün ən pik həddinə çatmışdı. Ramilin qəlbindəki Vətən sevgisi yaz mövsümündə, qarlar əriyəndə öz məcrasını aşan, kükrəyən çaylara bənzəyirdi. O, həmişə Qarabağdan söhbət açar, atasından, anasından öyrəndiklərini bir-bir yaddaşına həkk edər, buraya yeni məlumatlar əlavə edərdi. Bilirdi ki, 1992-ci il kimi xalqımızın taleyinə qara xətt çəkən bir ilin ilk günündə anadan olub. Bundan nə qədər məyusluq hissi keçirsə də ürəyində olan qisas hissi bu məyusluğu üstələyirdi. Ramil gələcək illərin də xalqımızın taleyinə, tarixinə qara hərflərlə yazılmaması üçün öz qəlbində vətənə bunu bir dəfəlik aradan qaldıracağı barədə, bu yolda əlindən gələni əsirgəməyəcəyinə, hətta canını belə verəcəyinə söz verdi. Çünki o, vətənini canından da çox sevirdi.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecinin “Maliyyə işi” fakültəsinə qəbul olan Ramil o vaxt sözün əsl mənasında onu tanıyanların, əzizlərinin ona olan inamlarını boşa çıxarmamış, bu inamı, ümidi tam mənada doğrultmuşdu. Həmin vaxt Ramilin ailəsinin sevincinin həddi-hüdudu yox idi. İllərlə son dərəcə çalışqanlıqla orta təhsil alan Ramil bu orta məktəb illərinin haqqını vermiş və kollecə daxil olmuşdu. Təbii ki, Ramil də təhsil həyatındakı bu böyük uğuruna görə çox sevinirdi. Lakin əsgərliyə, hərbi xidmətə olan sevgisi ona bu uğuru sevinclə qarşılamağa imkan vermirdi. Ramil hərbi xidmətə yollanmaq, əsgər kimi vətənə xidmət etmək, hərbi xidmət müddətində də Qarabağda baş verəcək olan döyüşlərdə iştirak etmək istəyirdi. Ramil özü öz əlləri ilə işğalda olan torpaqları azad edib Ana Vətənə qaytarmaq istəyirdi. Ramil baş verəcək bu qanlı döyüşlərə sona qədər dözərdi. 1 il də, 5 il də olsa dözərdi. Hətta 1 günün içində olsa belə...
O, savadı və bacarığı ilə fərqlənərək qəbul olduğu və oxuduğu kolleci bitirdikdən sonra sanki uçmağa qanad tapa bilmirdi. Həm kolleci uğurla bitirdiyinə görə, həm də hərbi xidmətə yollanacağına görə çox sevincli idi Ramil. Sonunda arzusuna, istəyinə nail olurdu. Hərbi xidmətə yollanacaq, vətəninə olan borcunu əsl qəhrəman kimi ödəyəcəkdi.
Rəhimovlar ailəsi Ramildən ayrılacaqlarına və onu hərbi xidmətə yollayacaqlarına bir az narahat olsalar da qəlblərində sonsuz qürur hissi keçirirdilər. Çünki həmin vaxt Rəhimovlar ailəsindən də vətənə xidmət edəcək bir əsgər, bir ərən çıxırdı, hər zaman vətəni üçün yaşayan və vətənini canından da çox sevən bir qəhrəman əsgər...
Ramil orta məktəb və kollec təhsilində olduğu kimi hərbi xidmətini də uğurla başa vurandan sonra müsəlləh bir əsgər kimi doğulub boya-başa çatdığı evinə qayıtdı. Hərbi xidməti müddətində qüsursuz xidmət edən Ramil əsgər yoldaşları arasında dəfələrlə fərqlənmiş, adı tədbirlərdə nümunə kimi çəkilmişdi. Ramil torpaqlarımızın hələ də işğaldan azad olunmadığına görə çox kədərlənirdi. Fikirləşirdi ki, qoy mən Qarabağ torpağında, işğalda olan o müqəddəs torpaqlar uğrunda şəhidliyə yüksəlim, lakin mənim qanım Qarabağ torpağının sağalmayan yarasına ömürlük məlhəm olsun. Ramil heç bir vaxt istəməzdi ki, bu münaqişə ondan sonrakı nəsillərə ötürülsün, o nəsillər də Ramil kimi acı çəksin, şəhid versin və onun ruhu sonrakı nəsillərin taleyi üçün narahat olsun. Yarım qalmış arzularını ordu sıralarında çin etmək üçün Ramil yenə də ordu sıralarına qayıtmaq istəyirdi, lakin obyektiv səbəblərdən o, bir müddət ordu sıralarına qayıda bilmədi. Həmin vaxt ərzində gücünü, qüvvəsini evinə, ailəsinə ayırdı. Ancaq bu müddət ərzində də o, Qarabağımızdan uzaqda qalmadı, Qarabağla bağlı baş verən hadisələri yaxından izləyir, bütün dəyişiklikləri ailəsi və yaxınları ilə müzakirə edirdi. Ramilin yenə də ürəyi rahat deyildi, qəlbi işğalda olan torpaqlarımızla birlikdə vururdu. Qarabağa, işğalda olan torpaqlarımıza yanğılı həsrəti onun gün keçdikcə ürəyini didib parçalayırdı. Aprel döyüşlərində neçə-neçə qəhrəman əsgərlərimizin Şəhidlik Zirvəsinə ucalması Ramilin səbir kasasının daşması üçün demək olar ki, son damla oldu. Aradan illər keçsə belə Ramil vətənə olan borcunu yenə də öz qəlbində daha alovlu hiss etdi və nəticədə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na yazılaraq ordu sıralarına qayıtmağın ilk təməlini qoydu.
Ramil 5 ilə yaxın vaxt ərzində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etdi. Hərbi kurslarını da müvəffəqiyyətlə başa vuraraq Silahlı Qüvvələrimizin şərəfli bir giziri oldu. Bu hərbi rütbəni daşıdığı ilk gün sevinci ümmanlara dönmüşdü Ramilin. O gün vətənə olan andını bir daha təkrar etmiş və demişdi: “Qarabağ münaqişəsi həll yolunu tapana qədər silahımı yerə qoymayacağam və ordu sıralarından ayrılmayacağam”.
Ramil ailəli idi və ailəsinin nurlu çırağı olan bir qız övladı dünyaya gəlmişdi. Ceyranbatanda tanış-bilişləri, qohumları, qonşuları, can yoldaşları, tay-tuşları onu əsl cəngavər hərbçi kimi görür və daim onunla fəxr edir, qürur hissi keçirirdilər. Bəli, onlar yanılmamışdılar, onlar haqlı idilər.
Vətən müharibəsi başladıqdan və bizi şanlı Zəfərə qovuşduran 44 gün keçəndən sonra hamı kimi Ramil də şəhidlərimizə görə həddən artıq kədərlənsə də Şuşamızı, Qarabağımızı, işğalda olan başqa torpaqlarımızı — şəhərlərimizi, qəsəbələrimizi və kəndlərimizi azad etdiyimizə görə çox sevinirdi. O da erməni separatçılarının 10 noyabr günündən sonra Qarabağdan çıxacağına və bütün Qarabağ torpağının tam azadlığına qovuşacağına inanırdı. Ailəsi, doğmaları, əzizləri Vətən müharibəsində şəhid olmuş vətən oğulları üçün kədərlənir, bununla belə Ramilin bu döyüşlərdən sağ çıxmasına görə Allaha dua edirdilər. Lakin təəssüf ki, fələk burada da bir çoxlarının arzuları kimi onların da arzularını ürəklərində, sevinclərini isə gözlərində qoydu. Qarabağda aldıqları ağır məğlubiyyətlərdən və on mini aşan itkilərdən dərs çıxarmayan erməni terrorçuları Qarabağın qalan ərazilərindən əl çəkmədilər. Onlar haqsız, ədalətsiz, özləri xislətli himayədarlarına arxalanaraq öz məkrli planlarını, mina terrorlarını həyata keçirdilər, həmçinin mövqelərimizi həm şərti sərhəddə, həm də rus sülhməramlıları ilə olan təmas xəttində atəşə tutmağa davam etdilər. 2021-ci ilin noyabr ayında, 2022-ci ildə bir neçə dəfə, xüsusilə də həmin ilin sentyabr ayında və nəhayət, 2023-cü ilin aprel və may aylarında baş tutan əməliyyatlardan da nəticə çıxarmayan ermənilər artıq hədd-hüdudlarını aşmışdılar. 44 günlük dəmir yumruq zərbəsinin təsiri onlara dərs olmamışdı. Qarabağın, demək olar ki, hər yerində, xüsusilə də Füzulidə, Ağdamda və Xocavənddə səngər qazır, təxribat və terror aktları törədirdilər. Xankəndi və ətraf ərazilərə ordu yığılır, Qarabağın onlar yaşayan əraziləri yenidən silahlandırılırdı. Ramil bu halı həddən artıq məyusluqla izləyir və bir vətən oğlu kimi mənfur düşmənlərin bu hərəkətlərinə dözə bilmirdi. Separatçıların və onları dəstəkləyənlərin yenidən böyük bir müharibəyə hazırlaşdıqlarını görən Ramil fikirləşirdi ki, yenidən dəmir yumruq işə düşməsə, bunların bu hərəkətlərinə son qoyulmayacaq. Düşünürdü ki, bu döyüş artıq son döyüş olacaq və separatçıların sonunu gətirəcək. O yenə də ailəsini narahat etmək istəmirdi və onlara hər dəfə hər şeyin qaydasında olduğunu söyləyirdi. Ramil qisas hissi ilə alovlanmış, odlanmış qəlbi ilə və bütün cismi, ruhu ilə bu döyüşlərə hazır idi. Yenə şəhidlərimizin olacağına görə kədərlənsə də sonunda özünün də Qarabağ uğrunda gedəcək olan bu son döyüşlərdə iştirak edəcəyinə görə həddən artıq sevinirdi.
Nəhayət, yay fəslinin son günlərində — 2023-cü ilin 19 sentyabrında, günorta saatlarında rəşadətli ordumuz erməni separatçılarına qarşı ildırımsürətli və lokal xarakterli antiterror tədbirlərinə başladı. Döyüşlərdən heç 1-2 saat keçməmiş erməni separatçıları, qaniçənləri artıq başlarını itirdilər. Çünki Azərbaycan Ordusunun bacarıqlı əsgərləri dəqiq atəş zərbələri ilə separatçıların hərbi hissələrini, raket sistemlərini və hərbi döyüş maşınlarını sıradan çıxarırdılar. Əlbəyaxa döyüşlərdə də əsgərlərimiz böyük hünər, rəşadət göstərirdi. Ordumuz hər tərəfdən erməni separatçılarını əhatəyə almışdı. Türk ərənlərinin Turan taktikası ilə Ağdərə, Xocavənd, Ağdam istiqamətində və daha bir sıra yerlərdə ordumuz sürətlə irəliləyirdi. Bu rəşadətli ordunun rəşadətli giziri Ramil də Ağdərə istiqamətində döyüşür və sanki ermənilərin canına od qoyurdu. Döyüşlərin başlamasındam qısa müddət keçməsinə baxmayaraq Ramil elə ilk anlardan düşmənin qorxulu röyasına çevrilmişdi. Bilirdi ki, artıq bu, düşmənlərin sonudur. Bu döyüşün sonunda Qarabağ torpağı tamamilə yad tapdaqlardan, yad nəfəsdən azad olunacaq. Ona görə də hər dəfə bir separatçını məhv edəndə sanki onun gücünə güc, qüvvəsinə qüvvət, enerji əlavə olunurdu. Xalqımızın 35 il ərzində nələr çəkdiyini, nə qədər qətliamlar, faciələr gördüyünü o, bir daha beynindən keçirir və sonra bu münaqişəyə bir son qoyulacağını fikirləşirdi. Beləliklə, Ramil bu düşüncələr içərisində düşmənə daha amansız yanaşırdı və sona qədər böyük əzmkarlıqla onları məhv edirdi.
20 sentyabr 2023-cü ildə bəzilərimizin 1 həftə, 2 həftə davam edəcəyini söylədikləri o böyük, möhtəşəm, ildırımsürətli əməliyyat 1 sutkadan da az, yəni 23 saat 43 dəqiqənin tamamında sona yetdi. 200 ildən artıq bir müddətdə başladılmış, yaxın tariximizdə isə 35 ildir bitməyən bu münaqişə 23 saat 43 dəqiqədə Azərbaycan Respublikasının Ali Baş Komandanının rəhbərliyi, silahlı qüvvələrimizin rəşadəti və şücaəti sayəsində parlaq qələbəmiz ilə sona yetdi. Azərbaycan Ordusunun giziri, əslən Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən olan Ramil Sücəddin oğlu Rəhimov antiterror əməliyyatlarında Ağdərə istiqamətində döyüşürdü. Ramil Ağdərəni azad edib bizə qaytardı, lakin Ramil qayıtmadı... O, Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik Zirvəsinə ucaldı. Qara ilin ilk günündə dünyaya göz açan qəhrəman canı və qanı bahasına gələcək illərimizin qara il olmasının ömürlük qarşısını aldı. Son dərəcə fədakarlıq göstərən Ramil bu yolda ailəsinin başçısız, gözəl qızının atasız qalmasını gözə aldı. Şirin canının vətən yolunda torpağa düşməsinə, bir daha yaşaya bilməyəcəyi bu şərəfli həyatının bir gündə sonlanmasına sevə-sevə razı oldu. Ramil kimi fədakar oğullarımızın sayəsində Qarabağımız tam azadlığına qovuşdu! Onların sayəsində artıq biz bundan sonra alnımıza yazılan qara “qaçqın”, “məcburi köçkün” ləkəsini birdəfəlik siləcək və yenidən öz doğma torpaqlarımıza qayıdacağıq! Heç bir zaman Ramili və onun kimi neçə-neçə Ramillərimizi unutmayacaq, xatirələrini qəlbimizin ən dərin, gözəl guşələrində və ən ülvi hisslərlə saxlayacağıq!
Məqaləmi şəhidimizə həsr etdiyim “Vətənimin fədakar qəhrəmanı” adlı şeirimlə bitirir, Allahdan şəhidimiz Ramil Rəhimova və bütün Şəhidlərimizə rəhmət diləyirəm:
VƏTƏNİMİN FƏDAKAR QƏHRƏMANI
Şəhidim, sonadək borcluyuq sənə,
Gözəl Qarabağı bizə qaytardın.
Sinə gərdin sən saysız güllələrə,
Ancaq yurdumun yarasın sağaltdın.
Candan keçdin Vətənimin yolunda,
Onun üçün dözdün çox əzablara,
Sən böyük dərs verərək yağılara,
Öz adını şəhadətə ucaltdın.
Qorxulu bir kabus oldun düşmənə,
Qan uddurdun onun hər əsgərinə,
Onlar dözmədilər zərbələrinə,
Sən düşməni al qanına boyatdın.
Gözəl həyatla vidalaşıb getdin,
Övladını bizə əmanət etdin,
“Qarabağımız azad olsun” dedin,
Sonda qara torpaq altında yatdın.
Bir gündə son qoydun qadaya, qana,
Qaytardın bizlərə bizim olanı.
Qələbə bəxş etdin Azərbaycana,
Vətənimin fədakar qəhrəmanı!
P.S: Bu məqaləni yazdıqdan 3 ay sonra 01.01.2024-cü ildə şəhidimizin ikinci qız övladı dünyaya gəlmişdir. Şəhidimizin öz arzusu ilə qızına Yağmur adı qoyulmuşdur. Uca Allahdan arzu edirəm ki, şəhidimizin övladları onun adına və vətənimizə layiq övladlar olsunlar. Amin!
SEVİNDİK NƏSİBOĞLU
/10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...