"Xəyallarda qalan Laçın" xatirə-gündəlikdən bir hissə...

13:25 07-01-2024 | icon 414 | Cəmiyyət
"Xəyallarda qalan Laçın" xatirə-gündəlikdən bir hissə...

 

 

QƏZƏNFƏR HÜSEYNOV

 

1990-cı ilin yay ayları olardı, xeyli vaxt idi ki, separatçı Dağlıq Qarabağ ermənilərinin mitinqlə başlayan etirazları artıq silahlı hücuma keçməklə nəticələnmişdi, erməni yaraqlıları azərbaycanlılar yaşayan kəndlərə hücum edir, günahsız adamlarımızı qətl edirdilər...

 

ŞSRİ DİN Daxili Qoşunları hərbiçiləri Dağlıq Qarabağ və ətraf rayonların mühafizəsini öz üzərinə götürmüşdü...
Laçın rayon partiya komitəsinin iclas salonunda geniş tərkibdə yığıncaq çağırılmışdı, Moskvadan və Bakıdan yüksək vəzifəli məmurlar da yığıncaqda iştirak edirdilər.

 

Azərbaycan SSR Nazirlər soveti sədrinin birinci müavini Artur Rasizadə, Azərbaycan KP MK katibi Telman Orucov, Azərbaycan SSR Daxili İşlər naziri Məhəmməd Əsədov, prezidentin DQMV üzrə səlahiyyətli nümayəndəsi Əlsahib Orucov, SSRİ DİN Daxili Qoşunlarının komandiri general Şatalin və digər məsul vəzifəlilərdən ibarət mümayəndə heyəti və yığıncağı aparan, Laçın rayon partiya komitəsinin birinci katibi Xanlar Məmmədov yığıncağın rəyasət heyətində əyləşmişdilər. Rəhmətlik X. Məmmədov yığıncağı giriş sözü ilə açaraq rayondakı vəziyyəti geniş təhlil edib, general Şatalinə üzünü tutaraq bildirdi ki, mərkəzi hökümət qəti və prinsipial mövqe tutmasa həm Ermənistan, həm də DQMV tərəfdən bizə edilən silahlı hücumların qarşısını ala bilməyəcəyik, siz hərbiçilər kömək etməsəniz bizim vəziyyətimiz çox ağır olacaq, öz gücümüzlə əhalinin təhlükəsizliyini müdafiə edə bilməyəcəyik, çünki SSRİ Daxili İşlər Nazirliyinin əmri ilə əhalimizdə olan ov silahları yığılmağa başlanmışdır.

 

General Şatalin çıxış edərək aşağıdakı fikirləri bizə çatdırdı.

Bu münaqişə müvəqqətidir, sonda ağıl qalıb gələcək, hər iki xalq əvvəlki kimi dostluq və qardaşlıq münasibətində yaşayacaq, siz azərbaycanlılar sülhsevər xalqsınız, qətiyyən təxribata uymayın, kimdə ov silahı varsa dövlətə təhvil verməlidir…Sonda isə əlavə etdi ki, erməni tərəfi məni ittiham edir ki, Şatalinin qızının əri azərbaycanlıdır.

 

Çox sonralar xalqımızın böyük dostu, Dağlıq Qarabağ Muxtar vilayətinin və ətraf rayonların komendatı, general Vladislav Safonov Azərbaycan mətbuatına verdiyi müsahibəsində bildirmişdi ki, haqqı-azərbaycanlıları müdafiə etdiyimə görə Şatalin məni çox incidirdi.

 

Növbəti çıxış edən A. Rasizadə də elə bir fərqli fikir bildirmədi, ümumi sözlərdən sonra əlavə etdi ki, mərkəzi hökümət sizin təhlükəsizliyinizi müdafiə etdiyindən bütün ov silahlarınızı təhvil verməlisiniz. Mərkəzi komitə katibi Telman Orucov da eyni fikrilər səsləndirdi. Əlsahib Orucov isə çıxış eləmədi.

 

Laçının polis rəisi Ələsgər Əliyev, prokuror Dürhəsən İmanov və digər yerli çıxışçılar vəziyyətin olduqca acınacaqlı olduğunu, erməni silahlılarına qarşı qəti tədbirlər görülmədiyini, xüsusən də Laçın-Şuşa yolunun üstündə olan erməni kəndlərindəki terrorçular tərəfindən magistral yolla gedib-gələn azərbaycanlıların qətl edildiyini Moskvadan gələn generalın diqqətinə çatdırdılar.

 

Sonda Azərbaycan Respublikası Daxili İşlər Naziri Məhəmməd Əsədov çıxış üçün tribunaya çıxaraq, üzünü general Şatalinə tutub vəziyyəti təhlil edərək, ümumi sözlərlə çıxış etdi. Sonra üzünü Şatalinin böyründə oturan azərbaycanlı tərcüməçiyə tutaraq dedi ki, bundan sonrakı çıxışımı dediyim kimi tərcümə etmə!

M.Əsədov üzünü salonda əyləşənlərə tutaraq dedi:

Əziz laçınlılar, mən də əslən bu dərənin oğluyam, sizinlə açıq danışacam, İsrail-Fələstin münaqişəsi 30 ildən çoxdur ki, davam edir, hələ nə qədər davam edəcəyi də bilinmir. Ermənilər bu münaqişəyə uzun illərdir hazırlaşıblar, kim sizə nə deyirsə desin heç də inanmayın ki, bu münaqişə tezliklə başa çatacaq, heç kəsə silah verməyin, heç bir siyasi təşkilatda birləşməyin, bir olun, sona qədər bu torpaq uğrunda savaşın, bizim polis orqanları da Sizinlə olacaq.

 

Sonrakı hadisələr onun nə qədər haqlı olduğunu göstərdi, mövqeyinə görə də şatalinlər onu qətl elədilər.
Allah rəhmət eləsin!

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq