Azərbaycan elminin acınacaqlı durumu

16:26 07-01-2024 | icon 261 | Cəmiyyət
Azərbaycan elminin acınacaqlı durumu

“Elmlə məşğul olmayan istənilən şəxs alimlik dərəcəsi ala bilər”

 

2023-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 526 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Ən çox elmi dərəcə filologiya elmləri üzrə 156 nəfərə verilib. Bu, yeni alimlərin 29,6 faizini təşkil edir. Ötən il ərzində Azərbaycanda mexanika, astronomiya, antropologiya, memarlıq üzrə alimlik dərəcəsi alan olmayıb. IV Sənaye İnqilabının yaşandığı, rəqəmsal iqtisadiyyata sürətli keçidin baş verdiyi bir dövrdə nə üçün elmimiz qeyri-iqtisadi meyillidir?

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev Medianews.az-a bildirib ki, vaxtilə 25-30 yaşlarında fizika, riyaziyyat, kimya, ümumən texniki elmlərdən müdafiə edib elmlər doktoru alimlik dərəcəsi alanları hər kəs tanıyar, istedadlı şəxs kimi hörmətini saxlayar, bu adamların həqiqətən də elm fədaisi olması ilə hamı qürur duyardı.

 

Millət vəkili fikrini əsaslandırmaq üçün fizik Riçard Feynmandan sitat gətirib:

 

“Görkəmli ABŞ fiziki Riçard Feynman müasir fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşteynlə müqayisə olunur. O deyirdi ki, elm uşaq vaxtlarından mənim qanımda qaynayırdı. Alimlik elmi dərəcəsini almaq məsələsinə yanaşmada yaş məsələsi də önəmlidir. Elə adamlar var ki, 50-55 yaşında elmi dərəcə almaq fikrinə düşür və hansısa yollarla fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcələrini alırlar. Bütün dünyada fundamental elmlərin inkişafından, önəmindən danışırlar. Əgər elmi rəhbərin dünya elmindəki yeniliklərdən xəbəri yoxdursa, yeniliklər üzərində işləmirsə, onun yetişdirdiyi elm adamının səviyyəsi sual doğurur. Əksinə, fizika, kimya, riyaziyyat və sair elmlərdəki yeniliklərdən elmi rəhbərin xəbəri varsa, elmi işçiyə düzgün istiqamətlər verirsə, zamanın gətirdiyi yeniliklər istiqamətində işlər görülürsə, əlbəttə ki, bu, iddiaçı üçün faydalı ola bilər”.

 

Deputat E.Əliyev hazırda Azərbaycanda filologiya sahəsində fəlsəfə və elmlər doktorlarının çoxluq təşkil etməsinin təəccüb doğurduğunu söyləyib. O, Azərbaycan elminin indiki vəziyyətini uçurum kimi dəyərləndirib:

 

“Filologiya elmi bu qədər asandırmı ki, alimlərin arasında kəskin fərq yaranır? Gəlin, bir statistika aparıb görək ki, nə qədər Nizamidən, Fizulidən, Nəsimidən və Cəlil Məmmədquluzadədən dissertasiyalar yazılıb. Bunların əhəmiyyət yükü nədən ibarətdir? Filologiya sahəsi üzrə müdafiə edənlər adını çəkdiyim görkəmli yazıçı və şairlərin elmini aça biliblərmi? Bunların hamısı qapalı olaraq qalır. Məsələn, mexanika, astrofizika sahəsində müdafiələrin olmaması, fəlsəfə, sosiologiya, psixologiya sahəsində müdafiənin az olması, məni də bir alim kimi düşündürür. Əvvəllər Bakı Dövlət Universitetində mexanika-riyaziyyat fakültəsi birgə idi. Fakültəni ayırdıqdan sonra mexanika elmi öldümü? Mexanika, antropologiyadan elmi dərəcə alan yoxdur. Antropologiya həm də fəlsəfənin problemidir. Fəlsəfə-antropologiya istiqaməti var ki, bu, çox insanlar üçün faydalı olan elmi istiqamətdir. Ona görə də elmdəki indiki mənzərəni mən uçurum adlandırardım”.

 

Millət vəkili qeyd edib ki, elmlər doktorları, professorlar, akademiklər gənclərə yeni mövzular verməli, yeni mövzular üzərində işlər ortaya qoyulmalıdır:

 

“Dissertasiyaların əksəriyyəti köhnə mövzuların təkrarıdır. Ən böyük bəla ondan ibarətdir ki, dissertasiyaların 90 faizi başqaları tərəfindən yazılır. Bunu heç kim inkar edə bilməz. Araşdırsaq görərik ki, bu tərkibin böyük əksəriyyətini də qadınlar təşkil edirlər. İndi qadınlar elmi sahəyə daha çox üz tuturlar. Bunun da bəlli səbəbi var. Doktorantura pilləsində təqaüd çox aşağı səviyyədədir. Kişilər buna görə elmi fəaliyyətə maraq göstərmirlər. Düşünürəm ki, indiki vəziyyət həyəcan təbilidir. Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi böyük bir dinləmə keçirməlidir. Bu statistika, kəmiyyət göstəricisi bizə heç nə vermir. Biz keyfiyyət göstəricisi ilə üzləşməliyik”.

 

Deputat E.Əliyev deyib ki, hazırda impakt faktorlu elmi jurnallarda dərc olunan məqalələrlə imitasiyalar olunur:

 

“Buna ən yaxşı cavabı Rusiya Elmlər Akademiyasının prezidenti vermişdi. O demişdi ki, rusiyalı riyaziyyatçı Qriqori Perelmanın impakt faktorlu jurnalların heç birində məqaləsi çıxmamışdı. Buna rəğmən, Perelman Puankare hipotezini sübut etmişdi. Kəmiyyət bizi o qədər çaşdırıb, labirintə salıb ki, artıq heç bir elmi keyfiyyətdən, dissertasiyaların əhəmiyyətindən danışmırıq. Doktorluq dissertasiyaları elmdə yeni cığır və istiqamət açmalıdır. Əgər elmi rəhbərlər və alim olmağa iddialı olanlar yeni paradiqmalardan məlumatsızdırlarsa, dissertasiya adı altında bu cür makulatura yığını nəyə lazımdır? Biz IV Sənaye İnqilabı dövründə yaşayırıq. Bu inqilaba daxil olan elm sahələri üzrə ciddi şəkildə məqalələr yazılmalı, tədqiqatlar aparılmalıdır. IV Sənaye İnqilabının texnologiyaları istiqamətində kitablar, elmi məqalələr yazılır. Mən ayda iki-üç dəfə kitab mağazalarında oluram və təəssüf hissi keçirərək müşahidə edirəm ki, IV Sənaye İnqilabına aid kitabların üzünə heç baxan da yoxdur. Kimsə deyəcək ki, biz internet resurslarından istifadə edirik. Əgər kimsə internet resurslarından istifadə edirsə, açıq məkanda göstərsin ki, IV Sənaye İnqilabının elmi istiqamətləri barədə hansı məqalələr yazılır, hansı dissertasiyalar müdafiə olunur”.

Millət vəkili iddia edib ki, Azərbaycanda elmlə məşğul olmayan istənilən şəxs alimlik dərəcəsi ala bilər:

“Mən vaxtilə deyəndə ki, ali məktəblərdə fəlsəfəni, psixologiyanı öldürməyin, heç kim buna fikir vermirdi. Pedaqogika bir çox elmlərin qovşağında yerləşən, insanı öyrənən elm sahəsi sayılır. Təəssüf ki, bu sahədə müdafiə edən şəxslərin və dissertasiyaların sayı azdır. Bu problemlər çərçivəsində laboratoriyaların vəziyyəti ilə əlaqəli monitorinqlər də aparılmalıdır. Öyrənmək lazımdır ki, indiki fundamental elm sahəsindəki laboratoriyaların təchizatı necədir, bu praktik işlərin təcrübəsi harada aparılır və s. Təəssüf doğuracaq haldır ki, Azərbaycanda elmlə məşğul olmayan istənilən şəxs alimlik dərəcəsi ala bilər. Əgər bir şəxs başqa biri ilə mübahisə etsə, mərc gəlsə, “Alma almaya bənzər” filmində deyilən “istəyirsən, texnikuma girim sənin üçün” fikrini müasir dövrdə “istəyirsən, alim olum sənin üçün” ifadəsi ilə əvəzləyə, lap elə alim də ola bilər. Mən indiyə qədər 40-a yaxın dissertasiya müdafiəsində iştirak etmişəm. Bir çox hallarda müdafiə edən şəxs elmi işi üzündən oxuyur. Elmi ada iddiaçı olan şəxs elmi işindəki mövzunun aktuallığını beş cümlə ilə əsaslandıra bilmir. Mən çox az hallarda o şəxslərin bir-ikisinin üzündən oxumadığına rast gəlirəm. Deməli, bu elmi işi özü yazmayıb. Başqasına yazdırdığı elmi işi heç olmasa əzbərləyib də gəlib deyə, danışa bilmir. Belə olan halda həmin şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından (AAK) necə diplom ala bilər? Ali Attestasiya Komissiyasının kriteriyaları nədən ibarətdir? Bu kimi çoxsaylı narahatlıq doğuran sual, müşahidə etdiyimiz hal var”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq