"Sülh sazişi kiçik sənəd olacaq"

17:29 07-01-2024 | icon 304 | Siyasət
"Sülh sazişi kiçik sənəd olacaq"

Elxan Şahinoğlu: “Dəhliz məsələsində bizim konkret tələbimiz var”

 

“Bu il Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı xeyli yüksəkdir. Yekun sənədin imzalanması yanvar ayındamı baş verəcək, yoxsa Azərbaycandakı prezident seçkisindən sonraya qalacaq, bunun elə böyük əhəmiyyəti yoxdur. Önəmli olan yaxın aylarda məsələni bitirmək və sülh sazişini imzalamaqdır”.

 

Bu fikirləri açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

 

Politoloqun sözlərinə görə, tərəflərin də mövqeyi bundan ibarətdir:

 

“Vaşinqtondan, Brüsseldən, Moskvanın özündən də gələn bəyanatlar bu səpkidədir. Yəni artıq sülh sazişinin imzalanmasına maneə yoxdur. Hesab edirəm ki, bu, birbaşa danışıqların nəticəsində reallaşa, Tiflis də mərkəz seçilə bilər, böyük dövlətlər arasında qarşıdurma olmasın deyə”.

 

Sülh anlaşması ilə bağlı “yol xəritəsi”nin məğzinə gəldikdə, E.Şahinoğlu hesab edir ki, sülh sazişi kiçik sənəd olacaq:

 

“İki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyacaq, əsas bənd bundan ibarət olacaq. Amma onu da demək lazımdır ki, digər vacib məsələlər sülh sazişinin kənarında qalacaq. Yəni sülh sazişi Azərbaycanla Ermənistan arasında bütün məsələləri həll etməyəcək. Kənarda qalan iki məsələ nədir? - Zəngəzur dəhlizi və sərhədlərin müəyyənləşməsi. Sərhədlərin müəyyənləşməsi ola bilsin, hətta iki dövlət arasında uzun müddət danışıqlar predmetinə çevrilsin. Bu, illərlə davam edə bilər, asanlıqla həll olunası məsələ deyil. Amma bu, bizi çox da narahat etməməlidir. Gürcüstan bizim strateji tərəfdaşımızdır, amma bu ölkə ilə də sərhədlərimizi tam şəkildə müəyyənləşdirə bilməmişik. Rusiya ilə isə bu yaxınlarda məsələ həll olunub”.

 

Politoloq qeyd edib ki, dəhliz məsələsində bizim konkret tələbimiz var:

 

“Azərbaycandan Azərbaycana maneəsiz keçid. Hesab edirəm ki, bu keçiddə yoxlama olmamalıdır. Amma Ermənistan hələ də öz iddiasından əl çəkmir. Bu da bizə problem yaratmamalıdır. Çünki İranla da müəyyən razılaşmalarımız var. Yəni bu məsələ də növbəti danışıqların mövzusu ola bilər”.

 

E.Şahinoğlu bildirib ki, sülh sazişinin imzalanmasına maneə qalmayıb:

 

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyacaq, bununla da əsas sənədə imza atmaq asanlaşacaq”.

 

Ankaradan Zəngəzur dəhlizi ilə bağlı nikbin bəyanatlara gəlincə, Elxan Şahinoğlu bildirib ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun Zəngəzur dəhlizinin 2028-ci ildə həyata keçiriləcəyini söyləməsi iddialı açıqlamadır:

 

“Yəni bu məntiqlə 4 ildən sonra dəhliz işə düşməlidir. Ermənistan rəsmiləri Zəngəzur dəhlizində maraqlı olduqlarını ifadə etsələr də, “dəhlizin Ermənistandan keçən hissəsi Ermənistanın yurisdiksiyası əsasında həyata keçirilməlidir” yanaşmasından imtina etməyiblər. Buna baxmayaraq, türkiyəli nazir Ermənistandan müsbət mesajlar aldıqlarını deyib. Bu nə deməkdir?

Ermənistan rəsmilərinin türkiyəli həmkarlarıyla qapalı dialoqlarında “müəyyən şərtlər daxilində açıq dəhlizə icazə verə bilərik” cümləsini işlətmələri mümkündür. Çünki rəsmi Bakının mövqeyi belədir ki, Azərbaycan vətəndaşları Zəngəzur dəhlizindən istifadə edərkən yoxlamadan keçməməlidirlər. Rəsmi Bakı bununla yanaşı başqa ölkələrin yüklərinin Zəngəzur dəhlizindən daşınmasının Ermənistan yurisdiksiyasına uyğun həyata keçirilməsinin əleyhinə deyil. Yəni bu, “mənim vətəndaşlarım dəhlizdən yoxlanılmadan keçməli, digər ölkələrin yüklərini isə yoxlaya bilərsiniz” deməkdir. Bunun qarşılığında Ermənistan rəsmilərindən biri bugünlərdə verdiyi açıqlamada Azərbaycan vətəndaşlarının Naxçıvana keçərkən və geri qayıdarkən Zəngəzur dəhlizindən rahat istifadəsinin müzakirə oluna biləcəyinə eyham vurub. Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizi mövzusunda irəliləyiş əldə etmək mümkündür. Odur ki, Türkiyənin nəqliyyat və infrastruktur nazirinin dəhlizlə bağlı optimist açıqlaması üçün zəmin var”. /Musavat.com/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...