"ABŞ yenə ikili standartlara əsaslan münasibət göstərir"
Rəşad Bayramov: “Azərbaycan dünyada dini dözümlülüyün ən yüksək səviyyədə olduğu nadir ölkələrdən biridir”
“ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında Azərbaycanla bağlı bölməni oxuyan hər kəs deyə bilər ki, bu hissə əsassız, reallıqla heç bir əlaqəsi olmayan, qərəz dolu iddialardan ibarətdir”.
Versus.Az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov ABŞ da Azərbaycana qarşı hazırlanan qərəzli hesabatla bağlı şərhində bildirib.
R.Bayramov bunu Azərbaycanın müstəqil xarici siyasət kursunun ABŞ-ın maraqlarına cavab verməməsi ilə əlaqələndirib. Onun fikrincə, burada söhbət təkcə Azərbaycandan getmir. ABŞ hər zaman müstəqil xarici siyasət yürüdən dövlətlərə qarşı qərəzli, ikili standartlara əsaslan münasibət göstərir:
“Azərbaycan dünyada dini dözümlülüyün ən yüksək səviyyədə olduğu nadir ölkələrdən biridir. Cəmiyyətimizdə insanlar inancına və ya əksinə, inancsızlığına görə ikili standartlara, təqib və təzyiqlərə məruz qalmırlar. Əksinə müxtəlif coğrafiyalarda sırf dini inancına görə təqiblərə, repressiyalara məruz qalan şəxslər üçün Azərbaycan hər zaman bir sığınacaq yeri olub. Bunun ən bariz nümunəsi kimi, Azərbaycandakı dağ yəhudiləri icmasını göstərmək olar. Bundan başqa, dünyanın ən qədim xristian icmalarından hesab edilən Alban-Udi Xristian İcması da əsrlərdir Azərbaycanda mövcuddur. Ölkə əhalisinin əksər hissəsini islam dininə etiqad edənlər təşkil etsə də Azərbaycanda hər kəs digər dinlərə də hörmətlə yanaşır. Ölkəmizdə 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Ölkədə qeydiyyatda olan dini qurumlardan 37-si isə qeyri-islam təmayüllüdür”.
Politoloq qeyd edib ki, ABŞ Dövlət Departamentinin heç bir fakt ortaya qoymadan Azərbaycanı din azadlığını pozan ölkələr siyahısına salması qərəzin göstəricisidir:
“Təsəvvür edin ki, uzun müddət ərzində torpaqlarımızı işğal altında saxlayan, dini obyektləri darmadağın edən Ermənistan qalıb bir kənarda, tolerant ölkə kimi ad çıxarmış, multikultural dəyərləri hər zaman üstün tutan Azərbaycan din azadlığın pozan ölkələr siyahısına salınır.
Maraqlıdır ki, ABŞ Dövlət Departamenti bunu 2023-cü ildə Qarabağda antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətlə əsaslandırır. Halbuki antiterror tədbirləri zamanı və ondan sonra da mülki ermənilərə hər hansı zərər dəyməyib, hər hansı bir təzyiq göstərilməyib, əksinə vətəndaşlığımızı qəbul edəcəkləri təqdirdə əvvəlki kimi yaşaya biləcəkləri deyilib. Üstəgəl ermənilərin ərazilərimizi tərk etməsindən sonra belə ərazidə olan hər hansı dini, maddi-mənəvi abidələrə də hər hansı zərər vurulmayıb. Hesabatın qərəzli və həqiqəti əks etdirməməsinin əsas səbəbi isə Azərbaycana aid hissəsini hazırlayan şəxslə bağlıdır. Söhbət dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyandan gedir. O, ABŞ Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən olub. Bundan başqa, Livanın Los-Ancelesdəki konsulluğunda işləyib. Yəni hesabatın qeyri-obyektivliyinə dəlalət edən faktorların kifayət qədər çox olması həm də bu hesabatı tərtib edənlərin kimliyi ilə bağlıdır”.
LƏMAN
versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"