“Müharibə riski yoxdur"

14:30 31-01-2024 | icon 276 | Siyasət
“Müharibə riski yoxdur"

Üzeyir Cəfərov: "Ermənistan öz kölgəsindən qorxursa, bu onun öz problemidir”

 

Bu gün Cənubi Qafqazda maraqlı olan qlobal güclər bölgədə vəziyyəti gərginləşdirmək üçün çabalayır. Fransa, ABŞ, Almaniyanın timsalında Qərbin, Avropanın AŞPA platformasında Azərbaycana qarşı qərəzli təşəbbüsləri bölgədə vəziyyəti gərginləşdirmək, eyni zamanda Ermənistanın sülh müqaviləsinə imza atmasının qarşısını almağa yönələn addım kimi də dəyərləndirilir. Sülh danışıqları nəticə vermədiyi təqdirdə yenidən hərbi risklərin yarana biləcəyi ehtimalı ortaya çıxır.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən hərbi ekspert Üzeyir Cəfərov müəyyən nüanslara diqqət çəkib.

 

- Fransa ABŞ-ın beynəlxalq platformalarda Azərbaycana qarşı aqressiv, qərəzli mövqe sərgiləməsi bölgədəki vəziyyəti hansı mərhələyə qədər gərginləşdirə bilər və hazırki vəziyyət nədir?

 

- Qlobal güclərin region maraqları və qurduqları oyunlar həmişə olub. Hər biri regionda söz sahibi olmağa çalışır və müxtəlif vasitələrlə qarşılarında maneə kimi gördüklərini zəif, asılı duruma salmaq üçün əllərindən gələni edirlər. Regiona sahib olmaq üçün onlara müstəqil, güclü dövlət lazım deyil. Ona görə də Ermənistandan maşa, bir vasitə kimi istifadə edərək öz məqsədlərinə çatmağa çalışırlar. Bu gün Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar fonunda bəzi qüvvələrin regionla bağlı planları pozulub. Bəziləri özlərini əvvəlki ritorikada hiss eləmək istəsə də alınmır. Ona görə də separatçı Ermənistanı silahlandırır, Azərbaycana qarşı hansısa əks addımlar atmağa sövq edirər. Amma kimsə silahlanır deyə, biz bundan çəkinməməliyik. Biz də öz ordumuzu, silahlı qüvvələrimizi lazımi səviyyədə saxlamalı, onun döyüş qabiliyyətini artırmalı, gücləndirməliyik. Mən hesab eirəm ki, bu istiqamətdə lazımi işlər görülür, müttəfqilərlə təlimlər keçirilir, hərbi hazırlıqlarımız davam edir. Biz bu minvalla xaricdən gələn təzyiqlərdən, basqılardan qoruna bilərik. Həm də Ermənistan və havadarları başa düşəcəklər ki, Azərbaycanla konfrantasiyaya girmələri onlar üçün heç də yaxşı nəticələnməyəcək. Azərbaycan regionla bağlı cəryan edən və qlobal güclərin də açıq qatıldığı prosesdə növbəti mərhələyə hazır olmalıdır. Çünki bu gün Ermənistana silah verən ölkələrin siyahısı genişlənir. Rusiya, İran, Hindistan, Fransa və Yunanıstandan Ermənistana verilən bəzi silahlar bizim üçün o qədər də problem yaratmasa da, hər bir halda hazırlıqlı olmalıyıq. O silahlar içərisində elələri də da var ki, hücum xarakterlidir, işğaldan azad olunmuş ərazilərdə yaşayacaq insanlarımıza problem yarada bilərlər. Bunu nəzərə alaraq hər şeyə hazır olmalıyıq.

 

- O zaman Ermənistanı silahlandırıb, sülhə qarşı çıxaranlar bununla nəyə nail olmağa çalışırlar: regionda yeni müharibə riski görünürmü?

 

- Yox, yaxın bir neçə ildə hansısa müharibənin olacağını gözləmirəm. Ola bilsin ki, sərhəddə təxribatlar, atışma, hər hansı bir gərginlik yaransın. Bununla belə hesab edirəm ki, hazırki reallıqda, yəni Qarabağ məsələsi həll olunduqdan sonra yeni bir müharibənin baş verməsi mümkün deyil. Sadəcə olaraq son dərəcə ehtiyatlı və diqqətli olmalı, təxribatlara uymamalıyıq. Çünki bizi istəməyən qüvvələrin açıq və gizli oyunları bu gün də var, sabah da olacaq. Biz dövlətimiz üçün vacib olan işlərimizi doğru-düzgün həyata keçirməliyik ki, hansısa qüvvələrin əlinə bəhanə verməyək. Digər tərəfdən, Ermənistan 2020-ci ildə müharibədən sonra guya Azərbaycanla sülh müqaviləsi imzalayacaqdı. Amma 2024-cü il yanvarın sonuna gəlib çıxmışıq hələ də sülh müqaviləsindən xəbər yoxdur. Ermənistanın baş naziri isə bu günlərdə çağırış edir ki, Azərbaycanla bir-birinə hücum etməməkə bağlı pakt imzalanmalıdır. Ermənistan vaxt udmağa çalışır. Ondan sonra təhdid, hədə dilində danışmağa, işğaldan azad olunmuş ərazilərdəki şərti sərhəddə bizim insanlarımıza qarşı təhlükə törədə bilərlər. Yerdə qalan məsələlərlə bağlı hər hansı bir narahatçılıq yoxdur. Amma qeyd etdiyimiz kimi, biz silahlı qüvvələrimizi elə bir vəziyyətə gətirməliyik ki, Ermənistan düşünsün ki, Azərbaycana qarşı hər hansı təhlükə, təxribat törədərsə, bu onun üçün faciə ilə nəticələnə bilər. Anlamalıdrlar ki, sülh müqaviləsini imzalamaqdan yayınmaqla, gərginlik yaratmaqla heç bir şeyə nail ola bilməyəcəklər. Çünki Ermənistanda əhali sayı bizimlə müqayisədə çox azdır, o cümlədən silah-sursat baxımından Azərbaycanla müqayisə olunmayacaq dərəcədə zəifdir. Azərbaycanın Türkiyə, Pakistan, digər türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıqları var. Bu mənada Ermənistandan gələ biləcək hər hansı hərbi təlükə görmürəm. Təhlükə Qarabağın işğalı ilə bağlı idi, onu da özümüz həll etmişik.

 

- Avropa və Qərbin ölkəmizə qarşı məlum aqressiyası, qərəzli mövqeyi Ermənistanla sülh müqaviləsinin bağlanmasını nə dərəcədə arxa plana keçirir?

 

- Biz əlbəttə ki, diqqətli olmalıyıq. Bu gün Qərb, Avropa dövlətlərinin regionda gərginlik yaratması və sülh müqaviləsinin bağlanmasında maraqlı olmadığı deyilir. Gəlin görək Rusiya bu müqavilənin bağlanmasında maraqlıdırmı, təbii ki, yox. Unutmayaq ki, bizə Qarabağ üzərindən faciələri yaşadan dövlət çox yaxınımızdadır. Eləcə də ərazilərimizə minaları “daşıyan”, bu gün də “sülhməramlı” adı ilə bölgədə qalan Rusiyadır. Bizim enerji mübadiləsi məsələsində Qərblə müqavilələrimiz mövcuddur. Bizim dövlət büdcəmizin 63 faizindən çoxu Qərbə bağlı olan maliyə resurslarıdır. Qərbin bölgə ilə bağlı maraqları var və biz o maraqlara zərrə qədər də olsa xələl gətirmirik.  Müəyyən hesablama aparsaq, separatçıların 80 faizini Rusiya dəstəkləyir, yerdə qalan faizi Ermənistanın xətrinə dəymək istəməyən ABŞ-ın əlindədir. Yəni bir qədər görünməyən oyunlar var. Qərb də sülh müqaviləsinin imzalanmasını istəmir. Mən deyərdim ki, burda da Rusiyanın barmağı var. Qərbdən, “Ermənistan səhvə yol verib Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı" cümləsini eşitməmişəm. Amma Rusiya prezidenti, xarici işlər naziri, Təhlükəszilik Şurasının rəhbəri, Rusiya XİN-in sözçüsü bu günə qədər də həyasızcasına - “siz nə istəyirsiz Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı və məsələ ondan sonra dəyişdi”- deyirlər. Rusiya bəlkə də hansısa mərhələdə separatçıları müstəqil bir qurum kimi də tanıyardı. Çünki onların dedikləri, istədikləri və hərəkətləri bu anlama gəlir.

Digər tərəfdən, Qərbin Azərbaycana aqressiyasının kökündə bir çox hallarda bəzi yerli məmurların lazımsız, yersiz səhvləri də var. Avropa platformaları belə düşünülməmiş hərəkətləri bizə qarşı bir bəhanə kimi istifadə edirlər.

 

- Məlumdur ki, sərhədlərin müəyyənləşməsi ilə bağlı komissiya yenidən bir araya gəlir. Beynəlxalq platformalarda bu prosesə nə dərəcədə real yanaşılır?

 

- Bu gün, sabah o görüş baş tutmalıdır. Amma Ermənistan prosesi tormozlamaq üçün müəyyən adımlar atır. Yanvarın 23-də Ermənistan xarici işlər naziri keçirdiyi mətbuat konfransında sarsaq bir fikir irəli sürüb, bildirib ki, sülh müqaviləsi ilə yanaşı sərhədlərin müəyyənləşdirilməsi də həyata keçirilsin. Onlar özləri də bilirlər ki, bu mümkünsüzdür. Və əgər bu iddianı ortaya atırlarsa, deməli məsələ yenə də xeyli müddət uzanacaq. Ona görə də məsələnin uzanmaması üçün bu cür iddialardan əl çəkməlidirlər. Başa düşməlidirlər ki, Azərbaycanla bir araya gəlib məsələni həll etmək lazımdır. Amma yenə də o fikirdəyəm ki, Ermənistan artıq bəzi Qərb dairələri ilə sıx işləyir və İrəvanla bağlı məsələlərə Rusiya konteksində yanaşırlar. Qərbin məqsədi budur ki, Ermənistan KTMT-dən uzaqlaşsın və silah-sursat verib onu həvəsləndirirlər.

Bununla yanaşı sərhədlərin müəyyənləşdirilməsi xeyli vaxt aparacaq. Çünki orda anklav, eksklav məsələləri, Ermənistanın iddia etdiyi digər məsələlər var. Ona görə də sülh müqaviləsi imzalanmalıdır ki, danışıqlar, görüləcək işlər sakit şəraitdə aparılsın. Əks halda sülh müqaviləsi, həllini gözləyən məsələlər yenə də tupikə dirənəcək. Eyni zamanda Ermənistan özü də gözəl bilir ki, hələ Rusiya, Gürcüstanla sərhədlərin delimitasiya, demorkasiyası başa çatmayıb. Ermənistan bundan sui-istifadə etmək istəyir. Amma Azərbaycan o imkanı verməyəcək.

 

- Bu məsələdə İrəvanın geri addım atacağı görünürmü?

 

- Ermənistanın mövqeyində yumşalmalar var, amma yenə də sərsəm iddialarından əl çəkmir. Ermənistanın gələcəyi, xilası Türkiyə və Azərbaycanla ortaq məxrəcə gəlməsindən keçir. Amma müəyyən qüvvələr Ermənistanı yolundan çaşdırmağa çalışır. Ermənistan bir qədər çevik və doğru addımlar atmağa məcburdur.

 

- Rusiya sülhməramlılarının bölgədən çıxmasına 1 il vaxt qalır. Regionda cəryan edən qeyd olunan proseslərə, eyni zamanda Rusiya xarici işlər naziri Sergey Lavrovun “bu məsələnin artıq Ermənistana dəxli olmadığı” barədə dediyi sözlərə diqqət çəksək, bunlar nədən xəbər verir?

 

- Lavrovun bu fikirlərini anlamaq üçün o dərəcədə elmə, araşdırmaya, siyasi savada ehtiyac yoxdur. Bu fikirlər Rusiyanın özünün ordusu ilə bölgədə qalmaq niyyətindən xəbər verir. Amma bunu dərk etməlidirlər ki, əgər rus sülhməramlıları Qarabağ münaqişəsi ilə bağlı məsələnin həllinə gəlmişdilərsə, artıq məsələ bitib. Rusların burada qalmasına ehtiyac yoxdur. Türkiyə cumhuriyyətinin başqanı da “Rusiya sülhməramlıları 2025-ci ildə çıxacaq” fikirlərini səsləndirib. Azərbaycan Prezidenti ilin yekununa həsr olunmuş tədbirdə də bununla bağlı sözünü deyib. Amma görünən odur ki, ruslar ərazilərimizi tərk etmək istəmir, müxtəlif bəhanələrlə bölgədə qalmaq istəyirlər. Rusiyanın bölgədə Ermənistanla bağlı çox böyük narahatçılıqları var. Ən azı Ermənistandan çıxardılacaqları təqdirdə heç olmasa Azərbaycanda olmalarını hədəfləyirlər. Adama deyərlər ki, məsələ həll olunubsa sənin burda nə işin qalıb. Amma gah yol müfəttişi rolunu oynayır, gah da deyirlər ki, təzə postlar qururlar, yaxud da öz saytlarında “atəşkəs pozulmayıb” kimi məlumatlar yerləşdirirlər. Sonuncu açıqlamaları da bu idi ki, minatəmizləmə işində Azərbaycana kömək edəcəklər. Siz sentyabrdan indiyədək, 6 aydır sülhməramlıların fəaliyyəti ilə bağlı hansısa məlumat eşitmisiz, yox. Nə olsun ki, üçtərəfli sazişdə sülhməramlıların bölgədə qalması müddəti 2025-ci il göstərilib. Sən bu gün Ukraynaya qarşı müharbə aparırsan. Digər tərəfdən, əgər Qarabağda münaqişə yoxdursa, sənin orada qoşun saxlamağına nə ehtiyac var.

Lavrovun açıqlaması onu göstərir ki, Azərbacan yumşaqlıq nümayiş etdirəcək, onlar 2025-ci ildən sonra da burda qalacaqlar. Çünki regionla bağlı başqa planları var və onu həyata keçirməsi üçün bu qoşun lazımdır.

 

- Siz də qeyd etdiyiniz kimi, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanı qarşılıqlı hücum etməmək haqqında pakt imzalamaga çagırıb. Bu çağırış nə ilə bağlıdır, hərbi baxımdan nə anlama gəlir və mövcud vəziyyətə necə təsir edə bilər?

 

- Bu çağırışın heç bir təsiri, mənası olmayacaq. Yüzlərlə belə çağırışlar olub. Bu, Ermənistanın Azərbaycanla sülh bağlamağa daha çox israrlı olduğunu göstərmək üçündür. Paşinyanın bu cür bəyanatlarına boş sözlər kimi yanaşmaq lazımdır. Bunun arxasında heç bir addım durmur. Pakt sülh müaviləsi kimi bir sənəd ola bilər. Bizim Ermənistana hücum eləməklə bağlı hər hansı bir fikrimiz yoxdur. Ermənistan öz kölgəsindən qorxursa, narahatdırsa, bu onun öz problemidir. Çünki Azərbaycan kiməsə hücum etməyə hazırlaşmır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Qərbin Azərbaycan mövzusu gündəmə gələndən sonra kürklərinə birə düşüb. Qorxurlar ki, Azərbaycan əzəli torpaqlarını da geri istəyər. Amma bu tarixin, gələcəyin məsələsidir. Bu gün isə Azərbaycanın Ermənistana qarşı hər hansı bir iddiası yoxdur.

Ermənistan isə belə bir bəyanat səsləndirməklə öz haqlarında müəyyən bir sülhpərvər fikir formalaşdırmaq istəyir. Ona görə də bu fikirlərə boş söz kimi baxıram. Buna çox da fikir vermək lazım deyil. Onun fikri bizim üçün ciddi, dəyərli olsaydı, Azərbaycan dərhl reaksiya verərdi. Bu, Ermənistanın hoqqabazlığıdr.

 

- Regionda gərginlik yaratmaq cəhdləri Azərbaycanın dost ölkələrlə çoxtərəfi əməkdaşlığını labüd edir. Bu sırada Türkiyə ilə hərbi əməkdaşlıq xüsusilə önə çəkilir. Sizcə Azərbaycan-Türkiyə hərbi əməkdaşlıgı necə inkişaf edir?

 

- Tükiyə ilə hərbi əməkdaşlığmz bu gün də təlimlərlə, görüşlərlə davam etdirilir. Bizim öz hədəflərimiz var və əməkdaşlığımızı davam etməliyik. Ermənistan hansı hay-küyü qaldırırsa, özü bilər. Amma bu, Azərbaycanın qardaş Türkiyə ilə 2025-ci il də daxil olmaqla birgə təlimlərinə, ordu hazırlığına maneə ola bilməz. Çünki Azərbaycan bütün məsələlərdə Türkiyə ordusunun, Türkiyə ordusu Azərbaycanın yanındadır.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM