Tanınmış balet artistindən inanılmaz sözlər

14:23 01-02-2024 | icon 306 | Mədəniyyət
Tanınmış balet artistindən inanılmaz sözlər

“20 ildən sonra küçədə qalacaqlar”

 

“Bizim sənətin çətinliyinə görə 60-65 yaşa kimi yaşayan artist də tapmaq çətindir”.

 

Bu sözləri Opera və Balet Teatrının əməkdaşı, Xalq artisti Gülağası Mirzəyev Teleqraf.com-un suallarını cavablandırarkən deyib. Müsahibəni təqdim edirik:

 

- Gülağası bəy, sizin illərdir vurğuladığınız məsələ yenə gündəmi zəbt edib. Balet artistlərinin təqaüd yaşının 40-dan 65-ə qaldırılması son günlər yenidən müzakirə olunan məsələlərdəndir. Yəqin ki, xəbərdarsınız.

- Bəli, mən də sosial şəbəkələrdə gördüm. Düz qeyd etdiniz, 10 ilə yaxındır, bununla bağlı danışıram və məsələnin nə qədər ciddi olduğunu diqqətə çatdırmaq istəyirəm. Çünki bu, balet artistlərinin ən ağrılı yeridir. Bir balet artistinin təqaüdə çıxması üçün 60 yaşı gözləməsi ağlasığmazdır. Bu, sənətin inkişafı, onun gələcəyi üçün böyük təhlükə deməkdir.

- Həqiqətən də... Axı 60 yaşına kimi balet artistinin səhnədə formada qalması mümkünsüzdür.

- Məsələ də budur. Sovet dövründən 2006-cı ilə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ mövcud olub. Buna əsasən, 20 il stajı olan balet artistləri rahatlıqla təqaüdə çıxırdılar. Çünki bu müddət ərzində bədən zədələnir, o qədər travma toplanır ki, daha səhnəyə çıxmaq mümkün olmur.

 

Bəzi artistlərimiz və istedadlı şəxslər demişkən, hər bir yaxşı ifaçı yaxşı müəllim ola bilməz. Çünki pedaqoqluq tamam başqa istiqamətdir.

 

Bu problem mütləq həll olunmalıdır, çünki balet sənətinin gələcəyi gənclərimizdən asılıdır, amma indiki durumda onlar bu sənətə gəlmək istəmirlər, üz çevirirlər. Bilirlər ki, 20 ildən sonra küçədə qalacaqlar.

 

2006-cı ildə təqaüdlə bağlı bu dəyişiklik olandan sonra balet artistləri 60 yaşında təqaüdə çıxdılar. Bu da onunla əsaslandırıldı ki, normal təqaüd yaşı 65-dirsə, balet artistləri ağır peşə sahibləri kimi beş il güzəştlə 60 yaşında pensiya ala bilərlər. Amma bu beş il çıxış yolu deyil və məsələnin həlli istiqamətində heç bir rol oynamır.

 

 

Rusiya və digər ölkələrdə balet artistləri 15-20 il çalışırlar. Vaxtilə bizdə də elə idi. Əvvəlki qanuna görə, aparıcı artistlər 15, solistlər isə 20 il işləyəndən sonra təqaüdə çıxırdılar. Yəni səhnədəki fəaliyyətə son qoyulurdu, amma istəkdən asılı olaraq, kimsə müəllim kimi də fəaliyyətini davam etdirə bilirdi. Hər iki halda - müəllim işləsə də, yaxud sənəti tərk etsə də, haqqı olan pensiyanı mütləq alırdı.

 

İndiki qanuna görə, gərək 40 il işləyəsən ki, təqaüdə çıxa biləsən. Faktiki olaraq, 20 ildən sonra balet artistlərinin zədə, ağır fəaliyyət səbəbi ilə əmək qabiliyyətləri azalır. Səhnə üçün lazım olan keyfiyyətdə olmurlar, əmək pensiyasını almaq üçün isə 15-20 il gözləməli olduğunu nəzərə alsaq, bu insanlar faktiki işsiz qalırlar.

 

 

“Teatrdan çıxsam, pensiya ala bilməyəcəyəm”

 

- Sizin iş stajınız nə qədərdir?

- Teatrda 30 illik staja malikəm. 1987-95-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində balet artisti ixtisası üzrə təhsil almışam. Xoreoqrafiya Məktəbini bitirməmişdən bir il öncə, 1994-cü ildə Opera və Balet Teatrına işə qəbul olundum. 30-cu mövsümdür, teatrda çalışıram.

 

Əvvəlki qanuna görə, mən 10 il bundan öncə səhnə fəaliyyətimə son verə bilərdim, ya pedaqoq kimi, ya da başqa sahədə çalışardım. Amma indiki qanun buna imkan vermir, ona görə mən hələ də teatrda çalışıram. Çünki çıxsam, pensiya ala bilməyəcəyəm. Mənim vəziyyətimdə olan balet artisti çoxdur.

 

Həmişə deyirəm ki, bu qərarı qəbul edənləri bizim teatra dəvət edirəm. Gəlib zalda otursunlar, biz də yaşlı artistlərdən ibarət bir truppa ilə qarşılarında çıxış edək. Onu da deyim ki, bizim sənətin çətinliyinə görə 60-65 yaşa kimi yaşayan artist də tapmaq çətindir.

 

Sizcə, yaşlı artistlərin ifasında təqdim olunan balet kiminsə xoşuna gələr? İnanmıram ki, bəyənən olsun. Həqiqət acıdır, amma səhnə gənclik, temperament, enerji, çeviklik istəyir.

 

 

Balet kimi çətin ikinci sənət tapa bilməzsiniz. Çünki burada həm musiqi duyumun yerində olmalıdır, həm də hərəkətlərin, elastikliyin, texnikan dəqiq, səhnə görünüşün gözəl olmalıdır. Əlbəttə, ildən-ilə artist yeni təcrübə qazanır, amma biz dramatik artist deyilik. Yaxud kinoya çəkilmirik ki, bir neçə dubl çəkilsin, içərisindən ən yaxşısı seçilsin. Bizdə canlı ifadır və o birinci dubldan gözəl olmalıdır.

 

Mənə çox tez-tez deyirlər ki, siz yaxşı görünürsünüz, formadasınız. Deyirəm, bəli, mən yaxşı formadayam və yaxşı da görünürəm, amma o demək deyil ki, zədəm yoxdur. Varikozla bərabər, o qədər problemlərim var ki... Onlar barədə danışmaq istəmirəm. Problemlər də ilbəil artır.

 

 

- Gülağası bəy, pensiya yaşının azaldılması ilə bağlı teatr olaraq hansısa addım atılıbmı?

- Bu problemin həlli istiqamətində bir neçə dəfə Mədəniyyət Nazirliyinə, digər qurumlara müraciət etmişik. Rəhmətlik Qənirə Paşayeva yeganə şəxs idi ki, Milli Məclisdə yüksək tribunadan bizim problemimizi dilə gətirmişdi. İnanmaq istərdim ki, yaşayan deputatlarımız arasında kimsə bu məsələni bir daha qaldırıb məntiqi sonluğa çatdıracaq.

 

Bir məsələni də qeyd etmək istəyirəm, qanunda xırda nüanslar nəzərə alınmalıdır. Azərbaycanda ilk və yeganə teatr Opera və Balet Teatrıdır ki, onun balet truppası ancaq balet tamaşalarında iştirak edir. Balet artisti ilə tamaşanı aparan artist fərqlidir. Balaca bir teatrın truppasında olan işçi də özünü balet artisti kimi qələmə verə bilər. Çünki şou-balet geniş yayılıb. Amma balet tamaşasında oynamaq tamamilə fərqlidir. Qanunda bu da öz əksini tapmalıdır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

“4 kəndin qaytarılması faktı Qərbin bu niyyətlərini də gözündə qoydu”