Prezidentin andı və Ermənistanla havadarlarına vurulan SİLLƏ
Könül İsmayılova: “Azərbaycan əldə etdiyi uğurlarla irəliyə doğru əzmlə addımlayır”
“Cənab Prezidentin aiəsi ilə birlikdə səsverməyə Xankəndidə qatılması dünyaya mesaj olmaqla yanaşı Ermənistana bir sillə oldu. Onun “qutuya atılan bülleten deyildi, erməni separatçılarının tabutuna vurulan son mismar idi” sözləri də “noldu Paşinyan, yol çəkirdin Cəbrayıla”, “cəhənnəmə getdi status” deyimləri kimi dillərdə əzbərə çevriləcək”.
Bunu versus.az-a Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimindəki çıxışı ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.
K.İsmayılova qeyd edib ki, İlham Əliyevin budəfəki andiçməsi əvvəlki illərdəki andiçmələrindən fərqli oldu. Onun sözlərinə görə, bu fərqlilik heç şübhəsiz ki, onun Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən irəli gələn qarşıda duran əhəmiyyətli olan görüləcək işlərlə bağlıdır:
“Cənab prezident Azərbaycanın əldə etdiyi uğurlardan danışarkən “əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır” dedi. Bir prezidentin öz xalqını necə önəmsədiyi bu fikirlə tamamlanır. Dünya da Azərbaycan xalqının gücünü gördü. 30 il əzgin olan xalqımız bu gün qazandığı qələbələrlə dünyaya meydan oxuyur. Prezident də bütün çıxışlarında dünyaya məhz bu qüdrətlənməyimizi, o əzgin xalq olmadığımızı diqtə edir. Amma bu uğurlar bizi arxayın salmamalıdır. Gücümüzü, birliyimizi yenidən zəiflətmək istəyənlərə cavab olaraq prezidentimizin ətrafında daha sıx birləşməliyik. Çünki düşmən susmayıb və heç vaxt da susmayacaq. Məğlubiyyətləri ilə barışa bilmədikləri və üstəlik güc dövlətlərinin əlində oyuncağa çevrildikləri üçün gərginlik yaratmağa çalışacaqlar”.
K.İsmayılova qeyd edib ki, bu 30 ildə Ermənistan öz havadarlarının qucağında xumarlanarkən və erməni separatçıları işğal etdikləri ərazilərimizdə dağıntılarla məşğulkən Azərbaycan güclü dövlətə çevrilmək, güclü orduya sahib olmaq üçün bütün vacib tədbirləri görür, hərtərəfli əməkdaşlıqları artırırdı:
“Və budur, əldə etdiyimiz gücün sayəsində ərazi bütövlüyümüz bərpa edildi. Artıq güc dövlətləri Azərbaycanın şərtləri ilə hesablaşır. Azərbaycanla əməkdaşlıqda maraqlı olanların sayı artmaqdadır. Baxmayaraq ki, Ermənistanın havadarları regionda vəziyyətin yenidən gərginləşməsi üçün Azərbaycana qarşı qərəzli çıxışlar edir, cənab prezident bu münasibətləri də dəf edir. Ölkə başçısı andiçmə mərasimində çıxış edərkən dünyaya mesaj olaraq bəyan etmiş oldu ki, Azərbaycan əldə etdiyi uğurlarla kifayətlənmir, irəliyə doğru əzmlə addımlayır. Eyni zamanda sülh danışıqlarında israrlıdır”.
K.İsmayılova fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinə də diqqət çəkib. Qeyd edib ki, ölkə başçısının Xankəndidə səs verməsi bu seçkinin zəfər seçkisi adlandırmaqda yanılmadığımızı göstərmiş oldu.
Xanım siyasətçi onu da vurğuladı ki, Prezident çıxışında gələcək üçün sərhədlərin daha güclü qorunmasını müvafiq qurumların qarşısında önəmli vəzifə kimi qoydu:
“Şübhəsiz ki, bu, Azərbaycanın sərhədləri boyunca mümkün təxribat cəhdlərinin motivlərini araşdırmağa yardımçı olacaq. Bir sözlə, Prezidentin də dediyi kimi, seçki zamanı Xankəndidə qutuya atılan bülleten deyil, erməni separatçıların tabutuna vurulan sonuncu mismar idi”.
PƏRİ
versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"