Bakı şəhərində xalqımızın ən əziz və sevimli bayramı olan Novruz geniş və coşqu ilə qeyd edilir.
Versus.Az xəbər verir ki, bu münasibətlə paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilib. Bayram günlərindəki şənliklər öz kütləviliyi ilə seçilib.
Bu gün Novruz bayramı paytaxtın Nizami, Xətai və Binəqədi rayonlarında yerləşən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib. Son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinə verilib.
Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər bayramı yüksək sevinc hissi ilə qeyd edib və rəqs ediblər. Bayramda müğənnilər müxtəlif mahnılar səsləndirib, Novruzun əsas personajları olan kosa, keçəl və Bahar qızı toplaşanları şənləndirib və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.
Qeyd edək ki, Novruz ərəfəsində abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram ab-havası yaradılıb.