“Azərbaycan anlayır ki, Fransa bunu təkbaşına etmir”
Natiq Miri: “Hətta ABŞ Ermənistana heç bir təhlükəsizlik təminatı verə bilməz”
Aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan rəsmilərinin görüşü olacaq. Görüşdə Ermənistana əlavə təhlükəsizlik təminatlarının verilməsini nəzərdə tutan sənədin, hərbi paktın imzalanması gözlənilir. Bu görüşlə ABŞ, Avropa İttifaqı Ermənistanı regionda nəyə, kimə qarşı hazırlaşdırır?
Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Natiq Miri hesab edir ki, indiki vəziyyətdə heç bir qeyri-regional güc mərkəzi, hətta hegemon dövlət olan ABŞ Ermənistana heç bir təhlükəsizlik təminatı verə bilməz. O, bunu 10 min kilometrlərlə uzaq məsafədə olan ABŞ-ın Ermənistanı istənilən vaxt, istənilən təcavüzdən qoruya bilmək imkanının olmaması ilə əlaqələndirib.
Politoloq bildirib ki, indiki vəziyyətdə ABŞ-ın Ermənistanda xüsusi bir qoşun, hərbi baza yerləşdirməsi də ağlabatan görünmür:
“Çünki ABŞ-ın özünün Rusiya-Ukrayna, Həmas-İsrail müharibələri, Rusiya-İran-Çin üçlüyü kontekstində Rusiya-Qərb qarşıdurması və ABŞ-ın da cəlb olunduğu Suriya kimi problemləri var. Aralıq və Qırmızı dənizlərdə Husilərin üsyanını, ticarət gəmilərinə hücumunu nəzərə alsaq, Avropa İttifaqı ilə ABŞ-ın Ermənistana hansı təhlükəsizlik təminatı verəcəyi birmənalı deyil”.
N.Miri belə bir reallıqda qlobal güclərin Ermənistana hər hansı təhlükəsizlik təminatı verməsi iddialarını ciddi qəbul etmədiyini deyib. O, bu mənada üçtərəfli görüşdə bəzi məsələlərlə bağlı məsləhətləşmələrin olacağını istisna etməyib:
“Əgər Ermənistan Rusiyadan uzaqlaşırsa, KTMT-dən çıxırsa, Avrasiya İqtisadi Birliyinin Ermənistana verdiyi bütün imtiyaz və üstünlüklərdən məhrum ediləcək. Bununla bağlı Ermənistana Rusiya tərəfindən xəbərdarlıq olunub. Ona görə də Ermənistan iqtisadiyyatının inkişafı, ticarət imkanları, kənd təsərrüfatı və emal sanayesi ilə bağlı yeni bazarlar axtarmaq məcbiriyyətindədir. Bununla bağlı Avropa ittifaqı Ermənistana konkret təminatlar verməlidir ki, Ermənistan Rusiyadan qopandan sonra çətin duruma düşməsin”.
Politoloq bütün bunlarla yanaşı hesab edir ki, görüşdə Ermənistanla hərbi əməkdaşlıq məsələləri ciddi şəkildə müzakirə oluna bilər. O, hesab edir ki, Emənistanın təhlükəsziliyi məsələsi önə çəkilərkən əsas hədəf Azərbaycan deyil. Onun fikrincə, Azərbaycan-Ermənistan münasibətləri, müharibə, sülh məsələləri müzakirə olunsa da, bu təhlükəszilik təminatı daha çox Rusiya ilə bağlıdır:
“Qərb, başda Fransa olmaqla Cənubi Qafqazda ikinci cəbhə açmaqla Rusiyanı zəiflətmək istəyir və burda da zəif bənd kimi Ermənistandan istifadə olunur. Məhz Moskvada törədilən terror aktı da Rusiya, İran, Çin kimi əməkdaş dövlətlərə qarşı yaradılan növbəti cəbhədir. Bu terror hadisəsi İŞİD adı altında tədricən Ukrayna-Rusiya cəbhəsindəki gərginliyi Cənubi Qafqaza və Mərkəzi Asiyaya tərəf transformasiya etmək niyyətini güdür. İŞİD-in Xorasan qolunun aktivləşməsi də bunu göstərir”.
N.Miri qeyd edib ki, 5 aprel görüşündə Azərbaycan-Ermənistan məsələsinin müzakirə olunması haqlı olaraq rəsmi Bakının narazılığına səbəb olub:
“Azərbaycan Xarici İşlər Nazirliyi haqlı olaraq öz etiraz bəyanatını verdi. Çünki regionda Azərbaycan, Türkiyə, Rusiya əleyhinə yeni bir koalisiya yaradılır. Bir tərəfdən Fransa-Yunanıstan, başqa bir tərəfdən Ermənistan-Hindisatan koalisiyası. Düşünürəm ki, İranı da müəyyən mənada bu koalisiyaya qatıblar. Ona görə Azərbaycan Fransanın regionda dağıdıcı ünsür olaraq fəaliyyətinə və Ermənistanı hərbləşdirilməsinə etiraz edir. Azərbaycan anlayır ki, Fransa bunu təkbaşına etmir. Bu dördlük koalisiyasının arxasında ABŞ dayanır. Bütün hallarda təhlükəsizlik təminatı ilə bağlı hər hansı sənədin imzalanacağını gözləmirəm”.
PƏRİ
versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”