Yazı gətirən, ayrılıq zamanı da vidalaşmağı unutmayan vəfalı qaranquşlar…
ƏMRAH FƏQANOĞLU
Kənddə - altmışıncı illərin əvvəlində atamın çay daşları və çiy kərpicdən tikdirdiyi kürsülü evimzin eyvanında bir qaranquş yuvası vardı. Dünyaya göz açandan o yuvanı sağ-salim orda görmüşdük. Yazın gəlişini də hər şeydən öncə iki qaranquşun o yuvanın ətrafında dövrə vurub, gətirdikləri çör-çöplə bərkitmə işlərinə başlamasından bilərdik…
Az sonra o yuvadan sarıdimdik balalar boylanardı, ata-ana qaranquş gətirdikləri böcəklərlə onları yemləməkdən yorulmazdılar... Biz də bumənzərəni hər dəfə çox heyrət və maraqla seyr edərdik... Qaranquşlar ta payız gələnə qədər eyvanımızın daimi sakinləri olardılar və gedəndə də sanki hallallıq istəyirmişlər kimi yuvanın ətrafında bir neçə dövrə vurub yoxa çıxardılar...
Adətən "sərçədən bərk yapış, qaranquş gəldi-gedərdi" -deyilsə də, mən hər zaman qaranquşları çox sevdim. Səbəbini dəqiq bilmirəm. Bəlkə yazın gəlişinin müjdəçisi olduqlarına görə, bəlkə gedərkən vida etməyi bacardıqlarına görə?!
Hə, bilmədiklərim sırasında bu da var: o yuva indi də o eyvanda qalıb, ya yox?!
Xəbər lenti
Jurnalistlərə psixoloji təlim keçirilib
"Jurnalistlər bəzən yanaşmada emosionallığa yol verir"