“Zəfəri nurlandıran Nurlan” və “Ulu Öndərin işığında” - AMEA-da TƏQDİMAT

07:09 14-06-2024 | icon 643 | Cəmiyyət
“Zəfəri nurlandıran Nurlan” və “Ulu Öndərin işığında” - AMEA-da TƏQDİMAT

11 iyun 2024-cü ildə respublikamızın dəyərli elm ocaqlarından olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasında gənc yazar, 7 kitab müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ən gənc müxbiri Sevindik Nəsiboğlunun Vətən müharibəsi şəhidi, leytenant Nurlan Nadir oğlu Həsənova həsr etdiyi “Zəfəri nurlandıran Nurlan” və Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Ulu Öndərin işığında” adlı kitablarının təqdimat mərasimi keçirildi. Tədbirə önəmli elm, sənət və ədəbiyyat xadimləri, ziyalılar, eləcə də kitabsevərlər qatılmışdılar.

 


Tədbir İrəvan Dövlət Azərbaycan Dram Teatrının gənc aktrisası Sevinc Bəxtiyarın aparıcılığı ilə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb vətənimizin ərazi bütövlüyü, müstəqilliyimiz və suverenliyimiz yolunda canından keçən bütün Şəhidlərimizin və Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsinə bir dəqiqəlik sükutla davam etdi. Sonra isə çıxışçılara söz verildi. İlk olaraq filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri Vaqif Yusifli çıxış etdi. Görkəmli ədəbiyyatşünas çıxışında gənc yazarın timsalında erkən yaşlarında ədəbiyyat cəbhəsinə atılan böyük şair və yazıçıların adını çəkərək müəllifin qabaqda olan gələcəyi üçün uğurlar dilədi. Ulu Öndərimizin dühasından söz açaraq onun böyük xilaskarlığından və Azərbaycan uğrunda olan cəfakeşliyindən danışdı. Tədbirin əsas mövzularından olan şəhidlik mövzusundan da danışan ədəbiyyatşünasımız dahi şairlərin kəlamlarından sitat gətirərək şəhidlərin ölümü ilə əbədiyyət qazandıqlarını bildirdi. Sonda gənc yazara fəaliyyətində uğurlar arzuladı. Filologiya elmləri doktoru, professor Asif Rüstəmli də şəhadətin necə ülvi bir zirvə olduğundan danışaraq təqdimatı keçirilən “Zəfəri nurlandıran Nurlan” kitabından və o kitabda haqqında danışılan şəhid Nurlan Həsənovun qəhrəmanlığından söz açdı. Sevindik Nəsiboğlunun Vətən müharibəsindən qabaq, müharibə dönəmində, eləcə də müharibədən sonrakı dönəmdə olan ədəbi fəaliyyətini tamaşaçıların diqqətinə çatdırdı. Mərkəzi Elmi Kitabxana kimi mötəbər bir elm ocağında yeniyetmə və yeniyetmə olmasına baxmayaraq 7 kitab müəllifi olan bir yazarın 2 kitabının təqdimatının keçirilməsinin yazar üçün necə böyük bir uğur olmasından bəhs edərək gənc yazara bir daha uğurlar arzuladı.

 


Tədbir iştirakçılarının və çıxışçıların arasında olduğum üçün mənə də söz verildi. Mən çıxışımda gənc yazarla ilk tanışlığımdan və ondan sonra onunla olan səmərəli fəaliyyətimdən bəhs etdim. Dinamik və sürətli fəaliyyət göstərən gənc yazara yorulmazlıq arzu etdim. “Carçı” jurnalının redaktoru Gülnarə Əmirquliyeva da çıxışında gənc yazarla tanışlığından və fəaliyyətindən söhbət açdı, onun qısa müddətdə gördüyü işləri və ədəbi fəaliyyətini yüksək dəyərləndirdi.

 


Tədbirdə şəhid Nurlan Həsənovun valideynləri Nadir ata və Həqiqət ana da çıxış etdilər. Nadir ata oğlu ilə olan xatirələrindən qısa danışaraq oğlu haqqında kitab yazdığına görə Sevindik Nəsiboğluna və onun timsalında şəhidlərə dəyər verən, onların xatirələrini əziz tutan hər kəsə təşəkkürünü bildirdi. Həqiqət ana Nurlanın vətənpərvər bir şəkildə böyüdüyündən, Qarabağın azadlığını dünyada hər şeydən çox arzuladığından danışdı. Həmçinin, Birinci Qarabağ müharibəsi yeni-yeni başladığı zaman Xankəndi poliklinikasında ermənilərlə birlikdə məcbur qalıb işlədiyi və yaşadığı o çətin günlərdən, sonra isə qaçqınlıq həyatından söhbət açdı. Çıxışının sonunda o da müəllifə və şəhidlərin xatirəsini uca tutan hər kəsə təşəkkür etdi. Həqiqət ana onu da qeyd etdi ki, Sevindik təkcə şəhidlərimiz haqqında kitablar yazmaqla öz işini bitmiş hesab etmir, o, həmçinin həmin kitabları kitabxanalara, məktəblərə və digər dövlət qurumlarına təqdim edərək şəhidlərimizi tanıdır. Qazi Ülvi Qədir müəllifi çoxdan tanıdığını, bir çox tədbirlərdə gənclərlə görüşdüyü zaman onu gənclərə örnək göstərdiyini bildirdi. Həmçinin gənclərlə vətənpərvərlik mövzusunda söhbət etdiyini, habelə gənclərin vətənpərvərlik mövzusuna olan dəyəri və həssaslığı ilə bağlı çıxış etdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Nazim Muğanlı müəllif haqqında xoş sözlər söyləyərək onun “Ulu Öndərimiz” şeirindən bir bənd səsləndirdi. Sevindik Nəsiboğlunun vaxtilə musiqi müəllimi olmuş Sevinc xanım Musayeva bir şagird kimi Sevindiyin onda necə xoş təəssürat oyatdığını, hələ illər əvvəl onun işıqlı gələcəyini gördüyünü qeyd etdi, onunla həmişə fəxr etdiyini və edəcəyini söylədi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas, aktrisa Zülfiyyə xanım Eldarqızı da çıxışında gənc müəllif və onun yaradıcılığından danışaraq çıxışını müəllifin şəhid Nurlan Həsənova həsr etdiyi “Şuşanı ruhuyla fəth edən Nurlan” şeirini söyləməklə sonlandırdı. Jurnalist, “Günaz.az” saytının redaktoru, Cabir Novruz Mədəniyyət Mərkəzinin əməkdaşı Rəsmiyyə xanım Heybətağaqızı da müəllifə yaradıcılıq uğurları arzulayaraq müəllifin antiterror tədbirlərində şəhid olan Cavid Cavanşir oğlu Zülfüqarovun dilindən yazdığı “Qarşıla məni, ana!” adlı şeirini səsləndirdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Arzu xanım Əliyeva Vətən müharibəsindəki qələbəmizin yüksək önəmini və dəyərini vurğulayaraq bu yolda canı, qanı bahasına vuruşan şəhidlərimizi andı, qazilərimizə can sağlığı dilədi. “Şərqin səsi” qəzetinin şöbə müdiri, “Zim.az” saytının redaktoru İlhamə Sabirqızı və “Sağlam Ailə” İctimai Birliyinin sədri Xanım Quliyeva da tədbirdə iştirak və çıxış edənlərdən, təqdimatın mövzularını və müəllifin ədəbi fəaliyyətini qiymətləndirənlər arasında idi. Gənc xanəndə və ictimai fəal Allahverən Pərvizoğlu Sevindik Nəsiboğlu ilə birgə fəaliyyətindən, onun sözlərinə bəstələnən “Ata həsrəti” və Ulu Öndər Heydər Əliyevə həsr olunan “Ulu Öndərimiz” mahnılarından, eləcə də, gənc xanəndənin yaşayıb fəaliyyət göstərdiyi Lənkəran şəhərində və ümumilikdə ölkəmizdə gənclərə verilən yüksək dəyərdən danışdı. Allahverən Pərvizoğlunun çıxışından sonra onun ifasında səslənən və Sevindik Nəsiboğlunun sözlərinə bəstəkar Mehriban Aydınqızının bəstələdiyi “Ulu Öndərimiz” mahnısı tədbir iştirakçılarına təqdim edildi.

 


Tədbirdə Mərkəzi Elmi Kitabxananın “Qarabağ Müharibəsi Qəhrəmanları” Fondunun rəhbəri, “Zəfər” ordenli şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə xanım Səfərzadə də iştirak edirdi. Röksanə xanım qardaşının timsalında bütün Vətən müharibəsi şəhidlərinin, habelə iştirakçılarının torpaqlarımız uğrunda apardığı mübarizədən, həmçinin gənc müəllifin və Mərkəzi Elmi Kitabxana rəhbərliyinin timsalında ölkəmizdə Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərimizə verilən dəyərdən söhbət açdı. İstefada olan polis polkovniki, Birinci Qarabağ müharibəsinin iştirakçısı, uzun müddət Xocavənd Rayon Polis Şöbəsinin rəisi işləmiş Sahib Həsənov Birinci Qarabağ müharibəsində və Horadiz əməliyyatında iştirakından, şahidi olduğu hadisələrdən, müharibə xatirələrindən danışaraq şəhid ailələrinə başsağlığı və təskinlik verdi. O, “Zəfəri nurlandıran Nurlan” kitabını həm bədii, həm də publisistik nöqteyi-nəzərindən yüksək qiymətləndirdi. Vətən müharibəsində qazandığımız qələbədən və ölkəmizin məğlub ölkə damğasından xilas olub qalib ölkə səviyyəsinə yüksəlməsindən də danışdı.

 


Son söz Sevindik Nəsiboğluya - müəllifin özünə verildi. O da təqdimatı keçirilən kitabların yazılma prosesindən, kitablarda hansı nüanslara yer verdiyindən və bu kitabların yaşadığımız günlər içərisində yüksək əhəmiyyət kəsb edəcəyinə əminliyindən danışdı. Müəllif tədbir iştirakçılarına, çıxışçılarına və tədbirdə əməyi keçən hər kəsə xüsusi təşəkkürünü bildirdi. Müəllifin çıxışından sonra tədbir bağlı elan edildi və xatirə fotoşəkli çəkdirildi.
Biz də öz növbəmizdə gənc yazara bir daha yaradıcılıq uğurları və yorulmazlıq arzulayırıq. Şəhidlərimizə və Ulu Öndərə Allahdan rəhmət diləyir, onların ruhları qarşısında baş əyirik. Onların xatirələri hər zaman qəlbimizdə yaşayacaqdır.

 

 


Nəzakət Eminqızı.
/Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Ekspertlər Şurasının sədri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...