Qarabağ və Şərqi Zəngəzurda ilk parlament SEÇKİSİ

16:45 21-06-2024 | icon 262 | Siyasət
Qarabağ və Şərqi Zəngəzurda ilk parlament SEÇKİSİ

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir. Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması üçün Prezindent İlham Əliyevə müraciət edib.

 

"Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Milli Məclisin qərar layihəsi hazırlanıb.

 

Qərar layihəsində deyilir:

 

“Milli Məclisdə çoxluq təşkil edən YAP üzvləri parlament sədrinə müraciət edərək, həm parlament seçkilərinin, həm də mötəbər beynəlxalq tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün müraciət edib. YAP-ın müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəf deputatlar tərəfindən dəstəklənib. Parlament seçkilərinin qanunvericiliyə uyğun keçirilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir”.

 

Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin.

 

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Prezidentin qərarından sonra ölkəmizdə növbədənkənar parlament seçkilərinin tarixi məlum olacaq.


Parlament seçkilərini növbədənkənar keçirilməsini zəruri edən əsas səbəb seçkilərin vaxtının COP29 sammiti ilə eyni vaxta düşməsidir. Belə ki, parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda COP29 keçiriləcək. Belə bir mötəbər tədbirlə eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi mümkün deyil. Seçkilərin vaxtının dəyişməsi həm COP29-u layiqli şəkildə keçirməyə imkan verəcək, həm də bu mötəbər tədbir zamanı ölkə parlamentinin tam fəaliyyətdə olması təmin ediləcək.

 

Ölkəmizdə sonuncu parlament seçkiləri 2020-ci ildə keçirilib. Həmin seçkilərdən sonra Azərbaycan işğal altındakı torpaqlarını işğaldan tam azad edib. Növbəti seçkilərdə müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən deputatlar məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar.

 

Saytımıza açıqlamasında Milli Məclisin Cəbrayıldan olan ddeputatı Ceyhun Məmmədov bildirib ki, Qarabağın bölgələrindən namizədliyini verənlərin elə orada da səs toplayıb, mandat alaması ayrıca şərəfdir:

 

"30 ildən sonra ilk dəfə Parlament seçkiləri işğaldan azad olunmuş ərazilərdə keçiriləcək. Cəbrayıl, Laçın, Qubadlı, Zəngilan, Füzuli, Ağdam və Şuşadakı insanlar öz doğma yurdlarında səs verəcəklər. Yeni Azərbaycan Partiyasının açıqlamasında Qarabağdan namizədliyini irəli sürənlərin ilk dəfə mandatını elə bu torpaqlarda alacağı qeyd edildi. Həqiqətən, bu sözləri eşitmək, bu cür proseslərin şahidi olmaq qürurverici haldır. Artıq biz torpaqlarımızı nəinki işğaldan azad etmişik, qısa müddət sonra burada seçki məntəqələri qurmuşuq. Vətəndaşlarımız elə öz doğma şəhər və rayonlarında namizədlərinə səslərini verəcəklər. Həqiqətən də, bu ərazilərdə seçkilərin keçirilməsi, namizədlərin mandat alması ayrıca şərəf və qürurdur. Bizim ən böyük arzumuz torpaqlarımızın tezliklə azad olunmasıydı. Çox şükür ki, torpaqlarımız azad olunub.  Artıq bu ərazilərdə biz seçki də keçiririk. Burada yaşayış da var".

 

C.Məmmədov qeyd edib ki, seçkilərin Qarabağda da keçirilməsi Azərbaycanın gücünü, qüdrətini göstərir:

 

"50-dən artıq bölgədə cəbrayıllılar məskunlaşıblar. Respublikanın əksər hissəsində seçki məntəqələri var. Azərbaycanın hər bir yeri bizim üçün doğmadır. Ancaq hesab edirəm ki, torpaqlarımızın azad edilməsi və burada seçkilərin keçirilməsi həm də Azərbycanın suverenliyinin, müstəqilliyinin, gücünün, imkanlarının göstəricisidir. Şükürlər olsun ki, belə xoş günlər yaşayırıq. O baxımdan bu böyük hadisə kimi qəbul edilməlidir. Bu gün Qarabağdan olan insanlar seçki təbliğatı və təşviqatını həmin ərazilərdə aparacaqlar. Seçkilərdə iştirak edəcək həmkarlarımızın namizəd olduqları Qarabağ ərazisində seçki kampaniyası keçirməsi önəmli tarixi hadisədir. Həqiqətən də, çox qürurverici, tarixi günlərdir. Biz parlament seçkilərində insanlarla görüşəndə deyirdik ki, o gün olsun biz sizinlə artıq Cəbrayılda, Zəngilanda, Qubadlıda görüşək. Şükür artıq o arzumuza çatmışıq. Bu gündən sonra da hər zaman bu ərazilərdə Azərbaycan bayrağı dalğalanacaq. İnsanlarımız öz səslərini elə burada verəcəklər".

 

 

Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov vurğulayıb ki, parlament seçkilərinin növbədənkənar keçirilməsi doğru addımdır:

 

"Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsinin bir çox səbəbləri var. Bu ilin noyabrında Bakıda COP29 tədbirinin keçirilməsi nəzərəd tutulub. Noyabrda həm Parlament seçkilərinin, həm də COP29 tədbirinin keçirilməsi mümkün deyil.  O baxımdan seçkilərin təxminən iki ay qabağa çəkilməsi məsələsinə baxıldı. Ancaq hələ konkret yekun qərar verilməyib. Yəqin ki, məsələyə baxılacaq və bu istiqamətdə müəyyən qərar qəbul olunacaq. Düşünürəm ki, bu normaldır və belə də olmalıdır. COP29 tədbirinin yüksək səviyyədə keçirilməsi məqsədilə hər bir kəs əlindən gələni etməlidir. Hesab edirəm ki, Azərbaycan dövləti və xalqı buna nail olacaq".

 

Aqil Məmmədov deyib ki, Qarabağın hər hansı bölgəsindən namizəd olan şəxslər qürur və sevinc hissləri ilə təbliğat-təşviqat işlərini aparacaqlar:

 

"Suverenliyimiz bərpa edildikdən sonra Prezident seçkiləri yüksək səviyyədə keçirildi. Bundan sonra Parlament seçkilərinin keçirilməsi doğru addımdır. Qarabağın ərazisindən namizəd olanlar qürur və sevinclə işğaldan azad edilmiş ərazilərdə seçki kampaniyasını, təbliğat və təşviqat işlərini aparacaqlar. İnanıram ki, əvvəllərdə olduğu kimi, seçki üçün demokratik şərait yaradılacaq. Yüksək səviyyədə Parlament seçkiləri keçiriləcək".

 

 

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov söyləyib ki, Qarabağdan namizəd olub, elə orada da səs toplayıb, mandat almaq qürurvericidir:

 

"30 ildən sonra ilk dəfə Parlament seçkiləri həm də işğaldan azad olunmuş ərazilərdə keçirləcək. Kim Qarabağın hansısa ərazisindən namizəd olacaqsa, elə orada da təbliğat-təşviqat işlərini aparacaqlar. Elə  burada da səs toplayıb, mandat almaq qürurvericidir. Şuşada, Xocalıda, Əsgəranda seçki dairələri var. Biz də orada əhalimizlə təbliğat işlərini aparacağıq". /modern.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Hindistan Ermənistanı silahlandırmağa davam edir

“COP 29 ərəfəsində hərbi təxribatın törədiləcəyi istisna edilmir”

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

Dövlət komitəsi ilə bağlı QƏRAR