ONA yaxınlaşıb soruşdunmu ki… - SORĞU

12:09 11-03-2019 | icon 2065 | Cəmiyyət
ONA yaxınlaşıb soruşdunmu ki… - SORĞU

SƏNi DİLƏNməyə məcbur edən nədir?

 

 

Bu gün küçədə “çörək pulu”, “dərman pulu”, “Allah yolunda” deyib, yalvaran insanı müşahidə etdim. İnsanlar bir küncə çəkilib dilənən ONUN yanından soyuq, laqeyd baxışlarıyla ötüb keçirdilər. Yardım üçün açılan ovca pul atıb “mən öz borcumdan çıxdım”, “gücüm buna çatır” hissi ilə köks ötürərək yollarına davam edirdilər...

 

İnsanların qarşısında əl açıb dilənən bu adama kimsə yaxınlaşıb dərdini soruşmağa ehtiyac duymur, sanki çəkinir, qorxurlar. Amma şübhəsiz ki, ürəklərində qınayırlar və ONA ürəklərində çoxlu sualları var...

Versus.Az bu suallara cavab tapmaq üçün növbəti sorğusunu keçirir:

 

- Küçədə qarşına - istər yaşlı, istər uşaq olsun - əl açıb dilənən biri çıxdımı?

 - Hansı hisslərə qapılıb dilənçiyə pul vermisən, yaxud vermək istəməmisən?

 - ONUN barəsində ilk olaraq ağlına nə gəlib?

 - Sən ONA pul verməklə öz borcunu ödədiyini düşünürsən?

 - Əziz dost, bir dəfə də olsa ONA yaxınlaşıb soruşdunmu ki, səni DİLƏNMƏYƏ məcbur edən nədir?

 

 

“Dilənçiyə pul verəndə daxilimdə yaranan xof…”

 

 

Versus.Az-da baş redaktor müavini Arzu Zeynallı:

 

 “Elə bir gün olmayıb ki, təsadüfdən də olsa həmin gün qarşıma dilənən adam çıxmasın. Onları çox müşahidə etmişəm. Bəlkə də, həqiqətən də ehtiyac üzündən dilənib dilənmədiyini fikr etmişəm… Bəlkə də, nə kimi mənəvi keyfiyyətlərinin qalıb qalmadığını görmək istəmişəm... Bəlkə də, bu anlarda nə düşündüyünü anlamaq istəmişəm... Amma “pul verim-verməyim” tərəddüdündə qalmamışam, ehtiyacını hiss etmişəmsə vermişəm.

 

Maraqlıdır ki, pulu verəndə bununla ona kömək etdiyimi düşünməmişəm və heç hərəkətimə görə də özümdən razı qalmamışam. Əgər o adam dilənməklə hər gün qədərini bilmədiyim qədər pul əldə edirsə və bunun müqabilində hələ də dilənməkdədirsə, deməli bizim ona verdiyimiz qəpiklər dərdinə dərman olmur, heç olan da deyil… Onu da deyim ki, onlara pul vermək istəyəndə həmişə daxilimdə bir xof yaranıb – ONA yardımı Allah verə bilər, mən Allahın işinə qarışmış olmurammı xofu…

 

Xoşlamadığım məqamlar çoxdur. Məsələn, adamın ətrafdakılarda özünə qarşı acıma hissi yaratmaq üçün ayağındakı, qolundakı şikəstliyi hətta qışın soyuğunda açaraq göstərməsi məndə ikrah doğurub. Ümumiyyətlə, dilənən adama yaxınlaşıb heç nə soruşmamışam. Dilənməyən, amma ehtiyacını bilib də yardım edilən adamlarla həmsöhbət olmuşam – Ərnəfəslə, Məhəbbətlə… Siz heç onların əl açıb diləndiklərini gördünüzmü? Deyəcəksiz ki, onlar tərkidünya idilər. Olsun…

 

Fiziki qüsurlu insanlarımız sağlam insanlar qədər olmasa da, bacardıqları qədər cəmiyyətə xeyir verməkdəykən, özlərini lazımlı bulmaqdaykən dilənənlər özlərini yazıq görkəmə salmaqla yaşamın asan, amma əzici yönünə üstünlük verirlər.

 

…Və körpəsini soyuqda ayağı-başı açıq vəziyyətdə qucağında tutub soyuq havada yaş torpağın üstündə oturub ah-fəğan edənlər… Və dilənməyi özünə peşə seçənlər… Və dilənçiliyin müxtəlif üsulları – “filan işimin düzəlməsiylə bağlı əhd eləmişəm ki, dilənəcəm”, “dərman almağa 5 manat çatmır”, “yolda qalmışam, tez evə gedib pul götürməliyəm, 2 manatınız olmaz” və sair… və ilaxır…

 

…Müşahidə etdiyim daha bir məqam milliyyətcə rus olan qadınların yalvarmadan, çox vaxt gəzişmədən, bir yerdə sakitcə dayanıb əl açmasıdır. Onlar qışın soyuğunda ayaqlarını soyuqdan qorumaq üçün ya daşın, ya da bir taxta parçasının üzərinə çıxıb, altdan-üstən geyinmiş vəziyyətdə dilənirlər. Yəni zavallı görünüşü yaratmırlar, ehtiyaclı olduqlarını göstərirlər. Bu o deməkdir ki, dilənçinin də mərdi, özünə dəyər verəni olur…”

 

 

 “Bəzən istəmişəm üstümdə olub-qalan pulumu verim”

 

 

 

Jurnalist Cəmilə Hüseynli:

 

“Belə məsələlərdə çox həssasam. Kövrək, qarşısındakının problemini dərd edəcək qədər ürəyi yumşaq biriyəm. Ən çox da dilənən yaşlı nəslin nümayəndələrinə qarşı. Təəssüflər olsun ki, bu cür yaşlı adamlarla hər gün rastlaşıram. Bəzən istəmişəm üstümdə olub-qalan pulumu verim, üzündəki o kədəri, zülmü, məzlum baxışları az da olsa dəyişə bilim...

 

Mənim üçün dilənən yaşlı adamlar hər zaman maraqlı olub. Ona görə ki, evimizdə yaşlı anamız, nənəmiz, babamız olub. Biz onlarla böyümüşük. Ahıl vaxtlarında onların qayğısına təbii ki, biz övladları qalmalıyıq. Amma hər gün gördüyüm bu mənzərəni qəbul edə bilmirəm. Bunların heçmi kimsələri yoxdur? Övladlarımı buna vadar edir? Bunu hələ də anlamış deyiləm.

 

Maraqlandığım zamanlarda əksəriyyəti tək yaşadığını, dolana bilmədikləri üçün buna məcbur qaldıqlarını söyləyirlər.

 

Dilənən uşaqlara gələndə isə, birbaşa valideynləri günahlandırıram. Ailədə nə qədər ağır bir durum olarsa belə, düşünürəm ki, valideyn uşağın hüququnu əlindən almamalıdır. Onun gələcəyi üçün əlindən gələn bütün imkanlardan istifadə etməlidir. Nədənsə, çox vaxt bu cür insanlara yaxınlaşa bilmirəm. Dərinliyinə getməkdən çəkinmişəm”.

 

 

“Axı biz neft ölkəsində yaşayırıq…”

 

 

 

“Hürriyyət” qəzetinin baş mühasibi Roza Əliyeva:

 

“Demək olar ki, hər gün belə insanlarla qarşılaşıram. Nədənsə dilənən yaşlı kişi və yaxud qadın görəndə ürəyim ağrıyır, çox təsirlənirəm. Düşünürəm ki, işləyə bilmir və imkansızlıq üzündən dilənməyə məcbur qalıb. Amma daxilimdə bir üsyan, narazılıq da baş verir. Axı biz neft ölkəsində yaşayırıq. Nefti ilə beynəlxalq layihələrə qatılan ölkənin insanı bu vəziyyətdə olmamalıdır.

 

Eləcə də küçədə dilənən insanları görəndə, daha çox yalnız öz cibini düşünən məmurları və şou müğənnilərinə milyonlarla pul xərcləyib kasıba əl tutmağa xəsislik edən insanlarımızı qınayıram. Axı imkanlı insanlar bu ölkənin insanları üçün xeyirxahlıq etsələr belə acınacaqlı hallar da olmaz.

 

Fiziki qüsurlu insanların dilənməsi də ürəyimi ağrıdır. Düşünürəm ki, yəqin müavinətləri onların həyat şəraitini ödəmir ki, hər kəsin qarşısında əl açmağa məcburdular. Bütün hallarda çox pis oluram.

 

Gənc, işləmək yaşda və gücdə olan adamların dilənməsini görəndə isə acığım tutur. Hər bir işi görə bilər, axı niyə zəiflik edir?

 

Düzünü deyim ki, dilənən adamlara yaxınlaşıb dilənmələrinin səbəbini soruşmamışam, ürəyim gəlməyib. Yaxşı cavab almayacağımdanmı, mənə qarşı hiddətlənəcəyindənmi ehtiyatlanmışam. Düşünmüşəm ki, sualım ona pis təsir edər, dərdini təzələyərəm, ya da o məni öz kobud cavabıyla əsəbləşdirər. Çəkinmişəm...”

 

 

“Bunun günahkarı həm də bizlərik”

 

 

 

 

Versus.Az-ın İsveçdəki əməkdaşı Pakizə Babazadə:

 

“Dilənçilik bir insanın düşə biləcəyi ən son pillədir. Təbii ki, bu durumu "milli peşə" sayan milləti çıxmaq şərtilə. Lakin buna həqiqi ehtiyacdan məcbur olan da var, bunu "asan qazanc" yolu kimi seçən də…

 

İmkanım daxilində həmişə pul vermişəm. O insana ki, üzünə baxan kimi onun buna məcbur olduğunu görmüşəm. Dilənçiliyinin səbəbini isə heç vaxt soruşmamışam. Əgər bir ölkənin vətəndaşı bu gündədirsə, bunun günahkarı həm də bizlərik…

 

 

Yarqılamağa gəlincə, bunu heç vaxt etməmişəm. Çünki birini yarqılarkən insan ilk növbədə özünü onun yerinə qoymalıdır...”

 

 

 

 

“İntiusiyam mənə deyir ki, ONA yaxınlaşma”

 

 

 

Araşdırmaçı jurnalist Bəybala Mirzəyev:

 

 

“Bəli, dilənən adamlarla rastlaşdığım hallar olur. Aralarında hər yaş kateqoriyasından olan insanlara rast gəlmişəm.

Mən əksər dilənçilərə pul vermirəm. Onlar kimlərdir? Məsələn, qaraçılara əsla pul vermirəm. Gənc oğlanlara və orta yaşlı kişilərə də pul vermirəm. Öz halal zəhməti, alın təriylə pul qazanıb yaşaya biləcək gənc və orta yaşlı insanlara nəyə görə müftə pul verməliyəm ki? Axı bu onların əxlaqını korlayır, onları zəhmətsiz gəlirə, müftəxorluğa öyrəşdirir. Mən yalnız insanlardan gizlənməyə çalışan, başını aşağı salıb utana-utana əl açan şəxslərə pul verirəm, onlara bacardığım qədər hər cürə kömək etməyə çalışıram. Çünki onlar peşəkar dilənçi deyil. Daha doğrusu, dilənçiliyi peşəyə çevirmirlər. Yox, hər hansı bir məcburiyyət üzündən dilənən şəxslər haqda əsla bu cür düşünmürəm. Amma əli, ayağı, gözü yerində olan, sağlam görünüşlü insanların diləndiyini görəndə, bəli, sualınızdakı bəzi fikirlər, qınaqlar mənim də ağlımın ucundan keçib.

 

Təvazökarlıqdan uzaq olsa da, bəli, belə hallar olub. Yaxınlaşıb "nə kömək lazımdır"- deyə, soruşduğum insanlar çox olub. Bəzilərinin ac, taqətsiz olduğunu görüb kafeyə aparmışam, yemək almışam. Bəzilərinə isti paltar vermişəm. Elə insan olub ki, məndən su istəyib, mağazadan su alıb vermişəm…

 

Bilirsiniz hansı dilənçilərə yaxınlaşmaqdan çəkinirəm? Yalnız o şəxslərdən, hansılarının ki, üzündə, gözlərində insanları aldatmaq, özünü yalandan yazıq görkəminə salıb insanlardan pul qoparmaq niyyətini hiss edirəm, bax, elələrinə əsla yaxınlaşmıram. Mənim intiusiyam mənə deyir ki, ona yaxınlaşma!

Qətiyyən düşünmürəm ki, dilənən insana qəpik və ya bir neçə manat verməklə onların problemi həll olunur, dilənməklərinə son qoyulur. İmkanım olsa, elələrinə daha böyük ölçülərdə maddi köməklik göstərərəm və yaxud, onları işlə təmin edərəm. Amma bu mənim imkanlarım xaricindədir. Çünki mən adi jurnalist qazancı ilə dolanan insanam. Könlüm istərdi ki, geniş imkanlara malik olum və ehtiyacı olan hər kəsə kömək edim”.

 

 

“Bəzən peşiman olmuşam, bəzən də yox”

 

 

 

Talk TV-nin şou-aparıcısı Ləman Yusifova:

 

“Yaşından asılı olmayaraq küçələrimiz dilənçilərlə doludur. Hisslərə qapıldığım an olub, acımışam, yazığım gəlib, amma hər adama deyil...

 

Bir dəfə “28 may” metrostansiyasının keçidində dilənən bir qız uşağı gördüm, bir az danışdım, pul verib getdim. Çox ürəyim ağrımışdı ona. Qayıdanda orda görə bilmədim uşağı. Bir müddət keçdi yenə də o uşaq üçün getdim ora amma görmədim orda. Bir neçə dəfə o uşaq üçün getdim həmin yerə, nəhayət tapdm. Birinci qorxdu, sonra danışmağa başladı. Öyrəndim ki, atası həbsxanadadır, anası xəstə qardaşının əməliyyatı üçün qələm satır. Uşağın 10 yaşı var idi, məktəb çantası yanında olsa da dərsə getmir. Oxumaq istəyirdi zavallı. Mən ona 10 manat verdim. Çox ac idi, oradan keçənlərdən birinə xahiş etdim, dönər və ayran alıb gətirdilər. Yedi. Həmin vaxt yanımızdan bir qrup xarici vətəndaş keçirdi, bizi görüb dayandılar, onlar da hərəsi uşağa 10 manat, 5 manat verdilər. Dedim gəl pulu birlikdə sayaq. Saydıq, 55 manat yığılmışdı. Elə sevinirdi ki, dönə-dönə bir pula, bir də mənə baxırdı. Telefon nömrəmi verdim ki, anana denən mənə zənq etsin yardım edək. Amma zəng etmədi. O gün-bu gün o uşağı daha görmürəm. Aciz insan üzündən bilinir...

 

Amma bir dəfə yanılmışam. Yağışlı hava idi, başı bağlı qadın metronun yaxınlığında dilənirdi, 3 uşaq da yanında ağlaşırdı. Acıdım, 5 manat verib uzaqlaşdım. Bir müddət keçdi, həmin qadını başı açıq halda “28 may”-da gördüm. Həqiqətən peşimançılıq çəkdim ki, heyif, buna 5 manat düşməzmiş.

 

Sadəcə körpələrə acıyıram, soyuqda uşaqları qucaqlarnda...

Nə bilim, çox dilənçiyə pul vermişəm, bəzən peşiman olmuşam, bəzən də yox. Amma hər dilənənə də vermirəm.

Bir dəfə səhər tezdən işə gedən yolda qızı ilə yerdə oturub dilənən qadın gördüm, uşaq da soyuqda qucağında titrəyir, yuxulayır. Hər dəfə ordan keçəndə pul vermək istəmişəm ona, amma uşağa görə verməmişəm. Bir neçə gün hər gün orda gördüm onu. İndi yoxdur, orda oturmur. Amma düzü indi peşimançılıq çəkirəm ki, gərək pul verəydim...

 

Əslində dilənçilərə pul verməməlisən, onlar bəllidirlər. Bəli, olub ki, çoxlarına demişəm ki, əlin-ayağın var, get qab yu, süpürgəçilik et, niyə dilənirsən?..

Bilirsiz, mən ona pul verməyi özümə borc bilmədiyim üçün, pul verəndə də özümü borcumu ödəyirmiş kimi hiss etməmişəm. Sadəcə acıdığım, yazığım gəldiyi üçün vermişəm”.

 

 

“Onun heysiyyatına toxunmaqdan qorxmuşam”

 

 

 

Turaninfo.org saytının rəhbəri Daşqın Nuriyev:

 

“Əlbəttə, həmin yaş kateqoriyalarında olan dilənən insanlar qarşıma çıxıb. Hətta onların arasında müəyyən fiziki qüsurlu insanlar da olub. Sədəqə istəyənlərin əksəriyyəti “Allaha xatir”, “bir çörək pulu ver” sözləriylə pul istəyirlər. Mən də Allah xatirinə cibimdə xırda olubsa vermişəm. Ancaq elələri də olub ki, görmüşəm sağlamlıq cəhətdən çox yaxşı görünür, hətta dişləri qızıldandır, belə adamların yanından necə deyərlər sakitcə keçmişəm. Yəni pul verməmişəm. Təbii fikirləşmişəm ki, sağlamlığı yerində, məndən də iki dəfə böyük adamdır, niyə də gedib işləməsin? Axı işləməyə fiziki gücü çatar. Bəziləri öz zəhmətilə pul qazana bilər.

 

Ürəyimdə onlara “övladları hara baxır” sualını heç vaxt vermədim. Çünki həmin adamların övladlarının olub-olmadığını fikirləşmədim. Bəzən də fikirləşmişəm ki, imkanı olsa dilənməz. Dilənmək mənə görə, səbəbsiz olaraq millətimə ayıb sayılır. Belə şəxsləri görəndə çalışmışam ki, yanlarından tez keçim. Həmişə ünsüyyətdən qaçmışam. Mənə elə gəlib ki, birdən nəsə desəm utanar, onun heysiyyatına toxunmaqdan qorxmuşam. Bəlkə də səhvəm, amma məndə belə bir təəssürat yaranıb. Bəlkə də, özüm utanmışam. Həm də ona görə ki, ölkədə işsizlikdir, insanların vəziyyəti ağırdır. Hansısa sual verib yarasının qaysağını bir də mən qoparmayım. Dilənçilik qədər ağır bir işi gərən bir şəxslə ünsiyyətdə olmaq mənə çox çətindir. Belə deyək, işsizlik zamanında nəsə kömək etmək kimi fikirləşib verirəm. Əgər işlə təmin etmək və yaxud başqa imkanlarım olarsa, təbii ki, dilənçilik etməyinə mane olaram.

 

Əslində insanlar Avropa ölkələrində olduğu kimi, dövlətin təminatında olmalıdır. Əgər işsizlər və ya indiki dilənçilər dövlətin təminatında olarsa, dilənçilik olmaz!”

 

 

 “Dilənmək ən asan və məsuliyyətsiz işdir”

 

 

 

Jurnalist İlahə Cəfərli:

 

“Bəli görürəm. Dilənən adam qaraçıdırsa, vermirəm, yox, şikəst və ya əlildirsə mütləq verirəm. Qarşıma çıxan insanlara görə fikrim dəyişir. Əgər qaraçıdırsa, bu onların adətidir deyə düşünürəm. Əgər xəstədirsə, pula ehtiyacı olduğu üçün deyir. Heç bir səbəb yoxdur.

 

Təbii ki xeyr. Hər bir kəsin öz öhdəlikləri, borcları var. Mən 20-30 qəpik verməklə öz borcumu necə yerinə yetirdiyimi düşünə bilərəm. Əgər əlacım olsa, onları işlə təmin edərdim ki, dilənməsinlər. Çünki dilənmək ən asan və məsuliyyətsiz işdir. Aciz insanlar dilənə bilər yalnız. Əl-ayağı yerində olan insanın dilənməyini gücsüzlük, mənəviyyatsızlıq hesab edirəm. Bu, insanın fəlakətidir. Bundan o tərəfi yoxdur. Yəni ən azından günəmuzd işləyə bilər. Psixoloji vəziyyəti yerində olan insan dilənməz məncə.

 

O gun bir xanımla söhbət etdim, təxminən 55-60 yaşı olardı. Deyir, uşaqlarım xəstədir, iş də yoxdur. Ona görə də dilənməyə məcburdur. Deyir ki, işləməklə catdıra bilmir, qabyuyan, ya da xadimə işləyir, gününə cəmi 15 manat olur. Bu isə problemlərini həll etmir.

 

Əlbəttə ki, qadının bu halı və düşdüyü vəziyyət insana ağır gəlir. Amma bütün hallarda insanın dilənçiliyi seçməsini düzgün hesab etmirəm. Amma onun çıxılmaz vəziyyətini və həyata bu baxışını görəndə heç bir çarən qalmır və sən də başını aşağı salıb sakitcə ötüb keçməyə məcbur qalırsan. Çünki əlində nə böyük bir səlahyyətin, nə də elə bir imkanın yoxdur ki, həmin insanları istədiyi iş və həyatla təmin edəsən. Amma çox arzu edərdim ki, bizim o yaşda olan qadınlarımız, kişilərimiz, ümumiyyətlə ölkəmizdə heç bir insan dilənməsin. Belə olarsa, cəmiyyətin özünə güvəni çox olar”.

 

 

“Onun üçün də pul vermirəm”

 

 

 

AXCP Mətbut rəhbəri Vüsal Qarayev:

 

“Fiziki sağlam və gənc olduqda, düşünürəm, ən azından fəhlə işi tapıb işləyib zəhmətiylə pul qazana bilər. Onun üçün də pul vermirəm.

 

Amma əksər hallarda yardım etməyə çalışıram, özəlliklə yaşlılara, qucağı uşaqlı analara, uşaqlara, fiziki qüsurlulara. Təbii ki, pulum varsa...

 

Bəzən hansısa dilənçiyə, əsas da uşaqlara, yaxınlaşıb söz soruşmaq istədiyim zamanlar olub. Amma suallarımı cavablandırmaqdan çəkinib, uzaqlaşıblar...”

 

 

 

“Abırlı dilənçi də var”

 

 

 

Müstəqil ictimai təşkilatçı Nicat Müslümov:

 

“Dinimizdə var ki, qapıya kim gəldi, Allah adını çəkib dilənirsə, boş qaytarmaq olmaz, nə isə vermək lazımdır, 20 qəpik, 1 manat, imkan varsa daha çox. Dəfələrlə evdən köhnə geyim də olsa vermişəm, yemək vermişəm.

 

Bir dəfə 4 mərtəbəli villası olan çox imkanlı yaxın adamımıza qonaq getmişdik. Bir nəfər tanımadığım adamın süfrədə yemək yediyini görüb fikirləşdim ki, görəsən kimdir, yəqin çox hörmətli birisidir. Sonra adam durub gedəndə ona pul da verdilər. Soruşanda dedilər dilənçidir. Biz belə görüb tərbiyə olunduq...

 

Bu yaxınlarda bir çay evində idim dostumla, bir dilənçi yaxınlaşıb pul istədi, verdik. Ac idi deyə şirniyyat da verdik.

 

Ümumiyyətlə qapıma gələn dilənçiyə Allah adını çəkəndə pul vermişəm. Bəzən dilənən adamı üzündən oxuyuram ki, ehtiyacı var. Uşaqlı, özüdə abırlı geyimdə, utana-utana yaxınlaşır, heç nə deməsə də pul verirəm. Yəni abırlı dilənçi də var”.

 

Sevda Teymurova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür