"Məmurlarımız, hər birimiz onlara diqqətlə, səbrlə yanaşmalıyıq"

15:03 20-09-2024 | icon 33 | Cəmiyyət
"Məmurlarımız, hər birimiz onlara diqqətlə, səbrlə yanaşmalıyıq"

Sevinc Alızadə: “Vətən savaşı özü ilə yalnız Şəhidlərimizi ən yüksək zirvəyə qaldırdı”

 

…27 sentyabr 2020-ci il... Ermənistan təcavüzünə son qoymaq üçün Azərbaycan ordusunun keçirdiyi əks hücum əməliyyatından 4 il ötür. Azərbaycan əsgərinin qəhrəmanlığı, qanı, canı bahasına başa gələn, qızıl hərflərlə tarixə yazılan o böyük zəfər Azərbaycan dövlətinin, xalqının istiqbalına yönəlik yeni yol xəritəsinin cızılması ilə nəticələndi. Artıq 4 ildir ki, dövlət, xalq həmin yolla irəliləyir. Azərbaycan dövlət liderinin rəhbərliyi ilə əldə olunan o zəfər ölkəmizin dünyada yeni bir səhifə açmasına imkan yaratmış oldu. 44 günlük müharibədə işğalçı, separatçı düşmən üzərində əldə olunan qələbə müstəqilliyini, suverenliyini bərqərar etmiş dövlətin, xalqın yeni əsas hədəfləri müəyyən etməklə, bu yoldan düzgün, uğurla irəliləməsi üçün qarşısına yeni vəzifələr qoydu. Bu həmin yoldur ki, orda canını torpaq uğrunda qurban verən Şəhidlərimizin əbədi xatirəsinin hörmətlə anılması, qazilərimizin diqqət, qayğı ilə əhatə olunması, gələcək nəsillərə örnək bir nümunə kimi təqdim olunması ilə bağlıdır. Müharibədən sonra həssas yanaşma tələb istiqamətlərdən biri də budur.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən “Zəfər yolu” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə bir çox nüanslara toxunub.

 


- 27 sentyabr əks hücum əməliyyatı, 44 günlük Vətən Müharibəsinin əhəmiyyəti nədir; kimləri fəth etdiyi öz Zirvəsinə apardı?

 

- 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi Azərbaycan xalqının inamını, mübarizlik ruhunu, milli kimliyini yenidən özünə qaytardı. Azərbaycan xalqı 30 il ərzində işğal faktına qarşı apardığı mübarizəni qələbə əzmi ilə sona çatdırdı. Xalqımız məğlubiyyət sindromundan qurtardı. Torpaqlarımız öz övladlarının ayaq səsini eşitdikcə yenidən canlandı. Azərbaycan xalqı düşmən üzərində qazandığı zəfərlə bərabər işğal altında qaldığı illər ərzində alnında hiss etdiyi ləkəni təmizlədi, keçmişinə, soykökünə olan bağlılığını bərpa etdi. Azərbaycan xalqı işğal altında olan torpaqlarını bir gün belə unutmadı və hər zaman öz yurduna zəfərlə qayıdacağına inandı. Azərbaycan xalqı öz həyatını, gələcəyini Qarabağsız təsəvvür etmədi. Hər birimiz "Qarabağ azad olunandan sonra bayramlarımızı daha ürəklə qeyd edəcəyik" -deyə düşündü, niyyətlər etdi. Şükürlər olsun ki, qəhrəman Şəhidlər o günləri bizlərə nəsib etdi. Azərbaycan dövləti, Ali Baş Komandan, xalq birliyi düşmən üzərində qətiyyətli qələbənin çalınması üçün dəmir yumruq timsalında düşmənin başını əzdi. Bundan xalqımız, dövlətimiz qazandı. Azərbaycan dövləti bu gün beynəlxalq müstəvidə inamla çıxış edir və öz haqlı mövqeyini qətiyyətlə qoruyur. Artıq Azərbaycanı qalib bir dövlət kimi tanıyır, sayırlar. Bu gün Azərbaycan Qərblə Şərq arasında bir körpü, logistik mərkəz rolunda çıxış etməklə, beynəlxalq səviyyədə keçirilən tədbirlərin məkanına çevrilib. Azərbaycan haqq savaşından qalib çıxandan sonra ona dost olan, yaxud əks mövqedə dayanan dövlətlər ərazi bütövlüyümüzü, suverenliyimizi, haqq savaşımızı, qalibiyyətimizi tanımağa məcburdurlar. Çünki bu elə bir müqəddəs zirvədir ki, o, Azərbaycan xalqının igid oğularının qanı ilə yazıldı. Xalqımız Ali Baş Komandanın ətrafında birləşərək, vahid bir güc kimi çıxış etdi. Artıq dünya qalib xalq və dövlət olaraq Azərbaycana hörmətlə yanaşır və hər kəsdə bu inam formalaşıb. Son 200 ildə Azərbaycana qarşı aparılan parçalama, soyqırım siyasəti, xalqımıza verilən zülmlərin sonu gəldi. Artıq xalqı öz sözünü dedi. Tarix 44 günlük müharibədə əldə olunan bu zəfəri unutmayacaq. Vətən Müharibəsi hər zaman qürurla anılacaq və bu tarix Azərbaycan insanının gələcəyə daha əzmlə baxması üçün bir tramplin rolunda çıxış edəcəkdir. Hesab edirəm ki, bu Vətən savaşı özü ilə yalnız Şəhidlərimizi ən yüksək zirvəyə qaldırdı. 27 sentyabrda başlanan savaşımız 3 mindən çox qəhrəmanı Şəhidlik zirvəsinə apardı. Ən yüksək məqam onların məqamıdır. Qarabağı görməyən oğullarımız Vətən üçün döyüşdülər, ən şirin nemət olan canlarından keçdilər. Allah hər birimizə o zirvələrdə dayanmağı nəsib etsin.

 

- Bu gün 27 sentyabr tarixi və o tarixi qanı ilə yazan Şəhidlərimiz necə anılır, qazilərimizə qayğı, diqqət hansı səviyyədədir?


- 27 sentyabr tarixi xalqın oyanışının pik nöqtəsi, öz ərazi bütövlüyü uğrunda apardığı mübarizənin qızıl tarixi mərhələsidir. 44 günlük müharibə Şuşa qalasının alınması ilə yekunlaşdı. Bu yolda şəhidlər verdik, yaralananlar oldu. Bu müharibədə gözlərini, al-ayaqlarını itirənlər oldu. Amma yanında əsgər yoldaşının Şəhid olduğunu görən o oğullar ağrılarını, yaralarını unudaraq “Vətən sağ olsun” deyib ölümdən qorxmadan düşmənin üzərinə getdilər. Bu, böyük bir mənəvi zənginliyin, milli ideologiyanın əsasıdır. Biz bu gün o əsgərlərin keçdiyi döyüş yolunu filmlərdə, əsərlərdə göstərə bilsək, çox böyük insan hekayələri üzə çıxacaq, gələcək nəslin ikişafına böyük təsir göstərəcək. 27 sentyabr həm də xalqımız üçün əbədiyaşar insanların şəhadətə qovuşmasının ilk günləridir. Müharibənin başladığı ilk günlərdə əsgərlərimiz əzmlə, düşmən həmləsindən qorxmadan düşmənin alınmaz səddini yardılar. Ən ağır döyüşlər Füzuli, Murovdağ istiqamətində olmuşdu. İgidlərimizin əks hücumu itkilər versək də qələbə ilə tamamlandı. Bu gün bizim üzərimizə düşən əsas iş onların adını qəhrəmanlıqlarına layiq şəkildə yaşatmaqdır. Bu gün məni narahat edən məsələlər var. Artıq 4-cü ilini qeyd etdiyimiz Vətən Müharibəsi qəhrəmanlarının qəhrəmanlığını göstərə biləcək ssenarilər, kinolar, möhtəşəm ədəbi əsərlər yoxdur. Amma bunun olmasını istəyirik və gözləyirik. Biz bu gün ədəbiyyatçımızdan tutmuş, bəstəkarımıza qədər Şuşaya, Xankəndiyə gedir, bu zəfərimizdən ilhamlanırıq. Amma bu zəfər yolunu bizə bəxş edən Şəhidləri anladacaq əsərlər hələdə yaratmamışıq. Lakin inanıram ki, onlara layiq əsərlər yazılacaq, ərsəyə gələcək.

 

- Necə hesab edirsiz, bu gün Şəhid ailələrinə diqqət və qayğı hansı səviyyədədir?

 

- Azərbaycan dövləti Vətən Müharibəsindən sonra sosial proqram elan etdi. Bu gün Qarabağda yenidən bərpa, quruculuq işləri davam edir. Belə bir şəraitdə dövlət öz imkanları daxilində Şəhid ailələrinə və qazilərimizə olan sosial dəstəyini və qayğısını əsirgəmir. Ən böyük problem dövlət siyasətini həyata keçirməli olan məmurlarımızla bağlıdır. Bu gün Şəhid ailələrinə dəstəklə bağlı, qazilərimizlə bağlı nəzərdə tutulan Sosial proqramların həyata keçirilməsi haradasa ilişib qalırsa, bu məmur laqeydliyindən yaranır. Bu problem aradan qaldırılmalıdır. Laqeydlik, diqqətsizlik qazilərimizin psixoloji durumunun ağırlaşmasına və həyatından bezməsinə, intiharların artmasına gətirib çıxarır. Belə hallar aradan qaldırılmalıdır. Əgər hər kəs öz işinə məsuliyyətlə yanaşarsa, bu problem aradan qaldırılar və dövlərin sosial siyasəti öz müsbət nəticəsini verər.

 

- Məlumdur ki, artıq yeni dərs ili baslayıb. Bu yeni tədris ilində Şəhid ailələrinin ali, orta təhsilinə dəstəklə bağlı hansı yeniliklər var?

 

- Bəli, yeni dərs ili başlandı. Bu il birinci sinifə gedən Şəhid övladlarımız çoxdur və onlar diqqətdə saxlanılır. Belə ki, “Paşa” holdinq tərəfindən bütün Şəhid övladlarına məktəb ləvazimətları paylanıldı. Eyni zamanda YAŞAT fondu da belə bir aksiyanı reallaşdırdı. Ta Naxçıvandan tutmuş, Azərbaycanın hər bir bölgəsində olan şəhid övladları dərs ləvazimatları ilə təmin olundular. Bu böyük dəstəkdir. Məlumdur ki, orta təhsil üzrə dövlət məktəbləri ilə yanaşı, özəl məktəblərdə də təhsil alan Şəhid övladlarımız var. Özəl məktəblərdə oxuyan şəhid övladlarının təhsil haqqı YAŞAD fondunun dəstəyi ilə qarşılanır. Təhsil haqlarının ödənilməsi üçün hər il Fonddan müəyyən məbləğdə pul ayrılır. Mən çox istərdim ki, insanlarımız, xalqımız Şəhid övladlarına dəstək versin. Biz Şəhidlərimizin əmanətlərinə sahib çıxıb, onlara dəstək durmaq istəyiriksə, ilk növbədə onların təhsilinə diqqət göstərməliyik. Ona görə də bu istiqamətdə problem yaşanmasın deyə onların təhsil haqqının ödənilməsi üçün YAŞAT fonduna olan ianələr, ödəmələr artırılmalıdır. Çünki o ianələrin hesabına övladlarımız oxuyur. Hər birimiz bunu düşünməli, dəstək olmalıyıq. Bu il 45-ə yaxın Şəhid övladı ali təhsil ocaqlarına qəbul olunub. Eləcə də ali təhsil almaq istəyən şəhid xanımlarımız var ki, tələbə adını qazanıblar. Eyni zamanda xaricdə təhsil almaq üçün xarici ölkələrin təhsil müəssisələrinə üz tutanlar var. Qeyd edim ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə Azərlotareya Açıq Səhmdar Cəmiyyəti və Elm Təhsil Nazirliyinin birgə iştirakı ilə şəhid övladları, xanımları üçün “Əmanətə sədaqət” adlı təqaüd proqramı reallaşdırırıq. Artıq 4 ildir ki, bu proqramdan yararlanan, yeni qoşulan uşaqlar üçün görüşlər keçiririk. Bu proqramda yeni qoşulanlarla bərabər 145-ə yaxın Şəhid amanəti yararlanmaqda davam edir. Bu layihəni daha da genişləndirməklə davam etdirməyi nəzrədə tuturuq.

 

- Şəhid adlarının əbədiləşdirilməsi məsələsində bizdən asılı olan, yaxud asılı olmayan hansı məsələlər var. Bu istiqamətdə görülən işləri necə dəyərləndirirsiz?

 

- Şəhid adının əbədiləşdirilməsi ilə bağlı köhnə qanunvericilik aktı var. Düzdür, o qanuna dəyişikliklər olunur. Amma hələ də həm Şəhid ailələri narazıdır, eyni zamanda hər iki tərəfin - dövlət və Şəhid ailələrinin məsələyə öz baxışları var. Mən həmişə demişəm ki, Şəhid adları əbədiləşdirilməlidir. Qarabağda tikilən yollara, tunellərə Şəhid adları verilməlidir. Azad olunmuş torpaqlarda şəhidlərimizin adına küçələr, parklar salınmalıdır. Biz bununla bacardığımız qədər onları yaşatmağa çalışmalıyıq. Bunu edə bilərik. Və bu istiqamətdə yazılan qanunlar da zamanın, günün nəbzinə, ictimai münasibətlərə uyğun olmalıdr. Bu, mövcud olan narazılığı aradan qaldıra bilər. Çünki hər kəsə Milli Qəhrəman adı, yaxud da iki orden verilməyib. Bu məsələ Şəhid ailələrinin qarşısında böyük tələb kimi durur və həll olunmadıqca narazılıq yaradır. Onların ən böyük adı Şəhiddir və o adı əbədiləşdirmək olar. Hesab edirəm ki, bu prosesdə Türkiyə təcrübəsindən istifadə etmək olar.

 

- Şəhid ailələrinin mənzillə təminatının tezliklə yekunlaşacağı deyilir. Bu istiqamətdə gedən prosesləri necə dəyərləndirirsiz?

 

- Şəhid ailələrinin mənzillə təminatında hələ də problemlər var. Hələ də növbədə gözləyən Şəhid ailələri var. Bəli, bu sahədə dövlət proqramı elan olunub, bunun yekunlaşacağını da deyirlər. Amma problemlər qalır. Qeyd edim ki, bu problem daha çox bölgələrdə var. Bölgələrdə Şəhid ailələri üçün nəzərdə tutulan fərdi evlərin tikintisi ləng gedir. Məlumdur ki, paytaxtda köçkünlər üçün tikilmiş sosial evlərin əksəriyyəti şəhid ailələrinə ayrıldı. Amma bunu bölgələrlə bağlı demək olmur. Bölgələrdə evlərin tikintisi ləng getdiyi üçün narazılıq və Bakıya axın yaradır. Çünki bölgələrdə illərlə mənzil ala bilməyənlər gəlib burada qeydiyyata düşür və ev almağa çalışırlar. Biz bu axının qarşısını almalıyıq.



- Vətən uğrunda canından keçən Qazilərə diqqət və əliliyin verilməsi ilə bağlı mövcud problemlər nə dərəcədə aradan qaldırılıb?

 

- Qazilərin 5 ildən bir əlillik dərəcəsinin müəyyənləşdirilməsi, eləcə də səhhətlərinin, vəzyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı ekspert komissiyaları fəaliyyət göstərir. Bu istiqamətdə az məlumatlı olsam da, bacardığımız qədər biz də buna dəstək göstərməyə çalışırıq. Düşünürəm ki, əlilliyi olan şəxslər sosiallaşmalı, cəmiyyətə inteqrasiya olunmalıdır. Biz buna nail olsaq, qazilərin yaralarına məlhəm olmuş olarıq. Müharibə dəhşədir və bu, qazilərimizin həyatına təsir edir. O dəhşəti yaşayan qazilərimiz ciddi mənəvi, psixoloji yaralar alıblar. Məmurlarımız, hər birimiz onlara diqqətlə, səbrlə yanaşmalıyıq. Bu gün qazilərin əlilliyinin qiymətləndirilməsi, reablitasiya xidmətləri ilə bağlı bir sıra işlər görülür. Bununla yanaşı hər kəs onların səsini eşitməli, zamanında müdaxilə etməli, həll etməyə çalışmalıdır. Çünki o müharibədə döyüş yoldaşını itirib, ağrı-acı yaşayıb, böyük travmalar alıb. Ona görə də hər birimiz qazilərə həssaslıqla yanaşmalıyıq. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

Sumqayıtda məktəbi bit-birə basıb?

Qatarların hərəkət qrafiki DƏYİŞƏCƏK

“Bu, Ermənistanın sülhün əldə edilməsini istəmədiyini göstərir”

Bu xəstəliklər təmas yolu ilə ötürülür

İşsizlərin NƏZƏRİNƏ

Bu gün güclü maqnit qasırğası GÖZLƏNİLİR

Bu gün Şuşa, Xankəndi və Xocalıda da məktəblər AÇILIR

Baş nazir qərar İMZALADI

Rusiya XİN-ə NOTA VERİLDİ

Üzə əncir çəkin, görün nə olacaq

İlk dərs günündə BIÇAQLANMA