AXCP: Nazirlər Kabineti ləğv olunmalıdır

21:19 28-03-2019 | icon 586 | Siyasət
AXCP: Nazirlər Kabineti ləğv olunmalıdır

Martın 28-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbəti ənənəvi qrup toplantısını keçirib. 

 

Versus.Az-ın məlumatına görə, toplantıda 31 mart soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Yığıncağı açan AXCP Ali Məclisin sədri Rafiq Daşdəmirli qrup toplantısının hər 3 ayda 1 dəfə ənənəvi olaraq keçirildiyini vurğulayıb:

 

“Bu gün üçüncü qrup toplantısını keçiririk. Ənənəvi olaraq toplantılarda ölkədə baş verən hadisələr, gedən proseslər haqqında AXCP sədri Razi Nurullayev və partiya funksionerləri fikirlərini bildirir, problemlərin həlli ilə bağlı təkliflərini səsləndirir. Bu gün də toplantıda bir sıra məsələlər haqqında çıxışlar olacaq”.

 

Rafiq Daşdəmirli partiyanın son 3 ay ərzində göstərdiyi fəaliyyətdən danışıb, ümumi işin uğurlu alındığını bildirib.

 

“Soyqırım Qətliamı Parkı yaradılsın”

 

AXCP sədrinin müavini Ehtiram Mehtiyev 31 mart azərbaycanlıların soyqırımı ilə bağlı məruzə ilə çıxış edib:

“100 il keçməsinə baxmayaraq 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü tarixi unudulmur. Ümumiyyətlə  1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanmasının və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Tarixin bütün dövrlərində Azərbaycan mənfur qonşular tərəfindən dəfələrlə soyqırıma məruz qalıb və dünya bu soyqrım hadisələrinə hələ də öz hüquqi qiymətini verməyib.

 

AXCP olaraq soyqırımla bağlı mövqe sənədimiz var. Sənəddə Azərbaycana qarşı soyqırımın tanıdılması istiqamətində həyata keçirilməsi vacib olan tədbirlər yer alıb. Bu günkü tədbirimiz də məhz soyqırımla bağlıdır. AXCP 31 mart soyqırımı və eyni zamanda Xocalı soyqırımının tanıdılmasında və bütün dünyada hüquqi qiymətini almasında mövqeyindən aslı olmayaraq hər bir siyasi təşkilatla,  o cümlədən hökumətlə əməkdaşlığa hazırdır. 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti zamanı Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Bakının Xətai rayonu ərazisində “Ana harayı” abidəsi ucaldılıb. Sonrakı illərdə hakim Yeni Azərbaycan Partiyası iqtidarı tərəfindən abidə abadlaşdırılıb və təkmilləşdirilib. Hər il 26 fevralda yüz minlərlə azərbaycanlı bu xatirə kompleksini ziyarət edir və dəhşətli soyqırımın qurbanlarını həmrəyliklə yad edir. Eyni zamanda Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə memorial xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Xatırladım ki, AXCP sədri Razi Nurullayev ötən il prezident seçkiləri ərəfəsində Quba Memorial Kompleksini ziyarət edib, soyqırım qurbanlarının xatirəsini böyük sayğıyla anıb. Hesab edirik ki, bu abidə kompleksləri bütün soyqırım dəhşətlərini paytaxt Bakıda tam olaraq özündə ehtiva edə bilmir. Buna görə də AXCP abidə kompleksinin daha da təkmilləşdirilməsini Soyqırım Qətliamı Parkının yaradılması təklifini irəli sürür. AXCP təklif edir ki, 5 (beş) hektar ərazidə Soyqırım Qətliamı Parkı yaradılsın. Bu Soyqırım Parkının bütün dünyada tanıdılmasına səbəb olacaq. Bu parkı ziyarət edən hər bir qonaq, xarici missiya, beynəlxalq təşkilatlar qətliamın təsiri altından uzun müddət çıxa bilməyəcəklər. Təklif edirik ki, abidələr mövcud video-görüntülər və əldə olan fotolar vasitəsilə də şəkilləndirilsin. AXCP hesab edir ki, bundan sonrakı təbliğat mərhələsinin bu istək üzərində qurulmasında böyük fayda var. Soyqırım faciəsinin tamamını özündə əks etdirən və dünyaca məşhur şirkətlərin və kino ulduzların iştirakı ilə bədii filmin çəkilməsini zəruru hesab edirik. Bu filmin ərsəyə gəlməsi soyqırımın dünyada tanınmasına və təbliğatına əvəzsiz töhfələr verəcək. Diasporla İş üzrə Dövlət Komitəsi də bu istiqamətdə xaricdə yaşayan diaspor təşkilatlarını  təlimatlandırmalıdır. Təəssüf ki, xarici ölkələrdə səfirliklərimiz və diasporamız bu kimi məsələlərdə aktiv fəaliyyət göstərmirlər. Ümid edirik ki, AXCP-nin soyqırımla bağlı bu təklifinə hökumət tərəfindən baxılacaq və yaxın zamanlarda bütöv Azərbaycanın arzu etdiyi bu təklif öz həllini tapacaq”.

 

 

 “Məmurlar biznesdən uzaqlaşdırılmalıdır”

 

Daha sonra söz AXCP sədri Razi Nurullayevə verilib. R.Nurullayev ilk olaraq “Diqlas” Ticarət Mərkəzində baş verən yanğına toxunub: 

“Diqlas” TM-nin yanmasına görə həm FHN, həm Nizami rayonunun icra hakimiyyəti, həm də bütövlükdə hökumət məsuliyyət daşıyır. Hüququ pozan, qanunları ayaqlar altına salıb vəhşicəsinə tapdalayan da məmur təbəqəsidir, yüksək çinli məmurlardır. Ölkənin ən böyük biznes təbəqəsini də onlar təşkil edir. Ən böyük sahibkarlar elə məmurlardır. Ən kiçik obyektin belə arxasında dayanan məmur var. Sadə vətəndaş böyük biznesə məşğul ola bilməz. Çünki onlara bu cür şərait yaradılmayıb. Məmurlar biznesdən uzaqlaşdırılmayınca bu problem öz həllini tapmayacaq. Prezident bu gün zərəçəkən sabhibkarlara kompensasiya ödənilməsi ilə bağlı göstəriş verib. Hesab edirəm ki, tam doğru qərardır və onlara dəymiş zərər qəpiyinə qədər ödənilməlidir”.

 

Atılan müsbət addımlar

 

Sonra Razi Nurullayev AXCP-nin bir sıra sosial-iqtisadi problemlərin həlli ilə bağlı hökumətə təkliflər verdiyini, onların bir qisminin həyata keçirildiyini vurğulayıb: 

“Biz deməliyik ki, partiyamızın səsləndirdiyi və təklif etdiyi sosial və siyasi problemlərin bir hissəsi prezident sərəncamları ilə həllini tapmaqdadır. Keçən ilin Prezident seçkiləri zamanı mənim televiziyada çıxışlarımdan biri əhalinin kreditlərinin həlli mexanizminə yönəlmişdi və verilən sərəncam bizim də səsləndirdiymiz təklif və həll mexanizmlərinə təmamilə cavab verir.

Şəhid ailələrinin əhatə olunmayan hissəsinin də Prezident sərəncamı ilə kompensasiya alması bizi qane etdi və bu siyasətin davam etdirilməsini istəyirik.

Siyasi məhbus siyahısında olan 50 nəfərin əfv sərəncamı ilə azadlığa çıxmasını alqışlayırıq və ümid etdiyimizi bildiririk ki, qalan məhbuslar da may ayında əfv ediləcək. Cəmiyyətdə barış yaratmaq və yeni siyasi inkişaf mərhələsinə keçmək üçün bu vacibdir”. 

 

 

 

 Sadələşmiş, əlçatan ipoteka 

 

AXCP sədri ölkədə həlli vacib problemləri sadalayıb, həll yollarını göstərib:

“İpoteka ilə bağlı müəyyən irəliləyişlər olsa da,  əhalinin mənzil problemini həll etmək üçün yetərli deyil. Əhalinin yaşadığı evi uzunmüddətli kirayəyə götürməsi və haqqını ödəyib qurtardıqdan sonra özününküləşdirməsi barədə də qanun qəbul edildi. Lakin, ev kirayə götürmək üçün gərək mənzil bankı olsun. Hazırda iki yerdə Yeni Yasamal və Hövsanda sosial mənzillər tikilir ki, bu da 5000 ailənin mənzil problemini həll edəcək.

İl ərzində təxminən 14-15 min mənzil istifadəyə verilir, ölkədə tikinti bu templə davam edərsə, indiki tələbatı ödəmək üçün azı 60 il vaxt lazım olacaq.  Bunun üçün də tikilən evlərin sayı azı 5-6 dəfə artmalıdır. Bu isə dövlətin mənzil tikintisinə pul ayırması ilə mümkündür. Hələ bir neçə il əvvəl Baş nazirin müavini Əli Əhmədov da parlamenttdə məsələ qaldırmışdı ki, sosial evlərin tikintisinə hər il 1 milyard büdcə nəzərdə tutulsun. 

Hazırda Azərbaycanda ailə təsərrüfatlarının sayı 1 milyon 700 mindən çoxdur. Bu ailələrin 30 faizə qədərinin yəni  600 min ailənin mənzilə ehtiyacı var. Bununla yanaşı ölkədə adambaşına düşən yaşayış sahələri də beynəlxalq standartlara cavab vermir.  Belə ki, Azərbaycanda 1 nəfərə düşən mənzil sahəsi 12,6 kvadrat metrdir. Orta səviyyəli ölkələrdə bu göstərici 30-35 kvadratmetrdir. İndi ölkəmizdə mənzil fondunun ümumi sahəsi 100 milyon kvadratmetrdir. Hər il istifadəyə verilən mənzillərin sahəsi isə 1,5 milyon kvadratmetr təşkil edir.

Əhalinin mənzil ehtiyaclarını ödəmək üçün məqbul yol dövlət büdcəsi hesabına torpağın alınması və mənzillərin inşa edilməsidir. Dövlət bu mənzilləri gəlir güdmədən ilkin ödənişsiz olaraq əhaliyə verməlidir. Vətəndaş aylıq ödənişini edir və dövlət də  uzunmüddətli zaman üçün mənzilin xərcini geri qaytarır. Prezident seçkiləri zamanı demişdim və yenə də təkrar edirəm ki, neftdən gələn gəlirlərin bir qismini mövcud banklardan birinə yatırmaq və xarici bankları da idarəçiliyə cəlb etmək gərəkir. Neftdən gələn gəlirlər xarici banklarda xarici ölkələri varlandırmaqdansa, ölkə iqtisadiyyatına töhfə verməlidir. Əgər bu gün xalq əzab-əziyyət içində yaşayırsa və gələcəyə də ümidi yoxdursa, o neft pullarının da bir qəpiklik dəyəri yoxdur. Hər şey ölkə vətəndaşına xidmət etməlidir. Bunu isə, əfsuslar olsun ki, görə bilmirik.

 

Paytaxtda qanunsuz fərdi tikinti problemi

 

1999-cu ildə Bələdiyyələr yaranan zamandan 2007-ci ilə kimi bütün Azərbaycanda, xüsusən də Bakıda torpaqlar pay-püş edildi, satıldı və şəhər təsərrüfatları yerlə-yeksan edilərək çox böyük iqtisadi cinayətlər törədildi. Deyirik ki, Bakı gözəldir. Mən isə deyirəm, Bakı gözəl deyil, Bakı dünyanın ən səliqəsiz, bərbad hala çevrilmiş şəhərlərindən biridir. Bakının mərkəzi gözəldir. Məsələ də bununla bitir. Bu baxımdan “Bakının mərkəzi gözəldir” demək daha doğrudur.

 

Bu gün Bakının dörd bir tərəfində on minlərlə qanunsuz ev tikilib. Bu evlərin bəziləri villaya bənzəsə belə, yenə də onlara gecəqondu demək vacibdir. Çünki, bu evlər tikilərkən, hökumət yox, vətəndaşlar tərəfindən xaotik tikintilər vasitəsilə yeni qəsəbələr salınarkən heç bir tikinti və şəhərsalma qaydalarına əməl olunmayıb. Günahkar birbaşa hökumət və iqtidar sahibləridir. Torpaq sahələrinin satılmasına və talan edilməsinə rüşvət müqabilində göz yumublar. Məgər hökumət vətəndaşlara ev tikmək üçün sahələr ayırıb, lazımi şəhər infrastrukturu yaradıb sata bilməzdi? Bunu etməli idilər. Etmədilər və nəticədə bütün Azərbaycan biabırçı və eybəcər hala salındı. 

 

Məgər hökumət bilmirdi ki, həmin torpaqlar bələdiyyələr və icra hakimiyyətləri, onların yerli nümayəndələri tərəfindən bir sotu 1000 AZN-dən tutmuş 100,000 AZN-ə qədər pula satılırdı? Məgər hökumət bu yerlərə normal qiymət təklif edib, infrastruktur yaradaraq vətəndaşlara sata bilməzdi? Əgər bunu etsəydi, indi xaotik tikilən qəsəbələrdə və mövcud qəsəbələrin xaotik böyüməsi nəticəsində yaranmış yüzlərlə yol, kanalizasiya, su və qaz problemi ilə üzləşməzdi. Bu günə kimi, kobud hesablamama görə xaotik tikintilər üçün vətəndaşların bələdiyyələrə, icra hakimiyyətlərinə və onların nümayəndələrinı verdiyi rüşvət ən azı 12-15 milyard manatdır. Bu vəsaitlə əhalinin mənzil problemini tam həll etmək mümkün olardı. Biz nə əldə etmişik? Viran qoyulmuş şəhər təsərrüfatları.

 

Səbəb isə korrupsiya və rüşvət, yarıtmaz idarəçilik. 1999-cu ildən bəri bütün bələdiyyə və icra hakimiyyətlərinin qanunsuz sərancamlarını araşdırmaq və günahkarların hamısını cinayətə cəlb etmək və rüşvət şəklində yğdıqları miluardları büdcəyə qaytarıb şəhər təsərrüfatını qaydaya salmaq üçün istifadə etmək lazımdır”.

 

 

“Hər doğulan uşağa görə ən azı 1000 manat birdəfəlik yardım edilməlidir"

 

AXCP sədri “uşaq pulu”nun bərpası məsələsinə də toxunub. Qeyd edib ki, uşaq pulu” adlanan müavinətin bərpası vacibdir: 

“Azərbaycanda uşaq pulunun verilməsinə qarşı çıxanlar bu xalqın düşmənləridir. Yüz minlərlə ailə zülm içərisində övlad böyütməli olur. Fikir verin, get-gedə ailələrdə doğulan uşaqlarda cırlaşma, boyun kiçilməsi, simasında yanıqlıq, qaralma, zehnin zəif inkişafı, kütləşmə və bayağılaşma gedir. Səbəb birdir. Ailələr övladlarını kiçik yaşlarında vitaminli yeməklə təmin edə bilmirlər. Ana südü isə əksər qadınlarda çox az olur, çünki nə hamiləlikdə, nə də doğuşdan sonra özləri də normal qidalana bilmirlər. Məgər yavan çörəklə,  adı kərə, özü zərərli maddələrdən hazırlanmış yağla nəsil böyütməkmi ola? 130 manatla ailə təmiz yağı, əti, vitaminli məhsulları necə alsın? Uşaq yeməklərinin qiymətləri çox bahadır. Bir körpəni ən ucuz uşaq yeməyi ilə təmin etmək üçün ayda ən azı 80-120 manat tləb olunur. Ən gözəl yeməklə təmin etmək üçünsə ən azı 500 AZN. uşaq doğulan zaman bir ailənin doğuş üçün verdiyi rüşvət 500-1500 manat arası dəyişir. Bu pul kimlərində cibinə gedir. Məgər hökumət indiyə kimi bunu görmürdü? Çox gözəl də görürdü. Bir uşağın müalicəsi üçün ailə ən azı ayda orta hesabla 100-150 manat xərcləyir. O zaman dövlət, hökumət nə üçündür?”

R.Nurullayev hesab edir ki, hər doğulan uşağa görə ən azı 1000 AZN birdəfəlik yardım edilməli, ən azı 3 yaşına kimi uşaqların yemək xərclərini hökumət ödəməlidir: 

“18 yaşına kimisə hər bir uşaq dövıət hesabına, icbari tibbi sığorta ilə əhatələnməlidir. Icbari tibbi sığorta ilə bağlı 1999-cu ildə verilən Prezident sərəncamının 2020-ci ildə tətbiq olunacağı ən yarıtmaz fəaliyyətlərdən biridir”.

 

“Şəhid ailələrinin problemləri diqqət mərkəzində olmalıdır”

 

 

AXCP sədri şəhid statusunun verilməsi, ailənin şəhid olmuş tək övladının xatirəsinin əbədiləşdirilməsi məsələsindən də danışıb. O, bildirib ki, şəhid ailələrinin, müharibə veteranlarının və qazilərin problemlərinin həlli üçün kompleks yanaşma olmalıdır: 

 

“Bu məsələlərin həlli bir icra hakimiyyəti başçısının, bir məmurun öhdəliyinə buraxıla bilməz. Bu dövlətin qayğısı olmalı və hər kəs də bərabər münasibət hiss etməlidir. Elə şəhid ailəsi, elə müharibə veteranı var ki, bütün problemləri həll edilib. Amma, elələri də var ki, 1990-cı idən bu yana unudulub və sanki cəhənnəmi bu dünyada yaşayır. Cəhənnəm əzabını bu dünyada çəkənlərdən biri Qarabağ savaşında şəhid olmuş İsmayıl Şərbətovun həyat yoldaşı Səfurə anadır. Həyat  yoldaşı Şəhidlər Xiyabanında uyuyan Səfurə ananın 7 ailə üzvü ilə birlikdə çox acınacaqlı şəraitdə yaşayır. Bununla əlaqədar neçə illərdir hökumətin heç bir tədbir görməməsi ürəkləri dağlayır.

Yeganə övladı aprel döyüşlərində şəhid olmuş Əlizaman İslamovun anası Hürnisə ana eyni durumdadır. O, oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün çəkdiyi illərdir çalışır, əzab çəkir, ancaq bu məsələ hələ də həllini tapmayıb. 2013-cü il şəhadət zirvəsinə yüksəlmiş Anar Əsgərlinin anası Fərqanə ana “oğluma şəhid statusunun veriləcəyi günə qurban demişəm" deyir. Onun 5 ildir oğluna bu status almaq  üçün mübarizə aparması çox sarsıdıcı və ürək ağrıdan faktlardır. 

Biz istəyirik ki, bu problemlər tezliklə həllini tapsın və şəhid ailələri incidilməsin. Çünki, bu cür yanaşmalar vətənpərvərlik ruhunu öldürür və torpaq uğrunda ölmək istəyənlərin sayını heçə endirir.

Bir məqamı da demək yerinə düşəcək. Şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının arzusu dövlət tədbirlərinə dəvət olunmalarıdır. Onlar nə istəyir? İstəyirlər ki, unudulmasınlar. Onun üçün də keçirilən tədbirlərdə bir şəhid ailəsinin unudulması, bir qazinin, bir müharibə veteranının unudulması onların ürəyinə sağalmaz yara vurur. Bu mənəviyyatımız, vicdanımız qarşısında etdiyimiz cinayətə çevrilir”. 

 

 

“Kiçik və orta biznes inkişaf etdirilməli, kredit faizləri endirilməlidir”

 

 

Razi Nurullayev ölkədə baş alıb gedən işsizlik probleminə də toxunub və həlli yollarını göstərib: 

“Ölkədə ən ciddi problemlərdən biri işsizlikdir. Məşğulluq mərkəzləri, müxtəlif dövlət idarə və müəssisələri və özəl şirkətlər iş yeri təklif edir. Amma, 110-180 manat maaşa hər gün 8-12 saat çalışmaq heç kimə sərf etmir. Məgər indiki bahalıq şəraitində bu pulla yaşamaq və ailə dolandırmaq olarmı? Hətta, bu miskin aylıq maaşla da işləmək istəyənlərə vakansiyalar bəs etmir. Bir misal çəkim. internetdə vakansiya sayı işçi qəbulu 3.276 nəfərdir. Ancaq işə qəbul olmaq istiyən və CV yaradan şəxslərin martın 26-sı üçün statistik sayı 38.765 nəfərdir. Ölkədə narazı təbəqənin artmasının böyük qismi işsizlik ilə əlaqədardır. Orta və kiçik biznesin inkişafı ilə bağlı dalbadal qərarlar və sərəncamlar verilsə də inkişaf tempi çox zəifdir. Səbəb isə vəsait çatışmazlığıdır.

Bu gün kiçik biznes qurmaq istəyən yüz minlərlə bacarıqlı vətəndaş var. Amma, bank kreditləri alçatan deyil. Dövlətin təklif etdiyi güzəştli kreditlər isə hər kəsə çatan deyil. Amma, ölkədə işziliyin aradan qaldırılması, əhalinin sosial rifah halının yüksəldilməsi, yerli məhsulların istehsalının və çeşidlərinin artırılması, xarici məhsullardan asılılığın minumuma endirilməsi üçün bu çox vacibdir. Böyük zavodlar lazımdır və bunu alqışlayırıq. Amma, deməliyik ki, bir milyard vəsait qoyulan zavodda cəmi 600-700 nəfər işlə təmin olunur. Bir milyard vəsait orta və kiçik sahibkarlıq subyektləri üçün ayrılsa idi, o zaman ən azı 30-40 min adam işlə təmin olunardı”.

 

“Hər bir ailəyə biznes qurmaq üçün 10 min manat ayrılsın”

 

R.Nurullayev bildirib ki, AXCP ailə biznesinin inkişafı üçün hər bir ailəyə neft pullarından 10,000 manat ayrılmasını təklif edib: 

“Bunu  keçən ilin apreldə keçirilən Prezident seçkilərində çıxışımda da demiş və bunu proqramımızın ana xətti elan etmişdik. Dövlətin nəzarəti altında, beynəlxalq və yerli mütəxəssislərin, beynəlxalq inkişaf agentliklərinin və beynəlxalq bankların iştirakı ilə vətəndaşlara 10 min manat ayırmaq və onlara öz biznesini yaratmaq üçün əsaslı kömək göstərmək vacibdir. 

İşsizliyin artmasına yardım edən ciddi bir problemi də demək istəyirəm. Kənd təsərrüfatı sahəsində çalışan əhali işsizliyin aradan qaldırılmasında mühüm rol oynaya bilər. Bunun üçün dövlət tərəfindən addımlar atılır, amma inzibati yanaşmalar bazar iqtisadiyyatı təfəkkürü yaratmaq iqtidarında deyil. Vətəndaşlar üçün istehsal etdiyi məhsullara bazar yaratmaq vacibdir. Bunu ayrı-ayrı şəxslərə yaratmaq mümkün də görünmür. Ən asan və effektiv yol vətəndaşların istehsal etdiyi məhsulların dövlət tərəfindən alınmasıdır. Vətəndaş nə əkirsə əksin, dövlət onu  pulunu ödəyib almalıdır. Bu metod qonşu İranda ciddi effekt verib. Bu həm dövlətə, həm də vətəndaşa faydalıdır”.

 

“Əmək pensiyaları artırılmalıdır”

 

AXCP sədri əmək pensiyalarının artırılmasını da vacib sayıb: 

“Əhalinin ən çox narazı qaldığı sahələrdən biri də əmək pensiyalarıdır. Həyatının 30-40 ilini işləməyə və dövlətinə xidmətə sərf edən əmək pensiyaçıları çətin vəziyyətdə yaşayırlar. Əmək pensiyalarına edilən 3-7 manatlıq artım əks effekt yaradıb. Axı indiki bahalıq mühitində bu artım onları razı sala bilməz. Ən dəhşətlisi odur ki, nazirdən tutmuş bir çox deputatlar, xüsusən də deputat Hadı Rəcəbli yanlış məlumatlar verməklə pensiyaçılarda 50-60 faiz artım olacağını bildirdilər. Sonra özləri özlərini təkzib etdilər. Pensiyaçıların heysiyyatı ilə oynayıb onları təhqir etdilər, aşağıladılar. 

Bu yaxınlarda onlarla pensiyaçı ilə görüşüm olub və onların radikal baxışları və gələcəyə tam ümidsizləkləri məni çox məyus edib.  Hökumət təcili olaraq əmək pensiyalarının artırılması ilə bağlı yollar arayıb tapmalı və əmək pensiyaçılarının yarasına məlhəm qoymalıdır. Əks halda, əmək pensiyaçıları da yeni sosial narazılıq aksiyaları başlayacaqlar. Bunun yetişmə təzahürlərini açıq şəkildə görməkdəyəm və onlara haqq da verirəm”.

 

Elektrik enerjisi və qaz limiti ilə bağlı mühüm təklif

 

Razi Nurullayev elektrik enerjisi və qaz limitinin ləğv edilməsi ilə bağlı səslənən təkliflərə də münasibət bildirib: 

“Bu gün ölkə əhalisinin əksəriyyəti evlərini fərdi üsulla qışda qızdırır, yayda isə sərinləşdirir. Bunun üçün elektrik enerjisi və təbiii qazdan istifadə edir. Elektrik enerjisi və təbii qaza limitin tətbiq edilməsi əhali üçün ciddi məhrumiyyətlər yaradıb. Tətbiq olunan limit iki-üç ay ərzində tükənir və vətəndaşlar artan tarif üzrə ədəməli olurlar. Lakin, vətəndaşların aylıq qazancları, aldıqları müavinət və sosial yardımlar isə bu xərcləri ödəməyə belə kifayət etmir. Bəs vətəndaş nə yeyib, nə içsin. 

Biz bu məsələni Prezident seçkiləri zamanı proqramımıza daxil etmişdik və sonralar da hökumətə təklif etdik ki, bu məsələni həll etsin. Çünki, əhalinin boynuna boyunduruq kimi keçirilən bu qərar sosial qərar deyil və əhalinin narazılığını da haqlı olaraq pikə çatdırır. 

Biz Prezidentə səslənirik ki, bu limiti ən azı 3-4 illik müddətə dondursun. Əhalinin qazancları və sosal vəziyyəti düzələndən sonra bu qərarı bərpa etmək haqqında düşünmək olar. Azərbaycanda dövlətin təklif etdiyi və təmin etdiyi yaşayış səviyyəsi, əmək haqqı, əmək pensiyaları və sosial müavinətlərlə qaz və elektrik enerjisinə limit tətbiq olunması tərs mütənasiblik təşkil edir”.

 

“Nazirlər Kabineti ləğv olunmalıdır”

 

AXCP sədri bildirib ki, siyasi islahatlar vacibdir və hökumət bununla bağlı  addımlar atmalıdır: 

“Hər zaman demişəm və bir daha təkrar etmək istəyirəm: siyasi islahatlar keçirilmədən iqtisadi və sosial islahatlar uzunmüddətli bəhrə verə bilməyəcək. Siyasi islahatların kökündə iqtidar-müxalifət münasibətlərinin yeni mərhələyə qədəm qoyması olmalıdır. Sağlam müxalifət partiyaları ölkənin idarə edilməsində iştirak etməlidir. Davamlı olaraq mövzular üzrə iqtidar-müxalifət dialoqu keçirilməsi və müxalifətin təkliflərinin iqtidar tərəfindən lazımi hörmət və heysiyyatla qarşılanması vacibdir. 

Dövlət aparatının idarə edilməsinin daha da sadələşdirilməsi zərurətdir. Ölkədə Prezidentin, Birinci Vitse-Prezidentin və Nazirlər Kabinetinin vəzifə və səlahiyyətləri eynilik təşkil edir. Açığı deyim ki, hələ də anlaya bilmirəm ki, bu üç qurum arasında səlahiyyət bölgüsü necə aparılıb. Sadə insanlar isə heç başa düşməyəcək və bu haqlı narazılıqlar yaradır. Dövlətin idarə edilməsində anlaşılmazlıq və hərc-mərclik var. Bu anlaşılmazlığa son qoymaq üçün Nazirlər Kabinetinin, Baş Nazir postunun ləğv edilməsi vacibdir. Bunun yeganə mexanizmi yeni Referendumun keçirilməsidir. Sonuncu dəfə tələm-tələsik Referendum keçirildi və Konstitusiyaya dəyişikliklər edildi. Konstitusiya hər gün dəyişilə bilməz və bu bizim Ali Yasamıza hörməti azaldır. Onun üçün də geniş əhali təbəqəsini cəlb etməklə, siyasi partiya və təşkilatları, ekspertləri cəlb etməklə Yeni Konstitusiya layihəsi hazırlanmalı və Refeferendum keçirilməlidir. Əsas müddəalardan biri də dövlət aparatının daha da sadələşdirlməsi, Parlamentin dövlət idarəçiliyində rolunun artırılması və Nazirlər Kabinetinin ləğv edilməsi olmalıdır”.

 

“Vətəndaş cəmiyyətinin inkişafına şərait yaradılmalıdır”

 

AXCP sədri hesab edir ki, islahatlar vətəndaş cəmiyyətini də əhatə etməlidir:

 

“Güclü vətəndaş cəmiyyəti, demokratik təsisatlar və ictimai nəzarət olmadan heç bir ölkə doğru yolda inkişaf edə bilmir. Azərbaycanda ictimai birliklər və fondlar haqqında qanun vətəndaş cəmiyyətinin inkişafına ciddi əngəllər törədir. Qanuna edilən dəyişikliklər ölkədə demokratik təsisatları, vətəndaş cəmiyyəti və ictimai nəzarəti məhv edib. Yerli, xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarının xətti ilə 2013-cü ilə qədər hər il Azərbaycana 300 milyondan çox vəsait daxil olub. Hökumət 2009-cu ildən başlayaraq qeyri-hökumət təşkilatları və fondlar haqqında qanuna bir sıra məhdudlaşdırıcı müddəalar əlavə edib və nəticədə QHT-lərin fəaliyyəti çətinləşib. 2014-cü ildən başlayaraq xaricdən vəsaitlərin alınmasının qadağan edilməsi vətəndaş cəmiyyəti sektorunu iflic edib.

Düzgün statistika aparılmadığına görə qeyri-hökumət təşkilatlarında çalışan insanların sayını birbaşa demək çətindir. Lakin, yerli, xarici və beynəlxalq təşkilatlarda çalışan insanların sayı təxmini hesablamalarımıza görə 11,000-12,000 nəfər arasında olub. 

Təklifimiz budur ki, QHT-lər və Fondlar haqqında Azərbaycan Respublikasının qanununa edilmiş məhdudlaşdırıcı müddəların aradan qaldırılması, QHT-lərin xarici donorlardan maliyyələşməsi ilə bağlı sərt məhdudiyyətlərin ləğv edilməsi, Azərbaycanda dövlətçiliyə qarşı fəaliyyət göstərməyən xarici donorların, beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyəti üçün məhdudiyyətlər aradan götürülsün. Azərbaycana normal və dost münasibət bəsləyən xarici donorların və beynəlxalq təşkilatların Azərbaycanda ofislərini açmaq üçün münbit şərait yaradılsın. 

Hakimiyyətin bu sahədəki idarəetməsi yalnız ölkəyə daxil olan vəsaitin qeyri-qanuni siyasi fəaliyyətlərə xərclənməməsinə nəzarət etmək olmalıdır.  

Ən qorxulu məqam ondan ibarətdir ki, hökumətin hədəflədiyi təşkilatlar bu qərardan ziyan çəkmədi. Onlar həm daxildə, həm də xarici ölkələrdə daha böyük vəsaitlər alır və fəaliyyətlərini davam etdirilər. İqtidarın atdığı bu yanlış addım neytral, dövlətçi və demokratik təsisatların və ictimai nəzarətin güclənməsi üçün çalışan QHT-ləri sıradan çıxardı. O cümlədən qeyd etmək yerinə düşər ki, hətta hökumətə loyallığı ilə seçilən QHT-ləri də sarsıtdı və onları da radikal və barışmaz təşkilatların sıralarına qoşdu və bu tendensiya davam edəcək”.

 

“Sosial ədalət bərpa edilməlidir”

 

R.Nurullayevin fikrincə, bütün təbəqələrdən olan insanların, ailələrin güzaranının, sosial rifah halının yaxşılaşmasına çalışmaq lazımdır: 

“Hava limanından gələn, Heydər Əliyev prospekti ilə şəhərin mərkəzinə gələn xarici qonaqlar, turistlər və digər şəxslər Azərbaycanın möhtəşəm inkişafının şahidi olurlar və onlarda belə təəssürat yaranır ki, ölkə vətəndaşları yağ-bal içində yaşayırlar və ölkədə sosial problem yoxdur. Bu möhtəşəmliyin fonunda sözün həqiqi mənasında acından ölümlə üz-üzə insanlar da var. Şəhərin mərkəzinin bu möhtəşəmliyi, gözəlliyi, parkların füsunkarlığı və torpaq üzərinə döşənmiş bahalı xarici mərmərlərin fonunda itib-batan, səliqəsiz, yolsuz, toza-torpağa, palçığa batan küçələr və qəsəbələr də var. Şəhərin möhtəşəm yolları fonunda qəsəbələrdə yaşayan insanların yolsuzluq, qazsızlıq, susuzluq, elektriksizlik və səhiyyə problemləri var. 

Ölkədə inkişaf o qədər qeyri-bərabər bölünüb ki, istər-istəməz xalqda çox ciddi və haqlı suallar yaranır. İndiyə qədər aparılan siyasətin fonunda insan faktoru cüzi rol oynayıb. Hər şey xarici və zahiri gözəllik üçün edilib. Amma, bu gözəlliklıəri görmək üçün sağlam göz, sağlam həyat, normal maaş və normal səhiyyə olmalıdır. Əgər bir park açılırsa, o parkda açılan və hansısa məmura məxsus kafe və restoranda yeməyə, ən azı çay içməyə pul lazımdır. Azərbaycanda inkişafın qeyri-bərabər bölünməsi, zahiri gözəlliklərə aludəlik vətəndaşları naraht edir. Gözəlliklər olsun, amma birinci növbədə gözəlliklər insanların şəxsi və ictiami həyatında olmalıdır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər