“Guya insanlar dinə gəliblər, amma…”

17:26 28-06-2017 | icon 636 | Mədəniyyət
“Guya insanlar dinə gəliblər, amma…”

“Öz-özümə deyirəm ay Naibə, gör nə günlərə qaldın…”

Əməkdar artist Naibə Allahverdiyevanın Versus.az-a müsahibəsi.

–  Naibə xanım, orucluq bayramını qeyd edirik. Sizcə bu günlər bir müsəlmanın dinin tələb etdiyi qaydalara düzgün əməl etməsi onun xarakterinə hansı üstünlükləri qazandırmış olur?

– Orucluq ayı ola bilər ki, bir çoxlarında insani keyfiyyətləri artırsın. Allah bu yolla insanları öz nəfslərindən, bir-birinə pis münasibətlərdən, yalanlardan uzaq olmağa çağırır. Amma görürəm ki, bu da insanlara təsir eləmir – yalan danışır, qeybət edir, pislik edir.

Əslində insan ömrü boyu oruclu olmalıdır – yalanlardan, pis əməllərdən əl çəkməlidir. Yoxsa bir ay oruc tutub, sonra da pis əməllərinə başlayırlar. Mən bunu qəbul eləmirəm. Yaxud, adam var ki, namaz qılır, amma öz bildiyi pisliyi də edir. Ümumiyyətlə, oruc tutanlar, namaz qılanlar əməlləri, nəfsləri ilə buna layiq olmalıdır. Namaz qılarkən insan gərək qəlbən, mənən, əxlaqi cəhətdən təmiz olsun. Amma bunun əksini görürük. Bu gün dünyada adam aldatmaq, böhtan atmaq və digər xoşagəlməz əməllər artıb. Sovet dövrü ilə müqaisədə dinə münasibət dəyişib. O vaxtlar namaz qılmaq, oruc tutmaq açıq deyildi, gizlin idi. Amma insanlar namaza, orucluğa doğru can atırdılar. Bu gün isə insanlarımız dini etiqadında daha müstəqil qərarlar versələr də lap pis olublar.

“Əvvəllər kişi bir söz deyəndə…”

– Nədir sizi qane etməyən?

– İnsani münasibətlər tamam dəyişib. Biz sovet dövrünün gəncləri olmuşuq. Məsələn, elə əks cinsin nümayəndələrini götürək, əvvəllər kişi bir söz deyəndə o sözün üstündə durardı, öz ailəsinə bağlı olardı, ailəsini dəyərləndirərdi. Amma indi ailəsinə tamam başqa cür baxır, sanki yaddır. Övlad anaya, ana övlada qarşı dəyişib. İnsanlar guya dinə gəliblər, amma tamam başqa cür olublar. Mən dini bu cür qəbul edə bilmirəm. Din göstəri olmamalıdır, möminlik insanın içində olmalıdır.

“Hisslərimizə qapılıb evlənirik, sonra da…”

– İnsan elə insan olsa yetməzmi? Bəlkə dediyiniz ailə münasibətlərindəki özgələşmənin yelləri Avropadan əsir?

– Avropada ailə təməli daha möhkəmdir, nəinki bizdə. Mənə elə gəlir ki, ailə münasibətlərində müəyyən məsələləri qanuniləşdirmək lazımdır. “Qılınc müsəlman” üçün bu çox vacibdir. Əvvəl ailəyə hörmət daha çox idi. Baxırsan ki, dünən evləniblər, bu gün boşanırlar. Əvvəllər qadınlar boşanmanı ayıb sayırdılar. Bugünkü müşahidələr bunun əksini deyir. Təbii ki, əgər evlilər bir-biri ilə yola getmirlərsə, normal şəkildə ayrılmalıdılar. Avropada da belədir. Amma bizdə ayrılanda da düşmən kimi ayrılırlar. Avropada ailə qurmaq istəyənlər bir müddət fikirlərşirlər, planlar cızırlar və sair. Bizdə isə hisslərimizə qapılıb evlənirik, sonra da yola getmirik. Bizim nə qədər gənc qızlarımız ailə qurandan 3-4 ay sonra boşanırlar. Bu da ailədə valideynin öz övladlarını ailəyə hazırlamamasından irəli gəlir. Məsələn, mən qızıma deyirəm ki, sabah sən qaynananın üzünə qayıtsan onunla aranızdakı bütün pərdəni götürəcəksən. Birinci qaynananla mehriban olmalısan, çünki ailə qurduğun o oğlanı sənin qaynanan dünyaya gətirib. Oğlanı bəyənən qız qaynananı da istəməlidir. Yoxsa sən get qaynananla dilləş, sabah da ailən dağılacaq.

Bizim vaxtımızda qaynananın qarşısında qul kimi dururduq. Məsələn, mən qaynanamın qarşısında heç vaxt dillənməmişəm. İndiki qaynanalar daha yumşaq, öz gəlinlərinə qarşı daha müasirdilər. Gəlinlərin isə ailəyə, qaynanaya münasibəti dəyişib.

– Sizin mədəniyyət sferasında münasibətlər necə dəyişib?

– Bizdə də vəziyyət eynidir. Ümumiyyətlə, problemlər cəmiyyətin bütün sferalarına təsir edir. Mən həmişə demişəm ki, cəmiyyətdə nə qədər çox sağlam ailə varsa, deməli bu, sağlam cəmiyyətdir. Ailə cəmiyyətin tərkib hissəsidr. Nə qədər xoşbəxt ailə varsa, cəmiyyət bir o qədər xoşbəxtdir. Bu da bütün sahələrə, o cümlədən  mədəniyyətə də təsir edir.

Bu gün mədəniyyət sferasında sənətə də münasibət dəyişib. Əvvəl sənət adamları fikirlərşmirdilər ki, aktrisa olsalar mütləq çoxlu pulları olmalıdır. Məsələn, mən sənətə gələndə ümumiyyətlə pul haqqında düşünmürdüm. Deyirdim ki, təki unudulmayan obrazlar yaradım, tamaşaçılar məni alqışlasınlar, sevsinlər. Amma indi tamam başqa cürdü, sənətə soyuq münasibət var. Bu da hər kəsin bu sənətə çox asanlıqla gəlməsindən irəli gəlir. Mən universiteti bitirəndən sonra Naxçıvanda işlədim. Oradan gələndən sonra məni teatra aktrisa kimi götürmədilər. İki il admnistrat köməkçisi işlədim. Çətinliklə bu sənətə gəldim və ona görə də onun qədrini bildim, sənətkar kimi yetişdim. Amma indikilər gələn kimi tırıp baş rol alırlar. Buna yavaş-yavaş gedilməlidir. Mən demirəm ki, cavanların rolunu mən oynamalıyam. Sadəcə, onlar bu rolu heç bir əziyyət çəkmədən əldə etməyi iddia edirlər. Özü də baş rol oynayandan sonra özlərini başqa cür aparırlar. Hər bir aktyor, aktrisa birinci təcürübə toplamalıdır. Biz həmişə böyükləri izləyib onlardan öyrənirdik. İndiki bəzi gənclərə bir söz deyəndə qəbul etmirlər. Çünki sənət, sənatkarlıq ölüb. Bu gün yoldan ötənləri də seriala, kinolara çəkirlər. Sənəti eləyiblər heç nə. Bir dəfə benzindoldurma məntəqəsində bir oğlan mənə dedi ki, biz həmkarıq. Dedim ay bala, hardan həmkarıq, sən aktyorsan? Deyir yox, mən serialda çəkilmişəm, əvvəl balaca rola çəkildim, rejissor mənim dostumdur, deyir indi səni yekə rola çəkəcəm. Mən öldüm yerə girdim, iki saat maşında yolda qalmışam, öz-özümə deyirəm ki, ay Naibə, gör nə günlərə qaldın…

Bizim musiqimizi də pis günə qoyublar. Yoldan keçənlər gedib ordan-burdan sponsor tapır, özəl kanallara pul verib efirə çıxırlar. Hansı ki, sovet dövründə elə adamları efirə buraxmazdılar. Ona görə də incəsənətin hörməti var idi. Bəzən deyirlər ki, indi xalqla sənət adamları arasında bir uçurum var.

“İndi hər kəs çıxıb özünü oynayır”

– Belə görünür ki, sizin nəsl aktyor və aktrisalar daha şanslısınız. Sizi tanıdan bir sənətiniz var. İndi yenilər görünmür, ya sənət yoxdur?

– Görünmürlər. Bütün günü seriallardadırlar. Əgər bir gün efirə çıxmasalar unudulub gedəcəklər. Çünki sənətə öz möhürlərini vurmayıblar, oynadıqları rolda obraz yaratmırlar. O gün birisi deyir ki, baxıram seriallara, orda nə danışırlar, elə mən də burda danışıram da. Bu mənə maraqlı deyil. Əvvəl bir dramaturji material var idi, aktyor oyunu var idi. Aktyor bir rol oynayanda başqa bir obrazı yaradırdı. Amma indi hər kəs çıxıb özünü oynayır. Heç bir rol üzərində işlənmir. Məsələn, mən o vaxt Tomka obrazını oynamışam. Xaraktercə başqa adamam, Tomka isə tamamilə mənə əks xarakterdi. “Pəricaduda” da tamamilə başqa adamı oynayıram. Mən qaraçı rolunu oynamaq üçün gedib saatlarla “Malakan”dakı qaraçılara baxırdım. Onlara pul verib danışdırırdım ki, qulaq asım, hərəkətlərini, danışıqlarını, xarakterlərini götürüm. Bir başqa gün metroda insanları müşahidə edir, qəribə-qəribə obrazlar götürürdüm. Bu cür olanda aktyorlar yetişir, püxtələşir, məktəb olur. Mən 35 ilimi sənətə vermişəm. Bu gün tamaşaçılar məni izləyirsə, bunu vaxtında möhrünü vurduğum rollarıma borcluyam.

– İndi hansı rolları oynayırsınız?

“…verilişlərə çağırırlar ki, gəl onun-bunun dərdinə ağla”

– İndi məni daha çox sosial yönümlü verilişlərə çağırırlar ki, gəl onun-bunun dərdinə ağla. Bu mənim sənətim deyil axı. Təbii  ki, mənim də müəyyən yaşım var, mənim də səhvlərim olub ki, bu gün bədəlini ödəyirəm. Bəziləri də deyir ki, gedin öz başınıza çarə qılın, sonra ona-buna ağıl verin. Amma başına gələn başmaqçı olar. Elə verilişlərdə çıxıb nəsə deyiriksə, o da ağıl vermək üçün deyil. Bu o deməkdir ki, bu gün səni çəkindirmək istədiyim o həyatı vaxtilə mən yaşamışam, çalış sən bunu yaşama.

Seriallara da dəvət almışam. Bir neçəsinə getdim, bir-iki gün çəkdilər heç qonorarımı da verməyiblər. Yarımçıq qalan serial çəkilişləri də var. Görmüşəm ki, nə başı var, nə ayağı, yaxud da tərəf müqabilim zəifdir, getməmişəm. Mənim tərəf müqabilim güclü olmalıdır. Tamaşaçı o zaman oyundan zövq alır. Baxırsan, düzəmməlli ssenari də yoxdur. Yaxşı ssenarilər versinlər oynayaq. Biz nə türk, nə də ruslardan əksik deyilik. Yoxsa bizimkilər gedib hansısa sponsorun başını aldadıb boş-boş seriallar çəkirlər. Ayıbdır. Axı televiziyanın, filmin, serialın cəmiyyətə, xüsusilə gənclərə çox böyük təsiri var. Biz zamanında italyan, hind filmlərinə baxırdıq. Hind filmləri gənclərdə saf sevgi yaradırdı. İndi gənclər seriallara baxıb başqa tərbiyə götürürlər. Təbii ki, komediya cəmiyyətdə bütün əyər-əksiyi ifşa etmək deməkdir. Amma onu elə şəkildə çatdırmaq lazımdır ki, tamaşaçı baxanda özünü orda görsün, utansın və səhvlərini düzəltsin. Amma tamaşaçı seriala baxıb gülür və deyir ki, “bu mənə oxşayır e”. Ona elə gəlir ki, bu cür olmaq yaxşıymış və səhvlərinə davam edir. Beləcə, verilişlər, seriallar insanlar üçün yaxşı örnək ola bilmir. Bu, cəmiyyəti məhvə doğru aparır.

– Naibə xanım, deyəsən sosial verilişlərə qatıla-qatıla həm də bir ekspert olmusuz.

“Kişilərin 90 faizi yalan danışır, sözünün üstündə durmur”

– Nə edək, başqa çarəmiz yoxdur. Aktrisa həm də bir psixoloqdur. Biz çoxlu insanlar görür, obrazlar oynayırıq. Bunun üçün də insanların həyatını öyrənirik. Bu, mənim həyat təcrübəmdir. Mənim 50 yaşım var. Həyatda çox şeylər görmüşəm, pisi də, yaxşını da. Başım o qədər daşdan-daşa dəyib ki… Sadəcə olaraq istəyirəm ki, sevdiyim xalq, dövlət üçün hər şey yaxşı olsun. Biz gözəl xalqıq. Müəyyən əksiklərimiz var. İstəmirəm ki, get-gedə əlimizdə olan dəyərlərimizi itirək. Təəssüf ki, biz harda bir pislik varsa, tozsoran kimi özümüzə çəkirik. Kişilərin 90 faizi yalan danışır, sözünün üstündə durmur. 90 faizi öz arvadını, öz balasını, qonşusunu aldadır. Qonşum deyir ki, “Naibə xanım, əvvəlki vaxtlar deyil e, əvvəl qonşu qonşunun evini qoruyardı, indi qonşu qonşunun malını oğurlayır”.

– Naibə xanım, bu müsahibə Ramazan bayramına təsadüf etdi. İnsanlarla bağlı çoxlu təəssüfləriniz oldu. Bu müqəddəs ayda nə dilədiniz?

– İstərdim ki, insanlar mənən oruclu olsunlar, gözəl əməllərlə yadda qalsınlar. Çünki həyat bumeranqdır, nə edəcəksənsə, sabah başına gələcək. Mənim də səhvlərim var, bəlkə hələ olacaq da. Amma mən həmişə Allaha dua edirəm ki, ya Rəbbim, məni əyri yollara salma, haram yoldan çəkindir. Mən hər gün Allahımdan günahlarımın bağışlanmasını istəyirəm. Hər gün Allaha yalvarıram ki, məni bir daha səhv addım atmağa qoymasın. Hamı üçün də bunu diləyirəm. Bu gözəl ayda insanların qəlbinə bir mərhəmət hissi gəlsin. Bütün ömürləri bu orucluq ayı kimi təmiz olsun.

M.Mustafayeva
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür