Xankəndidə bələdiyyə YARADILACAQ

11:28 06-10-2023 | icon 376 | Qarabağ
Xankəndidə bələdiyyə YARADILACAQ

19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində separatçı rejim ağ bayraq qaldırdı. Əməliyyat nəticəsində Azərbaycan suverenliyini tam bərqərar etməyə nail oldu. Bu gün artıq Azərbaycan Ordusu və polisi Xankəndi, Ağdərə, Xocalı kimi şəhər və rayonlarımızda da nəzarəti həyata keçirirlər.

 

Beləliklə, bu ərazilərdə Azərbaycan dövlət qurumlarının fəaliyyətə başlaması məsələsi gündəmə gəlib. Prezident Administrasiyası bu yaxınlarda erməni sakinlərin reinteqrasiyası ilə bağlı planlarını açıqlayıb. Bildirilib ki, erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər.

 

Məlumatda qeyd olunur ki, nəzarətimizə keçən ərazilərdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır.

 

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib, növbəti seçkilər 2024-cü ilin dekabr ayında keçiriləcək. Bələdiyyələrin səlahiyyətləri həm konsitutusiya, həm də qanunlarla müəyyən olunub. 

 

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, ilkin dövrdə seçilən insanlar bələdiyyə mülkiyyətindən düzgün istifadə etməyib:

 

“Bələdiyyələrin statusu, onların digər fəaliyyət istiqamətləri və birləşməsi kimi məsələlər qanunlarımızda təsbit olunub. Bununla əlaqədar bələdiyyələrin kifayət qədər səlahiyyətləri mövcuddur. Ancaq bələdiyyələr yeni fəaliyyətə başlayanda bəzi funksiyaları birbaşa yerinə yetirmədikləri üçün müvəqqəti olaraq o funksiyalar başqa-başqa təşkilatlara verildi. Məsələn regionun vergisinin toplanması üçün geniş aparat lazımıydı, ştat lazımıydı. Lakin bələdiyyələr yarananda bunlar yox idi. Ona görə də, tədricən müəyyən məsələlər ortadan çıxdı. Bələdiyyənin fəaliyyətini düzgün başa düşməyən, ilkin dövrlərdə seçilən insanlar bələdiyyə mülkiyyətindən düzgün istifadə etmədilər. Nəticə etibarilə, bələdiyyələrin mülkiyyəti olan torpaqlar, su sahələri, qəbristanlıqlar və başqa sahələr bələdiyyəyə xeyir gətirməyən ayrı-ayrı insanlar tərəfindən istifadə edildi.  Beləliklə də, bələdiyyələr özünün geniş formada büdcələrini formalaşdıra bilmədi. Bu baxımdan artıq kifayət qədər addımlar atılır. Dövlət tərəfindən bələdiyyələrə subsidiyalar, sumbinsiyalar verilir ki, yerli özünüidarəetmə qurumları inkişaf etsin. Hesab edirəm ki, bələdiyyələrlə bağlı bu məsələlərə yenidən baxılmalıdır".

 

 

Deputat gələn il bələdiyyə seçkilərinin yeni sistem əsasında keçiriləcəyini söyləyib:

 

"Bələdiyyə məktəblər, bağçalar açmalıdırlar. Bələdiyyə parkları və qəbristanlıqları salmalıdır. Bələdiyyələrin istehsal sahəsi yaradana qədər hər bir şey etməyə səlahiyyətləri çatır. Bununla da büdcəyə gəlir gətirmək mümkündür. Həmin gəlirdən də əhalinin problemlərinin həll olunmasında istifadə olunacaq.Hesab edirəm ki, bələdiyyələrə yeni baxış bu istiqamətdə olacaq. Cənab Prezident işğaldan azad olunmuş ərazilərdə, o cümlədən həm Xankəndidə, həm də başqa-başqa yerlərdə bələdiyyələrin gələcəkdəki fəaliyyəti ilə bağlı öz çıxışında bəhs edib. Növbəti ildə Azərbaycanda bələdiyyə seçkiləri olacaq. Hesab edirəm ki, ona qədər bir daha qanunvericiliyə baxılacaq, kifayət qədər qanunvericiliyə dəyişiklik olunub, uyğunlaşdırılacaq. Yeni bir sistem əsasında da bələdiyyə seçkiləri keçiriləcək".

 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov işğaldan azad edilmiş ərazilərimizdə də bələdiyyə seçkilərinin keçirilməsinin gözlənildiyini bildirib:

 

"Yerli idarəetmə hüququ həm bizim konstitusiyamızda, həm də bələdiyyə qanunlarında nəzrədə tutulub. Amma burada bir məsələ var ki, bələdiyyələrin formalaşması üçün bir sıra şərtlər olmalıdır. Həmin ərazinin inzibati ərazi bölgüsünün aparılıb, dəqiqləşdirilməsi, bələdiyyənin formalaşdırılması üçün həm də səsverənlərin olması lazımdır. Hələki Xankəndidə yalnız erməni əhalisi yaşayır. Amma bələdiyyələrin formalaşması üçün bizim də sakinlərimizin oraya köçürülməsi, eloktoratın müəyyən olunması, demoqrafik qeydiyyatın aparılması zəruridir. Nəzərə almalıyıq ki, işğaldan azad olunmuş ərazilərdə, eyni zamanda Rusiya sülhməramlılarının müvəqqəti olaraq məsuliyyət zonasında yerləşən yerlərdə bu günə qədər bələdiyyələr mövcud olmayıb. Bu, həmin ərazilər üçün yeni təcrübə olacaq. Buna da böyük məsuliyyətlə, hazırlıqla yanaşmaq lazımdır. Düşünürəm ki, bütün bu addımlar görüldükdən sonra biz orada bələdiyyələrin formalaşıb, fəaliyyətə başlamasından danışa bilərik".

 

 

Deputat vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə bələdiyyə institutunun yaranıb, fəaliyyətə başlaması bələdiyyələrin statusunun yüksəldilməsinə töhfə verə bilər:

 

"Bu gün qanunvericiliyə əsasən bələdiyyələrin kifayət qədər geniş səlahiyyətləri var. Bəli, qanunvericilikdə müəyyən çətinliklər və boşluqlar var. Bu da təbii haldır. Qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması istiqamətində Milli Məclis tərəfindən tədbirlər görülür. Hazırda ölkədə mövcud olan bələdiyyələrin birləşdirilməsi və gücləndirilməsi dövrün tələbidir. Düşünürəm ki, yaxın vaxtlarda bələdiyyələrin birləşdirilməsinin şahidi olacağıq. Çünki belə bir təcrübə mövcuddur. 2014-cü ildə belə proses gedib. Azərbaycanda bələdiyyələrin yarandığı ilk vaxtda sayları 2700-dən çox idi. Həyata keçirilmiş birləşmə prosesi nəticəsində onların sayı 1606-ya enib. Yenə də say çoxdur. Bu da bələdiyyələr tərəfindən idarəetmənin həyata keçirilməsi, hər hansı işlərin görülməsi sahəsində müəyyən problemlər yaradır. İşğaldan azad olunmuş ərazilərdə bələdiyyə institutunun yaranıb, fəaliyyətə başlaması bələdiyyələrin statusunun yüksəldilməsi, səlahiyyətlərinin daha dəqiq tənzimlənməsi, eləcə də cəmiyyətdə nüfuzunun artmasına töhfə verə bilər. Eyni zamanda onların iqtisadi və maliyyə potensialının güclənməsinə də bu proses təkan verə bilər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT